adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7

TABUTçU

BABƏK YUSİFOĞLU
38206 | 2012-03-20 05:18
(Əvvəli qəzetin 13 mart sayında)
   
   Amerika kəşf olunandan sonra avropalılar oranı "Yeni dünya" adlandırdılar, bununla da özlərinə istər-istəməz təzə bir ad icad etmiş oldular - "Qoca qitə". Əslində bu yeni cüt materikin kəşfi təkcə Avropa üçün deyil, həmçinin bütün dünyadan ötrü mühüm hadisəyə çevrildi. Hətta Amerika ilə əlaqəsi, maraqları olmayan xalqlar üçün də. O da bir gerçəkdi ki, bu kəşf dünyanın gələcək siyasi düzənini kökündən dəyişdi. Bəlkə də elə bu səbəbdəndi, məşhur bir söz bütün dünya xalqlarının dilində var. Hansısa yeni ideyanı, yeni əməli bəyənməyəndə insanlar belə deyirlər: "özündən yeni Amerika kəşf etmə". Yəni, bu böyük, yeni dünya bir dəfə tapılıb və bir daha təkrarlanmayacaq.
   
   Həmin tapıntıdan sonra ən çox avropalılar bu geniş, münbit, zəngin torpaqlara köç etməyə başladılar. Bu axın ötən əsrin əvvəllərində özünün pik həddini yaşadı. İmkanları geniş, pulları çox olanlar öz işlərini genişləndirib daha çox qazanc əldə etmək, "Qoca qitə"də yoxsulluqdan, işsizlikdən, zülümlü həyatdan qurtulmaq istəyənlər durmadan buraya üz tuturdular. Hətta bu axının içərisində macəra axtaranlar da az deyildi. Bəli, bu "yeni dünya"da sadaladığım və sadalamadığım hər şey vardı.
   
    Həmin hadisədən təxminən dörd il sonra dostları yenidən Frenkidən Çikaqoya gəlməyi xahiş etdilər. Budəfəki istəkləri son vaxtlar Çikaqonun mafiya dünyasında nüfuzlu bandalardan birinə çevrilmiş "North Side Gang"ın lideri Din O""Banionun aradan götürülməsiydi. Bu qorxulu bir iş olsa da Frenki dostlarının xətrinə məsələnin həllini üzərinə götürdü. 1924-cü il, payızın ortalarıydı. Din O""Banionun harada olduğunu dəqiqləşdirdikdən sonra Yel etibar etdiyi iki silahdaşı - Con Skeliz və Albert Anselmiylə "Şofild Çicək" mağazasına girərək onu elə oradaca güllələdilər. Bu dəfə də Frenkidən şübhələnən polis sübutlar əldə edə bilmədiyi üçün onu həbsə ala bilmədi. İş elə qurulmuşdu ki, hadisə baş verən zaman Frenki guya bir neçə nəfərlə bəlli bir yerdə "nahar edirmiş".
   
   Amma sən demə, nüfuzun böyüməsinin də öz dərdləri, problemləri varmış. Belə ki, Frenkinin kriminal aləmdəki hörməti artdıqca ehtiyatı azalır, düşmənlərisə daha böyük "akulalar"dan ibarət olurdu. Əslində amansız Yel düşmənlərindən bacardığı qədər qoruna bilir, ən lazımı anlarda onları yerində oturtmağı bacarırdı. Bir də öz "işi"ndə çox cəsur və tədbirli olması da rəqiblərinə məlum idi. Lakin dostlarındansa Frenki bir o qədər də qorumurdu. Və belə demək mümkünsə, bu onun "qaranlıq dünya"da ən böyük səhvlərindən biri oldu. O, hesab etmirdi ki, həyatını qurtardığı, bir neçə dəfə qarşısındakı çox çətin əngəllərini təmizlədiyi və bununla da ona böyük məbləğdə gəlir gətirdiyi Al Kapone ona sui-qəsd düzənləyə bilər. Amma bu gerçəklik idi...
   
   Əslində Kanada viskisinin inportundan böyük bir partiyanı Al Kaponeyə verməsinə baxmayaraq onların arasında bir qədər sonra böyük bir narazılığa səbəb ola biləcək situasiya yaranmışdı. Bəhs olunan bu qarşıdurma sonradan o həddə qədər gəlib çatdı ki, Al artıq məsələyə nöqtə qoymağa qərar verdi. İlk kəskin fikir ayrılığı 1927-ci ilin yazında baş verdi. De Amato Kaponeyə məlumat çatdırmışdı ki, Frenki onun "malları"nın müəyyən bir qismini mənimsəyib. Bu da kifayət edirdi ki, o vaxtlar ayağının altını görməyən Kapone bütün keçmişdəkiləri unudub dostunu öldürsün. Hətta bir dəfə qarşılaşdıqları vaxt Frenkini özü öldürə biləcəyini zənn edib ona atəş də açdı. Amma uğursuz. 1927-ci il iyulun 1-də baş verən bu hadisədən cəmi 6 gün sonra Kapone De Matonun Bruklində güllələndiyi xəbərini alanda bir daha anladı ki, demək artıq açıq müharibə başlayıb.
   
   Amma kriminal aləmin bəzi nüfuzlu şəxsləri bu iki güclü adamın barışığına nail olmaq istəyirdilər. Hətta bunun üçün bir sıra tədbir də gördülər. Çünki belə bir "müharibə" onların gəlirlərinə ziyan vururdu. Bundan ötrü Frenki Yel Çikaqoya dəvət də edildi. O vaxt barışıq tam alınmasa da böyük və açıq müharibəyə start verilmədi. Əslində Frenki Yelə bu "atəşkəs" sərfəliydi. Çünki həmin dövrlərdə Çikaqodan müvvəqəti ayrılaraq Nyu-Yorka yerləşən məşhur qanqster Co Ayellonun dəstəsi ilə toqquşmalar başlamışdı. Çünki bu adamların heç biri şəhəri digəri ilə bölüşmək fikrində deyildi. Həmin "müharibə"nin nəticəsini gözləyən Kapone də hələ səbr etməyə qərar verdi. Amma çox qısa müddətə...
   
   
   
   HİYLƏ VƏ TƏQİB
   
   
   
   Həmin vaxt bazar günüydü. Frenki Yel onu nə gözlədiyindən xəbərsiz 14-cü və 165-ci küçələrinin kəsişdiyi binada yerləşən "Sunrise Klub"undaydı. Burada bir qədər vaxt keçirə bilərdi, çünki hələlik tələsik, vacib bir iş onu gözləmirdi. Amma...
   
   Qəflətən ona telefon zəngi gəldi. Tanış olmayan bir adam ona bildirdi ki, arvadı Lüsi ilə nəsə baş verib. Frenki çox narahat oldu. Bilirdi ki, Lüsi bu gün qızına baxmaq üçün evdə qalıb. Dostu Cozef Piraino onu öz maşınında aparmaq istəsə də Frenki etiraz etdi və tələsik çölə çıxıb qarşıda dayanmış təptəzə, tünd qəhvəyi rəngli "Linkoln" markalı maşınına minərək Yeni Utrext istiqamətinə "uçdu".
   
   Amma onu aldatmışdılar. Yel qarşıdakı yol ayrıcına çatanda svetoforda qırmızı işıq yandığı üçün dayanmağa məcbur qaldı. Bəlkə də o, qırmızı işığa məhəl qoymazdı, amma qarşıdakı köndələn küçədən maşınların dalbadal ötməsi ona başqa seçim qoymamışdı. Yol ayrıcında dayanan Frenki ətrafını nəzərdən keçirərkən yaxınlıqdakı "Buik"də dörd nəfər naməlum adamın ona göz qoyduğunu sezdi. Hər şey ona aydın idi - onu öldürməyə artıq qatillər göndərilmişdi. Özü də ehtiyatsızlığı ucbatından çox pis yerdə və zamanda gəlmişdilər. Artıq bunları düşünmək geç idi... Lazım olan anda vaxt itirməsin deyə Frenki tapançasını çıxarıb yanındakı oturacağın üstünə qoydu. Belə vaxtlar hətta saniyələrin belə böyük hökmü vardı.
   
   Yaşıl işıq yanan kimi Yel "Linkoln"a qaz verdi, maşın sürətlə yerindən götürüldü. Əslində Frenki uzaq məsafədən atılan güllələrdən ehtiyat etmirdi, çünki onun mindiyi lap yeni model maşının həm şüşələri, həm də özü zirehli olduğu üçün ona bir şey edə bilməzdilər. Amma o, gözəl anlayırdı ki, düşmənləri açıq-aydın onu öldürməyə adamlar göndəriblərsə, demək hər şeyi nəzərə alıblar. Frenki Yeni Utrextədək gələndən sonra təqibçiləri rayonun küçələrində azdırmaq məqsədiylə yolu dəyişib Qərb istiqamətinə - 44-cü küçəyə tərəf yön aldı. Amma peşəkarların gözündən qurtulmaq elə də asan məsələ deyildi. "Buik" ondan geri qalmırdı. Bu qaç-qov xeyli çəkdi.
   
   Frenki həmin dörd nəfərlə döyüşə girə də bilərdi. Bundan qorxmurdu da, amma əmin idi ki, qatillər mütləq daha böyük silahlarla silahlanıblar və belə şəraitdə onların öhdəsindən gəlmək mümkün deyil. Küçələrdən sürətlə irəliləmək çətinləşdiyindən təqibçilər lap bir addımlıqdaydı.
   
   Frenki "Buik"in açıq pəncərələrindən bir neçə avtomat silahın lüləsinin ona tərəf tuşlandığını gördü. Və ardınca da atəş səsləri ara vermədi. Kifayət qədər sürətlə gedən "Linkoln"in şinləri deyəsən deşildi, çünki avtomobilıi idarə etmək çətinləşdi. Yağış kimi yağan güllələrsə bir an da ara vermirdi. Görünür qətli yerinə yetirmək üçün gələn adamlara kimin üstünə getdiklərini anlatmışdılar. Frenki Yel "qaranlıq dünya"nın elə-belə adamlarından biri deyildi. Ən amansız qanqsterlərin bossu idi.
   
   
   
   BU DA SON
   
   
   
   "Linkoln" güllələr altında qəfildən yolunu itirdi və zərblə qarşıdakı 923-cü binanın divarına dəyərək dayandı. Al Kaponinin göndərdiyi qatillər işlərini bitirəndən sonra "Buik"i bir neçə küçə aralıda sahibsiz qoyaraq oranı tərk etdilər. Beləliklə həm qatil, həm də xeyirxah Frenki Yel 31 yaşında öldürüldü. Onun qətli ilə bağlı polis şübhələndiyi üçün Al Kaponini bir neçə dəfə sorğu-suala çağırsa da tutarlı dəlilər və sübutlara malik olmadığından onu məsuliyyətə cəlb edə bilmədi. Lakin icraçıların kimliyini təyin etdilər. Bunlar peşəkar "Qatil" ləqəbli Fred Berk, Qas Vinkler, Corc Siqler, və Luis idi.
   
   Maraqlıydı, hadisədən sonra Al Kapone öldürdüyü dostu Frenki Yel üçün görünməmiş bir dəfn mərasimi düzənlədi. Minlərlə bruklinli küçələrə çıxaraq bu son dərəcə dəbdəbəli dəfn mərasiminin tamaşasına durdular. Təkcə əklilləri 23 maşın daşıyırdı. Onlardan başqa dəfndə iştirak edən "Limuzin"lərin, "Kadillak"ların, "Linkoln"lərin sayı 120-yə yaxın idi. "Qaranlıq dünya"nın bütün bossları, mafiya başçıları, məşhur qanqsterləri hüzr mərasiminə təşrif buyurmuşdular. Bu bənzərsiz "Tabutçu"nun tabutu Müqəddəs Xaç qəbiristanlığında basdırıldı. Deyilənlərə görə, belə dəfn mərasimi o vaxtadək heç kim üçün keçirilməmişdi. Çoxları elə onu da bildirir ki, Frenki kimi qəribə qanqster heç vaxt Amerikada görünməyib. Çünki qaranlıq dünyanın adamlarından kimsə köməksizlərə onun kimi yardım etməmişdi. Həmin aləmdə Frenkidən başqa heç kim "xeyirxah" adını qazanmamışdı...

TƏQVİM / ARXİV