adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

KÖFTƏR ALI

MƏMMƏD DƏMİRÇİOĞLU
35307 | 2014-04-05 05:59
Yazın gəlinlik çağıydı. İncənin taxtı- tacı olan Kəmərli kəndi, təbiətin bütün rənglərindən rəng alıb, əfsanələrdə təsvir olunan Cənnəti-gülüstanı xatırladırdı. İncə çayının güneyli-quzeyli yamaclarına səpələnmiş kənd evləri çiçəkli ağacların içində it-bata düşmüş, ilahi nəğmələr oxuyan quşların avazında məst olub xumarlanırdı. Qilinc kəndinin üstündən yellənən külək Yanıq çalın, Pirə dərəsinin kol-kosunda daranıb yumşaq nəfəsli mehə dönür, Fındıqlı bulağın lilparlarıyla öpüşüb Eyfilli quzeyinin, Mərzəlinin, Şiş təpənin, Axçalının, İncədaşın yamaclarına döşənmiş əlvan xalılara sığal çəkərək Zimlənin dikdirindən sürüşüb üzü güneyə meyillənirdi. Bahar ətrini sovqat kimi dimdiyinə almış bu meh, çiçəkli çəhlimlərin quzeyindən güneyinə tələsir, Gədeyli bulağının dörd yanını mühasirəyə almış xınalı qayalırın arasında təngnəfəs olub tövşüyür, oradan da cığırlar yuxarı iməkləyərək kürəyini Kəmənd dağına söykənmiş kəndin ətrini, təravətini İncə çayının qımqımı zümzüməsinə qovuşduraraq Qaymaqlıya, Astanbəyliyə sovqat aparirdi...
Köftər Alı əlindəki sınmış ayna parçasıyla yenicə düzəltdiyi dəmir toqqalı qarmağının zoğal ağacından düzəltdiyi dəstəyini siyirib hamarlayırdı. Köhnə kişilərdən eşitmişdi ki, Qaraca çobanının çomağını yeddi kişi yerindən götürə bilmirmiş. Hər dəfə çomağını hərləyəndə beş-altı kafırı cəhənnəmlik edirmiş. Odur ki, elə uşaqlıqdan çomaq oynatmağa meyillənmiş, gənc yaşlarından məharətiylə ad-san qazanmışdı. Boyu-buxunuyla da başqalarından fərqlənirdi. İri gövdəli olmağına baxmayaraq çox cəld və çevik idi. Baş verən bütün döyüşlərdə qarmağını (İncəlidə dəmir toqqalı çomağa qarmaq da deyirlər) işə salmış, həmişə də qalib çıxaraq rəqiblərini xurd-xəşil edib, alqana boyamışdı. Adətən belə davalar murdar erməni qonşularla baş verirdi.
Bahar çiçəkləri öz yerlərini tumurcuqlayaraq budaqlara düzülmüş xırdaca meyvələrə təslim etmiş, yamyaşıl yal-yamacların otları bir boy uzanmışdı. Havalar istilənəndə birinci biçini biçib, yaylağa köçməyə hazırlaşardı İncə camaatı. Baharın ilk ayları ötüşüncə səf-səf olmuş qoyun sürüləri, naxırlar, ilxılar qatar-qatar olub dağ köçünə başlar, hər kənd oz tayfasıyla bölük-bölük olub arabalarla, ulaqlarla, haylı-haraylı dəstələrlə yaylaqlara yollanırdılar.
Köftər Alı kobud barmaqlarıyla qarmağın hamarlanmış dəstəyini sığallayaraq sağa-sola sambayıb bığaltı gülümsədi. Dəstəyinin uzunluğu 3 metir, toppuzunun ağırlığı 1 kilodan artıq olan bu çomaq onun silahı idi.
Çar Rusiyasının hökmü altında olduqlarından odlu silah gəzdirmək yasaq idi. Buna baxmayaraq kəndin koxaları, igid kişiləri çarın sərt qanunlarına məhəl qoymadan yaraq-yasaqlarını həmişə ustündə gəzdirərdilər. Qaçaq-quldurlar günü-gündən artır, xüsusuilə də erməni qaçaqları quldurluq edərək köç aylarında əliyalın camaata basqınlar edirdilər. Belə bir zamanda özünə güvənən hər İncəli kişisinin cuxası altında maüzeri, kəmərində xançalı, çiynində beşaçlanı olardı. Bu səbəbdən də İncə camaatından qamaşan erməni quldurları belə basqınları etməyə az-az cəsarət edirdilər.
İncəlilərin şərəfini qoruyan kişilərdən biri də Köftər Alı idi. O tək boy-buxunu, vurub-tutmağı ilə yox, eyni zamanda səliqəli və fərqli geyimi, zahiri görkəmiylə də digərlərindən seçilirdi. Qoyun dərisindən tikilmiş qolsuz gödəkçəsi həmişə əynində olar, papağının üstündən sarıdığı ağ, bəzi hallarda qara çalmasının sallanan ətəyini çiyninin arxa tərəfinə tullayar, belbağından asılan xəncərini nadir hallarda açardı. Onu başı açıq görən olmazdı. Bu həm də ona görəydi ki, vaxtaşırı başını ülgüclədər, özünə məxsus iri, eşmə bığına, qısa, qıvrım saqqalına xüsusi qulluq edərdi. Bəzəkli xalçaya bənzəyən toxunma corabının ustündən, çarığının uzun qaytanını elə məharətlə dolayıb bağlayırdı ki, kənardan baxanda yar-yaraşığına xüsusi diqqət göstərdiyi aydınca sezilərdi. Çox danışmağı sevməz, camaat arasında az-az görünər, görüc ağacından gözəl araba düzəltməyi çox sevərdi. Dağ köçündə hamı onun arabasının düz qollarına, naxışlı çağlarına, təkərlərin oyma toplarına tamaşa edərdilər. O isə, biruzə verməsə də bundan xüsusi zövq alardı.
Uzun dəstəkli, dəmir toqqalı çomağı dillərdə dastana çevrilmişdi. Çomağı atmaqda da çox mahir idi. Ondan qaçıb uzaqlaşan canlını 20-30 metr məsafədən dəqiqliklə vura bilirdi.
Erməni cocuqları əfsanə söyləyirmiş kimi söhbət düşəndə Köftəroğlunun çomağının vahiməsindən danışardilar. Guya onun çomağını beş adam yerdən qaldıra bilmir, hər dəfə çomağı hərləyəndə 20-30 adamı cəhənnəmə vasil edir. Təbii ki, uşaqlar da bu söhbəti böyüklərdən eşitmişdilər və böyüklər arasında da onun söhbəti düşəndə canlarına vəlvələ düşərdi.
Kəmərli camaatı, adətən Qaymaqlılara və Astanbəylilərə nisbətən daha erkən başlayardılar dağ köçünə. Bu kəndlərin hərəsinin özünə məxsus yurd yerləri, həmin yurd yerlərində isə hər tayfanın öz binə yerləri varıydı.
Köftə Alı köçün başında gedirdi. Uzaqlardan görunən qoyun sürüləri topa-topa olmuş ağ buludlar kimi yamaclara yayılmışdı. Çiyni yapıncılı çobanlar uzaqdan Köftər Alını tanıyır, çomaqlarını yelləyərək onu salamlayırdılar.
Barananın başından burulan arabalara qoşulmuş kıllər fısıldaşırdılar. Köftər Alı onun arxasıyla gələn Bəbir öyunün köçünü harayladı:
- Ay Bəbir oğlu, Cöyüzdü bulağıpnda düşərgələnək. Heyvanlar yorulub, arvad-uşaq da ac, susuzdular - deyərək, ulaqların başını bulağa sarı döndərdi.
Cöyüzdü bulağının ətrafı bənzərsiz bahar mənzərələriylə insanı vəcdə gətirir, ürəkləri coşdurur, ruhları havalandırıb səmalara qovuşdururdu.

Göylərdən yağan yağışın,
Sularla axmağına bax.
Yarpızların əl eləyib,
Dalınca baxmağına bax.

Qarlı gədiklər mələşir,
Kəkliklərlə kəlmələışir.
Qoç buludlar kəllələşir,
Şimşəyin çaxmağına bax.

Bülbül oxur köksü sarı,
Qönçədə gizlənib yarı.
Lalələrin arıları
Yandırıb yaxmağına bax.

Sökdü külək tağ buludu,
Dağ başında dağ buludu.
Göy zirvənin ağ buludu
Süngüyə taxmağına bax.
Heyrət içində dayanın,
Nərgiz ətrinə boyanın.
Səngərə yatmış qayanın,
Gürzünə, toxmağına bax...

Ala-tala meşələrlə örtülmüş dağların ətəkləri yaşıl xalçalara bənzəyirdi. Sarı-sarı cicklər bu yaşıl xalıda uzun zolaqlar salmış, bu zolaqların arasına səpələnmiş al-qırmızı lalə yağışı göz qamaşdırırdı. Yarğanların qaşında bitmiş itburnu kollarının ağappaq çiçəkləri pardaxlayıb xoş ətiri ilə buralara təzəcə gəlib çıxmış baharın növrağını mehmanlarına nümayiş etdirərək qürrələnirdi sanki. İri qaya daşlarının aralarına doluşmuş kolların üstündə yellənən yuvalarda quş balalarının civiltisi aydınca eşidilir, xallı kəpənəklər qoşalaşaraq səma rəqsi oynayırmış kimi burula-burula fəzaya uçunurdular.
Çiçəklərdən seçilməyən yeniyetmə qızlar, uşaqlar çəmənliyə səpələnib gül-çiçək döyşürür, oğlan uşaqları kolluqlara daraşıb qulançar, baldırğan, kığ zoğlarını dərib qomalıyırdılar.
Dağların bahar möfsümüydü. Qıvrıla-qıvrıla dərələrdən burulub qalxan çən-duman bir anın içindəcə ormanlı qayalırı bir sehirbaz məharətiylə yoxa çıxarır, sonra isə buxarlanıb özü yoxa çıxır, gizlədiyi yalı-yamacı azadlığa buraxırdı. Dumanın çəkilməyinə bənd imiş kimi günəşin əlvan şəfəqləri otların, çiçəklərin yaxalarına düzülmüş şehli şəbnəmləri almaz qaşlar kimi minbir parıltıya boyayır, lap uzaqlardan görünən Göy dağın zirvəsinə sancılmış göy qurşağını Dondarın üstündən aşırıb Ləlvər dağının arxa üzünə bağlayırdı. Buralarda təbiət dəcəl uşaqlar kimi bütün şıltaqlıqlarıni nünayiş etdirir, gah qara buld peyda olub şıdırğı yağış ciləyir, arxasınca bulud duman ayazıyıb yerini əlvan şəfəqli günəşə verir, az keçməmiş qatı duman yenidən bürümələyirdi hər yanı.
Qarşıda xeyli yol var idi. Köç karvanı Cöyüzdü bulağından qalxandan sonra Yolayrıcından aşmalı, Göy dağa, Quzu dağına yetmək üçün Dəyirman dərəsini, Bəzirxananı, Çay qovuşanı, Saldat talasınını ötüb Ballı dağa, Çətin dağa, Qoşun yalına yetməli idi. Orada da düşərgələnib yenidən Köklü yoxuşun əyri-üyrü dolaylarını qalıxmalı, Qarıncanı, Bəzəkli ağacı, Mustafa talasını, Ayı talasını, Sürçək daşı adlayıb, Lalaşanın bulağında nəfəs dərməli, Dondarı, Avdılla bulağını, Ayrannını, Yağlı gədiyi, Gölqoşununu keçib, Sarıbulq yalağında yenidən düşərgə salamlayırdılar...

(Ardı gələn şənbə sayında)

Məmməd Dəmirçioğlunun təqdimatında

TƏQVİM / ARXİV