adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7

YAŞIL BiR YUXU KiMi

MƏZAHİR ƏHMƏDZADƏ
40938 | 2012-03-20 05:18
Hamı Novruza hazırlaşır. Bəlkə də büsbütün belə deyil. Ancaq hara baxsan dükan-bazar əhval-ruhiyyəsi, bolluq və bahalıq müzakirələri, bəzən də başa düşülməyən, heç nəyi dəyişməyən vurnuxma...
   
   Əgər bütün bunların sonunda bayram sevinci yaşayırsa, insanlar daha şən, daha mehriban, daha işıqlı olursa, gözəldir! Bu günlər mən doğulub boya-başa çatdığım doğma rayonumdayam. Novruza hazırlıq dəbdəbəsinə birbaşa qoşula bilməsəm də, baş verənləri qəribə duyğularla yaşayıram.
   
   Novruzun min illərdən qalma bir çox ənənələri hələ də yaşamaqdadır. Novruz həm də ildən-ilə müasirləşir, bizim uşaqlıq dövrümüzün Novruzundan uzaqlaşır da. Siz də yaxşı bilirsiniz ki, bunlar gileyli düşüncələr deyil, sadəcə zamanın vəg psixolojinin diqtəsidir. Böyüklərin qayğısı ilə uşaqların qayğısı eyni olmur. Elə dünyagörüş və bayramı yaşamağın fərqləri də.
   
   Yaşa dolmuş insanlar, yəni yaşıdlarım olan bizlər Novruz atributlarına rəmzi və ənənənin davam etməsi səviyyəsində maraq göstəririksə, uşaqlar bayramın bütün mərasimlərinin ritullaşdırılmasını arzulayırlar və ya bu cür qavrayırlar.
   
   Mən də uşaqlıq, yeniyetməlik, hətta gənclik illərimin müəyyən mərhələsinədək Novruzu meyvə qurusu, şəkərbura-paxlava, digər şirniyyatlar, axşam da plov yeməyə görə gözləməmişəm, bu gözəl bayramın yumurta döyüşlərini, meydan oyunlarını, yaxınlıqdakı dağ-dərəyə ilk bahar gəzintilərini, papaqatdı sevinclərini, tonqallarını və əsl məşəllərini gözləyib darıxmışam. Və həmin günləri doya-doya yaşamışam. Hələ sovet dövründə oxucuları müəyyən qədər trafaretdən uzaqlaşdıran, cəzb edən, bəlkə də sevdalandıran məqalələr yazmışam. Uşaqlıq sevinclərimi xatırlaya-xatırlaya, eyni zamanda yeni zövqlü, yeni təfəkkürlü, həm də öz yaşıma yaxın oxucunu axtara-axtara.
   
   Yazırdım: "...Xoş gəldin bu elə, bu evə, ay qonaq, xoş gəldin! Yorulmusan, çıxsana eyvana, baxsana qarşı dağlara, yamaclara, gül-çiçəkli çöllərə. İndi də bura gəl, keç bu otağa, bu otaqdan o otağa... Əyləş, dincəl bir az. Bu xalçanın üstündəcə bir stəkan çay içginən; ürəyin sərinləsin, çıxsın canından yorğunluğun. Bu Novruzda bayırdakı o dağları, çəmənləri burda da görərsən, çiçəklərin ətrini burda da duyarsan... Dolandır gözlərini bax divardakı bu xalçalara, baxdıqca bax. Pəri nənəmin barmaqlarından rəng alıb bu çiçəklər, Pəri nənəmin barmaqlarından oyanıb bu bulaqlar, Pəri nənəmin qəlbindən axıb bu çaylar, bu nəğmələr..."
   
   Yazıram: "...Axşam düşür, qaş qaralır. Qarşı dağlarda tonqallar görünür. Bunlar bayram tonqallarıdır, Novruz salamlarıdır. Hər yandan çiçək ətri, yaz qoxusu gəlir. Ağacların yaşılı, çiçəyi... Və bu gözəlliyin seyrində yadıma dost şairin misraları düşür:
   
   
   
   Çiçəklər doğulur bu yaz gecəsi
   
   Parisdə,
   
   Təbrizdə,
   
   həyətimizdə.
   
   Bu yaz gecəsində çiçəkləyəcək
   
   bəlkə dərdimiz də, həsrətimiz də.
   
   Çıxacaq yollara çiçəkli qızlar,
   
   Nə baxmağa güc var, nə göz yummağa.
   
   Nə çiçək verməyə bir kimsəmiz var,
   
   Nə bir kimsəmiz var, çiçək ummağa..."
   
   
   
   ***
   
   
   
   O illər keçmişlərdə qaldı. İllər indi daha sürətlə ötüb-keçir, acılı-şirinli xatirələri də ömürdən aparır. Ancaq bir-birinə bənzəyən Novruz bayramlarından (əslində daha çox yaz tətillərindən) yaddaşımda həmişə ayrıca hadisə kimi qalan, əlamətdar günlər kimi yaşanan, hər ilin mart ayı başlayandan hər gün xatırlanan, bir çiçəkdən, bir yarpaqdan, bir nəğmədən qəfil işıqlanan o sirli-sehrli anları sizinlə də bölüşərdim...g
   
   Eləsi var ki, mənim kiçik, amma gözəl, amma sevgili çinarlar şəhərimlə bağlı əhvalatlardır. O əhvalatlar ki, eləcə yazın gəlişi ilə, eləcə martla xatırlaya bilərsən - əgər unutmamısansa. Çoxları unudub da, çoxları unudulub da...g
   
   g Sentyabr çatanda ağlayıb gözümün yaşını selləndirdim, ayaqlarımı pilləkənin kəndarına döyəcləyib yalvardım ki, məni də göndərsinlər məktəbə. Özü də qonşumuz Kamal müəllimin direktor işlədiyi rus məktəbinə. Mənimsə hələ 5 yaşım vardı. Bu yaşda heç Azərbaycan məktəbinə də götürmürdülər. Ancaq valideynlərim "qonşudur, bir yolu tapılar" deyə məni 3 nömrəli rus məktəbinə aparıb azərbaycanlı, rus, ləzgi, erməni, yəhudi... uşaqları toplanan "birincilər" dəstəsinə qatdılar. Necə oldusa, siniflərdən birinə düşüb şəstlə qabaq partada əyləşdim. Uşaqları və onların sənədlərini bir-bir direktor özü yoxlayırdı. Kamal Davudoviç "bizim sinfə" girib məni görən kimi müəllimənin üzünə elə bozardı ki, yazıq ancaq bu sözləri deyə bildi: "Bağışlayın Kamal Davudoviç, üzr istəyirəm Kamal Davudoviç..."
   
   O vaxtlar rayonda azərbaycanlı uşaqları 7 yaşı tamam olandan sonra rus məktəbinə götürürdülər. Özü də müəyyən sorğu-sual və yoxlamadan sonra. Beləcə mən sentyabrın birində, birinci sinfin birinci dərsindən evə qovuldum. Sovet təhsil sisteminin sənədləşmə qaydalarını pozduğuma görə. İş burasındaydı ki, heç Azərbaycan məktəbinə də 5 yaşından götürmürdülər. Mənsə ayaqlarımı təzəcə alınmış sandallara tərs-avand dirəyərək "Məktəbə gedirəm!" deyə çığırırdım. 5 nömrəli Azərbaycan məktəbinin direktoru, digər yaxın qonşumuz olan Məmməd Novruzov yaş kağızımı (yəni doğum haqqında şəhadətnaməni) düzəltdirmək şərtiylə mənim də çanta götürməyimə razılıq verdi. Mən atamın və VVAQ müdirinin onca dəqiqəlik söhbətindən və təbii ki, mənim başa düşə bilmədiyim məxsusi anlaşmadan sonra bir günün içində bir yaş böyüyüb 6 yaşda oldum.
   
   Kaprizlərim və müəyyən tipliyim öz yerində, məlumdur ki, məktəbdə yaxşı oxumuşam. Ancaq gözüm həmişə ilk dərsindən qovulduğum o rus məktəbində qalmışdı. 6-7-ci siniflərdən sonra rus məktəbinə gediş-gəlişim başladı, uşaqlıq dostlarımın sayı artdı. Onlar məni məktəblərində keçirilən yarışlara, bayram tədbirlərinə dəvət edirdilər. Yeni il, Bahar - Novruz şənliklərinə də.
   
   Mənim öz sinif yoldaşlarımla bərabər yeni dostlarım, tanışlarım da çoxalırdı. Mən sanki uşaqlıq arzuma çatıb yenidən rus məktəbinə qəbul olunmuşdum. Aşağı-yuxarı sinif fərqlərinə baxmayaraq Yevgeni Dontsul, Rafiq Məmmədov, Jorik, Kolya, Vera Çuşkina, Alla Mirzəliyeva, Xalidə Bağırlı, Valeri Balabanov, Yuri Dektaryov, Yevgeni Suliko, Olqa Turpetko...g Sanki bu oğlanlar, bu qızlar da mənim sinif yoldaşlarım idi. Ad günləri, harasa səyahətləri, bayram şənlikləri mənsiz keçməzdi. Bu dostlar həm yaxşı oxuyurdular, həm idmançı idilər, həm dərnəklərdə, həm də pioner-komsomol işlərində fəallıq göstərirdilər.
   
   Belə getsə bu yazı ayrı bir xatirəyə aparıb çıxaracaq. Bu səbəbdən də ən kəsə yola çıxmalıyam.
   
   Bu uşaqların Susanna Qlebovna adlı həmişə yaşından cavan görünməyə çalışan çox maraqlı bir rəsm müəllimləri vardı. Susanna Əfəndiyeva onları tez-tez təbiət mənzərələri çəkməyə aparırdı. Sonralar heç bilirsiniz nə baş verdi? Onlardan bəzilərinin rəsmləri əvvəlcə Bakıda, sonra "Artek"də və Moskvada nümayiş etdirildi. Nəhayət, bir gün, yəni bizlər orta məktəbi bitirən ilin 4-5 ay sonrası onların sorağı Amerikadan, Nyu-Yorkun gənc rəssamlar sərgisindən gəldi. Xalidənin, Allanın, Valerikin, Rafiqin və başqa həmyerlilərimizin əsərləri ABŞ-da mükafata layiq görülmüşdü. 1967-68-ci illərdə ağlagəlməz hadisəydi. Həm də bu mənada ki, bu rəsmlərin əsas mövzusu təbiətin yaz fəslinə və Novruza aid idi.
   
   Bütün mənalarda fantastik bir uğur idi. Bu səbəbdən də növbəti Bahar, yəni Novruz bayramında Susanna Qlebovnanın həmin yetirmələrinin hamısı istər Bakıdan, istərsə də ölkənin müxtəlif ali məktəblərindən rayona dəvət edildi. Biz yenidən görüşüb gözəl anlar yaşadıq.
   
   Bayramımız günortadan sonra bağlarda, küçələrdə, məktəblərdə, stadionda gəzintilərlə keçərək, axşam mədəniyyət evinin geniş foyesində davam etdi. Burada Novruz atributları ilə yanaşı, artıq əsərləri Nyu-Yorkda nümayiş etdirilən dostların da Novruza aid rəsmləri qəribə kolorit yaradırdı. Həmin tədbirə başqa bir məşhur həmyerlimiz, bizlərdən 4-5 yaş böyük olan Vladimir Pletnyov da gəlmişdi. Rayona gələndə həmişə Azərbaycan dilində danışan məşhur balet ustası Pletnyov artıq Azərbaycan Opera və Balet Teatrının aparıcı solisti kimi "Spartak", "Qız qalası", "İldırımlı yollarla", "Məhəbbət əfsanəsi", "Sonalar gölü", "Yatmış gözəl" kimi baletlərdə əsas rolları ifa edirdi. Fransa, İtaliya, İsveç, Danimarka, Norveç, Hindistan... tamaşaçıları onu sevərək alqışlayırdı.
   
   Pletnyov 28 yaşında Dövlət mükafatına, 32 yaşında isə Azərbaycanın xalq artisti adına layiq görüldü. O, doğulduğu rayonu çox sevirdi. Həyat yoldaşı da azərbaycanlı idi...g
   
   Bax, bütün Novruz bayramları ərəfəsində mən başqa məsələlərlə bərabər, keçmişin bu əhvalatlarını da mütləq xatırlayıram, o unudulmaz günləri, illəri yenidən yaşayıram. Xəyalən, tək-tənha da olsa özümə qapılıb o dadlı günləri yaşayıram. Sanki bütün bunlar bizim o vaxtlar göyə fırlatdığımız gerçək məşəllərin işığında yaşıl bir yuxu kimi görünüb yox olur.
   
   
   
   Mart, 2010

TƏQVİM / ARXİV