ORALARDA KiMLƏR VAR:ELiF ŞAFAK: TüRKiYƏDƏ iNANCDAN DANIŞMAQ MüŞKüL iŞDiR - 2

TOFİQ ABDİN
15627 | 2009-06-03 00:36
Elif Şafakın yeni romanı "Eşq" də ilahi sevgidən fiziki eşqə qədər olan uzun bir yolun yolçuluğunu anladır. Kitab inanc məsələsinə də toxunur. Və Şafak Türkiyədə inancı danışmağın çox müşkül bir iş olduğunu da sözlərinə əlavə edir. Çünki çox asanlıqla bir-birimizi mühakimə edən,qaralayan, əsassız günahlandıran, həqiqətə varmadan nəticə çıxarmağa çalışan bir toplumuq-deyir. Şübhə sadəcə sağçılara, ya da "İslami" deyə adlandırılan kəsimlərə deyil. Solçuların arasında şübhələrlə yanaşılanlar çoxdur.Feministlərə də şübhələr var. Çox ağır bir şey ki, dar düşüncə çərçivəsində hər kəsdən və hər şeydən şübhələnərək yaşamağı üstün tutan insanlar var. Bu şübhə üzündən hətda inanc və ya bir-birimizə inanmaq məsələsini də rahat-rahat danışa bilmirik.
   
   Əfnan Atmacadan uyğulama
   
   (əvvəli qəzetimizin 27 may 2009-cu il sayında)
   
   
   
   ..."Eşq" romanının bir başqa mövzusu da Ellanın yaşadıqları. Kitabdakı gediş-gəlişlər, yəni dünən ilə bu gün arasında qurulan körpülər və eşqin hər zaman ilk planda olması günümüzdəki qavğalara, mübarizələrə bir çıxış arayışı kimi də dəyərləndirilə bilərmi?
   
   Eşq başlı-başına özü bir çıxış yolu, amma daimi bir çıxış olması üçün özümüzü dəyişməyi düşünməliyik. Mənəm-mənəmlik xəstəliyindən sağalmamız lazım. Yəni "Mən heç dəyişməyim, yerimdə sayım, eşq ayağıma gəlsin" - deyə bir şey yox. Sən gedəcəksən eşqin ayağına, sən dəyişdirəcəksən özünü. Eqonu. Yəni nəfsini üstələyəcəksən bu yolda. Ancaq o zaman çıxış yolu ola bilir eşq. Yoxsa sadəcə bu bir nümayişkaranə şey olur.
   
   - Bir anlamda bu gün insan oğlu eşqi unutdumu? Və biz yenidən eşqi kəşf etdiyimizdə ürəyimizdəki insan da oyanacaqmı?
   
   - Bizlər eşqi unutduq bəlkə də, amma ürəyimizin ən dəruni guşələrində o eşq yaşamağa davam edir. Əslində heç vaz keçmədik eşqdən. Həmişə axtarışdayıq. Ən yorğun və bədbin olanımız belə onu axtarır. Eşqi kəşf etməklə bitmir iş, əsas ondan sonra başlayır. Eşq üçün əmək sərf etmək gərək.
   
   - Son on ildə dünya təsəvvüflə çox maraqlanır. Siz bu marağı necə izah edərdiniz, sizə görə bunun səbəbi nədir? Və oryantalizmə qaçmadan gerçək anlamıyla bu fəlsəfəni mənimsəyə bilirikmi? Bir müsahibədə "Təsəvvüf bir dərya, kimisi sahilindən keçər, kimisi ayaqlarını suya vurar sadəcə. Bəziləri dənizin içində olar, amma baxarsınız üstü qupquru. Bəziləri də baş vurar dərinliklərə, qorxmadan, çəkinmədən. Nə qayığı var, nə xilasedici olar yanında, boğula-boğula inadından əl çəkməz. Bəziləri bu dərinliklərin nə qədər olduğunu da vecinə almaz və davam edər işinə. Oxucu düşünsün demişdiniz". Oxucu indi bir şeyl ayırd edə bilirmi?
   
   - Bəli, oxucu anlar, hiss edər, ayırd edər. Yaxşı bir oxucu bir kitabın sadəcə yazılmasına və ya da dilinə deyil, özünə baxar. Özünü səmimi bilirsə xoşlar və qucaqlar. O anlamda oxucu ilə kitab arasında bir təmas yarana bilər. Son illərdə təsəvvüflə bağlı marağın artmasından şikayət edənlər var. Bu bir dəb olub deyə tənqid də edirlər. İş ki belə gətirdi, qos-qoca təsəvvüf çağdaşlıq dəbindən zərərmi çəkəcək? Xeyr.Təsəvvüfə bir şey olmaz ki! Amma o moda, dəb sayəsində bəlkə beş, bəlkə beş min insanda səmimi bir maraq oyanarsa, lap elə qoy moda olsun. Bunda da bir xeyir vardır.
   
   - Bir intervyünüzdə "Təsəvvüflə tanış olmanın qaranlıqda əllərin köməyilə yolu tapmaq kimi bir şey olduğunu demisiniz. Özüm bu yolu getdim, kimsə mənə kömək etmədi. Nə ailəyə, nə bir şeyxə, müəllimə ehtiyacımız yox, yollar içindən yollar tapmaq üçün getdim. İnsanın ən böyük müəllimi kitablardır. Oxumaq, daha çox oxumaq. Hər kitab bir sonrakı kitaba açılan qapıdır" - demisiniz. Bu gün özünüzü o yolun harasında hiss edirsiniz.?
   
   - Bu gün deyəsən bir sonrakı mərhələdəyəm. Yəni kitablardan sonrakı mərhələdə. On dörd sənədən sonra bunu söyləyə bilərəm. Müəyyən bir mərhələdən sonra ağlın gücü çatmır. Ağıl daha çox yüklənmək istəyir. Bax, orada güvənmək məfhumu ortaya gəlir. Amma Türkiyədə bunları danışmaq çətindir.
   
   - Neyçin çətindir?
   
   - Çünki çox asanlıqla bir-birimizi mühakimə edən, qaralayan, əsassız günahlandıran həqiqətə varmadan nəticə çıxarmağa çalışan bir toplumuq. Şübhə sadəcə sağçılara, ya da "İslami" deyə adlandırılan kəsimlərə deyil. Solçuların arasında şübhələrlə yanaşılanlar çoxdur. Feministlərə də şübhələr var. Çox ağır bir şey ki, dar düşüncə çərçivəsində hər kəsdən və hər şeydən şübhələnərək yaşamağı üstün tutan insanlar var. Bu şübhə üzündən hətta inanc və ya bir-birimizə inanmaq məsələsini də rahat-rahat danışa bilmirik.
   
   - Kitabda mənim diqqətimi çəkən ən önəmli nöqtələrdən biri də inanmaq və dindar olmaq ayrımıdır. Günümüz Türkiyəsinə baxdığınızda da bir çox ayrılıq bu təbəqələşmədən yaranır. Dini qaydalara, ya da eşqə görə yaşamaq. Ortadakı qaydalar insanları dindən uzaqlaşdırır. Ateist, ya da dinçi kimi təbəqələşmə var. Bu əngəllər necə ortadan qaldırıla bilər?
   
   - Bu əslində bütün dünyada olan bir məsələ. Bu yaxınlarda Hollandiyada uluslararası bir konfransa qatıldım. İndiyə qədər təsviri sənət, sənət cərəyənları kimi məsələlərdən danışan insanlar indi bilirsinizmi nədən danışırlar? Ateistlik-dinçilik-mənəviyyatdan söz açırlar. Bütün bunlar bir yerə necə yığıla bilər kimi bir məsələni ortaya atırlar! Hollandiyada intellektual insanlar çox vacib bir məsələ olaraq bunun üstündə baş sındırdılar. Eynən də Amerikada, İngiltərədə, İspaniyada! Bütün dünyada bir mənəviyyat kasıblığı var və bunu müzakirə edirlər. Güvənmə və mənəviyyat uğrunda mübarizə etmək üçün illahda ki, dindar olmaq gərək deyil. Sufi içə baxar. İç hər yerdə eynidir. Sufi rədd etməz və rədd edə bilməz. Qucaq açar, qucaqlayar. O, hər kəsi bir görür. İndi belə bir dünyəvi anlayışa mən necə pis nəzərlə baxa bilərəm?
   
   - Türkiyədə insanlar özlərini tapmaq çətinliyindən deyil, şəxsiyyətlərinin sabitləşməməsindən əziyyət çəkirlər. Bu sabitlənmənin açarı təsəvvüf ola bilərmi?
   
   - Türkiyədə insanlar sadəcə şəxsiyyət sabitləşməsindən deyil, bir də insanların biri-birindən şübhələnməsindən əziyyət içindədirlər. Hər kəs istəyir ki, bir şeylər dəyişsin, amma özü dəyişməsin! Halbuki təsəvvüf nə deyir, dəyişməni özündən başlamaq məcburiyyətindəsən. Burax başqalarını mühakimə etməyi. Dedi-qodu eləmə başqaları haqqında. Sən öz içinə bax. Öz qəlbini təmiz tut. Özünü dəyişdir. Sən dəyişərsən, dünya dəyişər.
   
   - Kitabda Şəms ən önəmli fiqurlardan. Hər yüz ildə bir Şəms gəlir və işıq saçır, önəmli olan o günəşə yönələ bilməkdir - deyirsiniz. Bizim çağımızda da Şəmslər varmı?
   
   - Məncə var. Mənim üçün əsərdəki Aziz obrazı Şəmsin bugünkü halına bir misal. Hər yüz ildə Şəmslər gəlir, gedir.
   
   - Kitabda hər bölüm eyni hərflə başlayır. Nədir bunun sirri?
   
   - O, təsəvvüfdən gəlmə bir yanaşma. Eyni zamanda bir ədəbi oyun. Azizin yazdığı romanda hər bölüm "B" ilə başlayır. "B" hərfinin təsəvvüfdə xüsusi bir yeri var. Sirlərin toplandığı hərf. Tək bir hərfdə bütün bir kitab toplanır. Bundan sonrası oxucunun öhdəsində qalır.
   
   
   
   ***
   
   
   
   Elif Şafakın EŞQ romanı haqqında bilgilər:
   
    "Doğan Kitab" nəşriyyatı. 2009. 482 səhifə. Qiyməti 19.9 TL.
   
   İkinci yazımızdan: ... biz çox asanlıqla bir-birimizi mühakimə edən, qaralayan, əsassız günahlandıran, həqiqətə varmadan
   
   nəticə çıxarmağa çalışan bir toplumuq
   
   
   
   

TƏQVİM / ARXİV