adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

GERİ DÖNMƏYƏN...

VƏSİLƏ USUBOVA
32385 | 2014-04-05 06:17
Uşaqlıqda oxuduğum əsərlərin son cümlələri kədərləndirərdi məni. Günlərlə özümə gələ bilməzdim. Ətrafda hər şey yadlaşar, dadını, rəngini itirərdi. Hamıdan qaçar, təkliyə çəkilib xəyallara dalardım. Kitablardakı dünyadan ayrılıb mövcudluğa qovuşmaq çətin olurdu-sanki canımdan, ruhumdan nəyisə qəlpə-qəlpə qoparıb alırdılar.
Beləcə neçə ömür yaşayardım-müxtəlif məkanlardan, müxtəlif millətlərdən cürbəcür xarakterli, taleli insanların yaşantılarını özümünküləşdirib duyğulanardım. İndi düşünürəm ki, öz ömrümü beləcə xırdalayıb tükətdim. Axı, mən də elə bir ömür yaşaya bilərdim ki, kimlərisə cazibəsinə salsın, nəsə öyrətsin, gərəkli olsun...
O əsərlərin mənə verdikləri çox oldu, yoxsa aldıqları, deyə bilmərəm. Bircə onu bilirəm ki, əl-ayağımı yerdən üzdülər, hamı kimi olmağa qoymadılar. Hərdən buna təəssüflənirəm. Sonra tez də özümdən uzaqlaşdırıram bu fikirləri. Təkcə kitablar günahkar deyil, axı. İnsanın naturası var və onu nə özü, nə də başqaları dəyişə bilməz. Dəyişsən, gülünc olarsan. Özündən uzaqlaşan adam orbitindən çıxmış peyk kimidi. Elə yoxa çıxar ki, izi-tozu da qalmaz.
Bu yoxluğu bəlkə də başqaları duymaz, ancaq özün-özünü itirərsən...
Geri döndərilməsi mümkün olmayan çox şeylər var bu dünyada. Dünyada deyəndə ki, bizim özümüzdə. Dünyanın yükünü və dərdini çəkmək fikrinə düşmək ağılsızlıqmış. Heç nəyi dəyişdirə bilmirsən. Əvəzində öz yükünü, öz dərdini çəkməyə də gücün qalmır.
Vaxtında anlaya bilsəydik...
Türklər deyir ki, kişiliyini və kimliyini heç bir dəyərlə dəyişdirmə...
Əslində heç bunların əvəzi də yoxdu...
Satılması və alınması mümkün olmayan tərəfləri var insanın. Bəzən özünün də xəbəri olmur bundan...
Hərdən fikirləşirəm ki, niyə hər şeydə məna axtarıram. Bəlkə bunun özü rahat yaşamağıma mane olur. Dünyanın düzəni bizdən çox-çox əvvəl qurulub və belə də davam eləyir. Bunu dəyişmək istəyənlər özünü də, başqalarını da burulğana salmaqdan başqa bir şeyə nail olmayıblar. Üstəlik, öz ömürlərini də bada veriblər. Ağıllı birisi deyib ki, tale ona boyun əyənləri aparır, əyməyənləri sürüyür...
Ancaq taleyə də boyun əymək istəmirsən həmişə. Ona görə ki, dolaşıq, haqsız oyunları çoxdu. Onda bəs necə olsun?! Ömür keçir, axı. Hiss eləməsən də, razılaşmasan da, bu belədi. Saatın əqrəbləri, açılan sabahlar və düşən axşamlar ki, gözünün qabağındadı...
***
Niyə insanlar iz itirməyə meyllidi?! Binaları, yolları, küçələri, hətta məhəllələri iyirmi-otuz ildən bir söküb dağıtmaqdan zövq alırlar. Qoymurlar ki, yaşadığımız sürəcə heç olmasa, ötən günlərin iyini alaq o yerlərdən...
Hər dəfə kəndimizə gedəndə uşaqlıq izlərimizin bir az da yoxa çıxdığını görürəm. Bağ-bağçaların ağacı, otu da dəyişir. Daha yemlik, quşəppəyi, əvəlik, şirin qanqal tapa bilməzsən. İndiki uşaqlar deyəsən, heç bunları tanımırlar da. Təzə evlərin, hasarların görkəmindən soyuqluq, zəhm yağır. Evlərin bacasından tüstü çıxmır. Osağı, bacası olmayan evdən tüstü necə çıxsın ki?!. Hər yer zəbt olunub, çəpərlənib. Gün batanacan arxların döşündə, bəndin ətəyində çilingağac, toqqavurdu, futbol oynayan uşaqların çığır-bağırına həsrət qalıb kənd-kəsək. İndiki uşaqların hamısının barmağı düymələrdə, gözləri soyuq ekranlardadı...
Dəyişməyən bircə göylərdi. Gecələr seyr etdiyim, pıçıldaşdığım ulduzlar heç yana getməyiblər. Çömçəquyruq hələ də köhnə evimizin arxasındkı heyva ağaclarının tuşunda dayanıb, soyuq-soyuq göz qırpır. Dan ulduzu da hava işıqlaşana yaxın axmazın o üzündə əriyib yox olur...
Sevgiləri də dəyişib zəmanənin. Bu həyətdə böyüyənlər bizə soyuq şüşə arxasından baxırlar. Bizsə baba-nənələrimizi, əmi-dayılarımızı, xala-bibilərimizi sevərdik. Hənirləri gələndə qabaqlarına yüyürərdik. Bu gün də onları gecələr yuxuda görür, gündüzlər xatırlamaqdan yorulmuruq...
Bizi yuxuda da görən olmayacaq...
***
Bilirəm ki, heç nəyin xeyiri yoxdu. Amma əldən gedənlərin, bir də geri dönməsi mümkün olmayanların xiffətini çox çəkirəm. Yaxınlarda oxuduğum bir cümlə xeyli rahatladıb məni: "Bugünkü ağlım olsaydı, dünən elədiklərimi etməzdim. Amma dünən etdiklərimi etməsəydim, bugünkü ağlım olmazdı..."
Güclü təsəllidi, deyilmi?!
Həm də qaçılmaz olanlara yas tutmağın mənasızlığını anladır adama...
Hələ bir təsəllim də var. Mən heç bilmirdim ki, fransız ədibi Viktor Hüqo həm də şeir yazırmış. Özü də əməlli-başlı. Üstəlik, mənim indiki halımı da qələmə alıbmış...

Biz bu yolu kədərlə adladıqca anladıq;
Beşik necə işıqlı!... Qəbir necə qaranlıq!...
Doğulduq-qarşımızda uzaq bir yol, tükənməz!
Böyüdük-nə yazıq ki, uşaqlıq geri dönməz.
Qocalıqda yanırıq, gəncliyin ötdüyünə,
Öləndə də-həyatın ömürlük bitdiyinə!...
Bəs hardadır səadət, harda?-sordum əlbəəl,
-Onu sənə bəxş edən Tanrı idi, ay əfəl!

Vəsilə USUBOVA
[email protected]

TƏQVİM / ARXİV