ZƏNGİN YARADICILIQ YOLU KEÇMİŞDİ...

VAQİF YUSİFLİ
79577 | 2014-04-05 05:37
Cəmi dördcə il də yaşasaydı bu il Xalq yazıçısı Qılman İlkin ilk Azərbaycan ədibi olaraq tarixə düşəcəkdi. Yəni 100 yaşını sağlığında qeyd edən birinci yazıçımız olacaqdı. Amma həyatın öz qanunları var və 96 il yaşamaq özü də sənət aləmi üçün rekorddu. Özü də Qılman müəllim vəfatına yaxın çox da ciddi bir xəstəlik keçirmədi, necə deyərlər, bu dünyadan əziyyətsiz, rahat köçdü.
Onun 90 yaşı olanda elə bizim bu jurnalda bir yazı (həm də sonunda kiçik bir müsahibə) dərc etdirdim: "Yaşamaq gözəlliyi" idi adı. O yazıda mən Qılman müəllimin əsərlərindən demək olar ki, söz açmamışdım, onun çox maraqlı ömür yolundan bəzi epizodları təqdim etmişdim. Həm də daha çox öz dili ilə. Amma indi onun 96 illik ömür yolunu bir daha xatırlatmaq istəyirəm.
Əslən bakılı idi, Mərdəkanda doğulmuşdu. Amma öz dediyinə görə onun babaları Dağıstandan-Teymurxanşuradan gəliblər. Babası Məşədi Musa dənizçi, atası İsabala xarrat olublar. Anasını isə altı yaşı olanda itirib. İbtidai təhsilini Zeynalabdin Tağıyevin Mərdəkanda açdığı bağbançılıq məktəbində alıb. Sonra "Rüşdiyyə" məktəbi adlandırılan 18 nömrəli orta məktəbdə təhsilini davam etdirib. Yuxarı sinifdə oxuyanda müəllim çatışmazlığı üzündən Xaçmaz rayonunda, Əhmədoba kəndində müəllim də işləyib.
Qılman müəllim üçün otuzuncu illər Bakısı çox hadisələrlə yaddaşına həkk olunub. O, "Gənc işçi" qəzetində işləyib və o zaman bu qəzetə yazı gətirən S.Vurğunla, M.Müşfiqlə, S.Rüstəmlə, M.Rahimlə, Əbülhəsənlə, M.Hüseynlə, Ə.Vəliyevlə tanış olub. Ən çox xatırladığı şair Müşfiq idi. Qılman müəllim APİ-yə daxil olur, oranı da müvəffəqiyyətlə bitirir, hətta bir neçə il müəllimlik də edir institutda. Otuzuncu illərin ədəbi mühitində fəallığı ilə səçilən Əli Nazimi, Atababa Musaxanlını, Mikayıl Rəfilini, Seyid Hüseyni də ehtiramla xatırlayırdı.
Sonra İkinci Dünya müharibəsi. Qılman müəllim əvvəlcə Qafqaz cəbhələrində olur -qəzetdə müxbirlik edir, sonra Təbrizdə "Vətən yolu" redaksiyasında çalışır, Cənubi Azərbaycanı qarış-qarış gəzir, o qəzetə maraqlı məqalələr yazır. Ordudan tərxis edildikdən sonra ADU-da müəllim, Azərnəşrdə baş redaktor, "Azərbaycan" jurnalında baş redaktor, Azərnəşrdə direktor vəzifələrində çalışır. Sonra fərdi təqaüdçü həyatı.
Sağlığında kitablarının sayı qırxa yaxın olub. Ömrünün son illərində də qələmini yerə qoymurdu. Hekayələr yazırdı.
Uzun müddət öz ad və familyası ilə tanınıb (Qılman Musayev), yalnız 70-cı illərdə "İlkin" təxəllüsünü götürüb.
Onun yaradıcılığı zəngindir. Həm bir nasir kimi, həm kinossenarist kimi, həm də publisist kimi fəaliyyət göstərib.
Bəri başdan bir məsələni qeyd edim: Qılman İlkinin "Şimal küləyi" romanı, "Madam Qədri" povesti və bir sıra hekayələri kommunist-bolşevik mövqeyini ifadə edir və burada onu qınamaq doğru olmazdı. Qılman İlkin yaşda olanların və ondan sonra da ədəbiyyata gələnlərin bir çoxu sovet ideologiyasını ifadə edən əsərlər (nəsr, poeziya, dram) yazmışlar. Bu əsərlərə bir başqa gözlə də baxmaq lazımdır. Məsələn, Q.İlkinin "Şimal küləyi" romanında təsvir olunan qəhrəmanlar-Heydər və Yetim kimi gənclərin inqilabdan əvvəl bolşeviklərə rəğbət göstərməsi yalan deyil və Q.İlkin bunları heç də özündən uydurmayıb. Doğrudur, "Şimal küləyi"ndə müsavatçıların əleyhinə fikirlərlə qarşılaşırıq, bu da təbiidir, bolşevik mövqeyindən irəli gəlir. Və onu da unutmayaq ki, yetmiş ildən artıq bir dövrdə Azərbaycan tarixinin XX əsr dövrünü (Müstəqilliyə qədər) biz Azərbaycan Kommunist partiyasının tarixi kimi mənimsəməmişikmi? Təbii ki, "Şimal küləyi" romanında Qılman İlkinin bir nasir kimi özünəməxsus olduğu da göz qabağında idi. Obrazları hansı siyasi partiyaya meyl etməsindən asılı olmayaraq bir insan kimi də təsvir edirdi. Yazıçının sənətkarlıq məharəti romandakı ayrı-ayrı səhnələrdə də qabarıq nəzərə çarpırdı. Budur, çox təsirli bir səhnə: "Bütün küçələrdə söhbət Parapetdə dar ağacından asılmış adam haqqında gedirdi. Lakin Yetim elə bil birdən-birə duymaq, eşitmək qabiliyyətini itirmişdi. O, Heydərin qabağınca, adamlara toxuna-toxuna qaçırdı. Sanki ən yaxın bir adamının fəlakətli aqibətini öz gözləriylə görməyə tələsirdi. gHeydərə elə gəldi ki, Yetim onu nəinki görmür, bəlkə də heç tanımır. Heydəri də anlaşılmaz bir həyəcan bürüdü, bədənindən soyuq gizilti keçdi. Uzaqdan dar ağacını və orada yellənən adamı gördükdə Heydərin içərisində elə bil nə isə qırılıb düşdü. Bu vaxt o, Yetimin bərkdən çığırdığını eşitdi:
- Səttardır!..
Tamaşaya toplaşmış adamlar, təəccüblə dönüb onlara tərəf baxdılar. Heydər əlini Yetimin ağzına qoydu. Dar ağacından asılan Səttar idi. Həmişə sakit, mülayim xasiyyəti ilə adamların ürəyində özünə məhəbbət qazanmış olan bu gəncin solğun, cansız sifəti indi də sakit idi. Onun sinəsinə yapışdırılmış iri kağız parçasında bu sözlər yazılmışdı: "İmperiya qoşunlarını təhqir edən hər bir adamı belə bir aqibət gözləyir". Camaatı təəccübləndirən Səttarla yanaşı dar ağacından asılmış bülbül qəfəsi idi. Qəfəsin içində xırdaca sarı bülbülün başı bədənindən üzülmüş, günahsız quşcuğaz da sahibi ilə birlikdə edam olunmuşdu. Kim isə yavaşcadan söyləndi:
- Görəsən, bülbül imperiyanı necə təhqir edib?"
Burada Bakıda ağalıq edən ingilislərin vəhşi əməlindən söhbət gedir və Q.İlkin heç də bu səhnəni özündən uydurmayıb.
"Madam Qədri" povestində də bolşeviklərə meyl, rəğbət güclüdür. Amma burada da o dövrkü Bakı və orada gedən ictimai-siyasi hadisələr, savaşlar haqqında maraqlı məlumatlar az deyil. Əsərin bir yerində müəllif Hacı Zeynalabdin Tağıyevin fikirləri ilə oxucunu tanış edir: "Siyasətdən birinci məqsəd ölkənin özünün möhkəmliyidir. Bunun üçün pul lazımdır. Hökumət isə ölkənin varlanması qeydinə qalmır. Camaatı yedirtmək lazımdır. İngilislər də bir tərəfdən camaatı çapıb-talayırlar...gQoy cavanlarımız Londona, Parisə, başqa xarici ölkələrin paytaxtlarına, ali təhsil almağa getsinlər. Savad yoxsa, millət irəli gedə bilməz". Tağıyev ancaq bu cür düşünə bilərdi.
Qılman İlkinin "Qalada üsyan" romanı da tarixi səpgidə qələmə alınıb. Bu əsərdə 1905-ci ilin yayında "Potyomkin" zirehli gəmisində üsyan qaldıran matrosların aqibətindən söhbət gedir. Onlar bir müddət Xarkov həbsxanasında saxlanandan sonra Zaqatalaya göndərilirlər. Ancaq bu ucqar yerdə də matroslar dinc dayanmır, imperiyaya qarşı çıxırlar. Mübarizə kəskinləşir, matrosların bir neçəsi güllələnir, lakin onların çara, imperiyaya nifrətini söndürmək olmur.
Çox təəssüf ki, Qılman İlkinin yaradıcılığını çox zaman bu iki romanla məhdudlaşdırmış, onun digər nəsr əsərlərindən söhbət açmamışlar. Halbuki, Qılman İlkinin XX əsr Azərbaycan nəsrində səçilə, fərqlənə bilən bir sıra maraqlı hekayələri, povestləri də var. Onu bir nasir kimi tanıdan ilk əsər - əllinci illərdə qələmə aldığı "Həyat yollarında" povestidir. Bu əsər görkəmli dramaturq Nəcəf bəy Vəzirovun Bakıda realnı məktəbdə oxuduğu illərdən (1868-1874) söz açır. Onun müəllimi Həsən bəy Zərdabi idi və Q.İlkin məlum faktlara istinad edərək Nəcəf bəyin həmin illərdə Zərdabi ilə birlikdə Mirzə Fətəli Axundovun "Hacı Qara" komediyasını tamaşaya qoymasından danışır, müəllim-şagird münasibətlərindəki səmimiyyəti təsvir edir.
Qılman İlkinin hekayələri içərisində mənim ən çox bəyəndiyim "Flaminqo", "Kaktus tikanı", "Qoca tramvayçı", "Tovuz lələyi", "Köşk-balaban", "Sərvinazım mənim", "Nə yaxşı ki, dəniz var", "İntizar" hekayələridir. Bu hekayələrdə Q.İlkin adi insanların həyatından lövhələr təqdim edirdi. Xüsusilə "Flaminqo" hekayəsi bu janrın ən gözəl nümunələrindən biri sayıla bilər. Flaminqo-qızıl qaz-quş adıdır. Onun sayəsində iki gənc sevgi dünyasına qovuşurlar və Qılman İlkin novellavari bir sonluqla bu sevginin şərbətini cavanlara dadızdırır.
Onun bir nasir kimi özünəməxsusluğu yaddaqalan, real və inandırıcı obrazlar yaratmasında və təsvirlərinin bədii dolğunluğunda idi. Bu cəhət onun "Dağlı məhəlləsi", "Dəniz həmişə göy olmur" povestlərində qabarıq nəzərə çarpır.
Qılman İlkin Bakı həyatını, Bakı mühitini çox yaxşı bilirdi və qətiyyətlə deyə bilərəm ki, onun nəsr əsərlərinin bir qəhrəmanı da BAKI idi. Əvvəlcə gəlin, Qılman İlkinə bir yazıçı-publisist (hətta tarixçi də deyərdim) kimi şöhrət qazandıran "Bakı və bakılılar" publisistik romanından söz açaq. "Bakı və bakılılar" doğrudan da romandır, amma bədii romandan daha artıq tarixi-publisistik bir roman. Çünki bu əsərə başqa ad vermək olmur. Əsərin də əsas qəhrəmanı Bakıdır. Bakı haqqında çoxlu elmi əsərlər yazılıb. Amma Bakını ta qədimdən çağdaş dövrümüzə (təxminən XX əsrin ortalarına gəlib çatır) qədər təsvir edən, onun bir şəhər kimi keçdiyi tarixi yolları heç kim Qılman İlkin kimi canlı, şirəli, hətta deyərdim emosional şəkildə təsvir edə bilməyib. Mərhum filosof, professor Fuad Qasımzadə həmin əsərə yazdığı Ön Sözdə qeyd edir ki: "Yazıçı publisist qələmilə Bakının və onun kəndlərinin keçmişindən, çağdaş həyatından, buradakı yerli xüsusiyyətlərdən bəhs edir. O, tariximizin çoxuna məlum olmayan elə səhifələrini açıq göstərir ki, onları həyəcansız oxumaq olmur. Oxuduqca qəzəb və nifrət hissi coşur, başımıza gətirilən müsibətlərin, əvvəlki faciələrin, qanlı-qadalı hadisələrin davamı olduğunu bütün dərinliyilə duyur, uzun müddət totalitar rejimin bizi xalqlar dostluğu və qardaşlıq pərdəsi altında aldatdığını yəqinliklə qət edirsən".
"Bakı və bakılılar" əsərində Bakının on əsrlik tarixi vərəqlənir və o vərəqlərin hər birində tarixin müxtəlif dövrlərinin Bakısını görürük. Elə faktlarla qarşılaşırsan ki, bunlara ilk dəfə Qılman müəllimin əsərində təsadüf etmisən. Məsələn, mənə məlum deyildi Bakıda ilk neft quyusunu kim qazıb. Məlum olur ki, 1594-cü ildə Allahyar Məmmədnur adlı bir nəfər ilk neft quyusunun əsasını qoyub. Yaxud, 1877-1878-ci illərdə Bakıda neft fantanları o qədər çox olub ki, saymaqla qurtaran deyilmiş. Bakıya xarici kapitalın axını da elə o illərdə başlayıb. İlk dəfə, 1879-cu ildə Bakıda-Balaxanı və Sabunçuda Nobel qardaşları şirkəti yaranıb.
Təkcə bunlarmı? Yox! O kitabda Bakının müxtəlif əsrlərdə hansı dövlətlərin, xanlıqların şəhəri olması və həmin dövrlərdə baş verən hadisələr də real tarixi faktlar mənzərəsində nəzərə çarpır. Xüsusilə Sisianovun Hüseynqulu xan tərəfindən öldürülməsi ilə bağlı səhnə, həmçinin quldur Stepan Razinin Bakıya hücumu, amma onu ala bilməyib yalnız Bakı ətrafı kəndləri işğal etməsi. Bunlar olduqca maraqlı məlumatlardır. Bəs Bakını gözəlləşdirən xeyriyyəçilər, Tağıyev, Nağıyev, Əsədullayev, Muxtarov kimi sahibkarlar necə? Onlar haqqında da həqiqi informasiyalar məhz bu kitabdadır.
Müəllif Bakı kəndləri, bu kəndlərdə yaşayan əhalinin adət-ənənələri, yaşam tərzi ilə bağlı söhbətlərində oxucuya yeni faktlar, məlumatlar çatdırır. Ramana, Balaxanı, Biləcəri, Qobu, Dərnəgül, Bülbülə, Sabunçu, Binəqədi, Digah, Zabrat, Fatmayı, Novxanı, Saray, Xoca Həsənli, Masazır, Corat, Şağan, Mərdəkan, Buzovna, Pirşağı, Hökməli, Kürdəxanı, Goradil, Zuğulba, Bibiheybət, Keşlə, Əhmədli, Zığ, Hövsan, Türkan, Zirə, Qala, Suraxanı, Binə, Əmircan, Ramana...gBu kəndlərin hər birinin özünəməxsus "obrazını" yaradır Qılman müəllim.
Qılman İlkinin bədii əsərlərində də Bakı obrazı və onunla müvazi Dəniz obrazı xüsusi yer tutur. Onun "Dağlı məhəlləsi" povestini oxuyanlar bilir ki, bu povesti ancaq o məhəllənin hər künc-bucağına bələd olan, adamlarının xasiyyətini, əxlaq və davranış qaydalarını yaxşı bilən bir yazıçı yaza bilər. "Bu məhəllədə evlər var ki, həyətlərinə 5 nəfərdən artıq adam sığmır. Dalanlar, döngələr var ki, iki adam yanaşı keçə bilməz. Burada yaşayanların çoxu sadə adamlardır, amma geniş ürəkləri var. Elə genişdir ki, nəinki sinələrinə, heç həyət-bacaya, dalanlara, döngələrə də sığmaz". Tənqidçi Akif Hüseynov vaxtilə bu povest haqqında yazmışdı: "Qılman İlkin bir məhəllənin əxlaqi özünəməxsusluğunu rəsm etməyə səy göstərmişdir və bu niyyətinə müvafiq olaraq düşündüyü süjet xəttini, hadisələrin cərəyanını həmin məhəllədən kənara çıxartmamağa çalışmışdır. Sürücü Vəfadar, mantyor İsgəndər obrazları da yazıçıya əksəriyyəti zəhmət adamlarından ibarət olan məhəllə sakinlərinin sadə yaşayış tərzini, açıq, qayğıkeş təbiətlərini, saflığını, pis, nəlayiq hərəkətlərə qarşı qətiyyətliliyini ifadə etmək, bütünlükdə məhəllənin mənəvi simasındakı yaxşı cəhətləri qabarıq göstərmək üçün lazım olmuşdur".
Qılman İlkinin "Dəniz həmişə göy olmur" povesti də onun ən maraqlı, mən deyərdim, bədiiyyatca ən gözəl povestidir. Burada təsvir olunan həyat, müharibə illərinin əzablı günləri amma oğul və nişanlı yolu gözləyən anaların, qızların obrazları necə də zərif, incə detallarla, təbii və real səhnələrlə (hətta romantik səhnələr də az deyil) təqdim edilir. Povestin qəhrəmanı Qənirə dərrakəli, hər şeyi başa düşən, incə qəlb sahibi olan bir qızdır. O, ildə yüzdən çox corab toxuyub hərbi fonda verir, bu işdə öz bəzək şeylərini də əsirgəmir. Lakin Qənirənin xarakterini aydınlaşdıran əsas cəhət onun baş verən hadisələrə ayıq münasibət bəsləməsidir. Qənirə cəbhədə olan nişanlısı Yavərin göndərdiyi məktubda sızıltılı ifadələr görəndə əsəbiləşir, bunu qorxaqlıq adlandırır. Məlum olur ki, o, Yavəri çox da möhkəm sevmirmiş, lakin Sərdardan üstün olduğu üçün onun təklifini rədd etmir. Sərdar isə müharibənin başlanğıcında bir əlinin dörd barmağını kəsmiş və bununla da cəbhəyə getməkdən yayınmışdır. Zahiri gözəlliyi ilə hamıdan seçilən Sərdarın bu hərəkəti Qənirəni daha artıq düşünməyə məcbur edir, onun düşüncələrində bir aydınlıq və saflıq yaranır. Bir vaxt sevdiyi Bəbirin müharibədən yaralı qayıtması və onların görüşü Qənirəni öz həyatına nəzər salmağa, adamları daha yaxşı tanımağa sövq edir. Qənirə başa düşür ki, orada - cəbhədə hər şeyi - dostluğu, yoldaşlığı, lap məhəbbətin özünü də təzədən dərk etmək, anlamaq olar. Sərdarın cəbhəyə getməkdən boyun qaçırması və taygöz Cəbinin axşamlar əsgər ailələrinin namusuna toxunmaq istəməsi Qənirənin mənəvi aləmində pisliyə və rəzilliyə qarşı nifrət duyğusunu alovlandırır, bu duyğu özündəki cəsarətsizliyə və zəifliyə də yönəlir. O, qəti addım atır, könüllü olaraq tibb bacısı kimi cəbhəyə yollanır.
...Cəmi dörd il. Dörd il də yaşasaydı, indi 100 yaşlı Qılman müəllim, ədəbiyyatımızın görkəmli simalarından biri öz yubileyinin canlı iştirakçısına çevriləcəkdi. Amma bu 100 yaşı o olmadan da ədəbi ictimaiyyətimiz böyük sevinclə, Xalq yazıçısına ehtiramla qeyd edir. Ruhun şad olsun, Qılman müəllim!

Vaqif YUSİFLİ

TƏQVİM / ARXİV