adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

Ondan bir də olmayacaq...

XURAMAN HÜSEYNZADƏ
38344 | 2014-04-05 06:33
Adamları sözlə sağaldırdı. Neştərdən, iynədən, acı dava-dərmandan öncə şipşirin sözlərlə müalicə edirdi. Sözlə adamlara ümid, yaşam stimulu verirdi. Bəlkə də elə pasiyenti olub ki, son nəfəsində belə o ağxalatlı, mülayim, xoşrəftar qadının ümidverici sözlərini xatırlayıb, ölümə asanlıqla təslim olmayıb...
Bir dəfə qəbuluna getmişdim, pasiyentlərlə qeyri-adi, alışmadığımız bir rəftarla davrandığını görüb ayaq saxladım. Yaşlı bir qadını müayinə etdi, Maqnit-Rezonans Tomoqrafiyasına yönləndirdi. Sonra "Canım mənim, sizin heç nəyiniz yoxmuş ki. Nə var ki burda? Bir az müalicə edəcəyik, keçib gedəcək. Amma mənim dediklərimə əməl etməlisiz ki, lap tez sağalasız" deyib qapıya qədər ötürdü. Stula çökdü. Başını iki əlinin arasına alıb fikrə getdi. Kövrəldi. "Kaş ki, başqa sənət seçəydim" dedi... "Niyə"sini soruşmadım. "Görünən dağa nə bələdçi" deyiblər. Amma elə bələdçi görünən dağa lazımmış. Bunu çox sonra anlayacaqdım...
Tez-tez həkimlərin "qurbanları" haqda eşidirik. Bisavad, işini bacarmayan, xəstənin cibini güdən əhli-ağ xalatı görəndə bu cür entuziast, içdiyi Hippokrat andına sadiq həkimlərin varlığına inanmırıq. Amma onlar var. Gördükcə inanmırıq, inanmadıqca inanmağa çalışırıq. Və o zaman inanırıq ki, onlar bizi həyata qaytarır...
Sən demə o, özü də xəstəymiş. Belə bir acı lətifə var: "Deyirlər, adamlar dəli olanda mollanın yanına gedir. Bəs molla dəli olanda kimin yanına getsin?"
Bilmirəm, o alicənab həkimi kim müalicə edib, ona da ümid verən olubmu? Veriblərsə də, faydası olmayıb. Çünki başqalarını Sözlə müalicə edənə hansı Söz məlhəm ola bilərdi? Axı o, insanları həyata qaytarmaq üçün bütün gözəl sözləri deyib bitirmişdi... Bilmirəm, bəlkə qaradan artıq rəng var?
Xeyli vaxtdı, xəbərim yox idi. Zəng elədim. Qızı cavab verdi. Doktoru soruşdum. Hıçqıra-hıçqıra "O, bir də olmayacaq" dedi. Bir az söhbət edəndən, heyfsilənəndən sonra qızının sözlərinə kiçik bir əlavə etdim: "Ondan bir də olmayacaq..."
Nədənsə, yenə Çexovu və onun "6 nömrəli palata"sını xatırladım. Doktor Anton Pavloviç Çexovu əbədi yaşadan həm də Söz-ədəbiyyat oldu... Yazıçının adını çəkdiyim hekayəsinin qəhərəmanı doktor Andrey Yefimıç həkimi olduğu dəlixanaya sonradan ruhi xəstə kimi gətirilir və... orada da ölür...

Xuraman Hüseynzadə
[email protected]

TƏQVİM / ARXİV