BİZ BELƏ TANIŞ OLDUQ...

ƏBÜLFƏT MƏDƏTOĞLU
73300 | 2014-03-29 08:41
Havalar bir balaca isinib... yazın nəfəsi duyulur. Necə deyərlər, təbiətin damarına istilik çilənib. Görünür, bu səbəbdəndir ki, indi adamların da bir növü damarına hərarət hopur. Bunu özümdən demirəm, real vəziyyətə söykənib bu qənaətə gəlmişəm. Belə ki, məhləmizdə yaşayan bir cavan oğlan neçə gündü tətildən istifadə edib "it ilindən" qalma köhnə maşınını yuyub təmizləmək bəhanəsi ilə maqnitafona gur səs verib və maqnitafonun da həmin o gur səsi ilə tanımadığım "ulduzlar" çığıra-çığıra oxuyurlar:

Sizə elçi göndərim,
Amma anam bilməsin...

Bu səs ilişib beynimə, özü də çox pis ilişib. Əvvəl səbəbini bilmirdim. Sonra yavaş-yavaş bu ilişmənin səbəbini anlamağa başladım. Anladım ki, burda məntiq yoxdu. Yəni bir halda ki, söhbət elçilikdən gedir və bu elçi də hansısa bir ünvana gələcəksə, deməli, evin bütün üzvləri kimi xanımı da, yəni ana da biləcək ki, söhbət nədən gedir, iş nə yerdədi. Bu mənada "anam bilməsin" fikri heç cür qəbul oluna bilməz, hətta mahnıda da...
İkincisi, bu cür əttökən mahnıları gur səslə ətrafa səsləndirmək, hamının əsəbi ilə oynamaq özü də bir anormallıqdı. Deməli, bu anormallığın kökündə həmin o damara istilik qaçması dayanıb. Yəni bu cavan oğlanın sümüyünə düşüb yaz havası. O da yavaş-yavaş isinən qanının coşması üçün belə coşqulu mahnılara könül verir ki, görsün kiminsə diqqətini çəkə bilirmi və yaxud da diqqətini çəkdiyini öz əhatə dairəsində saxlasın. Cavanlıqdı də, nə demək olar...
Hə, bax elə bu tətil günlərinin həmin o "coşqulu" musiqilərini dinləyə-dinləyə dağı arana çəkdim, aranı dağa. Xatırladığım məqamların qan qaraldanı da oldu, ürək açanı da. Mən də daha çox bayram ovqatını nəzərə alıb necə deyərlər, işıq gələnə, yəni könül açan məqamlara tərəf üz tutdum, o məqamlara ki, onu xatırlamaq həmişə xoşdu və nə yaxşı ki, ömrümüzün o könül açan günləri də olub... Və hərdən xatirələrin qanadında o günlərə aparan duyğular yaxşı ki, bizi tərk etməyib...
İndi o duyğulara söykənib, o xatirələrə baş vurub nə qədər düşünsəm də, necə tanış olduğumuzu xatırlaya bilmirəm, heç cür o tanışlıq gözlərimin qarşısında canlanmır. Nə o yer yadıma düşür, nə o məqam, nə də bütün o yerdə, o məqamda baş verənlər. Öz-özümə suallar ünvanlayıram:
- Harda, hansı şəraitdə, necə tanış olduq? Tanışlığımıza hanısısa bir səbəb, ehtiyac duyuldumu? Vasitəçi oldumu?..
Yox, yenə xatırlamadım. Deməli, heç tanış olmamışıq və yaxud da biz elə tanış da doğulmuşuq. Bir göyün altında, bir yerin üstündə, bir gündə, bir anda dünyaya gəlmişik. Gələn kimi də qarşılaşmışıq, tanış olmuşuq. Bu yazdıqlarım sənə də, hamıya da gülməli gələ bilər. Doğulursan və həmin anda tanış olursan. Maraqlıdı, elə deyilmi? Məncə heç bu sualın da yeri deyil. Ona görə ki, mən necə tanış olduğumuzu şeirə çevirmişəm. İndi o sualdansa, o şeirə daha çox ehtiyac duyuram.

Biz belə tanış olduq
Amma heç kim bilmədi.
Nə iləsə vurulduq -
Heç kim də qan silmədi...

Dillərimiz sükutda
Gözlərimiz tanışdı
Olduğumuz mühitdə -
Gözlərimiz danışdı...

Torpaq xəbər tutmadı
Göyə səda gec çatdı.
Ürəklər dinc durmadı -
Döyüntülərı artdı...

Biz belə tanış olduq
Aşkarda, amma gizlin...
Bu böyük məhəbbətin -
Allah vermişdi iznin!..


***
Həyatın bütün məqamları o vaxt maraqlı və yadda qalan olur ki, o, vərəq kimi çevrildikcə gözünə nəsə yaxşı bir şey dəyir, diqqətini çəkir. Və sən də həmin o diqqətini çəkənin ipucunu axtarıb tapırsan və başlayırsan çözməyə. Çözdükcə də bir-bir, necə deyərlər, anbaan hər şey bərpa olur, hər şey təzələnir... Belə təsəvvür edək ki, gözünün qarşısında bünövrə qazılır. Divar hörülür və yavaş-yavaş layihəsini əvvəlcədən hazırladığın bir saray, bir bina, lap elə adi bir sığınacaq hazır olur. Sən də o prossesin hamısında iştirak edirsən. İstər mühəndis kimi, istər fəhlə kimi, istərsə də tamaşaçı kimi...
Ən dəhşətlisi odur ki, çevrilən vərəqlərdə heç nə diqqətini çəkməsin. Heç nə gözlərinin önündə canlanmasın. Vərəqlər xəzəl yarpaqları kimi eləcə küləklərin, hətta mehin təsiri altında ovulub tökülsün, qorxasan ona toxunmağa. Özün də biləsən ki, heç nə yoxdu o vərəqlərdə, özün də biləsən ki, yaşanmamış, yazılmamış o vərəqlər ən yaxşı halda səssiz, sözsüz bir barmaq kağız parçasıdı, özü də heç kəsə gərək olmayan kağız parçası...
Hə, indi bütün bu yazdıqlarımı özümə tətbiq etmək, öz içimdən, yəni öz köynəyimdən keçirib dəyərləndirmək, urvata mindirmək istəyirəm. Ona görə də həmin o vərəqlərdə izlər axtarıram. Və şükür edirəm ki, bu axatırşlarım boş və mənasız cəhdlərdən ibarət deyil. Əksinə, bu axtarışın nəticəsi ortada olan bir dəli sevgidi, harda tanış olduğumuzu bilmədən, harda doğulduğunu da xatırlamadan yaşadığımız sevgidi...
Bax, elə ona görə də o vərəqlərə üz tutmaq, o vərəqləri çevirmək mənim üçün təkcə xatirələrə dalmaq deyil, həm də o dediyim sevgini yenidən qazanmaq, yenidən kəşf etməkdi. Şükürlər olsun ki, indi xatırladıqca yaşadığımız ağrı-acılara baxmayaraq, biz ruhən təzələnirik. Sanki hər şey ilk anına, ilk nöqtəsinə qayıdır və biz o yolu yenidən üzü bugünümüzə doğru gəlməyə başlayırıq. Belə olan məqamlarda istər-istəməz söz qoşmaq, şeir yazmaq istəyim də mənə dinclik vermir. Və mən bu istəyi də, o duyğuları da özüm üçün bir bəxtəvərlik sayıram.

Sevdiklərim sarılan
Baş daşı bəxtəvərdi
Sevdiklərim axıdan
Göz yaşı bəxtəvərdi -
Mənim üçün...

Açılan hər dan üzü
Oyadırsa o qızı
Yazı, yayı, payzı
Sərt qışı bəxtəvərdi -
Mənim üçün...

Qarası teldən düşə
Kəməri beldən düşə
Lap belə əldən düşə
Hər yaşı bəxtəvərdi -
Mənim üçün...

***
İllər öncəsi heç kimin - nə sənin, nə mənim, hətta bizləri istəyib-istəməyənlərin də ağlına gəlməzdi ki, həyatımızda bu cür dönəmlər olacaq... Düşmənin qurduğu tor bizləri pərən salacaq... Həyatın sərt sınaqları qapıları döyəcək... yurdsuz-yuvasız, evsiz-eşiksiz bir ömür payını təkcə yaşamayacağıq, həm də özümüzə yük edəcəyik. Həmin o yaşadığımız və yaşamadığımız nədisə, onu övladların da, doğmaların da probleminə çevrilən məqamları olacaq... onlar da dadacaq bu acını, şirini. Və biz onların da daddığı bu acının, şirinin yükü nədisə ona da uşaqların gözlərindən kənarda, gizlin bir yerdə dözməli olacağıq. Əgər buna dözmək demək mümkünsə...
Təəssüf ki, dünyada, həyatda hər şey təkcə mənim, sənin istəyincə, ürəyincə olmur. Əgər belə olsaydı, nə gileylənməyə, nə də nisgil yaşamağa heç bir səbəb tapılmazdı. Sadəcə, ürəyimizin, istəyimizin verdiyini həyatdan alıb qayğısız bir ömür yaşayardıq. Görünür, yeri-göyü yaradan insanın həmişə eyni mühitdə, eyni durumda, lap obrazlı desəm, standart bir qəlbdə yaşamasına ona görə imkan verməyib, şərait yaratmayıb ki, insan dünyadan, həyatdan bezməsin, özündən baş götürüb qaçmasın. Axı eyni şərait, eyni rəng, eyni durum, eyni fikirlər, eyni həyat tərzi, bir sözlə, həmişə ağ rəng görmək insanı necə yorursa, bax o dediklərim də, o eyniyyət də o cür yorur, o cür doydurur adamı. Ona görə də biz daha çox rəngarəngliyə meyl edirik, şəhərdən baş götürüb təbiətə qaçırıq. Orda keçirdiyimiz müəyyən zamının verdiyi hər nədisə, onun hesabına bir az təzələnirik, bir az sanki cilalanıb duruluruq. Bax, bu da yaşamaq həvəsimizi müəyyən qədər artırır, işimsizin qulpundan bir qədər həvəslə tuturuq. Deməli, ölü nöqtədən uzaqlaşırıq.
Mən yazının əvvəlində bir cavan oğlanın dinlədiyi musiqidən söz açdım. Bu da səbəbsiz deyildi. İndi həmin səbəbə qayıdıram. Elə həmin oğlanın timsalında ötən illəri xatırlayıram. O illərin Məni dayanır qarşımda - bir az iddialı, bir az ərkəsöyün, bir az özünə sığışmayan və bir az da özündənrazı... Sanki bütün dünya - yer, göy hamısı onun ixtiyarındadı, onun himayəsi altındadı. Amma haqq üçünə etiraf edim ki, o yaşda, o sevdada olanların hamısı elə bu cür düşünür və onlara da qalan elə bu düşüncələr olur...
Bəli, indi həmin o keçmişdə qalan mənim bugününü sanki güzgüdə sorğu-suala tuturam. Ona görə güzgüdə ki, qarşılaşan mənlər bir-birlərinə o qədər bağlıdılar ki, fərqli məqamları etiraf etməyəcəklər, bir-birlərinin xətirlərinə dəyməyəcəklər, güzəştə gedəcəklər. Mən isə bu günümə söykənib dünənim üçün güzəşt istəmirəm. Axı, bütün olanların günahkarı özüməm. Bir halda ki, günahkar da bəllidi, onda güzəştdən və yaxud da başqa hansısa məqamlardan danışmağın heç yeri qalmır. Və mən də yalnız susmaq, sükuta qərq olmaq deyil, həm də o güzgüdə üz-üzə dayandığım bugünümlə yol yoldaşlığı etməyə bir növü məhkumam. Odur ki, yenə fikirlərimi misralara çevirirəm. Tam əminəm ki, dünəndə qalan Mən bu gündə olan Məni olduğu kimi görəcək.

Mən indi
nə qədər
tənha olduğumu
və əslində
elə tənhalıq üçün
doğulduğumu
sənin gözlərindən
oxudum...
Sonra da
sən
heç nə demədən
gözlərini
götürüb getdin
mən isə
oxuduğum gerçəyin
yeddinci qatında
yəni
sənin tərk etdiyin
həyatımda
bir cəsəd kimi qaldım...

... Bizim heç kimə bəlli olmayan və Allahdan başqa kiminsə şahidi olmadığı tanışlığımızın yaşantılarıdı bütün bunlar. Mən onu duya-duya, sevə-sevə yaşayıram. Və istəyirəm ki, sən də bu tanışlığın bütün məqamlarını duya-duya, sevə-sevə yaşayasan...

Əbülfət MƏDƏTOĞLU
[email protected]

TƏQVİM / ARXİV