adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

ƏN BÖYÜK GÜNAH

KAMALƏ ABİYEVA
62615 | 2014-04-05 05:49
Bu günlərdə ITV-nin səhər proqramında Qənirə Paşayeva danışırdı. Yenə odlu-alovlu, dayanmadan, çaşmadan, aparıcıya söz buraxmadan... Həsəd apardım, sevindim. AZƏRBAYCANdan danışırdı. Erməni yalanlarını dünyaya anlatmaq üçün, Qarabağı-Azərbaycanı anlatmaq üçün. Böyük işlərdən danışırdı - Türk dünyasından danışırdı. Bizə də anladırdı kimliyimizi. Gənclərə mesaj yollayırdı. Əlibəy Hüseynzadədən danışırdı. Bu jurnalist xanım zəhmətiylə çox şeylərə nail olub: ad-sana, şöhrətə də, dünyanın çox yerlərini gəzib, çox işlər görüb, yaxşı işlər. İndi AZƏRBAYCAN - Vətən əleyhinə bircə kəlmə desə, bir balaca şeir yazsa, çox kiçik yazı versə, vallah, Nobel də verərlər, başqa nəsnələr də. Hələ Ermənistanda villa-zad demirəm. Amma ona baxıb düşünürsən ki, heç vaxt deməz, yəni əminsən ki, deməz. Bütün dünyadakı türklərdən-türk dövlətlərindən danışır. Örnək ola bilər, ən çox da indiki gənclərə, gənc söz adamlarına. Elə hey nələrsə istəyirlər, elə hey narazıdılar, elə hey "görəsən kimi tənqid edək ki,gündəmə gələk, adımızı eşidək" deyə vurnuxurlar. Biri ermənilərdən üzr istəyir, amma elə onlardan üzr istəyəcək qədərdi dəyəri, bunu anlasa... Bunu anlasalar. Amma anlamayanlar da var. Biri bu vətəni sevə bilmir, ya buranı vətən bilmir, biri sarsaqcasına ancaq pozğunları görür, biri... Biri də Mübariz kimi dünyanı heyrətə gətirir.
Sonra Fəridə Rəhimlinin yazısını xatırladım: "Mənə klip-zad lazım deyil". Fəridə xanım yazır: "Habil Əliyev deyir ki, öləndən sonra adamı o qədər tərifləyirlər ki, adam ölmək istəyir..." Əslində bu bəyənmədiyimiz şou əhlinə aiddi indi. Yazı dünyasında belə deyil. Ölənləri qəbirdən çıxarmaq üçün xüsusi dəstələr yaradanlar var - gorqazanlar. Yəni ölülərin şöhrətini, sevgisini həzm edə bilmirlər. O qədər "dahi"dilər ki, dünyadan köçənlər də onlara mane olur. Hansısa bir şairi, yazıçını hamı sevə bilməz. Hamının yanaşması, anlamı eyni olmaz. Bu təbiidi. Amma ən azından söz adamı sözün dəyərini bilməlidi. Burda Fərid Hüseynin FB-da yazdığı bir statusu xatırladım: "Ədəbiyyat adamının əclaflığı bəraətsizdi. Sadə insan özünə haqq qazandıra bilər. Çünki bir var Tolstoyu oxuyub əclaflıq edəsən, bir də var Tolstoydan xəbərsiz olasan". Bu həqiqətdi. Aqil Abbas Qarabağdakı hadisələrdən-döyüşlərdən, döyüşənlərdən, torpağını qarış-qarış qoruyanlardan dolu-dolu "DOLU" yazır. Əkrəm Əylisli Ermənistanda satılsın deyə, Nobelə təqdim olunsun deyə nəsə yazır. Hələ söz ustadlarımızı oxuyub niyə vətəndən yazdıqlarını anlamırıqsa, niyə böyük şairin yana-yana "Vətən mənə oğul desə nə dərdim" yanğısını duymuruqsa, niyə Məmməd-ARAZ, ARAZ deyirəm, olduğunu düşünə bilmiriksə, belə olacaq. Hə, Fəridə xanımın yazısından danışırdım. Qəhrəmanımız İbad Hüseynovdan, daha dəqiq ona həsr olunmuş klipin təqdimatından yazır. Sevindim: Qəhrəmanlarımıza da klip çəkilir və bundan yazırlar. İbad bəy təqtimatda deyir: "Mənə klip-zad lazım deyil. Məncə biz indi döyüşə bilmərik. Çünki o illərdəki döyüş, qələbə, qisas yanğısı indiki gənclərdə yoxdu. Belə kliplər onlara vətənpərvərlik duyğusu aşılamaq üçündür". Qəhrəmanın döyüş yoldaşı, döyüş dostu Təvəkkülün fikirləri də diqqətimi çəkdi: "Biz nə qədər sağıq, döyüş ruhumuz var, torpaqlarımızı geri almaq istəyirik... Biz döyüşməklə buna nail olarıq, zurna çala-çala, şadlıq evləri, restoranların sayını artırmaqla yox. Bizim kimi döyüş təcrübəsi olanlardan ön cəbhədə faydalanmaq lazımdı". Məncə də. Düşünərsiz müharibə tərəfdarıyam. Qətiyyən. Bir insanın bir günlük ömrü ən qiymətlidi. Hələ lap gənc ikən, müharibəsiz xoşbəxt günlərimdə müharibə mövzusunda baxdığım filmlərin, oxuduqlarımın təsirindənmi deyə bilmərəm, amma yazmışdım: O gündən ki, bu torpağı sərhədlərlə ayırdılar, o gündən də anaların günlərini qəm-qüssəyə sarıdılar. O gündən də narahatdır bu Yer adlı anam elə. Bir ananın qucağını kim bölübdü görən belə? Kim yaradıb sərhədləri? Bu sərhədlər dünyamızın-anamızın əsəbləri. Nadanlar var, axı, hələ, oynayırlar sərhədlərlə. Ey insanlar qoruyaq bu dünyamızı, öz yeganə anamızın qiymətini bilək biz, Məhəbbətin əliyə sərhədləri silək biz. Onda çox gənc idim və hələ onda düşünürdüm ki, niyə bu Yer kürəsində sakitcə, rahat, müharibəsiz yaşaya bilmir insanlar? Bəlkə, onda buna heç vaxt imkan verməyəcək "güc"lərdən, mafiyalardan, pul qazanmaq ehtirası insan həyatından üstün olanlardan xəbərsiz idim? Yəqin ki, xəbərsiz idim. Sülh istəyirdim. İndi də istəyirəm. Düşünürəm ki:
Müharibə - insanların bir-birinə xəyanəti... Müharibə-ölüm yağışı, göz yaşı, göz yaşı...
Bircə damcı göz yaşına dəyməz vallah, min cür silah. Bircə damcı göz yaşıdı, insan qanıdı
Edə biləcəyimiz ən böyük günah...
Amma VƏTƏN varsa, insanlar belə bölünmə yaradıbsa, mən də özümü-özümə düşəni qorumalıyam: çünki o AZƏRBAYCANDI. İndi bu parça-parça Azərbaycanda" Nəm dolubdu gözümə gülmək mənə ar gəlir. Yer tapmıram özümə dünya mənə dar gəlir. "İndi bu Azərbaycan bizə dar gəlməlidi. Bizə nə olub görən? Düşündüm, düşünürəm. Və məktəbliykən sevə-sevə oxuduğum kitablarını qoruyub saxladığım İsa Muğannanın ölmədən öldüyünü eşidirəm. Yəni böyük yazıçı cismən öldü və əslində ölmədi - ölümsüzdü yəni. O da Azərbaycandı. Amma biz nə qədər istəsək də onu cismani - bioloji ölümdən qoruya bilməzdik. Amma Azərbaycanı - vətəni qoruya bilərik - qorumalıyıq - cismən qorumalıyıq. Amma bacarmırıq. İndi mənimçün ən böyük günah budu. Amma təəssüf ki, aprelin 3-ü hələ də Kəlbəcərin işğal günüdü. Sonra Şuşa, Lacın, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı... Amma mən bu işğal günlərini xatırlamaq yox, unutmaq istəyirəm. Yox, unutqanlıq deyil bu, sadəcə Kəlbəcərdə, Şuşada, Laçında... olmaq istəyidi. Bu arada Azər Ayxanın yazısını oxudum: Vətənimiz iki yerə ayrılandan sonra bölünə-bölünə getdi, kiçildi... Kiçilən, bölünən ölkənin vətəndaşları da getdikcə kiçik düşünməyə başlayırlar... Yəni bu həqiqətdimi? Doğurdanmı, kiçilirik, kiçik düşünürük???

Kəmalə ABİYEVA

TƏQVİM / ARXİV