adalet.az header logo
  • Bakı 11°C

İNSAN, YOXSA İBLİS?..

BABƏK YUSİFOĞLU
38833 | 2014-04-01 09:04
Müqəddəs kəlamlarda buyurulur ki, dünyadakı hər şey İnsan üçün yaradılmışdır. Çünki İnsan Yer üzünün əşrəfi sayılır. Və bu, Allahın lütfüdür. Lakin o da deyilir ki, yaradılmışların ən mükəmməllərindən hesab olunan İnsan ona bəxş edilənlərin qiymətini bilmədiyi üçün əbədi cəzasını almışdır.
Çox maraqlıdır, düşünmək bacarığı, yaxşıyla pisi seçmək imkanları, fəaliyyət muxtariyyatı verilən İnsan ona bəlli edilən qadağanı saymadığı üçün Tanrı tərəfindən cəzalandırıldı, lakin bununla belə əməllərindən və günahlarından nəticə çıxara bilmədi. Cəzasını çəkməkdəykən belə daha ağır, bəd əməllərindən usanmadı. Yer üzünə göndəriləndən bəri müxtəlif cür günahlar işləyərək təmizlənməyə çalışmadı. Özü də nə yazıq ki, ona verilən ağıl ilə nəyin günah, nəyin savab olduğunu dərk edə-edə...
Bundan da qəribəsi odur ki, məhz yaradılmışların ən mükəmməllərindən sayılan İnsan min illərdi İlahi düzəni, İlahi dəngəni pozmaq üçün şüurlu şəkildə əlindən gələni etməyə çalışır... Əlbəttə, qəlbən inananları, günahdan qorxanları bura şamil etmək olmaz.
Hətta elələri də var ki, günah-savab bir tərəfə qalsın, onlar öz bədheybət, qorxunc... əməlləriylə İblisin özünü dəhşətə gətirə bilir, hətta yırtıcı heyvanları da üstələyirlər. Görünüşcə bu insan tiplərində olanlara əslində ad tapmaq belə mümkün deyil. Jan-Bedel Bokassalara... Təsəvvür edə bilərsinizmi, günahkar, cinayətkar, qatil... sözləri belə Bokassaya tərifdi. Tanıyırsınızmı onu?..


(Əvvəli qəzetin 18 mart sayında )

Qohumunun səviyyəsindən, xüsusən də bacarıqsızlığından arxayın olan Dako qısa müddətli olsa da ara-sıra "şəxsi işlərindən" ötrü "aradan çıxır"dı. Və xəbəri də yox idi ki, onun son dərəcə sadəlövh gördüyü Jan-Bedel əslində hər şeyi çox diqqətlə izləyir, beynində planlar qurur, münasib fürsət gözləyir. O hətta nəzəri cəhətdən hər şeyi hazırlamışdı da... Hərbi çevrilişi...
Bu, 1965-ci ildən 1966-cı ilə keçən gecə baş verdi. Həmin axşam - Bokassa prezident qohumunun eyş-işrət, yeyib-içmək üçün nazirlərinin biri ilə bərabər paytaxt Banqidən çıxıb ətraf qəsəbələrin birinə getdiyini öyrənmişdi. Və o, vaxt itirmədən hərəkətə keçməyə qərar verdi. İlk növbədə güvəndiyi hərbi hissələrin köməyi ilə prezidentə sədaqətli bəzi jandarma qüvvələrini neytrallaşdırıb, lazım olan bütün vacib mövqeləri nəzarət altına aldı. Qısa müddətdə çevriliş həyata keçirdi. Amma nədənsə Dakonu hakimiyyətdən uzaqlaşdırsa da başqaları kimi öz xələfini öldürməyib uzunmüddətli həbsə atdırdı.

HAKİMİ-MÜTLƏQ...

Lakin o, hakimi-mütləq olandan sonra qohumu Dako kimi "səhlənkarlıq" eləmədi. Hakimiyyəti qoruyub saxlamaq üçün təcili olaraq bir sıra tədbirləri həyata keçirdi. Belə ki, Jan-Bedel ilk növbədə Dakonun tərəfdarlarını hakimiyyətdən yox etdi, ardınca özünü prezident seçərək həm də ölkədəki yeganə siyasi partiyanın - "Qara Afrikanın sosial tərəqqisi uğrunda"nın lideri oldu.
Qeyd edim ki, o, hakimiyyətə yiyələnəndən sonra bu siyasi partiya məcburi qaydada həddi-büluğa çatmış bütün insanları əhatələyirdi. Bundan başqa, Jan-Bedel təcili, yəni 3 gün sonra - 4 yanvarda MAR-ın mövcud dövlət konstitusiyasını ləğv edərək parlamenti buraxdı. Və bununla da dövlətin amansız diktator tərəfindən idarəsinə başlandı.
Qohumu Dakoyla bağlı addımları isə heç də elə təsəvvür yaratmasın ki, bu amansız adam əvvəlki hakimiyyətin digər vəzifəli şəxsləriylə də, nüfuz sahibləriylə də humanistcəsinə davrandı. Xeyr. Bokassa əslində hamıyla tarixdə kimsənin etmədiyi qəddarlığı, intiqam üsulunu həyata keçirir və bundan zövq alırdı.
Ebonitdən onun üçün xüsusi hazırlanan trossla adamları döyür, başlarını yarır, gözlərini çıxarır, hətta öldürürdü də. Bioqrafların qənaətinə görə, Bokasanın bu cür davranışları əsasən iki məqsəd güdürdü. Birincisi, o xarakterindəki yırtıcılıq duyğularını "qidalandırır", ikincisi də bütün ölkədə bir qorxu, bir vahimə saxlanmasına çalışırdı.
Jan-Bedel hakimiyyətinin daha etibarlı, daha yaxşı qorunması üçün kadr "islahatı" da keçirirdi. İlk növbədə bütün vəzifələrə konkret olaraq m.baka qəbiləsindən, həm də özünün bələd olduğu adamları gətirdi. Daha sonra elə bir gizli məlumat şəbəkəsi yaratdı ki, vəzifəli şəxslərin heç biri həmin şəbəkənin strukturundan xəbərdar deyildi. Eyni zamanda ordunun sayını artıran Bokassa özünü həm də silahlı qüvvələrin komandanı elan etdi. Əslində o təkcə ordunun deyil, dövlətin bütün güc strukturlarının rəsmən dəyişməz rəhbərinə çevrildi.

İLK ETİRAZLAR, QƏTLİAMLAR VƏ ADAM ƏTİNDƏN YEMƏKLƏR

Və bundan sonra bütöv bir ölkənin bu diktator tərtərəfindən talan olunması, həm də görünməmiş cinayətləri başladı. Ələ keçirdiyi bütün bu imkanlar Bokassaya bəs etmədiyindən 1972-ci ildə özünü ölkənin ömürlük prezidenti elan etdi. Vəziyyət dözülməz həddə çatmışdı. Elə bir həddə ki, vəzifəlilərin belə narazılıq bildirən bir söz söyləməyə cürəti çatmayan MAR-da iki dəfə - 1969-cu ildə və 1974-cü ildə dövlət çevrilişinə cəhdlər edildi, amma nə yazıq ki, bunlar uğursuzluqla nəticələndi. Yüzlərlə insan Bokassanın məhkəmələri tərəfindən türmələrə məhkum edildi, yüzlərlə insan amansız işkəncələr üzündən həbsxanalardaca öldü.
Bu cür narazılıqların təkrarlana biləcəyindən narahatçılıq keçirən Bokassa özü inanılmaz cəza tədbirləri həyata keçirməyə başladı. Bütün nazirlərin, yüksək vəzifəli məmurların yeri sürəkli dəyişdirilir, hər birinin şəxsi həyatı gizlicə izlənirdi. Əslində kiminsə cəzalandırılmasından ötrü şəxsin hansısa günah işlətməsinə gərək yox idi. Təkcə Bokassanın şübhələnməsi kifayət edirdi ki, həmin adam həbsə atılsın və işgəncələrlə öldürülsün. Lakin heç bu da dəhşətin sonu deyildi. Bioqraflar yazırlar ki, Jan-Bedelin xüsusi aşpazı Filipp Lenqiz həmin adamların ətindən prezident üçün yeməklər hazırlayırdı.
Sonralar bir çox şahidlərin ifadələrində göstərilirdi ki, Bokassa insan ətindən hazırlanmış yeməkləri çox sevirmiş. Özü də o, qeyri-adi hərəkətlər etməyi də "yaddan çıxarmırdı". Deyilənə görə, Jan-Bedel nazirlərindən birini öldürərək ətindən cürbəcür qızardılmış xörəklər hazırlatmış, sonra həmin nazirin bütün ailə üzvlərini evinə qonaq dəvət edərək yeməkləri yemişlər.

BƏDHEYBƏT İMPERATOR

Şəxsini Napoleona tay tutan Bokassa 1976-cı ildə özünə "Mərkəzi Afrika Respublikasının İmperatoru" adını verdi. Bu münasibətlə bir rəsmi tədbir düzənləyərək başqa ölkələrin liderlərini də mərasimə dəvət etdi. Və həyat səviyyəsi yoxsulluq həddindən də aşağı olan ölkənin büdcəsindən nə az, nə çox 50 milyon dollar (həmin dövr üçün bu çox böyük məbləğ idi) imperatorun tacqoyma mərasimi üçün xərcləndi. Fransadan təyyarəylə təkcə 7 ton gül gətirilmişdi. Ümumiyyətlə, bütün bu proseslərdən ötrü inanılmaz, hətta Qinnesin Rekordlar kitabına belə düşəcək hədiyyələr, bəzək-zinət əşyaları, içkilər, geyimlər... hazırlanmışdı.
Bununla bağlı tükürpərdici bir faktı da qeyd etmək yerinə düşər. Mərasimin başlanmasından təxminən bir ay əvvəl Bokassa əmr vermişdi ki, həbsxanada yatan siyasi dustaqlardan qandallar açılsın, onlara yaxşı qulluq edilsin, yeməkləri vaxtı-vaxtında verilsin, təmizlikləri lazımınca yerinə yetirilsin. Məhbusların özlərinə də bildirmişdi ki, mərasimdən sonra hər kəs "İmperator əfvi" ilə mükafatlandırılacaq. Amma mərsim günü onlar Bokassanın mətbəxinə aparılmışdı: xüsusi yeməklərin hazırlanması üçün başları kəsilmiş formada.
Elə həmin il ölümünü gözləri önünə almış bir qrup insan bu bədheybət məxluqu aradan götürmək üçün ona sui-qəsd hazırladılar. Amma bu dəfə də heç nə alınmadı. Və bu Jan-Bedeli daha da azğınlaşdırdı. Bioqrafların yazdıqlarına görə, bir çox hallarda xoşuna gəlməyən insanları şəxsən özü öldürür, bəzilərindən də ona yemək hazırlanmasını əmr edirdi. Hətta bu qorxunc hökmdar intim əlaqədə olduğu bəzi qadınları belə öldürürdü.

DƏHŞƏTİN GÜLMƏLİ ÜZÜ?..

Qəribəydi, deyilənlərə görə, bu qorxunc adamın görünüşü kənardan bir qədər fərqli təəssürat yaradırmış. 1970-ci illərdə MAR-da onunla görüşməyə nail olan qərb jurnalistlərdən biri Bokassanı belə təsvir edirdi: "...Alçaq boylu bir adamdı. Seyrək saqqalı, sulu gözləri, yağlı üzü var. Çöhrəsində xatirələrindən və yaşadıqlarından qaynaqlanan bir gərginliklər hiss olunur. Marşal mundirində olan bu adamyeyən heç də qorxunc deyildi. Əksinə, o daha çox gülməli görünürdü..."
Bəli, Fransanın da daim çox yaxından dəstək verməsi ilə (o tez-tez Fransada hakimiyyətində olanlara çox qiymətli hədiyyələr, nadir brilyantlar göndərirdi) Jan-Bedel Bokassa öz ölkəsində dəhşətli bir rejim yaratmışdı. Və geriyə heç bir yolu qalmayan xalq yenidən hökmdara qarşı hərəkətə keçdi. Proses ilk olaraq 1979-cu ilin yanvarında məktəblilərin və tələbələrin küçələrə çıxması ilə başladı. Və çox çəkmədi ki, paytaxtın küçələrindəki bu etiraz yürüşü üsyana çevrildi. Amma hökmdar hadisələrin böyüməməsi üçün hərbi birləşmələri meydanlara yeridərək üsyanı amansızcasına yatırtdı. Bu zaman əsgərlər tərəfindən 150-dən çox insan öldürüldü...

(Ardı qəzetin 8 aprel sayında)


BABƏK YUSİFOĞLU
[email protected]
babekyusifoglu.blogspot.com

TƏQVİM / ARXİV