Müəllifdən: Mənim elektron vasitələrlə bir elə məşğulliyyətim olan deyil. Sadəcə buna vaxtım və həvəsim yoxdur. O üzdən yazışmalarım da mümkünsüzdür. Ancaq yaxınlarım, oxucularım bəzi məsələlər barədə məni vaxtaşırı məlumatlandırırlar. Hansı yazım bəyənilib, hansı yazım nə qədər oxunub və sairə. Heç maraq baxımından da olsa bunlar məni təsir altına sala bilmir. Necə deyərlər, yazdım, dərc olundum, vəssalam! Mənim oxucularıma hörmətim onların zövqünə uyğun yaxşı və dürüst məqalələr yazmaqdır. Şükür Tanrıya ki, oxucu sarıdan heç bir problemim də yoxdur. Mənə ən çox zövq verən telefon zəngləri ilə ürək sözlərini bildirmələridir. Bəzən tənqidi fikirlər də səslənir və bunlar mənə daha çox xoş gəlir. Həssas yanaşma yazar üçün ciddi stimuldur. Bu günlərdə daimi oxucularımdan biri telefonla zəng vurub hansısa köşəmdən söz saldıqdan sonra mənə əlavə məlumat verdi. Bildirdi ki, internetdə "gəzişərkən" www.facebook.com/Goychaycity adlı səhifə ilə "görüşüb" və burada mənim keçmişlərdə yazdığım bir məqalədən götürülmüş parçanı oxuyub. Oxucum Mustafa Azəroğlu xahiş edir ki, həmin yazını növbəti nömrələrin birində bütövlükdə dərc etdirim. Səbəbini bildirməsə də, oxucu sözünə, xahişinə əməl etmək borcumuzdur. "Göylərdən gələn çay" adlı həmin məqaləni təxminən 25 il bundan əvvəl yazmışdım.
***
Təbiət... insan! Bu sonsuz, əbədi münasibətin yaşı bilinməz. Təbiət insanın əzəl dünyası, ömür yoludur. Təbiət anadır, heyrətdir, sevgidir, sevincdir. Təbiət müqəddəs dünyamızdır - hamımızındır...
Zirvəsində günəş parlayan, qılıncından göz qamaşan ulu dağlar, çöllərə, düzlərə həyat, bərəkət bəxş edən nəğməli çaylar, gül-çiçəkli, kəpənəkli yamaclar, yosunlu-balıqlı dənizlər, göllər, ceyranlı-cüyürlü, kəklikli-turaclı düzlər, meşələr - hamımızın ömür payı...
Buludsuz, ucsuz-bucaqsız, gömgöy səma. Sanki əbədiyyətdir. Min illərdir insanı düşündürür, heyrətləndirir...
Və bir qədər aşağıda göyüzünə şişlənən dağların əzəməti, qarlı zirvələri də elə bu sonsuzluğun davamı kimidir. Qanad çalmadan səmada süzüb dünyanın donuqluğunu - göylərin sakitliyini pozan qartaldır. Bax bu dağların, bu zirvələrin yaxasından bir irmaq baş alar, yola çıxar. O qartalın nəhəng kölgəsi də hərdən bu çayın gömgöy üzündə bir xəyal kimi görünüb də yox olar.
Göy çaydır bu. Qafqaz dağlarımızın gözəl, mələk qızı. Axıb, axıb Ana Vətənin qoynunda bir nəğmə kimi oxunar, Göy çay. Suları tərtəmiz səma rəngində olduğundanmı Göy çay adlanır? Yoxsa qarşı dağların zirvəsindən - göylərdən axıb gəldiyinə görə?
O gah sakit-sakit ləpələnib axar, gah da sıldırım qayaların dibindən qıvrılıb irəli şığıyar. Hələ yolun başlanğıcıdır, hələ sağ-sol dağlar, yamaclardır, zümrüd meşələrdir. Hələ ki, sular maviliklərlə yarışdadır.
Az keçər, çox keçər bir genişliyə çatıb sakitləşər. Burada qoynunu açıb kiçik bir adacığı qucaqlayar, sahillərini öpüb sığallayar, oxşayar...
... Bura insanın təbiətə büsbütün qovuşduğu bir möcüzədir. Açıq göyüzü, göysulu göylər çayı, bənzərsiz ada, bir az aralıda meşə, bir qədər də oyanda dağlar. Təbiətin gözəllik dəməti. İnsanın heyrət dünyası!
Axar Göy çay, üzər Göy çay - yol gedər. Bu yol onun ömür yolu, əbədiyyət yoludur. Axıb, axıb bir şəhərə yan alar. Bir az rahatlanar, bir az dincələr. Adından ad almış bu şəhərə "gözəlim, mələyim" deyib ulu bir nağıl danışar, bir nəğmə oxuyar. Bu nağıla baş qoyub şirin yuxuya gedər bu şəhər. Bu nəğməyə üz tutub erkən-erkən oyanacaq bu şəhər...
...Gecə olunca yuxusundan qərib-qərib ulduzlar keçər, ay dolanar bu çayın o başından bu başına. Dan üzü pırıl-pırıl ləpələri sahillərlə oynaşar. Sonra günəş boylanar, sonra torpaq oyanar, sonra maviliklər görünər...
Və göylər çayı öz yolunda...
Dağlar arxada qalar, meşələr, yamaclar arxada qalar, adından ad almış bu şəhər arxada qalar. Axar Göy çay, dolanıb da keçər Göy çay. Axıb çıxar gözəl Şirvan düzlərinə. Torpağa can gələr, bərəkət gələr. Bu yerlərdən ulu bir mahnı kimi axıb keçər. Bu mahnıya Mirzalıbəy meşələri boylanar, Küdrü düzləri səs verər - turaclar, qırqovullar qoşular...
Və göylər çayı öz yolunda...
Məzahir ƏHMƏDOĞLU