adalet.az header logo
  • Bakı 19°C

Qəhrəmandan ölü düzəltmək

SAMİRƏ ƏŞRƏF
40766 | 2014-03-29 08:42
Daha bir bayram tonqalını da söndürüb küləyə uçurdandan sonra yarı xəstə, yarı sağlam keçdik üzü yaza doğru. İl, ay təzələndi, amma bizim insanlarımızın zehniyyəti təzələnmədi ki, təzələnmədi. Balacadan tutmuş böyüyə qədər hamının gözü şəkərburada, paxlavada, bir nimçə qəvlili aşda ilişib qaldı.
Bizim insanlar nədənsə bayramları məhz bir qarın şirniyyata, yağlı plova görə daha çox sevirlər.
Bayram vaxtları rastlaşdığım insanlrın üzündəki təlaş, saxta bayram həvəsi ürəyimi bulandırdı. Şənliklərdəki uşaqların sevincləri də yarı qəmli təsir bağışlayırdı. Uşaqlar üçün bayram şənlikləri keçirilən binaların çıxışlarında çöldə iyirmi qəpiyə olan oyuncaqları bir, iki manata satan dayıların ildən ilə artan kədərlərini də gözəl başa düşmək olar. Axı nəvəsini şənliyə gətirən nənənin, babanın, ata-ananın pulu yoxdu sənə tərəf dartınan uşağına bahalı və keyfiyyətsiz hədiyyələr alsın.
Televiziya kanallarımız bir daha sübut etdilər ki, onlardan bu xalqa yar olmaz. Ucdantutma bütün kanallar xarici tv-lərin efirində gedən verilişləri biabırçı şəkildə imitasiya etməklə məşğul olduqlarını bir an olsun belə unutmadılar. Çərşənbələrdə də hardansa bir-iki torpaqşünas, təbiətşünas tapıb gətirib əyləşdirdilər efirlərdəki, bizə çərşənbələrin yerlə-göylə olan əlaqələrini başa salsınlar.
Bir az bərkgedən, pulu özünə çatan kanallarımızda şəkərbura, qoğal bişirməklə baş qatdılar. Nədənsə heç kəs anlamaq istəmir ki, bu bayram uzun illərdi bizim məmləkətdə qeyd olunur və obamızda bu iki cüt bir tək şirniyyatı bişirə bilməyən arvad, gəlin qalmayıb. Ay qadanız alım axı çəklilmiş qozla, şəkəri yağlı xəmirin arasına doldurmağa nə var ki, bu xalq hər il eyni vaxtda yupyumru kulinar xalaların "master klasslarına" məruz qalırlar?!
Nanay-ninayçılarımız da sağ olsunlar, işlərinin öhdəsindən ləyaqətlə gəlməyi bacardılar. İkinci ikiyə vura bilməyən ninayçılarımız kanallarda, restoranlarda qaz vurub, qazan doldurdular. Allah artıq eləsin. Bir dilim torta görə bir-birinin saçını yolan camaata hələ bu da azdı.
Saytlarımız da ölüm, qətl, zorlanma xəbərlərini bayram günlərində də səngitmək istəmədilər. Əksinə nə olur, olsun bir vasitə ilə hər hadisəyə novruz möhürü vurub, bahar donu geyindirməyə cəhd göstərdilər.
Rəhmətlik Hüseyn Dəryanın ölümü hələ bayramdan öncə bütün media əhli üçün yaxşıca "xammal" oldu. Hərə əlinə bir qələm götürüb öz aləmində döşədi rəhmətliyin qabırğasına...
İnsafən deyək ki, Hüseyn Dəyra yaxşı çalıb oxuyan idi. Lap elə şəxsi həyatını da nəzərə alsaq əsl qəhrəman ömrü yaşayırdı. Amma təəssüf ki, bizim qəhrəman sevmək istəməyən, xalqımız onun istedadını düzgün qiymətləndirə bilməyib Hüseyn Dəryanı küçük Əmrahın yerinə basdı. Halbuki Hüseynin istedadı Əmrahdan qat-qat üstün idi. Amma bu natamam, inkişaf olunmamış, rəndələnməmiş savadsız üstünlük idi.
Bizim şanlı insanlarımız çox qısa zaman ərzində ondan ortabab bir manıs düzəltmək istədilər. Hüseyn isə haqq üçün deyək ki, manıslığın fövqündə dayanmağa can atırdı. Nə üçün yarandığını, niyə yaşadığını, özündə olan gücün nə üçün ona verildiyini anlamağa cəhd göstərirdi. Bütün bu çaşqınlıqlar içərisində sabun köpüyü kimi onu bürüyən şöhrət təbii ki, onun gözlərini qaraltdı. Üstəlik həmkarlarının onu təkləməsi və ona qarşı qurulan şou oyunlara cavan yaşlarda tab gətirmək Hüseyn üçün çətin oldu. Qurşanmalar, məhəbbətlər, qeyri-sağlam həyat tərzi bir gəncin axırına çıxdı.
Belə deyək də üzüsulu başını götürüb bu dünyadan getdi. O, getdi. Yaxşı bu yerdə qalanlara nə düşüb ki, düz on beş gün camaatın baş-beynini aparmaqla məşğul oldular. Ayrı vaxtı müqəddəs bayramımız deyib beynimizi tökən adamlar, indi Hüseyn Dəryanın ölümü ilə reklam tutmağa, pul qazanmağa başladılar. Bəlkə də əli xonçalı Novruz kişidən utanmasaydılar hələ uzun müddət özləri üçün pul qazanacaqdılar.
Bütün bu baş verənlər bir daha sübut etdi ki, bizim fanatlığımız da, pərəstişkarlığımız da yarımçıq və tutarsızdı. Dünya səviyyəsində gənc yaşlarında intihar edən, qətlə yetirlən, avtomobil qəzasına həlak olan yüzlərcə istedadlı, məşhur insanlar olub ki, onların dəfn mərasimlərində fanat, pərəstişkar əlindən addım atmağa yer olmayıb. Bizdə isə son hadisələr onu göstərdi ki, biz hələ dünyaya çata bilməmişik, sadəcə olaraq onun həndəvərində özümüz üçün fırlanırıq.
Biz bir repçidən qəhrəman yox, qəhrəmandan ölü düzəltməyə müvəffəq olduğumuzu bir daha dönə-dönə sübuta yetirdik. Hələ uzun illər də bu ənənəni layiqincə davam etdirəcəyimizə tamamilə əmin ola bilərsiniz.

Samirə Mirəşrəf

TƏQVİM / ARXİV