adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7

Nəfs...

BABƏK YUSİFOĞLU
30672 | 2014-04-02 00:37
İnsanların, xüsusən də müasir insanların bu dünyanın başına nə gətirdiklərini sadalamaqla bitirmək mümkün deyil. Adamlarda "mənimdir", "mənə məxsus olmalıdır" duyğuları yaranandan bəri bütün ömürlərini, Tanrının bəxş etdiyi bütün imkanları məhz bu yolda sərf eləyiblər. Özü də bilə-bilə ki, bu dünyadan köçüb gedərkən özləri ilə O biri tərəfə heç nə aparmayacaqlar. Hərdən düşünürəm, nə yaxşı ki, Tanrı nəfsinin qulu olmayanların üzünə baxıb, haqq dünyasına bir çöp belə daşınmasına müsaidə etməyib, yoxsa, Həzrət Abbas haqqı nəfisgirlər gələcək nəsillərə heç nə buraxmaz, hər şeyi daşıyıb özləri ilə aparardılar.
Vəziyyət indi elə bir həddə çatıb ki, hətta Allahın adından da, müqəddəs kitablar üzərindən də yalanlar danışılır, insanlar aldadılır, fitnələr törədilir. Var-dövlət, dünya malından ötrü doğmalar belə bir-birinin qanını tökür, qardaşlar, bacılar, övladlar valideynlər... belə digərini düşmən gözündə görürlər. Yetimin malını Məşhər günündən qorub-çəkinmədən yeyənlər özlərini başqalarından daha çox inanclı göstərirlər. Və onlara elə gəlir ki, əməllərinə görə heç vaxt cavab verməyəcəklər. Müqəddəs kitablardasa belə yazılır: "Allah hər şeyi bilən və hər şeyi görəndir..."
Peyğəmbəri qırx il çöllərdə dolandırdılar...
Tanrının yaratdıqları Tanrının göndərdiyi peyğəmbəri belə çarmıxa çəkdilər...
Dillərində Allah kəlməsi olan münafiqlər Peyğəmbərin qanından olanları kütləvi şəkildə qətl etdilər, başlarını kəsdilər...
Tanrının evi sayılan tikililəri icad etdikləri raketlərlə dağıtdılar...
Müqəddəs Vatikan kilsəsində Yaradana xidmət adı altında qərarlaşan bır sıra din adamları öz əxlaqsızlıqlarıyla o yerləri murdarladılar...
Allahı sevməyənlər, Allahın qəzəbindən qorxmayanlar təkcə oraları deyil, əllərinin yetdiyi bütün müqəddəs yerlərə əl uzadıblar. Öz cahil və primitiv ağıllarıyla, çürük məntiqləyilə elə zənn edirlər ki, Uca Yaradanı da aldadırlar. Axı onlar ömürləri boyu aldada-aldada nəfslərinə xidmət göstəriblər. İndi insanlar haramdan qaçanlara, haram tikədən imtina edənlərə əfəl, mağmun kimi baxırlar. Ziyarətgahlar birilərinin qazanc, gəlir yerinə çevrilib. Müqəddəs "Qurani-Kərim"i çap edib bəlli qiymətə satmaqla savab iş gördüklərindən dəm vuranlar Allah ayələrinin dəyərini necə müəyyənləşdirirlər? Neçəyə olursa-olsun Quran necə satıla bilər axı?..
Nəfsin quluna çevrilməklə Adəmlə Həvva qovulmadılarmı? İnsan oğlu o gündən bu günədək, min illərdi bu zəhrimar nəfsinin öhdəsindən niyə gələ bilmir? Niyə o, sevgidən də, mərhəmətdən də, ibadətdən də, ədalətdən də, sədaqətdən də, əxlaqdan da, doğmalıqdan da, Allah bəndəsi olmaqdan da üstün məqam qazanıb... Niyə?
İndi belə bir xəbər yayılıb ki, xristianlığın ən müqəddəs əşyalarından sayılan Həzrət İsanın kasası tapılıb. (milli.az) İspan tarixçiləri Marqarita Torres və Xose Orteqa del Rionun dediklərinə görə, İspaniyanın şimalındakı Leon şəhərində yerləşən Müqəddəs İsidor bazilikasında saxlanan kasa həqiqətən Hz.İsanın kasasıdır. "Bibliya" və "İncilə" görə, Rəbbin Şam Yeməyində Hz.İsa məhz bu kasadan şərab içib. Peyğəmbər çarmıxa çəkiləndən sonra isə onun yaralarından axan qan bu kasaya yığılıb. Xristianların fikrincə, bu kasa möcüzəvi xüsusiyyətlərə də malikdir. Və tarixçilər qısaca da olsa onun Leon şəhərindəki Müqəddəs İsidor bazilikasınadək necə gəlməsini də bildiriblər.
Düşünürəm ki, ispan tarixçilərinin bu fəaliyyətləri çox qiymətli olsa da günahdan da xali deyil. Yaxşı olardı ki, onlar kasa haqqında bu açıqlamaları verməyəydilər. Çünki çox keçməz ki, peyğəmbərin vaxtıyla istifadə etdiyi bu qiymətli kasa ya satış üçün auksiona çıxarılar, ya hansısa imtiyaz sahibinin evinə gedər, ya da muzeylərin birində onun bənzərini qoyub əslini sataraq milyonlar qazanarlar.
Hətta çox keçməz ki, "kitaylar" Hz.İsanın kasasının "eynisinin" kütləvi istehsalına başlarlar. Hollivud isə kasanın oğurlanması haqda cürbəcür filmlər çəkər. Kimlərsə Los-Ancelesdə yaxşı müştəri cəlb etmək üçün həmin kasa formasında qumarxana yaradarlar, digərləri Dubayda fahişəxana tikdirərlər. Hz. İsanın əşyasının tarixliyi, mənəvi, dini dəyərləri axı indikilərin nəyinə lazımdı? Tanrının yaratdığı ən ali varlıq sayılan insanın dəyərləri ayaqlar altına atılırsa, bu gün dünyada uşaqlar aclıqdan ölürsə, təbii sərvətdən ötrü güclülər gücsüzlərin başına bomba yağdırırsa, imkan sahibləri imkansızların əzablarına, məşəqqətlərinə baxmaqdan zövq alırsa, bununla özlərini güclü sayırsa, əskik məqsədləri örtmək üçün Tanrıya ibadət edilirsə, vəzifə otağının qapısı Tövbə qapısından daha lazımlı, daha qiymətlədirsə... Hz.İsanın kasası tapılsa nə olacaq, tapılmasa nə olacaq???
Keşkə nəfsin yox edilməsi üçün möcüzəvi xüsusiyyətlərə malik bir iksir tapılaydı...

BABƏK YUSİFOĞLU
[email protected]
babekyusifoglu.blogspot.com

TƏQVİM / ARXİV