DÜNYANIN ƏN VARLI ADAMI...

FAİQ QİSMƏTOĞLU
77926 | 2014-04-05 06:04
... O qədər varlı adam var ki, saymaqla qurtarmaq olmur. Hələ biz onların var-dövlətini demirik. Sağlıqlarına qismət, bizim heç kimin puluyla, var-dövlətiylə işimiz yoxdur. O var-dövləti qazanan adam təbii ki, ağıllı, qabiliyətli insandı. Bir də ki, pulu elə-belə asanlıqla əldə eləmək mümkün deyil.
Bir dəfə rəhmətlik atam milis rəisi işləmiş qohumu ilə çox maraqlı söhbət edirdi. Hər ikisi dərdləşəndə bir-birini daha yaxından anlayırdı. Atam həmin qohumuna dedi ki, bu kənddə elə ikimizin ürəyi ağrıyır. Heç görmüsən suçu Mehdinin, Musa kişinin ürəyi ağrısın? Çünki onların heç nədən qorxusu, ürküsü yoxdur, amma sənlə, mən, düzdür kisə-kisə pul qazanırıq, ancaq o dünyanı pul qazananda görüb-gəlirik...
Belə baxanda Akif Səmədin bir sözü yadıma düşür: dünyada varlı-kasıb yoxdur, mənən kasıb olan insanlar var. Çünki Allah-Təala birinə var-dövlət verib, onun başı pul qazanmağa qarışır, birinə də pul verməyib can sağlığı verib, həmin adamın da başı gündəlik çörək pulu qazanmağa qarışır. Rəhmətlik Akif Səmədin sözləri nə qədər müdrik və nə qədər də yaddaqalandır.
...Dünyada yüzə yaxın milyarder var. Məşhur jurnallardan biri hər il bu milyarderlərin siyahısını dərc edir. Nə bilim vallah, eləsi var ki, onun pulu 80 milyardı keçib. Bayaq dediyimiz kimi, sağlıqlarına qismət, ancaq bu milyarderlərin aralarında elələri var ki, heç övladları yoxdur və vəsiyyət də edib ki, rəhmətə gedəndə o var-dövləti xeyriyyə təşkilatlarına köçürsünlər. Bir milyarder də tanıyıram, onun övladları var, ancaq pulları övladlarına vermək istəmir. O da vəsiyyət edib ki, bu var-dövləti öləndən sonra yetim-yesirlərə paylasınlar. Övladlarına isə bir qəpik də verməyib və bildirib ki, canları çıxsın, özləri pul qazansınlar. Mənim pulumla at oynatmasınlar!
Axı, biz dünyanın ən varlı adamlarından danışırdıq. Pulla, var-dövlətlə heç vaxt mənən varlı olmaq mümkün deyil.
... 1990-cı illərin əvvəllərində Azərbaycanda ilk milyonerlərdən olan və əslən naxçıvanlı Cənnət Əliyevdən bir dəfə müsahibə aldım. Varlı olmaqla yanaşı, mənən də çox zəngin, savadlı və müasir düşüncəli bir ziyalı idi. O dedi ki, dünyanın ən varlı adamı mənəm. Sözlərindən təəccübləndiyimi görəndə yenidən dilləndi:
- Bilirsən nəyə görə deyirəm, mənim bir milyonum olanda elə bilirəm ki, on milyard pulum var. Tay fikirləşmirəm ki, bu yüz milyard olsun və daha artıq qazanc əldə edim. Əsas məsələ odur ki, insan öz tamahını və nəfsini idarə eləməyi bacarsın. O insan ki, nəfsinə, tamahına üstün gəlir, bax, o adam dünyanın ən varlı insanıdı.
...Yadıma "Qabusnamə"dəki bir rəvayət düşür:
Varlı və kasıb oğlu harasa səyahətə çıxırlar. Varlı balasının heybəsində toyuq soyutması, ət, şirniyyatlar və müxtəlif ləziz yeməklər olur. Kasıb uşağın heybəsində isə bir çörək, bir az da pendir varmış. Bir müddət gedəndən sonra onlar yorulur və acırlar. Hündür bir çinar ağacının kölgəsində süfrə açıb nahar etmək istəyirlər. Varlı uşaq özü ayrıca süfrə açır, kasıb uşaq da özünə bir süfrə düzəldir. Kasıb uşaq görür ki, varlının oğlu süfrənin üstünə ləziz yeməklər: toyuq soyutması və digər yeməklər düzdü. O isə pendir-çörəyi çıxarıb süfrəyə qoyur. Varlı uşağı toyuqdan dişinə çəkəndə onun da gözləri həmin tikədə olur. Varlı uşağı görür ki, kasıb oğlan gözünü ona zilləyib udqunur və o soruşur:
- Sən də toyuq əti istəyirsən?
- Bəli, versən, bir tikə yeyərəm.
- Bax, onda xoruz kimi banla bir tikə verim.
Kasıb uşaq xoruz kimi banlayır, varlı balası ona bir tikə toyuq əti verir. Görür ki, kasıb yenə gözünü onun yeməyinə zilləyib:
- Tay nə istəyirsən? Ürəyindən keçir, yenə bir tikə verərəm, amma eşşək kimi anqır, sənə ət verim.
Kasıb uşaq da eşşək kimi anqırır, o, yenə bir tikə verir.
...Yoldan keçən bir ağsaqqal bunu görür və ağlamaq onu tutur. Deyir ki, əgər o kasıb uşaq Allahın verdiyi pendir-çörəyə qane olsaydı və tamahına üstün gəlsəydi, heç vaxt bu dərəcədə başqası tərəfindən ələ salınmaz, alçalmazdı...
İnsan öz tamahına və nəfsinə qalib gəlirsə, elə o, bu dünyanın ən varlı adamıdır. Belə çıxır ki, bu sətirlərin müəllifi də dünyanın ən varlı insanlarından biridir. Çünki mənim atamın sovet dövründə o qədər imkanı olub ki, onun bir qəpiyində və var-dövlətində heç vaxt gözüm olmayıb. Atamdan qalan var-dövlət mənə iki metr uzunluğunda və bir metr enində olan Gəncə xalçasıdır. Buna da min şükür. Bir də ən böyük var-dövlət atamın mənə verdiyi tərbiyə və göstərdiyi düz yoldur.
Bizim kənddə bir Musa kişi var, o, dünyanın ən varlı adamıdır. Ürəyi istədiyi yeməyi yeyə bilir. 80 yaşı olsa da atını minib örüşə gedir, mal-qarasın otarıb təmiz hava udur və axşam da evinə rahat qayıdır. Heç kimin yanında gözü kölgəli deyil.
Amma milyarder insanlar var ki, xəstəlik üzündən heç nə yeyə bilmirlər, boğazından bir qurtum su da keçmir. Dünyanın ən varlı adamı Musa kişinin isə altıda alımı yoxdu, beşdə də verimi. Otuz-qırx qoyunu var, beş-altı baş da mal-qarası. Başı bu var-dövlətə qarışıb və heç harası da ağrımır...

Faiq QİSMƏTOĞLU
[email protected]

TƏQVİM / ARXİV