adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

DANIŞIQLAR "PƏNCƏRƏSi" QAPANMAQ üZRƏDiR

BABƏK YUSİFOĞLU
55442 | 2012-03-28 08:35
Dünyanın nüfuzlu informasiya mənbələri Qərblə İran qarşıdurmasının nəhayətdə müharibəyə səbəb olacağı ilə bağlı demək olar ki, hər gün müxtəlif məlumatlar yaymaqdadır. Əlbəttə, hadisələrin indiki inkişafında bu proqnozlarda heç bir təəccüb doğuran nüans yoxdur. Amma bununla yanaşı, bəzi hərbi ekspertlər hələ də müharibə variantının işə düşəcəyinə şübhə ilə yanaşdıqlarını bildirirlər. Və onların dəlillərinə nəzər salanda həqiqətən də bu fəlakətin olmayacağı qənaətinə gəlmək mümkün görünür. Əlbəttə, bütövlükdə bəşəriyyət də bu qorxunc hadisənin baş verməməsini istəyir. Çünki hər kəs bilir ki, dünyanın hansı nöqtəsində yerləşməsindən asılı olmayaraq istənilən ölkə müharibənin dəhşətlərini bu və ya digər şəkildə hiss edəcək.
   
   Lakin bir müddət əvvəl yayılan informasiyalar hadisələrin göründüyündən də mürəkkəb olduğunu bir daha sübut etdi. Həmin məlumatlarda bildirilirdi ki, Vaşinqton Virciniya ştatı Norfolk bazasındakı Hərbi Dəniz Qüvvələrinin nəhəng aviadaşıyıcı hərbi gəmisi "Enterprayz"ı İran sahillərinə göndərir. Və qeyd edək ki, bu, Amerika Hərbi Dəniz Qüvvələrinə məxsus ən nəhəng gəmidir. Son məlumatlarda isə bildirilir ki, ABŞ-ın Hərbi Hava Qüvvələrinin güclü zərbə qrupu hesab edilən "Enterprayz" və yardımçı qüvvələri srağagün - bazar etrəsi axşamında artıq Aralıq dənizi sularına daxil olub.
   
   Verilən məlumatlardan belə aydın olur ki, "Enterprayz" aviadaşıyıcı qüvvələr qrupu NATO-nun Aralıq dənizi sularında yerləşən Hollandiya, Almaniya və Kanadaya aid hərbi ferqatları ilə birləşib İran istiqamətinə hərəkət edəcəklər. Buradakı NATO birləşmələrinin komandanı Ben Bekkerinqin sözlərinə görə, onun HD Qüvvələri "Enterprayz" qrupu ilə birgə hərbi təlimlər keçirib və yüksək hücum keyfiyyətlərinə yiyələniblər. "İnterfaks"ın bildirdiyinə görə, "Enterprayz"ın heyətində hətta atom zərbələri endirmək imkanlarına malik sualtı qayıq da var. Mənbənin məlumatında o da söylənir ki, bu nəhəng hərbi arsenal birlikdə yaxın günlərdə əvvəlcə Suriya sahillərinə daxil olacaq, oradan Ərəbistan dənizinə gələcək, daha sonra Fars körfəzinə yaxınlaşacaq.
   
   Məlum olduğu kimi artıq İran sahil suları yaxınlığında ABŞ-a məxsus hərbi zərbə qrupları - "Abraam Linkoln" və "Karl Vinson" aviadaşıyıcıları yerləşir. Beləliklə yaxın günlərdə ABŞ-ın regiondakı aviadaşıyıcıların sayı "Enterprayz"la üçə yüksələcək. Və bu qədər hərbi gücün eyni bölgəyə cəmlənməsi artıq əzələ nümayişindən, psixoloji təzyiqdən yox, real müharibə təhlükəsindən xəbər verir. Ekspertlərin dediyinə görə, 1961-ci ildə hazırlanan "Enterprayz"ın indiki "səyahəti" aviadaşıyıcının tarixində sonuncu hesab edilir. Bu dünyada nüvə qurğularıyla təchiz edilmiş yeganə aviadaşıyıcıdır ki, yaxın 12 ay ərzində öz bazasından ayrılacaq. Həqiqətən də "Enterprayz" ABŞ-a çox baha başa gəldiyi üçün Pentaqon onu ən ekstemal situasiyalar yarandıqda bazasından kənara göndərir. Əgər Vaşinqton indi bu aviadaşıyıcısını da bölgəyə göndərirsə, demək vəziyyət haqda nikbin danışmağa dəyməz.
   
   Bundan başqa, Birləşmiş Ştatların Bəhreyndə, Omanda və digər Yaxın Şərq ölkələrindəki hərbi bazalarına əlavə qüvvələr də daşınır. Yeni hazırlanmış silah və qurğular göndərilir. Yerin dərin qatlarında tikilən bunkerlərin, hərbi obyektlərin dağıdılması üçün hazırlanmış ağır tonnajli bombaların da artıq hərbi bazalara gətirildiyi söylənir. Belə görünür ki, "müharibə olacaq", "müharibə olmayacaq" təhlilləri aparıldığı zamanlarda ABŞ özünün hərbi əməliyyatlara hazırlığını yüksək səviyyədə aparmaqdaymış.
   
   Ekspertlərə görə, Vaşinqtonun Suriyada hərbi müdaxiləyə "dobro" verməməsinin əsas səbəblərindən biri də İrana qarşı hazırlanan hərbi müdaxilənin başlaya biləcəyi ilə əlaqədardır. Çünki ABŞ bu hücumdan qabaq gücünü başqa bir istiqamətə xərcləmək istəmir. Belə hesab edilir ki, Tehranın çökdürülməsi nisbətən uzun çəkə bilər. Və Ağ Ev bunu nəzərə almağa məcburdur.
   
   Bütün bu proseslər həqiqətən də müharibə təhlükəsinin günbəgün artdığından xəbər verir. Bu günlərdə Ağ Evin sahibi Barak Obama da açıq şəkildə bəyan etdi ki, Tehranla sülh danışıqlarının pəncərəsi getdikcə qapanmaq üzrədir.

TƏQVİM / ARXİV