HƏR ADDIMDA BiR GÖZƏLLiK...

FAİQ QİSMƏTOĞLU
31293 | 2012-03-17 08:06
... Qurub yaratmaq və böyük işlər görmək o qədər də asan deyil. Ən azından bunun üçün böyük ürək sahibi olmalısan və eyni zamanda möhtəşəm layihələrin gerçəkləşməsinə imza atmalısan. Təbii ki, bu da elə-belə başa gəlmir. Eləcə də hər hansı iş görüləndə bunu təkbaşına da eləmək mümkün olmur. Gərək el-obaya, xalqa və camaata arxalanasan ki, ağır yükü qaldıra və aşıra biləsən...
   
   
   
   İNSANLARIN QƏLBİ SEVİNİR
   
   
   
   İnsanları sevindirmək və onların qəlbini ələ almaq o qədər də asan deyil. Bunun üçün ilk növbədə özünün böyük ürəyi olmalıdır və sonra da başqalarının ürəyinin səsini dinləməlisən. Bu gün Füzuli rayonunda elə bir ab-hava, elə bir aura və elə bir ovqat yaranıb ki, bütün bunlar ancaq insana müsbət təsir eləyə bilər. Bu da təsadüfi deyil. Çünki rayon icra hakimiyyətinin başçısı çox ziyalı, təcrübəli və insanlarla ünsiyyət yaratmağı bacaran bir insandır. Alı Alıyev fəaliyyətə başladığı ilk gündən füzuliləri başına yığmağı bacardı və möhtəşəm layihələrin həyata keçirilməsinə nail oldu. Ona nail oldu ki, Füzulidə 5 ildə görüləsi işlər bir ilə yaxın müddətdə həyata keçirilib. Üstəlik də bu möhtəşəm layihələr bu gün də davam edir. Əgər Füzulidə görülən işləri sadalasaq onda uzun bir siyahı alınar. Amma hər halda, bəzi görülmüş işləri xatırlasaq pis olmaz. 2 hektar sahədə möhtəşəm Heydər Əliyev parkı tikilib. Heydər Əliyev Mərkəzi, 2 mərtəbəli Mədəniyyət Evi, Şahmat məktəbi, Heydər Əliyev prospekti, Heydər Əliyev guşəsi və eləcə də digər diqqəti cəlb eləyən tikililər son ayların nəticəsidir. O nəticə ki, bayaq dediyimiz ki, bunları sadalamaqla qurtarmaq mümkün deyil. Rayonun kəndarası yollarının böyük bir hissəsi əsaslı surətdə yenidən tikilərək əhalinin istifadəsinə verilib. Təbii ki, bütün bunlar Horadiz şəhərinin daha gözəl və yaraşıqlı görünməsinə əlverişli şərait yaradıb. Ən başlıcası bu möhtəşəm tikililər erməninin iki addamılğında olan Horadizi daha da möhtəşəm edir. Bəlkə də ermənilər yeni tikilmiş möhtəşəm şəhərə uzaqdan baxanda ürəklərindən nələr keçir onu deyə bilmərik, amma bir onu deyə bilərik ki, onların yandırdıqları şəhər yeni görkəmdə xain qonşuların ürəyində xal qoyub...
   
   
   
   NOVRUZQABAĞI
   
   ŞƏNLİKLƏR
   
   
   
   Füzulidə artıq 4 çərşənbənin 4-ü də yüksək səviyyədə qeyd olunub. Yəni bu çərşənbə bayramlarında Füzuli camaatını sevindirmək üçün rayon icra hakimiyyəti tərəfindən böyük addımlar atılıb. İlk növbədə rayondan kənarda yaşayan qaçqın kontingenti bayram ərəfəsində yada salınıb. Minlərlə qaçqın füzulilini bu əziz gündə rayon icra hakimiyyətinin əməkdaşları yada salıblar. Daha doğrusu, bayram ərəfəsində həmin insanların sevindirilməsi və onlara bayram sovqatının göndərilməsi rayon icra hakimiyyətinin başçısı Alı Alıyevin ideyasıdır. Alı müəllim söhbət zamanı dedi ki, Novruzda hər bir insanın bayram süfrəsi açması üçün şərait yaradılmalıdır. Biz də sakinlərimizin hər birinin bu süfrəni açması üçün əlimizdən gələn köməyi eləmişik. İlk növbədə müxtəlif rayonlarda məskunlaşan qardaş və bacılarımızı yada salmışıq. İmkanımız daxilində onlara lazımi maddi köməklikləri göstərmişik. Yəni heç bir füzulili və burda yaşayan heç bir sakin bizim diqqətimizdən kənarda qala bilməz. Onları sevindirmək və onların balalarının çöhrəsində sevinc hissi yaratmaq hər bir insanın borcudur. Bizim də borcumuz odur ki, Novruzqabağı bu insanları bir daha yada salaq və imkanımız daxilində onlara kömək eləyək.
   
   ORİJİNAL TİKİLİLƏR...
   
   
   
   Havaların qarlı-şaxtalı və soyuq keçməsinə baxmayaraq, Füzulidə demək olar ki, abadlıq, quruculuq və yenidənqurma işləri heç vaxt ləngiməyib. Əksinə, bu işlər əvvəllər olduğu kimi, bu gün də rəvan gedir. Belə ki, Heydər Əliyev Fondunun hesabına rayonda ikimərtəbəli Gənclər Mərkəzi tikilir. Birinci Mahmudlu kəndində 5 min ton kənd təsərrüfatı məhsulları saxlayan soyuducu anbar inşa edilir. Bununla yanaşı, artıq rayonun Qarabağ kəndində broyler quşçuluq kombinatının təməli qoyulub. Üstəlik Gecəgözlü kəndində 80 yerlik yeni tam orta məktəb tikilib. Bütün bunlar isə onu deməyə əsas verir ki, rayonda tikinti-quruculuq işləri günbəgün geniş vüsət alır. Ölkə prezidenti İlham Əliyev Füzuli rayonunun sosial-iqtisadi inkişafına böyük önəm verib və bu sərhəd bölgəsinin daha da möhtəşəm tikilməsinə və yeni tikililərin davam etdirilməsinə xüsusi diqqət yetirir. Təbii ki, bütün bu işlərin görülməsi füzulilərin daha yaxşı və daha firəvan yaşamasına hesablanıb. Bir faktı da qeyd edək ki, rayonda yenə Heydər Əliyev Fondunun hesabına 180 yerlik tam orta məktəbin binası inşa edilməkdədir.
   
   
   
   YAŞILLIQLAR ŞƏHƏRİ
   
   
   
   Horadiz yaşıllıqlara bürünən bir şəhəri xatırladır. Ötən yazılarımızda qeyd eləmişdik ki, bu şəhər yaşıllıqlarına görə Kiyevi xatırladır. Çünki Kiyev də yaşıllıqlar içərisində möhtəşəm bir şəhərdir. Bu gün Horadiz də məhz yaşıllıqlar içərisində tikilən, qurulan və inşa edilən bir şəhərdir. Qısa zaman kəsiyində bu şəhərin küçə və parklarında 45 min ədəd Amerika, Türkiyə və İtaliyadan gətirilmiş ağaclar əkilib. Ən yaxşısı da odur ki, bu ağaclar inkişaf edir və böyüyür. Üç ay bundan qabaq Horadizə gələndə bu ağaclar yenicə əkilmişdi. Amma bu dəfə həmin ağacları görəndə gözlərimizə inanmadıq. Ağaclar böyümüş və bir az da şəhərə gözəllik gətirmişdi. Hər halda, yaşıllıqlar şəhəri olan Horadizin bü gün gözəl görkəmi şəhərə qədəm basan hər bir insanın təəccübünə və sevincinə səbəb olur.
   
   Yanımdakı dostlarımdan biri dedi ki, heç Bakıda bu qədər yaşıllıqlar yoxdur. Şəhərin küçələrini təmizləyən Mənzil Kommunal Təsərrüfatının işçilərini görən dostum təəccübləndi. Kənardakı zibil qablarına baxan yol yoldaşım dedi ki, mən məəttəl qalıram, Bakıda zibili daşıyan yoxdur, amma Horadizin küçələrində bir zibil, bir tullantı gözə dəymir. Dedim ki, bilirsən, niyə dəymir? Bax o gördüyün qadınlar küçəni hər gün səhər, bir də axşam saatlarında təmizləyirlər. Bir şəhər sakini küçələrə hər hansı tullantını atmaz. Artıq sakinlər özləri də şəhərə tullantı və zibil atan adamlara iradlarını bildirirlər.
   
   
   
   YENİ UŞAQ BAĞÇASI
   
   
   
   Füzulidə bayaq dediyimiz kimi, çox möhtəşəm tikililər inşa edilir. Onlardan biri də müasir standartlara cavab verən Kərimbəyli kəndindəki 45 yerlik uşaq bağçasıdır. Bu uşaq bağçası o qədər müasir üslubda və orijinal inşa edilib ki, həmin tikiliyə baxanda istər-istəməz insan qəribə hisslər keçirir. Yəni kənd yerində belə bağçanın olması çoxlarını təəccübləndirir. Elə bu günlərdə də həmin bağçanın açılışı olub. Açılışda Füzuli-Ağcabədi seçki dairəsindən seçilən millət vəkili Aqil Abbas da iştirak edib. Rayon icra hakimiyyətinin başçısı Alı Alıyev bu cür yeni tikililərin rayonda bundan sonra da davam edəcəyini bildirib. Millət vəkili Aqil Abbas çıxış edərək ölkə prezidenti İlham Əliyevin Füzulidə quruculuq işlərinə diqqət yetirdiyini deyib. Həm də deyib ki, Füzuli cəbhə bölgəsi olduğuna görə, bu region həmişə ölkə prezidentinin diqqət mərkəzindədir. Füzulidəki möhtəşəm tikililərin istifadəyə verilməsi hər bir sakində sevinc hissi oyadır və onu qurub yaratmağa daha da ruhlandırır.
   
   
   
   SÜNNƏT AKSİYASI
   
   
   
   Füzulidə olanda eşitdim ki, Horadiz şəhərindəki xəstəxanada Novruzqabağı sünnət aksiyası keçirilir. Rayon icra hakimiyyətinin başçısı Alı Alıyev də bu tədbirdə iştirak eləyirdi. Mən də marağımı saxlaya bilməyib həmin tədbirə yollandım. Xəstəxanının girəcəyində Füzuli rayon mərkəzi xəstəxanasının baş həkimi, səhiyyə şöbəsinin müdiri Soltan Əliyevlə görüşdüm. Eyni zamanda, Horadiz xəstəxanasının baş həkimi Şaiq Şükürov da bizim söhbətimizdə iştirak eləyirdi. Çoxlu sayda insanlar həmin xəstəxanaya gəlmişdi. Rayon mərkəzi xəstəxanasının baş həkimi Soltan Əliyev dedi ki, bu bizim Novruzqabağı imkansız ailələrə eləyə biləcəyimiz bir hədiyyədir. Fikirləşdik ki, elə bəzi ailələrin uşaqların Novruzqabağı sünnət eləyək. Mənim fikirmlə səhiyyə işçilərimizin hamısı razılaşdı. İndi Horadiz şəhər xəstəxanasında 20-yə yaxın uşağa sünnət edilir.
   
   Bu uşaqların bir neçəsini biz də gördük. Təbii ki, sünnət olunan uşaqlar ağlayırdılar. Amma onların valideynlərinin söhrəsində bir sevinc hissi vardı. Hiss olunurdu ki, bayramqabağı sünnəti olan uşaqların valideynləri balaları müsəlman olduğu üçün qürur hissi keçirirlər.
   
   Füzuli rayon xəstəxanasının baş həkimi Soltan Əliyevi çoxdan tanıyıram. Çox ziyalı, savadlı və bacarıqlı bir kadrdır. Soltan həkim harda işləyibsə orda həmişə yaxşı izlər qoyub. O izlər ki, həmişə ona hörmət və nüfuz gətirib. Bizimlə söhbətində Soltan həkim dedi ki, gələcəkdə biz bu cür aksiyaları Füzulinin digər qəsəbələrində davam etdirəcəyik. Qayıdışda, Zobucuqda və eləcə də digər yeni salınmış yaşayış sahələrində bu cür aksiyalara imza atacağıq.
   
   S.Əliyev bizimlə söhbətində bir fikri də xüsusi ilə vurğuladı ki, rayon icra hakimiyyətinin başçısı Alı Alıyev digər sahələrdə olduğu kimi, səhiyyəyə də böyük diqqət yetirir. Elə bunun nəticəsidir ki, rayonumuzda səhiyyə xidməti yüksələn xətlə inkişaf edir. Artıq son illərdə rayonumuzda bir neçə yeni səhiyyə ocaqları və xəstəxanalar tikilib. Yeni salınmış yaşayış sahələrində həkim məntəqələrindən tutmuş xəstəxanalara qədər hamısı fəaliyyət göstərir. Gələcəkdə isə bir neçə kənddə və eləcə də Böyük Bəhmənli kəndində müasir tələblərə cavab verən xəstəxana tikiləcək. Bizim fikrimiz odur ki, Füzuli rayonunun özündə daha müasir və yüksək səviyyədə olan bir xəstəxana inşa edilsin. Bu barədə yuxarı təşkilatların qarşısında təşəbbüslə çıxış edəcəyik. Amma əsas məsələ odur ki, rayonumuzda bu gün səhiyyə xidməti demək olar ki, günün tələblərinə cavab verir.

TƏQVİM / ARXİV