adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

AMAZONLAR ŞƏHƏRİ

VƏSİLƏ USUBOVA
28563 | 2014-03-29 08:38
Bir xəbərdən çox sıxıldım. Əslində, xəbəri bütünlüklə eşidə bilməmişdim. Anladığım bu oldu ki, hansı ölkədəsə imkanlı ərəb qadınları ayrıca şəhər salmaq fikrindədirlər...gŞəhərin statusu necə olacaq, orada kimlər yaşayacaq, iqtisadi vəziyyəti, əxlaq normaları necə olacaqgbilmədim. Sadəcə bir fikri tutdum vəg illüziyalarım işə düşdü. Şəhəri qadınlar salırsa, deməli, orada ancaq özləri yaşayacaqlar...
Əvvəlcə "nədən olmasın!" deyə düşündüm. Yəqin, artıq beziblər, hər addımlarının izlənilməsindən, zəif sayılmalarından, söz yiyəsi olmamalarından cana duyublar. Düşünürlər ki, bizim də sözümüzü deməyimizin, gücümüzü, iradəmizi ortaya qoymağımızın zamanı yetişdi...
Bir tərəfdən də qəlbimi soyuq kəsdi...
Nədən belə olmalıdı ki,...
Bu qadınlar elə bilir ki, imkanlı olmaq və bunu hamıya göstərmək, ardınca da öz ölkəsində, lap elə dünyada hansı bir ilkəsə imza atmaq xoşbəxtlikdi...
Məncə, şəninə Tac-Mahal yapılan qadın hamıdan xoşbəxtdi.
Hətta bu dünyada olmasa da...
Yuxarıda dediyim kimi, xəbəri eşitdim və istədiyim kimi yozdum... Bu mövzuya uşaqlıqdan həssasam, ona görə...

***

Dördüncü sinifdə "Kiçik oğul adına küçə" adlı qalın bir kitab oxumuşdum. Müharibədən danışılan kitabda "Stalin adına qızlar məktəbi" ifadəsi diqqətimi çəkmişdi və uşaq ağlımla o məktəbi xəyalımda canlandırıb darıxmışdım da. Sonralar da düşünmüşdüm: özünü Yer üzündə qadın hüquqlarının, azadlığının carçısı sayan Sovet dövlətində niyə belə məktəblər olmalıydı ki...
Yusif Vəzir Çəmənzəminlinin "Qızlar bulağı" romanını oxuyanda da belə anlaşılmaz hisslər keçirmişdim.
Bir də düşünürdüm ki, hələ eramızdan əvvəl Platon yaratdığı akademiyada belə qadınlar təhsil aldığı halda, niyə, məsələn, Qori müəllimlər seminariyasını bitirən bir nəfər qızın adına rast gəlməmişəm?!.
İnanmıram ki, o səhnədən təsirlənməmiş olasınız... Dəbilqəsi başından düşən qız uzun saçları çiyninə tökülü, dizlərini yerə atıb yanıqlı-yanıqlı şikəstə oxuyur. Səsində o qədər peşimançılıq, yorğunluq, bezginlik var ki... Bu məğlubiyyətə qədər yoldan ötənin başını kəsən, öcünü alıb qəzəbli duyğularını ovunduran qadından əsər-əlamət qalmayıb. Ağlayır, yalvarır... Bu halından məmnundumu, üzgündümü, bilinmir. Bəlkə ömründə ilk dəfə özündən güclü kişiyə rastladığına görə xoşbəxtdi indi. Çoxdan unutduğu, yadırğadığı qadınlıq duyğuları təzədən dilə gəlib, onu da bütün həmcinsləri kimi həlim, nəvazişkar, sevgi dolu olmağa çağırır...
Digər tərəfdən də... Bəlkə itirdiyi azadlığına, boyunəyməz ruhuna ağlayır, yas saxlayır bu qadın... Bir başdan, bir candan ötrü diz çöküb yalvaran deyil axı, o...
Saysız-hesabsız baş kəsən, canlar alan, qəddarlaşmış ürək sahibi bundan sonra bir qadın ömrü yaşaya biləcəkmi?!.
Öz ömrünün faciəsinə ağlayır bəlkə?!.

***
Bilmirəm, təsadüfmü idi, yoxsa, zərurətmi, həmin xəbəri izlədiyim gecə bir filmə də baxdım. Yaşı yetmişə yaxınlaşan qadın on beş yaşı olanda görüb vurulduğu oğlanı axtarırdı. Bu axtarış onu qəbiristanlığa qədər aparıb çıxardı. Amma yorulmadı, usanmadı, ümidini kəsmədi...
Sonunda ilk sevgisini-artıq yaşlanmış kişini tapıb ona qovuşdu...
Deməyin ki, bu yaşdan sonra nə mənası var? Xeyr! Bir gün bu dünyaya gözlərini qapayanda biləcək ki, boşuna yaşamayıb və kiminsə sevgisini qəlbində aparır...
Bu bir film idi. Amma... həyatdan gözəl idi...
Yerinizə olmaq istəməzdim, əziz qadınlar! O filmə siz də baxın! Onda o gələcək möhtəşəm şəhərinizin-sevgisiz məkanınızın gözünüzdə xarabalığa dönəcəyinə əminəm...
İnanmıram, dünyada hansı kişisə təkcə kişilərin yaşadığı şəhərlərin salınması barədə düşünsün...

***
Novruz bayramında kəndimizə getmişdim. Uşaqlıq dünyamın "sakinləri"dən çox az adam qalıb daha. Yaşı səksəni haqlayan xalalar, bibilər, əmidostular, dayıdostular... Heç birinin də əri sağ deyil. Kimi beş il, kimi on il, kimi də on beş-iyirmi il bundan qabaq rəhmətə gedib. Bu qadınlarsa, artıq nəticələrini görüblər. Saçları ağarıb, sifətləri qırışsa da, gözlərində bir işıq, parıltı yaşayır. Heç biri ötən ömrünə təəssüflənmir. Alınlarına nə yazılmışdısa, onu da yaşayıblar fikriynən razılaşıb oturublar. Ərləri sağ olanda döyülüblər də, söyülüblər də, bəzən küsüb günlərlə, həftələrlə ata evində də qalıblar. Ancaq bu olanları xatırlamaq belə istəmirlər. Gözlərinin önündə artıq saç-saqqalı ağarmış övladları, cavan nəvələri, körpə nəticələri var. Bütün bunlara görə hər şeyə dözməyə dəyərdi...
Ən azından ona görə ki, onlar bilmir tənhalıq nə deməkdi...
İştahsız-iştahsız yediyimi görən əmim arvadı süfrədəki təndir çörəyini göstərib:
-Ye, başuva dönüm, ye. Öz dədə-babuvun çörəyidi, - dedi.
Mən də zarafatla, "indiyə baba çörəyi qalar?" dedim.
-Nöşün qalmır? Babuvun oğlu vardı bu evdə. Mən də ondan oğullar doğdum, bu da onların çörəyidi...
Oxumağı-yazmağı bilməyən kənd qadınının həyat fəlsəfəsidi bu. Ömür missiyasına verdiyi dəyərdi. Anladığı qədər, duyduğu qədər...
Deməli, həyat fəlsəfəsini anlamaqdan ötrü cild-cild kitablar oxumaq gərək deyilmiş. Sadəcə onu yaşamaq lazım imiş...
Mən əmim arvadını avropalı qadınla müqayisə etmək fikrindən çox-çox uzağam. İkisinin də fəlsəfəsinə sayğı duyuram.
İkisi də haqlıdı...
Həyat tərzinə və düşüncələrinə görə haqlıdılar...
Dünyanın harasında yaşamaqlarına baxmayaraq...

Vəsilə USUBOVA
[email protected]

TƏQVİM / ARXİV