adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

POLİS FƏALİYYƏTİ...

ELŞAD HACIZADƏ
33698 | 2014-04-05 06:22
Ümumiyyətlə, insan həyatı o zaman məzmunlu, təsirli olur ki, birinci növbədə, gərək cəmiyyətdə məsuliyyətini biləsən; ikinci növbədə, dövlətin qanunları əsasında yaşayasan; üçüncü növbədə, necə yaşayacağını qərarlaşdırasan və nəhayət, çalışasan ki, başqalarının hüququ pozulmasın, əməllərin hüquqa zidd olmasın. Bu amillər, mühüm nailiyyətimiz sayılan ictimai sabitliyin davamlı prosesə çevrilməsində əsasdır. "Cinayət varsa, cəza olacaqdır" prinsipi bu gün Azərbaycanda tam mənasında həyata keçirilir. Hər bir insanın həyatı, sağlamlığı, hüquq və azadlıqları, qanuni mənafeləri və mülkiyyəti hüquqazidd əməllərdən etibarlı qorunur.
Bütün müqayisələr, atalar demiş, qüsurlu olsa da, belə bir müqayisə aparmağa ehtiyac duyulur. Qədim yunanlar hesab edirdi ki, dövlət yaşamaq üçün deyil, xoşbəxt yaşamaq üçün qurulur. Deməli, xoşbəxtliyin elə başlıca şərti təhlükəsizlikdir, sabitlikdir. Bu prinsip, Azərbaycanda Respublikasında insan həyatının təhlükəsizliyinə zəmanət verməklə, vətəndaşları qanun qarşısında bərabərləşdirir. Bu bərabərlikdə elə diqqətli olmalısan ki, qanun pozulmasın, ictimai münasibətlər zədələnməsin. Ona görə də, cəmiyyətdə hüquq qaydasına, ictimai təhlükəsizliyə cavabdeh olan hökumət nümayəndəsi - polisin məsuliyyəti daha çoxdur. Bu və buna bənzər mövzularda sorğu-suala, şərhə nə qədər ehtiyac var. Ölkə miqyasında ildən-ilə cinayət və cinayətkarlıq meydanının daralması da göstərir ki, cəmiyyətdə təhlükəsizlik adi həyat normasına çevrilir. Yəni, əgər biz 5 il, lap 10 il öncəyə nəzər salsaq, görərik ki, həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə polis nə qədər cinayətkar qrupları zərərsizləşdirib. 2013-cü ildə əməliyyat-axtarış və istintaq fəaliyyətini həyata keçirən bütün dövlət orqanları üzrə 22.891 cinayətdən 91,4 faizini və ya 20.465-ni daxili işlər və prokurorluq orqanlarının səlahiyyətləri çərçivəsində istintaqı və təhqiqatı aparılan hüquqazidd əməllər olub. Bu cinayətlərin 86 faizi böyük ictimai təhlükə törətməyən və az ağır, yalnız 14 faizi ağır və xüsusilə ağır növlər olub. Ötən il müxtəlif cinayətlər törədən 12.361, o cümlədən ağır və xüsusilə ağır cinayətlərə görə 1975 nəfər məhkəmə məsuliyyətinə cəlb edilib.
"Cinayət varsa, cəza olacaqdır" reallığı cəmiyyət inkişaf etdikcə polisin məsuliyyətini ikiqat artırır. Bəzən düşünürsən ki, insanı sevindirməyə nə var ki? Ancaq insanı razı salmaq çətin məsələdir. Müqəddəs kitablar yazır ki, insan həyatda yaşayırsa, demək mütləq qüvvənin nə isə bir məqsədi varmış. Və həyatda görünən odur ki, o yerdə necə yaşamaq insana aid olan borcdur. Olduğu yermi insana şərəf gətirəcək, yoxsa insan həmin yeri cəlbedici edəcək, ümid yerinə çevirəcək? Bu isə artıq mənəviyyatdır, vicdandır ki, əxlaqa tapınır, kamilliyə söykənir. Əxlaq - ictimai münasibətlərdə insanları bir-birindən fərqləndirən başlıca əlamətdir. Bu fərqi yaradan və stimullaşdıran isə xarakterdir. Zaman keçdikcə qarşılıqlı hüquq və vəzifələr, ictimai məsuliyyət, ümumi maraq və mənafelərin insanlara görə dəyişməsi çəmiyyət üçün sanki bir normaya keçib. İndi elə dövrdür ki, bəzən insanlar heç kimin görmədiyi, bilmədiyi, real həyatda olmayan hadisələrdən danışmağa həvəslidir. Belə şəraitdə polisin işi hər gün daha çox artır. Elə adamlar var ki, halal yolla qazanmağa, zəhmətə qatlaşmağa cəsarəti çatmır, daha "münasib" yollar axtarır. Elə yaşayırlar ki, sanki dünyanın sonudur, heç nə olmayacaq. Görəsən belələri hansı vaxt ölçüsü ilə yaşayır, baxışlarında olan qüsurlar hardan qaynaqlanır? Mübahisəlidir. Belə vəziyyətdə o adamın getdiyi yolu əvvəlcədən müəyyən etmək üçün polis nə qədər hazırlıqlı olmalıdır, nə qədər peşəkar olmalıdır ki, hüququ pozulan digər vətəndaşın mənafeyini qorusun. Şəxsi və iş keyfiyyətlərinə, fiziki hazırlığına, sağlamlıq vəziyyətinə və təhsil səviyyəsinə görə polisin üzərinə düşən vəzifələr bütövlükdə peşəkarlıq və intellekt imkanları ilə şərtlənir. Danılmaz həqiqətdir ki, əqli-intellektual kapital bütün dövrlərdə hər şeydən üstün və qiymətli olub. Şübhəsiz ki, polis əməkdaşının intellektual səviyyəsi nə qədər yüksək olsa, nə qədər peşəkar olsa, onun ictimai nüfuzu bir o qədər də çox olar.
Hər xalqın bu sahədə işləyən insanlara münasibətində müxtəlif baxışları mövcuddur. Demək, nə qədər ümumi standartlardan danışsaq da, hər bir insanın öz yanaşması var. Və hər kəs də öz işini öz ölçülərinə uyğun qurur, elə də davranır. Polisin qanunlarla tənzimlənən fəaliyyəti o qədər üzdədir ki, o hadisələrin və proseslərin içindədir. Yəqin ona görədir ki, polisin davranışı insanlar tərəfindən diqqətdə saxlanılır. Cəmiyyətin iradəsi ilə hesablaşmayan ictimai davranışın sonu isə, təcrübə göstərir ki, heç də yaxşı qurtarmır. Axı, hüquqi dövlətdə, qanunlar da insanların iradəsi ilə tənzimləndiyindən həmin o vətəndaş öz hüquqlarının bərpası üçün birinci asayiş keçikçisinin - polisin qapısını döyür. Əslində bu elə bir sahədir ki, bilavasitə bizim hər birimizə aidiyyatı var. Nə qədər maraqlanmadığımızı desək də hər halda, ehtiyac duyulur. Bəzən insanın razılaşmadığı yalnız ucdantutma hamıya, hər şeyə "inanmıram" kimi prinsip və mövqe ilə qiymət verilməsinə meylli olanların mövqeyi insan ağır gəlir. Bu cür yanaşma asayiş keçikçisinin məsuliyyəti məsələsinin üzərindən az qalır ki, xətt çəksin. Elə bilirlər ki, atılıb-düşməyin intensivliyi artdıqca, olub-bitənlər özlüyündə həll olunacaq. "İnanmıram" insan psixologiyasını dəyişir - aqressiya, nifrət, narazılıq yaradır. Hər hansı bir insanı və onun daşıdığı vəzifəni sevənlər və sevməyənlər var. Nifrət eləyənlər var, həsəd aparanlar var. Birincisi, ona görə ki, ağlından razılar sənin dediklərinlə razılaşmırlar. İkincisi, ona görə ki, bəxtindən narazılar sənə inanmırlar. Bu həmişə belə olub, bütün dünyada belədir. Nə qədər yalan pərdəsi altında müdaxilələr olsa da, zaman-zaman xaricdən maddi dəstək almış bəzi qruplar qeyri-sabitlik yaratmaq istədilər və təbii ki, bunun qarşısı alındı. Belə şeylərdən hər zaman istifadə olunur və sonra ölkənin adını müəyyən siyahılara salıb basqı vasitəsinə çevirirlər. Demokratiya pərdəsi altında yazılan əsassız hesabatlar olsa da ötən dövrün təhlilləri də sübut edir ki, bu gün Azərbaycan polisinin fəaliyyətində vətəndaş maraqlarına ciddi önəm verilir. Dünyada da normal cəmiyyətlərin qazandığı ən böyük dəyərlərdən biri elə vətəndaş maraqlarına köklənən ictimai nəzarətdir.
Çünki ictimai nəzarətin güclü olduğu cəmiyyətdə ictimai təhlükəsizlik daha effektiv qorunur. İstər regional, istərsə də dünya miqyasında müasir Azərbaycanı xarakterizə edən əsas göstəricilərdən biri də, vətəndaşların məruz qaldığı hüquqazidd əməllərə qarşı təxirəsalınmaz operativ tədbirlərin görülməsidir. Deməli, bu bizim ictimai həyatımız üçün adi həyat normasıdır ki, bütün səviyyələrdə təsdiqlənir.

Elşad HACIZADƏ

TƏQVİM / ARXİV