adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

MƏMMƏD iLQAR

107011 | 2012-03-17 08:06
İncənimi soruşursan, əfəndim
   
   
   
   Elə mən özüm də bir neçə dəfə:- Məmməd, az görünürsən, az təbliğ olunursan. Səndən qat- qat zəif olan şairləri qapıdan qovurlar pəncərədən girir, efirdən, ekrandan, ədəbiyyat dərgilərinin səhifələrindən düşmürlər. Bu zamanda gizlənəni görmürlər- desəm də, əllərini yelləyərək:- Bunlar boş-boş şeylərdi. Qardaş, get halal sözünü yaz, özünə sözünə xəyanət etmə. Yazdıqların dəyərlidirsə, halaldır sa, öz sahiblərini tapacaq, yerinə yurduna sahib çıxacaq, özlərini də, səni də sübut edəcəkdi- deyib.
   
   Doğru deyir Məmməd İlqar. Bir dəfə Qazağa birgə səfərlərimizin birində, yolun Ağsu aşırımı ərazisində münasib bir yeməkxanada dayanıb çörək yemək qərarına gəldik. Uzaqdan çıyni sazlı aşığı görüb, yanımıza çağırdıq.
   
   - A bala, bir- iki hava çal, oxu görək bu tərəflərin aşığı necə oxuyur- deyib, əlini cavan aşığın cibinə saldı. Nəməri alan aşıq həvəslə bir-iki hava oxudu. Bu dəfə sifarişi mən verib:
   
   - Oğul, Məmməd İlqardan söz bilirsənmi- dedim.
   
   - Niyə bilmirəm, əmi. Özüylə də dostam. Hər buralardan keçəndə mənə bir-iki hava oxutmamış getməz- deyib, bir az da lovğa bir görkəm aldı. Məmmədə göz vurub, üz vurmamasını işarə etdim. Aşıq doğrudan da cavan olmasına baxmayaraq yeni bir şövqlə təcnis havasına ayaq verib, Məmmədin məşhur təcnislərindən birini oxumağa başladı:
   
   
   
   İlahi! Belə də gözəl olarmı?-
   
   Kimdi qələm çəkən, nə gözəl çəkir.
   
   Üz- üzə, göz- gözə sehrlənmişik,
   
   Nə mən göz çəkirəm, nə gözəl çəkir,
   
   
   
   Güney gözlüm, gözəllikdə bircəsən,
   
   Bu güllükdə bir mən olam, bircə sən...
   
   Gül üstündə arıya bax bircə sən-
   
   Gör gülün nazını nə gözəl çəkir?...
   
   
   
   Salma gəl Məmmədi gözündən, gözəl,
   
   Gözüm gözmü görüb gözündən gözəl !..
   
   Mən öimüş neynim ki, gözündən, gözəl-
   
   Nə bir könül doyur, nə göz əl çəkir !
   
   
   
   Söz tamama yetəndə biz də durduq.
   
   - Məmməd, bu cavan aşıq çox xoşuma gəldi. Gör maşında varsa, kitabından birini imzanla ver bu cavan ğlana. Gələcəkdə əlində səninlə dostluğu haqda sənədi olsun.- dedim
   
   Cavan aşıq məsələni anlamışdı, bir az da yanaqları allanmışdı. Məmməd maşından "quzey qönçəsi" adlı kitabından birini imzalayıb aşığa bağışladı.
   
   Aşıqla hallalaşaraq- Həə, aşıq qardaş, sənin dostun şair Məmməd İlqar budur- deyib yolumuza davam etdik. Bəli, bu doğrudan da belədir ki, Məmməd az reklam olunub, ancaq çoxlarından çox tanınan, sevilən şairlərimizdəndir. Çün ki Məmmədin bütün qoşmaları, gəraylıları, təcnisləri sazın fövqünə ucala bilib. Özü demiş- "Saza ucalan sözə ölüm yoxdur".
   
   
   
   ***
   
   Günlərin bir günü elçi kimi qapımı açdı dostum Məmməd İlqar.
   
   - Dəmirçioğlu, biz dos idik, Allahın izni ilə indi də quda olmaq istəyirəm səninlə- deyib, qızım Ülkəri oğlu Babəkə istədi. Xeyli tərəddüdlərdən sonra qohumluğumuz baş tutdu.
   
   Günlər, aylar ötür gedir. Günlərin bir günü səbirsizliklə nəvə gözləyən dostumla söhbət əsnasında soruşdum:
   
   -Arkadaş, oğlum Daşqın mənim təkidimə baxmauaraq oğluna mənim adımı yaraşdırdı. Böyük kürəkənim Elşən babası Məhəmmədin adını oğluna ad elədi. İndi atanın adını oğula qoymaq dəbdədi. Oğul nəvən olsa yəqin ki Babək də oğluna Məmməd adı qoyacaq. Belə olsa mən gərək nəvələrimi nömrələyim.
   
   Xeyli gülüb dedi:
   
   - Təki sağlıq olsun. Zaməddin Ziyadoğlu deyib ki, Məmmədlər çox olsa basılmaz Vətən.
   
   Xoş günlərin birində Məmməd baba oldu. Təbrik edib soruşdum:
   
   - Arkadaş, oğlandı, qız?
   
   Telefonda gülə-gülə:
   
   - Ayə bir gözəl Məmmədiyyə gəldi dünyaya- deyib o da məni təbrik etdi...
   
   Etibarlı dost olduğu qədər də gözəl ailə başçısidı, Məmməd. Hərdən həyat yoldaşı Fatma xanımla zarafatlarına, nəvələri Nigarla, İlqarla oynamağına tamaşa edəsən. Fatma xanıma, biraz baməzə bir az da zarafatyana yazdığı bir təcnis nümunəsinə baxaq:
   
   
   
   A GÖYÇƏK
   
   
   
   Göyçək günlər gözləməkdən üzüldüm,
   
   Gələcəkmi göyçək günlər, a göyçək ?
   
   Cənnətdiklər çəkəmmədi cəfanı -
   
   Culadılar - sən çəkərsən, ay göy*, çək.
   
   
   
   Fağır canım bir də dönüb baxdı nə...
   
   Nolasıydı bir cununun baxtı, nə ?
   
   Görən dedi, göydəş düşüb baxtına,
   
   Mələkdisə, mələyini a göy, çək !
   
   
   
   Məmməd İlqar, baxma bağrın yaradı,
   
   Ad çəkməsən bu söz nəyə yaradı ?..
   
   Beşcə göyçək hərfdi - olub yar adı,
   
   Dörd göyçəyin axırında "a" göyçək.
   
   
   
   ***
   
   Artıq bu gün bu fikirləri cəsarətlə söyləmək olar ki, İncə Dərəsinin özünə nməxsus dil ləhcəsi, poeziya nümunələri, çağdaş Azərbaycan ədəbiyyatı, tənqidi tərəfindən ciddi bir formada qəbul olunmaqdadır. Hörmətli ədəbiyyat şünas alim Rüstəm Kamal-" Yüz imzasız şeir nümunəsinin içindən İncəlilərə məxsus bircə nümunə olsa, mən onu dərhal tanıyaram"- ifadəsi, çox hörmətli professorumuz, Millət vəkili Nizami Cəfərovun mötəbər məclislərin birində- "İncəlilər dərsini ancaq tanrıdan alırlar"- kəlamı bu fikirləri təsdiq edə bilər.
   
   Üzu Əfqan Hacıdan bəri (17 əsr) başlanan bu yol, Açıq Avdı Qaymaqlı sazında, sözündə cilalanıb, aşıq Cəlal Qəhrəmanov, aşıq Kərəm İncəli, açıq Yəhya, aşıq Sadıq Avdıoğlu və c. ozanların sazında tumarlanaraq, Səyyar Vəli, Ələddin İncəli, Qarasultan oğlu İbrahim ləhcəsindən mayalanaraq, Ağamalı Sadiq Əfəndi, Akif Səməd, Hacı Məhəmməd Astanbəyli, İbrahim İlyaslı, Rəfail incəyurd, Avdı Qoşqar, Mahmud Vəli (Bu gün içi mən qarışıq adlarını sadalamadığım cox İncəli şairləri var ki, bu siyahıya görə məndən inciməsinlər).və nəhayət Məmməd İlqar zirvəsinə yüksəldi. O doğulub boya- başa çatdığı İncə Dərəsinin mənzərəsini elə parlaq boyalarla, dilin elə bir möcüzəsiylə yaradıbı ki, nə özündən əvvəl, nədə özündən sonra bu abidəni yaratmaq başqalarına müyəssər olmayacaq:
   
   
   
   Hüseyn Əfəndiyə
   
   
   
   İncənimi soruşursan, Əfəndim,
   
   Dünyanın bir bucağında bir eldi...
   
   Halal yığar - haramılar daşıyar,
   
   Haram bişməz ocağında bir eldi.
   
   
   
   Əfsanələr incələnib adında,
   
   Binələnib ürəyinin çatında,
   
   Kök - köməci yerin yeddi qatında,
   
   Başı qardaş bıçağında bir eldi.
   
   
   
   Yüz Məmmədə ilqar verib - gözləyir,
   
   Qibləm - yönüm, Tanrım - Pirim gözləyir,
   
   Qucağında qəbir yerim gözləyir,
   
   Qəbirləri qucağında bir eldi.
   
   
   
   Elə bu aradaca Məmməd İlqarın özünə məxsus poeziya ləhcəsi, dil şirinliyi, və hətta deyərdim görk ola biləcək çox mükəmməl təcnisləri, qoşmaları, gəraylıları haqda söhbət açsaydıq yerinə düşərdi. "Kəndə məktub " nümunəsindən bir parça:
   
   Salam, Qara Quzey,
   
   Salam, Ağ dərə !
   
   Çeyillər, çəmənlər, necə varsınız ?
   
   Bir nəğmə yazmışam - sizə göndərəm -
   
   Müğənni kəkliklər, oxuyarsınız.
   
   
   
   Sizdən ayrılalı kiməm, gör nəyəm...
   
   Bir parça ürəkdə min ölüm oldu.
   
   Ağlama ay bulub, mən də köytəyəm,
   
   Mən ölüm ağlama, mənölüm oldu !
   
   
   
   Nə sirli sevdalar coşur canımda,
   
   Dəli duyğuların yuxusu gəlmir.
   
   Havaxtdı tələbə çamadanımdan
   
   Qoyun pendirinin qoxusu gəlmir.
   
   
   
   Of, necə qurutdu bu şəhər məni,
   
   Ruhum aranızda, can qəfəsdədi.
   
   Ta çətin saxlayar fələklər məni,
   
   O hicran vardı ha, - son nəfəsdədi...
   
   
   
   Və yaxud ANAMIN SAÇININ QARA VAXTLARI nümunəsinə nəzər salaq:
   
   
   
   Hopub yaddaşıma göy qurşağıtək,
   
   Göynəyir sinəmdə, sinə dağıtək,
   
   Ovunmur evimin kür uşağıtək
   
   Anamın saçının qara vaxtları.
   
   
   
   Ah, necə duruydu eşqim, ay Allah,
   
   Nə qədər təmizdi ürəyim onda...
   
   Nələr vəd etməzdi mənə xəyallar,
   
   Nə daşqın dənizdi ürəyim onda -
   
   Anamın saçının qara vaxtları.
   
   
   
   Bilirdim Göylərdə qar var, yağış var,
   
   Bilirdim yollarda eniş - yoxuş var,
   
   Bircə bilmirdim ki, bu yer üzündə
   
   Neçə " yox olmaq" var,
   
   Neçə "çıxış" var
   
   Anamın saçının qara vaxtları.
   
   
   
   Belə hərlənəsi başım yoxuydu,
   
   Belə sellənəsi yaşım yoxuydu,
   
   Sevgi məktubları yazırdım hələ-
   
   Bu gidi dünyayla işim yoxuydu.
   
   Anamın saçının qara vaxtları.
   
   
   
   Nələ ümidlərin sıx vaxtlarıydı,
   
   Arzumun çoxunun sağ vaxtlarıydı,
   
   Baxtımın, günümün ağ vaxtlarıydı
   
   Anamın saçının qara vaxtları.
   
   
   
   Deyim ki, yuxuydu -
   
   yuxu deyildi,
   
   Deyim ki, nağıldı-
   
   Axı deyildi?
   
   Bir onu bilirəm, ay ağ saçlarım,
   
   Anamın ömrünə yağı deyildim
   
   Anamın saçının qara vaxtları.
   
   
   
   Məmməd İlqar məhsuldarlıq baxımında az yazan şailərimizdən olmasına baxmayaraq, nər sözün, nər misranın üstündə əsib, yadda qalan, dillər əzbəri olan sənət nümunələri yaratmışdır. Və ən maraqlısı da budurki, az yazan adlandırdığımız bu maraqlı şair sanki səz gulustanının bağında, baxcasında əl dəyməmiş bir gül , bir çiçək qoymamışdır. Bu danılmaz bir həqiqətdir ki, cinas meydanında onunla at oynatmaq hər şairin işi deyil:
   
   
   
   Ən gözəl dərdimsən dərdlər içində,
   
   Dərdindən düşmüşəm dərdə mən, gözəl.
   
   Dərd gözəl çəkilir- əgər gözəlsə,
   
   Gözəl dərd diləsən, dərdən- ən gözəl.
   
   
   
   Sərdim gülşənini dərdə, mən ömrün,
   
   Dər gülüm, gülünü dər də, mən- ömrün.
   
    Hər günü zülümdü dərd əmən ömrün-
   
    Ölərmi sən kimi dərd əmən, gözəl.
   
   
   
    Məmməd, könül sevdi, kimə nə, dərdi
   
    Özgə kim sevdirər ki, mənə dərdi?...
   
    Bilməm bu sevdanın kimə nə dərdi?
   
    Mənə dərd gözəldi, dərdə mən gözəl!
   
   
   
   Hörmətli abimiz, poeziyamızin Məmməd Aslanı deyir ki, təcnis dünyasında elə bir cinas qalmayıb ki, ona Məmməd İlqarın əli dəyməmiş olsun. Təkcə cinas yox, əlini hara atırsan:
   
   
   
   ... Narsan- sənə bolüm yoxdur,
   
   Yarsan- sənsiz yolum yoxdur,
   
   Varsan- mənə ölüm yoxdur,
   
   Dərdim, ömrun uzun olsun...
   
   
   
   Və yaxud:
   
   
   
   Dərd nə şeydi, bilməyəsiz,
   
   Sizə gələn mənə gəlsin.
   
   Dərdin işi mənimlədi,
   
   Çox gəlibdi, yenə gəlsin...
   
   
   
   Yenə gəlib Məmmədlə rastlaşırsan.
   
   Ümumən götürsək, Məmmədin yaradıcılığını qətiyyən təhlil etmək fikrim yoxdur. Əslində mən bir rəssam olaraq, haqqında yazdığım insanların sözlə portret pəsimlərini işləməyə cəhd edirəm.
   
   Məmməd İlqar Butün yazılarını, çıxışlarını, hətta deyərdim şeirlərini də qısa, lokanik yazır. Amma nədən sə mən onun haqda nə qədər çalışdım, qısa yaza bilmədim. Əslində heç uzun da yazmadım. Bəlkə heç nə yazmamışam hələ...
   
   Hətta həcmcə uzun görünən şeirləri var ki, oxuyub qurtarandan sonra , qurtarmağina təəssüflənirsən. Baxın:
   
   
   
   MƏN HƏMƏN OGLANAM
   
   
   
   Ömrün o başından dönüb gəlmişəm,
   
   Mənəm,
   
   Başınıza dönüm, gəlmişəm.
   
   Bəs məni yandırıb, nə yaxırsınız,
   
   Belə maddım - maddım nə baxırsınız.
   
   Bax bu palıdların budaqlarında
   
   Yellənən oğlanam, a dağ yolları.
   
   Sorub baldırğanla bulaqlarından
   
   " Keflənən" oğlanam, a dağ yolları,
   
   Mən həmən oğlanam, a dağ yolları.
   
   
   
   Qayalar belində gül bitirərdi,
   
   Di gəl ki, xoşluqla gül verməzdilər...
   
   Əlimi uzatsam əl yetirdi,
   
   Gicitkanlar mənə gün verməzdilər,
   
   Qanıma bələrdi moruq kolları,
   
   Mən həmən oğlanam, a dağ yolları.
   
   
   
   Almazdım eynimə çəni, çiskini,
   
   Dolu da yağsaydı - qənd deyildimi?
   
   Sizdən küsən günü qəzəbim, kinim
   
   Bir tütək səsinə bənd deyildimi?
   
   Gözümə çıxardı könlümün varı,
   
   Mən həmən oğlanam, a dağ yolları.
   
   
   
   Sinəmdə bir belə sevgi varikən
   
   Bu səfeh səbrimlə dil tapammadım.
   
   Daşın da qəlbinə yol taparikən
   
   Bir şəhər qəlbinə yol tapammadım...
   
   Gəlmişəm- ətək boş, ömür-gün yarı,
   
   Mən həmən oğlanam, a dağ yolları.
   
   
   
   Bir böyük sevgidən yıxılmışam mən,
   
   Bilirəm dadını diz ağrısının.
   
   Babamın başına qaxılmışam mən,
   
   Bələdəm oduna söz ağrısının.
   
   Bu qədər sınağa çəkməyin məni,
   
   Siz mənim xətrimə dəyməyin barı.
   
   
   
   A dağ yolları.
   
   Getdi o dumanla güvəndiklərim,
   
   Əlim ətəyinə yetməz, bilirəm,
   
   Qalan gümanlərım- saman çöpləri...
   
   Mən sevən ölümə getməz, bilirəm
   
   Bu tale yolları, bu baxt yolları.
   
   Məni qınamayın, a dağ yolları,
   
   Mən həmən oğlanam, a dağ yolları.

TƏQVİM / ARXİV