adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

İnsan, yoxsa iblis?..

BABƏK YUSİFOĞLU
53582 | 2014-04-08 01:02
Müqəddəs kəlamlarda buyurulur ki, dünyadakı hər şey İnsan üçün yaradılmışdır. Çünki İnsan Yer üzünün əşrəfi sayılır. Və bu, Allahın lütfüdür. Lakin o da deyilir ki, yaradılmışların ən mükəmməllərindən hesab olunan İnsan ona bəxş edilənlərin qiymətini bilmədiyi üçün əbədi cəzasını almışdır.
Çox maraqlıdır, düşünmək bacarığı, yaxşıyla pisi seçmək imkanları, fəaliyyət muxtariyyatı verilən İnsan ona bəlli edilən qadağanı saymadığı üçün Tanrı tərəfindən cəzalandırıldı, lakin bununla belə əməllərindən və günahlarından nəticə çıxara bilmədi. Cəzasını çəkməkdəykən belə daha ağır, bəd əməllərindən usanmadı. Yer üzünə göndəriləndən bəri müxtəlif cür günahlar işləyərək təmizlənməyə çalışmadı. Özü də nə yazıq ki, ona verilən ağıl ilə nəyin günah, nəyin savab olduğunu dərk edə-edə...
Bundan da qəribəsi odur ki, məhz yaradılmışların ən mükəmməllərindən sayılan İnsan min illərdi İlahi düzəni, İlahi dəngəni pozmaq üçün şüurlu şəkildə əlindən gələni etməyə çalışır... Əlbəttə, qəlbən inananları, günahdan qorxanları bura şamil etmək olmaz.
Hətta elələri də var ki, günah-savab bir tərəfə qalsın, onlar öz bədheybət, qorxunc... əməlləriylə İblisin özünü dəhşətə gətirə bilir, hətta yırtıcı heyvanları da üstələyirlər. Görünüşcə bu insan tiplərində olanlara əslində ad tapmaq belə mümkün deyil. Jan-Bedel Bokassalara... Təsəvvür edə bilərsinizmi, günahkar, cinayətkar, qatil... sözləri belə Bokassaya tərifdi. Tanıyırsınızmı onu?..


(Əvvəli qəzetin 1 aprel sayında)


Lakin etirazlar heç də bununla bitmədi. Xalqın nümayişləri apreldə bir də təkrarlandı. Xaotik şəkildə baş qaldıran bu üsyan tezliklə qanlı çarpışmalara çevrilərək paytaxtı qan gölünə çevirdi. Çünki bu dəfə də imperatorun qvardiyası qeyri-insani cəza tədbirləri ilə hamına dəhşət yaşatmışdı. Əsgərlər 6 yaşından 25 yaşadək olan insanları kütləvi şəkildə tutub həbsxanalara doldurur, bəzilərini elə küçələrdəcə güllələyirdilər.

GÖRÜNMƏMİŞ QƏDDARLIQ

Həmin vəhşiliklərin birindən bəhs edən fransız jurnalisti Bernar Luba yazırdı: "Yüzlərlə uşaq üsyançı adıyla Ubanqa sahilində yerləşən diplomatik məhəllənin yanındakı mərkəzi həbsxanaya doldurulmuşdu. Əsgərlər etirazçıları təpikləri altında tapdaladıqdan sonra kameralara atırdı. Qəzəblənmiş Bokassa şəxsən özü uşaqlara yaxşı dərs vermək üçün iki gününü həbsxanada keçirdi. Onun bu "dərs"indən sonra yüzə yaxın insan qətl edilmişdi. Əsgərlər öldürülmüş adamların cəsədlərini gecələr torpağa basdırır, bir çoxunu isə çaya atırdılar.
Bununla sakitləşməyən imperator uşaqlarla türmədən kənarda bir "kişi söhbəti" də apardı. Yük maşınında 30 uşaq Berenqo sarayının həyətinə gətirilmişdi. Şahidlərin sözlərinə görə, uşaqların hamısına yerə yatmağı əmr etmişlər. Sərxoş Bokassa sürücüyə əmr vermişdir ki, maşını yerdəki canlı "xəlçənin" üstündən sürsün. Sürücü bu tükürpərdici əmrdən boyun qaçırdığından Bokassa özü sükanın arxasına keçərək yük maşınını yerdə sırayla uzanmış uşaqların üzərindən sürmüş, sonuncu çığırtı bitənədək dayanmamışdır..."
Bütün bunlar qəddarlığın görünməmiş nümunələriydi. Daha heyrətamizi isə adamyeyən hökmdarın öz hərəkətlərinə münasibəti idi. Belə ki, günlərin birində mətbuata müsahibə verən Jan-Bedel normal insanın ağlına yerləşməyən belə amansızlıqlara özünəməxsus kinayə ilə haqq qazandırmışdı: "Mən oğru xalqın başçısıyam. Onları başa salmaq üçün hərdən cəzalandırıram. Kimlərsə ölür? Əlbəttə, doğrudur. Axı ölənlər Pasxa bayramında Fransa yollarındakı qəzalarda həlak olanların sayından on dəfə azdır. Bunlar arasında əlaqə görmürsünüz? Düşünün ki, növbəti həftə həmin yollarda daha çox insan həlak olacaq, amma mənim qurbanlarım sayəsində oğruların sayı azalır..."
Artıq qorxunc bir şəkil alan situasiya fransızları belə narahat eləməkdəydi. Çünki dünya həqiqətləri danışmağa başlamışdı. Odur ki, fransız iqtidarı Jan-Bedelin hakimiyyətdən uzaqlaşmasını istədi. Əlbəttə, əvvəlcə sakit tərzdə. Lakin Bokassanın qəzəbli etirazlarıyla qarşılaşan Paris onun haqqında öz hökmünü verdi: bu adam hakimiyyətdən kənarlaşdırılmalıydı...

DEVRİLMİŞ İMPERATOR

İmperatorun Liviyaya səfərindən sui-istifadə edən Fransa hökuməti ölkədəki fransız vətəndaşlarının təhlükəsizliyini təmin etmək adı altında sentyabrın 20-dən 21-ə keçən gecə paytaxt Banqiyə paraşütçü-desant diviziyası endirdi. Və qısa müddət ərzində adamyeyən hökmdarı hakimiyyətdən devirərək 13 əvvəl prezidentlikdən kənarlaşdırılmış David Dakonu onun yerinə gətirdilər. Bununla da bir xalqın illərlə davam edən kabusuna son verildi...
Yaşamaq üçün bir neçə il özünə yer axtaran Jan-Bedel Bokassa Kot d.İvuara gəldi. Bura dünyada yeganə dövlət idi ki, belə bir canavara ailəsi ilə birlikdə siyasi sığınacaq verməyə razı olduğunu bildirmişdi.
Bir neçə il beləcə keçdikdən sonra onun haqqında dolaşan səs-küy sakitləşməyə başladı. Və ona da elə bu lazım idi. Hələ də Jan-Bedeldən yağlı tikələr qoparacaqlarını düşünən vəzifədəki bəzi fransız "dostları"nın dəstəyi ilə Fransaya gələn Bokassa az sonra özünə milli cəbhə yaratmağa da nail oldu. Öz mənafelərini güdən qüvvələr Jan-Bedeli inandırmışdılar ki, Elbadan qayıdan Napoleon kimi o da vətənə dönüb hakimiyyəti ələ almalıdır. Çünki xalq onu gözləyir.
O, 1986-cı il, 23 sentyabrda, adi sərnişin reysi ilə arvadı Katrin Bokassa (Sola) və beş övladıyla (uydurma adlarla) Banqiyə qayıtdı. Yeri gəlmişkən, araşdırmaçılar onun ailəsi haqqında yazırlar ki, Katrin Soladan başqa müxtəlif xalqlardan olmaqla Jan-Bedelin rəsmən 16 arvadı, onlardan toplam 55 övladı vardı. Və imperator onların bir çoxunu heç üzdən tanımırdı da. Maraqlıdır, onun bütün övladlarına mətbəxə yaxın gəlmək, atası üçün insan ətindən hazırlanan xüsusi yeməklərdən dadmaq belə qəti qadağan idi. Bokassa hesab eləyirdi ki, adam əti uşaqları zəiflədər.
Paytaxtda xalq tərəfindən coşquyla qarşılanacağını zənn edən Bokassanı isə əslində silahlı əsgərlər gözləyirdilər. Beləliklə Jan-Bedel həbs edildi. Ölkədən kənarda olduğu dövrdə MAR məhkəməsinin ona verdiyi qiyabi ölüm hökmü yeni qurulmuş məhkəmə tərəfindən də qüvvədə saxlandı.
Sonradan hansı səbəblərdənsə həmin cəza əvvəlcə ömürlük həbslə, daha sonrasa 20 illik kotorqayla əvəzləndi. Bir qədər keçdikdən sonrasa həmin cəza müddəti 10 ilə endirildi. Nə qədər qəribə olsa da 1993-cü ildə ümumiyyətlə Bokassanı azadlığa buraxdılar. Bioqraflara görə, bu "xeyirxahlılığı" MAR-ın yeni prezidenti Andre Kolinqba həyata keçirdi. Bu, həmin Kolinqbaydı ki, karyerasının ilk dövrlərində Bokassanın cangüdəni olmuşdu...
Gözlənildiyi kimi, o, azadlığa çıxandan sonra sakit oturmadı. Bir çox fırıldaqlar işlədərək hakimiyyətə qayıtmağı dənədi, lakin boşuna. Amma onunla bağlı anlaşmazlıqlar davam etməkdəydi. Belə ki, hakimiyyətə gələn növbəti prezident Patasse də Bokassaya qayğı göstərərək onu əfv etdi.
Və Jan-Bedel 1999-cu ildə keçiriləcək növbəti prezident seçkilərinə hazırlaşmağa başladı. Bəli, əsl tragikomediya yaşanırdı - insanlar bu qorxunc diktatorun əməllərini sanki unutmağa hazır idilər. Necə, nəyə görə, məlum deyildi. Amma ölüm mələyi inanılmaz dəhşətlərin yenidən təkrarlanmasına imkan vermədi. Eks imperator 1996-cı ilin 28 oktyabrında infarktdan dünyasını dəyişdi...
O öldü, amma hafizələrdə, bir xalqın tarixində qara ləkə olaraq qaldı. Bəlkə də o heç insanlıq adına ləkə yox, iblis idi...

BABƏK YUSİFOĞLU
[email protected]
babekyusifoglu.blogspot.com

TƏQVİM / ARXİV