"Həmizə milli birliyin tərəfdarı olmuzam"

ETİBAR CƏBRAYILOĞLU
35424 | 2012-03-17 08:06
Müstəqilliyimizin bərpasından ötən bu 20 ildə çox mürəkkəb ictimai-siyasi hadisələrə şahidlik etmişik. Onlardan biri də 17 il öncə baş verən və ən yeni tariximizə "Mart hadisələri" adı ilə daxil olan olaydı.
   
   17 il əvvəl 13-17 mart aralığında baş verənlər - dövlət çevrilişinə cəhd, silahlı qarşıdurma bu gün də müzakirə olunur. Hansı çətin və ziddiyyətli proseslərdən keçdiyimizi yada salmaq, tarixdən ibrət götürmək, gələcəkdə keçmiş səhvləri təkrarlamamaq baxımından belə müzakirələrin faydası var.
   
   Uzun illər daxili işlər orqanlarında məsul vəzifələrdə çalışmış Eldar Quliyevlə görüşüb söhbətləşməyimiz də bu məqsədə xidmət edir. Mart hadisələri baş verən zaman Eldar Quliyev indi Şirvan adlandırılan Əli Bayramlı Şəhər Polis Şöbəsinin rəisi olub. Eldar Quliyevin həmin hadisələr zamanı dövlət çevrilişinə cəhddə günahkar bilinən Rövşən Cavadovla qohum olması müsahibimizin personasına marağı daha da artırır.
   
   
   
   - Eldar müəllim, "Mart hadisələri" zamanı siz paytaxta ən yaxın şəhərlərdən birinin- Əli Bayramlının polis rəisi vəzifəsində çalışırdınız. Yəqin ki, həmin ərəfədə Bakıda hansı proseslərin getdiyindən məlumatlı idiniz...
   
   - Əvvəla 1995-ci il martın 13-17-də baş verən hadisələrinin ildönümündə yenidən bu məsələyə diqqət ayırdığı üçün "Ədalət" qəzetinə təşəkkürümü bildirirəm. Tarix təkcə ötənləri öyrənmək üçün yox, həm də səhvlərdən nəticə çıxarmaq, gələcəyimizi doğru-düzgün müəyyənləşdirmək üçün bizə lazımdı. Biz bəzən uzaq keçmişdə baş verənləri araşdırır, yaxın zamanı əhatə edən, birbaşa özümüzün də iştirakçısı olduğumuz hadisələri unuduruq. Axı bu da bir tarixdi və biz bunu yaşamışıq. 17 il öncə baş verən "Mart hadisələri" də bu qəbildəndi. Həmin günlərdə dövlətçiliyimiz və milli birliyimiz ciddi təhlükə ilə üzləşmişdi. Sabitliyin və asayişin müdafiəsi bir polis zabiti və Azərbaycan vətəndaşı kimi məni narahat etməyə bilməzdi. Məni yaxından tanıyanlar yaxşı bilirlər ki, ömrüm boyu Azərbaycan dövlətçiliyini, sabitliyi, milli birliyi qorumaq ən böyük amalım olub.
   
   Qeyd etdiyiniz kimi, mart hadisələri zamanı mən indiki Şirvan, o illərdə isə Əli Bayramlı Şəhər Polis Şöbəsinin rəisi vəzifəsində çalışırdım. Bir məsələni qısaca da olsa xatırladım ki, 1993-cü ildə Saatlı Rayon Polis Şöbəsinin rəisi vəzifəsində çalışarkən ölkədə gərgin vəziyyət yaranmışdı. Gəncədə baş verən hadisələr bu gərginliyi daha da artırmışdı. Ölkənin hər yerində qanunsuz silahlı dəstələr fəaliyyət göstərirdi. Xalqın tələbi ilə Naxçıvandan Bakıya gələn Ümummilli lider Heydər Əliyev xalqa müraciət etdi, hamımızı milli barışığa səslədi. Rayonun polis rəisi və komendantı kimi təşəbbüsümlə Saatlıda həmrəylik müşavirəsi keçirildi. "Ədalət" qəzetinin 19 iyun 1993-cü il tarixli sayında bu müşavirə barədə geniş məlumat verildi. Apardığımız işlərin əməli nəticəsi olaraq rayon ərazisindən yığılan xeyli qanunsuz silah-sursat polis şöbəsinə təhvil verildi. Amma müəyyən adamlar işimizə mane olur, rayondakı sabitliyi pozmağa çalışırdı. Bir qrup rayon sakini prezident seçkilərini pozmaq, Heydər Əliyevin ölkə başçısı vəzifəsinə seçilməsinə maneçilik törətmək üçün müəyyən cəhdlər göstərirdi. Biz bu qrupun qanunazidd əməllərinin qarşısını qətiyyətlə aldıq. Rəhbərlik etdiyim polis şöbəsi rayonun ictimai həyatında mühüm rol oynamağa çalışırdı, əməkdaşlarımız döyüş xəttinə ezam olunur, ərazi bütövlüyümüzü qorumaq üçün döyüşür, cəbhə bölgəsinə yardımlar edir, qaçqınlara maddi və mənəvi kömək göstərirdi. Görülən işlərin nəticəsi olaraq, o zamankı daxili işlər naziri Vaqif Novruzovun əmri ilə pul mükafatı aldım.
   
   - Bəs Əli Bayramlıya nə zaman göndərildiniz?
   
   - Saatlıdakı fəaliyyətim ölkə rəhbərliyinin diqqətindən yayınmadı və 1994-cü ilin əvvəlində Əli Bayramlı Şəhər Polis Şöbəsinin rəisi təyin olundum. Nazir V. Novruzov ölkə başçısı Heydər Əliyevin qarşıma ciddi bir tapşırıq qoyduğunu bildirdi.
   
   - Həmin tapşırıq nədən ibarət idi?
   
   - Məndən əvvəl həmin vəzifədə işləmiş Əbülfəz Qasımov günün günortaçağı xidməti otağında vəhşicəsinə qətlə yetirilmişdi. Təsəvvür edin ki, qatil kabinetin qapısını balta ilə qırıb mərhum rəisə 35 güllə vurmuş, növbətçi hissəni gülləboran etmiş, bir əməkdaşı yaralamış və polis şöbəsini tərk etmişdi. Şöbənin əməkdaşları isə qatili zərərsizləşdirmək əvəzinə qaçıb gizlənmişdilər. Dövlət başçısı bu müdhiş cinayətdə əli olanların təcili tapılmasını və qanun qarşısında cavab verməsini bir vəzifə olaraq qarşıma qoymuşdu. Mən də bu tapşırığı yerinə yetirmək üçün bütün bilik və bacarığımı ortaya qoymaya çalışdım. Apardığımız axtarış-əməliyyat tədbirləri nəticəsində cinayəti törədən qatil yaxalandı, rayon polis şöbəsinin ictimaiyyət arasında aşağı düşən nüfuzu yüksəldi. Burada da döyüş bölgələrinə, qaçqın və köçkün düşən soydaşlarımıza köməyimizi əsirgəmirdik. Bildiyiniz kimi o zaman döyüş bölgələrində əsas yük polisin üzərinə düşmüşdü. Bizim əməkdaşlar da daim düşmənə qarşı vuruşlarda iştirak edirdi. Bu proses atəşkəs müqaviləsi imzalanana qədər davam etdi. Rəis işlədiyim dövrdə təşəbbüsümüzlə şəhərdə 80 hektarlıq ərazisi olan park abadlaşdırıldı.
   
   General-polkovnik Ramil Usubov cənabları daxili işlər naziri vəzifəsinə təyin olunduqdan sonra mənim və rayon polis şöbəsinin fəaliyyətinə diqqət, qayğı da artırıldı. Təsadüfi deyil ki, 1995-ci ilin fevralında cənab nazirin təsdiq etdiyi iş planına əsasən şöbənin qabaqcıl təcrübəsi dövlət televiziyası və qəzetlər vasitəsi ilə təbliğ olundu.
   
   - Həmin ilin martında isə məlum hadisələr baş verdi...
   
   - Mart hadisələri zamanı daxili işlər naziri cənab Ramil Usubovla telefon söhbətimiz oldu. Cənab nazir Əli Bayramlıdakı vəziyyətlə maraqlandı, sabitliyin qorunması üçün lazım olan addımların atılmasını tapşırdı. Mən cənab naziri əmin etdim ki, sabitliyin, əmin-amanlığın qorunması, dövlətçiliyin müdafiəsi üçün gərəkən bütün işləri görəcəm. Həmin günlər YAP rəhbərliyində təmsil olunan şəxslər də tez-tez mənimlə əlaqə saxlayır, şəhərdəki vəziyyətlə maraqlanırdılar. Gördüyümüz tədbirlər nəticəsində Əli Bayramlıda sabitlik təmin olundu, ictimai asayiş pozulmadı, qanunsuz hərəkətlər qeydə alınmadı.
   
   - Mart hadisələri zamanı dövlət çevrilişinə cəhddə ittiham olunan Cavadov qardaşları ilə qohumluq əlaqələriniz ətrafınızda müəyyən söz-söhbətlərə yol açdı. Səhv etmirəmsə o zaman baş verənlərlə bağlı dövlət televiziyasında hazırlanan verilişlərin birində və rəsmi mətbuatda sizin də adınız hallanmışdı...
   
   - Mərhum Rövşən Cavadovla qohumluq münasibətim var. Amma bu o demək deyil ki, dövlət çevrilişində cəhddə mən də iştirak etmişəm. Mənim həmin hadisələrlə heç bir bağlılığım, iştirakım olmayıb. Əksinə, hadisələrin qarşısını almaq üçün əlimdən gələni etməyə çalışmışam. Biz hüquqi dövlətdə yaşayırıq. İnsanların hüquq və azadlıqlarının qorunması üçün ciddi işlər görülür. Mart hadisələri ilə bağlı Respublika Prokurorluğunda yaradılan istintaq qrupu bu məsələni ciddi araşdırıb. İstintaq qrupunun dövlət orqanlarına göndərdiyi rəsmi arayışda da mənim bu hadisələrdə iştirak etmədiyim göstərilib. Televiziya kanalında, rəsmi qəzetdə barəmdə səslənən ittihamların sübuta yetirilmədiyi həmin arayışda öz əksini tapıb.
   
   Çox təəssüf ki, bəzi qüvvələr məni siyasi labirintə salıb. Bütün bunlara baxmayaraq, mən həmişə dövlətimizin, dövlətçiliyimizin və milli barışın tərəfində olmuşam. Dövlətimizin başçısı möhtərəm İlham Əliyev xalqa müraciətlərində dəfələrlə ölkədə milli barışın təmin olunduğunu elan edib. Mən də müstəqil ölkəmizin vətəndaşı kimi prezidentin bu mövqeyini dəstəklədiyimi dəfələrlə bildirmişəm. Bu gün də həmin mövqeyimdə qalıram. Ölkəmizin daha da qüdrətlənməsi, milli birliyin möhkəmlənməsi, ərazi bütövlüyümüzün bərpası üçün vətəndaş kimi hər birimizin üzərinə böyük məsuliyyət düşür. Bütün həyatım boyu bu məsuliyyəti dərk etmişəm və vətəndaş kimi bunu daşımağa hazır olmuşam.

TƏQVİM / ARXİV