ORALARDA KiMLƏR VAR:CON BERQER - 2

TOFİQ ABDİN
15787 | 2009-02-04 01:05
TÜRKİYƏ
   
   Dünyanın ən sözü keçən aydınlarından biri. Sənət araşdırıcısı, şair, rəssam, filosof, roman, hekayə və ssenari yazarı Berqerin ən çox tanınan kitabı isə sənət üstünə yazdığı və keçdiyimiz günlərdə çap etdirdiyi "GÖRMƏ BİÇİMLƏRİ".
   
   1926-cı ildə anadan olan yazarın "Anlatmanın Başqa Bir Biçimi" adlı son kitabı isə bu yaxınlarda Türkiyənin "Aqora" nəşriyyatı tərəfindən çap edilmişdir.
   
   
   
   (əvvəli qəzetimizin 28 yanvar 2009-cu il sayında)
   
   
   
   ***
   
   ... Bu anda tərk edilmiş olan bu təpədə Dərvişin səsini xatırlamağa çalışdım. Bir arı baxıcısı kimi sakit bir səsə sahib idi:
   
   "...yaşayanların və ölülərin,
   
   mühasirədəki bir pətəkdə
   
   dustaq qalmış arılar kimi
   
   vuruş get-gedə şiddətləndiyində
   
   çiçək aclığı tətilini başlarlar
   
   Və dənizdən təcili çıxış
   
   üçün imdad istərlər"
   
   
   
   Səsini ağlımda canlandırarkən torpağa, yaşıl otların üstündə oturmaq keçdi könlümdən. Oturdum.
   
   Al Rabvah - ərəbcədə "üzərində yaşıl otlar olan təpə" deməkdir. Səsini necə eşitmişdimsə, eləcə də qeyb oldu sözləriylə birlikdə. Və başqa heç bir şey qalmadı. 5 milyon adamın paylaşdığı heç bir şey.
   
   500 metr irəlidəki digər təpə zibil tökülən bir yer. Qarğalar havada dairələr cızaraq təpənin üstündə uçuşur. Bir neçə çocuk həmin zibillikdə eşələnir.
   
   Bu yeni qazılmış məzarın yanında otların üzərinə oturduğumda gözləmədiyim bir şey oldu. Bu olanı anlatmaq üçün tamam başqa bir hadisəni öncə anlatmağım lazımdır.
   
   Bir neçə gün öncəydi. Oğlum Yves maşın sürürdü. Fransız Alplarındakı Cluses qəsəbəsinə doğru gedirdik. Qar yağmışdı. Dağ ətəkləri, obalar və ağaclar bəmbəyazdı. İlk qarın bəyazlığı daha çox quşları çaşdıraraq onların səfini belə pozmuşdu.
   
   Birdən maşının qabaq şüşəsinə bir quş dəydi. Maşının güzgüsündən baxan oğlum quşun yol kənarına yerə çırpıldığını gördü. Əyləncə basdı və maşını geriyə verdi. Kiçik bir quşdu, bir nar bülbülü. Sərsəmləmişdi, amma hələ yaşayırdı və gözlərini açıb-yumurdu. Onu qarın içindən götürdüm, ovcumun içinə aldım, ovcum ipisti. Quşların bizə görə çox daha yüksək bir vücud istiliyi var. Yolumuza davam etdik.
   
   Zaman-zaman onu yoxladım. Yarım saat içərisində ölmüşdü. Onu qoydum maşının arxa oturacağına. Məni çaşdıran onun ağırlığı idi. Onu qarın içindən aldığımdan daha yüngül idi. Əmin olmaq üçün bir əlimdən digər əlimə qoydum. Sanki həyatdaykən sahib olduğu enerji, yaşam savaşı ağırlığına ağırlıq qatmışdı. İndi isə sanki heç ağırlığı yoxdu.
   
   Al Rabvah təpəsindəki otlarda oturarkən buna bənzər bir şey oldu. Mahmudun ölümü onun ağırlığını ortadan qaldırmışdı. Geriyə sadəcə sözlər qalmışdı.
   
   
   
   ***
   
   Aradan fəlakət öncəsi səssizliyə bürünmüş aylar keçdi. İndi isə fəlakətlərin hamısı bir nəhrə axır. Bu nəhrin adı yoxdur. Adını sonradan, çox sonradan gələcək olan coğrafiyaçılar qoyacaq. Bu gün bu adsız nəhrin acı sularında yeriməkdən başqa çarə yoxdur.
   
   ***
   
   Dünyanın ən böyük həbsxanası Qəzza bir məzbahaya çevrilir. Şerid kəlməsi (Qəzza Şeridindəki) 65 il öncəki getto kəlməsi kimi qanla sulanmaqda.
   
   Bombalar, mərmilər, fosfor və GBU39 radiaktiv silahları, çaxmaqlı tüfəng atəşləri, İsrail müdafiə gücləri tərəfindən gecə-gündüz havadan, dənizdən və qurudan 1.5 milyonluq çarəsiz insanların üzərinə yağdırılır. Ölü və yaralı sayı, İsrail tərəfindən Şeridə girmələri yasaqlanan xarici medianın verdiyi hər xəbərdə bir az daha artır. Ancaq kritik rəqəm bu ki, hər bir israilli ölü əvəzinə 100 fələstinli ölür. Bir israillinin həyatı 100 fələstinlinin həyatına bərabərdir. Bu rəqəmləri normal kimi qəbul etdirməyə çalışan İsrail sözçüsü tərəfindən durmadan təkrarlanır. Qətliam nəticəsində müxtəlif xəstəliklər olacaq; insanların yaşadığı yerlərdə su və elektrik yox, xəstəxanalarda doktor, dərman və generatorlar belə çatışmır.
   
   Dünyanın hər yerindən etiraz səsləri yüksəlir. Ancaq dünya mətbuatı İsrailin müdafiə güclərinin elədikləri suçların üstünü ört-basdır eləməklə məşğuldur.
   
   ***
   
   "Ağlayan bir yer girər röyamıza," - demişdi kürd şair Bejan Matur. "Ağlayan bir yer girər röyamıza və bir daha çıxmaz".
   
   Yerlə bir olmuş torpaqdan başqa heç bir şey.
   
   ***
   
   Dörd ay öncə Ramallahda yer altındakı tərk edilmiş bir park yerindəydim. Burası rəssamlıq sənətinə bağlı bir salon olmuş və fələstinlilər tərəfindən istifadə edilirmiş. Bunların arasında Randa Mdah adında bir heykəltəraş qadın var. Onun tərəfindən yaradılan "Kukla Teatrı" adlı bir tamaşanın dekorlarına baxıram.
   
   Divar kimi dik duran, 3X2 ölçüdə bir alçaq qabartma var. Önündə, yerdə üç fiqur durur. Tel, polyester, şüşə və gil armaturun üzərinə qabartma ilə işlənmiş üzlər, əllər görünür. Qabartmanın dərinliyi, Gibertinin yaratdığı və Florensiyadakı Baptisxananın gümüş qapılarından birininki ilə eyni. Nəsnələrin uzaqda olduğunu bildirmək üçün kiçildilərək göstərmə texniki və gözə çarpacaq perspektivlə hardasa eyni ustalıqla işlənmişdir. (Həykəltəraşın bu qədər gənc olduğunu əsla düşünməzdim. Hələ 29 yaşında). Alçaq qabartmanın divarı səhnədən baxıldığında teatrdakı tamaşaçıların baxdığı "pərdəyə" bənzəyir.
   
   Öndəki səhnənin zəminində həqiqi insan boyundakı fiqurlar durur: iki qadın və bir kişi. Eyni materialdan işlənmişdir, amma istifadə olunan rənglər daha solğundur.
   
   Birisi tamaşaçının lap toxuna biləcəyi məsafədə, o birisi iki metr geridə və üçüncüsü iki dəfə uzaqlıqda. Gövdələri tavandan asılmış üç yastı taxta parçasına bağlanmış kardonlara bağlı. Bu insanlar kukla; olmayan və ya görünməyən kukla oynadanlar da onları idarə etmək üçün bu taxta parçalarını istifadə edirlər.
   
   Alçaq qabartmadakı bir yığın fiqur gözlərinin önündəkinə baxırlar və əllərini ovuşdururlar. Əlləri bir sürü heyvan kimi. Heç bir gücləri yox. Əllərini ovuşdururlar, çünkü müdaxilə edə bilmirlər. Onlar səssizliyi təmsil edirlər.
   
   Görünməyən kukla oynadıcısının kardonlarına bağlı üç həqiqi və titrəyən fiqur sürətlə başı üstə yerə fırladılır. Ayaqları havada. Təkrar-təkrar fırladılır, ta ki başları yarılana qədər. Əlləri, bədənləri, üzləri iztirab içində yanır. Bitib-tükənməyən bir iztirab. Ayaqlarından bunu görə bilirik. Təkrar-təkrar. Bu çalışmada başqa heç bir yerdə görmədiyim bir güc var. Bu tamaşa Qəzza Şeridində olacaqların dəhşəti idi.
   
   ***
   
   Fələstin Hökumətinin qərarıyla Mahmut Dərvişin Al Rabvah təpəsindəki məzarı tellərlə çəpərləndi və üzərinə şüşədən bir piramid tikdilər. Artıq yanına girmək və orda oturmaq mümkün deyil. Ancaq sözləri hələ də qulaqlarımızda səslənməkdə. Bu sözləri təkrar edə bilirik hələ:
   
   
   
   Balkanların coğrafiyasında
   
   görəcək işlərim var
   
   Hənuz, hələ tanımadığım
   
   bir sevgiylə
   
   Hənuz, hələ heç
   
   yaşamamışam kimi...
   
   Bəlkə indi uzaqlara getmişlər
   
   və dünən yaxınlaşmışdır
   
   tarixin sahillərində
   
   dolaşmaq üçün
   
   Bu günün əlini tuturam
   
   və dağ keçilərinin
   
   sürüsünə sahib
   
   hərəkətli vaxtdan qaçıram
   
   Elektronik zamanın sürətiylə
   
   Yarınım necə olacaq?
   
   və ya çöl karvanımın
   
   yavaşlığıyla?
   
   Sonum gələnə qədər
   
   işim var.
   
   Sanki yarını heç
   
   görməyəcəkmişəm kimi
   
   və burada olmayan
   
   bu gün üçün görüləcək
   
   işlərim var
   
   Bu üzdən
   
   dinləyirəm yavaşca
   
   qəlbimin qarışqa səsini...
   
   
   
   AY

TƏQVİM / ARXİV