adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7

Peşəkarlıq da artır, məsuliyyət də...

11604 | 2014-04-07 16:20

Bayram günləri olsa da Binəqədi Rayon Rayon Mühafizə İdarəsinin əməkdaşları yenə də iş başındaydılar

İdarə rəisi, polis polkovniki Nazim Rzayev, İdarənin rəis müavini, polis polkovnik-leytenantı Böyükağa Kərimov və bölük komandirləri, polis kapitanı Cehyun Bayramov, polis baş leytenantı İsmayıl Cəfərov Novruz bayramını, yazın gəlişini xidmətdə qarşılayırdılar...
Hər zaman olduğu kimi xüsusi günlərdə, bayramlarda polis gücləndrilmiş iş rejimində öz xidməti vəzifəsini yerinə yetirir, sabitliyin keşiyində durur, cinayətkarlıqla mübarizə aparır. Gecənin hansı vaxtında olursa-olsun insanlarımız qorxusuz, hürküsüz istədikləri yerə gedə bilir, istirahətlərini, asudə vaxtlarını maraqlı şəkildə təşkil edirlər. Bilirlər ki, hər-hansı xoşəgəlməz hal baş verərsə, hər zaman etibar etdikləri, güvəndikləri, özlərinə doğma və əziz bildikləri polis yanlarındadır.
Əbəs yerə deyil ki, bu gün dövlət və şəxsi mülkiyyətin, asayişin etibarlı qorunmasından söhbət gedəndə ilk növbədə yada düşən mühafizə polisi olur. Öz vəzifə borcunu yerinə yetirən Azərbaycan Polisinin bu strukturu təkcə mühafizə etmir, həmçinin cinayətkarlıqla mübarizə aparır, ictimai asayişi qoruyur. Xüsusən də son zamanlar əhalinin evlərinin, mülklərinin mühafizə olunması üçün polisə üz tutmaları ondan xəbər verir ki, polis vətəndaşların inamını, etibarını qazanıb və ən ümdəsi özünü sevdirməyi bacarıb.
Martın 22-də, bayram günündə mənzildən oğurluğa cəhdin qarşısını almış əməkdaşları təqdim edən İdarənin rəisi, polis polkovniki Nazim Rzayev bildirdi ki, bu gün DİN rəhbərliyi tərəfindən qarşıya qoyulmuş tapşırıqları, verilmiş göstərişləri vicdanla yerinə yetirmək üçün hər bir əməkdaş, sözün əsl mənasında səfərbər olub. Bir zaman mühafizəyə obyektlərin qəbul olunmasında çətinlikər olsa da, bu gün bir başqa mənzərənin şahidi oluruq. Əldə olunan uğurlar, yüksək göstəricilər onu deməyə əsas verir ki, mühafizə polisi qarşıya çıxan çətinliklərdən qorxmur və müxtəlif vasitələrlə ictimai qaydanı və ictimai asayişi pozanlara, cinayət törədənlərə, cinayətə meylli olanlara qarşı mübarizə metodlarının dövrün tələblərinə uyğun olaraq daha da gücləndirilməsi, müasir texniki vasitələrdən istifadə bacarığının artırılması, döyüş və peşə hazırlığında yeni-yeni nailiyyətlərin əldə olunması onların əsas hədəfidir.
Xüsusi mühafizə, siqnalizasiya vasitələrinin obyektlərin mühafizəsində istifadə olunması həmkarlarımızın işini xeyli asanladırsa da, yenə də peşəkar əməkdaşlara, "ürəkli” oğullara ehtiyac var...
Daxil olan həyəcan siqnalı tutucu qrupun üzvlərini hərəkətə gətirdi. Həyəcan siqnalının yenicə mühafizəyə götürülmüş mənzildən gəlməsi həmin mənzilin yiyəsi Kərimova Gülbəniz Araz qızının "Evimdən 4-5 dəfə oğuluq olub” fikrinin təsdiqi idi. Oğurluqlardan "cana yığılmış” ev sakini polisə müraciət edəndən sonra rahat nəfəs almağa başlamışdı və bilirdi ki, dadananlar yenə bu ünvana üz tutsalar, öz layiqli cəzalarını alacaqlar.
Evə girmək istəyənlər çaşıb qalmışdılar. Həyəcan siqnalının səsi eşidən kimi nə edəcəklərini bilmədilər və qaçmağa belə heyləri qalmadı. Gözləmirdilər ki, ev yiyəsi onları belə qəfil sürprizə qonaq edə bilər.
Nəfəslərini dərib, özlərinə gəlmək istəyəndə polis baş leytanantı İsmayil Cəfərov və şəxsi heyət arasında "oğruların qənimi” kimi çağırılan polis baş serjantı Samir Məmmədov əlində qapını sındırmaq üçün xüsusi alət tutmuş qadını yaxaladılar. O biri qaçıb canını qurtarmaq istəyəndə isə polis serjantı Emin Əliyev onun başının üstünü aldı. Şübhəliləri 5-ci PB-yə təhvil verdilər...
N. Rzayev qeyd etdi ki, bugünə kimi İdarə tərəfindən 521 obyekt mühafizə olunur. Onlardan 392 obyekt KMMM-lə mühafizə edilir ki, onun 220-si mənzillərdir. Yanvar ayından bəri 45 obyekt mühafizəyə qəbul edilib. Onlardan 41-nin qorunması KMMM-in payına düşür ki, onun da 28-i mənzildir.
İldən-ilə əldə olunan naliyyətlər İdarənin fəaliyyətində dönüş yaratmışdır. Belə ki, son 3 ayda 1 oğurluq faktının qarşısı vaxtında alınıb, axtarışda olan 1, digər cinayət faktında şübhəli bilinən 2, ictimai qaydanı pozan 10 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.
Yeri gəlmişkən qeyd edək ki, martın 4-ü və 13-ü tarixində DİN-in orqan və hissələri, həmçinin hüquq-mühafizə orqanları əməkdaşları arasında güc çoxnövçülüyü üzrə şəxsi və komanda birinciliyi yarışlarında İdarənin əməkdaşları, polis serjantı Zülfiqar Qəfərov birinci, Qamət Həsənov isə ikinci yerin sahibi olmuşdur. Əməkdaşlar Baş Mühafizə İdarəsinin rəhbərliyi tərəfindən pulla mükafatlandırılmışlar.
Bütün bunların nəticəsidir ki, İdarə tərəfindən dövlətin, hüquqi və fiziki şəxslərin qanuni mənafelərinin, dövlət və özəl mülkiyyətin etibarlı qorunması, cinayətkarlıqla mübarizə daha da gücləndirilmiş, bütövlükdə ictimai asayişin təmini üzrə qanunla müəyyən edilmiş vəzifələr layiqincə yerinə yetirilmişdir.


Hafiz Təmirov,

Polis kapitanı

TƏQVİM / ARXİV