adalet.az header logo
  • Bakı 17°C

Bağışlayın, siz xlor satansınız, ya oğru?!

SAMİRƏ ƏŞRƏF
53496 | 2014-04-05 06:38
Müsəlmanın o günlərindən birində əlimdə zibil kloku həyətimizdəki zibilxanaya gedəndə, gördüm zibil qablarının ətrafını süpürən qadın dodağının altında elə hey deyinir. Xəbər alanda süpürgəçi qadın dedi ki, bəs gecəylə kimsə gəlib yenicə istifadəyə verilmiş zibil qutularının təkərlərini söküb aparıb. Qadının bu sözlərindən sonra baxdım ki, doğurdan da zibil qutularının iki təkərini yoxa çıxarıb yerinə ortabab daş parçaları yumalayıblar. Sözün açığı çox məəttəl qaldım. İlin günün bu vaxtında zibil qutusu təkərinin kimə lazım olacağı barədə bir xeyli düşünsəm də, məsələyə vaqif ola bilmədim ki, bilmədim.
Zibili atıb ordan tezliklə uzaqlaşdım. Çünki qadın zibil qutusunun yaxınlığından yığdığı xırım-xırda zibillərdən elə tonqal çatmışdı ki, Dədə Qorqud boylarındakı Oğuz elinin tonqalları həmin tonqalın yanında şam işığına bənzəyirdi. Qoxudakı baş çatladırdı.
Ümumiyyətlə bizim millətin zibillə bağlı çox ciddi problemləri var. Bu barədə bir neçə dəfə cızma qara etsəm də, bir daha həmin mövzuya qayıtmaq məcburiyyətindəyəm. Ona görə ki, azərbaycanlı filosoflar demişkən zibil bizim gündəlik həyatımıza ən çox daxil olmağı bacaran tək-tük nəsnələrdən biridi.
Deyir, göz nəyi görsə ondan danışar. İndi allah da bu gözü mənə elə belə yaraşığa gəzdirmək üçün lütf etməyib ki. Gərəkdir mən bu gözlərlə yaxşını pisdən ayıram. Malı mala qatıb zibilə çevirməyəm.
Yeni il bayramı ərəfəsində bir çox Avropa ölkələrinin yeni il verilişlərinə baxanda bir məsələ mənim diqqətimi həmişə özünə cəlb edib. Məsələn, avropalılar yeni ildə şam ağacını bəzəyəndə onun onun hər tərəfini oyuncaqlarla, zərlə bəzəyirlər. Onlar heç vaxt düşünmürlər ki, yaxşı oyuncaqları ağacın qarşısına, pisləri isə arxa hissəsinə düzək. Və yaxud da bütün zərləri qarşıya səpək, arxa hissəsi zərsiz qalsa da olar. Onlar bu həmişə yaşıl ağaca bəzək vuranda hər tərəfini nəzərə alırlar. Bizdə isə yolkaların həmişə ön tərəfi bəzənir, görünməyən hissəsi qalır lüt madar.
Əslində hər işimiz elə həmin şam ağacını bəzəmək kimi bir şeydi. Biz həmişə ortalığı yaxşı vəziyyətdə saxlayırıq, kənar, görünməyən tərəflərə əlimizin ucunu da vurmuruq. Həmişə arxada qalanın canı çıxsın prinsipinə canla-başla riayət edirik. Evimizin içini təmiz saxlayırıq, amma əlimizə keçəni eyvandan hara gəldi vızıldadırıq. Avtomobillərimizi tərtəmiz yuyub parıldadırıq. Suyunu isə axıdırıq camaatın gəlib getdiyi küçənin ortasına. Yayda dəniz kənarına çimməyə gedirik. İki metrə yeri cızıqlayıb üstündə bardaş qurub kef edirik. Özümüzü günəşin şüalarına təhvil veririk, amma cızığımızdan o tərəfi yediyimiz ərzaqların zibilləri ilə doldururuq. Sonra da deyirik ki, bağ belə, bostan belə. Bizdən yoxdu, bizim xalq yer üzərində ən yaxşı xalqdı. Əslində bizdən yoxdu söhbəti həqiqətə yaxındı. Ona görə ki, məsələn, həqiqətən də bizim şəhərin süpürgəçilərindən heç bir xalqda tapılmaz. Heç bir inkişaf etmiş ölkədə küçənin ortasında əyin başından kir yağan süpürgəçinin insanları söyə-söyə küçəni süpürməsinə rast gələ bilməzsiniz. Çünki ən azı onları söyməyə vadar edəcək səbəblər yoxdu. Oralarda süpürgəçi də hamı kimi işçidi. Üst-başı tərtəmiz hər səhər gəlib bizim ərinin pulunu göyə sovuran evdar qadınlarımızın televiziyadan reklam olunan ev süpürgəsi adına nə bilim neçə avroya aldıqları süpürgələrin eyniylə olan süpürgələrlə küçələrin tozunu alıb gedirlər.
Onların zibil yığanları da həmçinin. Bir-iki paketi zibil qutularından tərtəmiz zibil maşınlarına boşaldıb çıxıb gedirlər evlərinə özləri üçün pivələrini içməyə.
Amma bizdə vəziyyət Orxan Fikrətoğlu demişkən alayı cürdü. Evlərimiz, iş yerlərimiz təmiz, küçəllərimiz zibillikdi. İnsafla deyək ki, milləti də qınamaq olmur. Bir dəfə yaxın bir rəfiqəmlə oturub çay içirdik. O, çantasındakı kitabı mənə verənə qədər ordan bir ovuc zibil çıxartdı. Peçeniyə kağızı, yüklənmiş kontur kartı, boş su şüşəsi və.s.
Rəfiqəm mənim ona təəccüblə baxdığımı görüb bildirdi ki, bu zibilləri küçələrdə zibil qutusu tapmadığından yerə atmayıb çantasına doldurub ki, evə gedəndə evdəki zibil qutusuna atsın, amma yadından çıxıb atmayıb. Təsəvvür edirsiniz hansısa bir mötəbər məclisə gedirsiniz və yaxud da elə iclasa, tədbirə. Sizə nəsə lazım olur əl atırsınız çantanıza ordan da zir-zibil çıxır... Küçələrimizdə zibil qutularını biz gündüz əli çıraqlı da gəzsək tapa bilmərik.
Yəni bizim mərmərli şəhər küçələrimizdən kənarda olan ərazilərə heç olmasa iki yüz metrdən bir zibil vedrələri yerləşdirmək bir o qədərmi çətin məsələdi?! Allah Çin xalqının canını sağ eləsin. Onsuz da bizim nəsibimiz onların istehsalının ümüdinədir. Nə olar ki, səlahiyyətli insanlar bizim küçələri söyə-söyə süpürən süpürgəçilərimizə, cibində zibil gəzdirən mədəni insanlarımıza, zibil qutularının təkərlərini söküb aparan xalqımıza rəhm edib həmin gözü qıyıqlar ölkəsindən bir-iki qatar vedrə sifariş edib sonra da həmin vedrələri yol kənarlarına düzdürüb bizi şad edələr. Vallah savab qazanarlar. Bu dünyanın o dünyası da var axı. Axı onlar anadan, məsələn, xlor satan kimi yox, hansısa vəzifəni icra etmək üçün doğulublar. Xlor satan demişkən, bayaq küçədə bir xlor satan kişi gördüm. İçinə xlor butulkaları doldurduğu arabasını çəkib aparırdı. Birdən baxdım ki, arabanın təkərləri zibil qutularının oğurlanmış təkərinə çox bənzəyir. Ürəyimi qurd basdı. Kişinin binəva sifətinə baxıb istədim ondan soruşam. Bağışlayın, siz xlor satansınız, ya oğru?!

Samirə Mirəşrəf

TƏQVİM / ARXİV