Çörəyi çörəkçiyə, pulu Dənizliyə

ETİBAR CƏBRAYILOĞLU
75195 | 2014-03-29 08:35
Bir həftəlik bayram tətilinin necə gəlib keçdiyindən xəbərim olmadı. Az qala Novruzun yanında xəcalətli qalacaqdım. Hamısı da bizim "Xəzər Lənkəran"ın üzündən... Bu kluba könül verən mənim kimi minlərlə azarkeşin günü belədi, nə gecəmiz var, nə gündüzümüz. İllərdi göz dolusu bayram sevinci yaşaya bilmirik.
El-oba bayram tonqalından hoppananda klubun formasını geyinən futbolçular topun üstündən ora-bura o qədər tullandılar ki, "ağ-yaşıl gəmi" irəli üzmək əvəzinə geri getməyə başladı. Neft hasilatından, qızıl istehsalından və satışından ətraflı anlayışım olmasa da, futbolu az-maz bilən adamam. Zarafat deyil, Maradonanı taxtda görmüşəm, Messini qundaxtda. Amma və lakin "Xəzər Lənkəran"da nələrin baş verdiyini başa düşə bilmirəm. Vallah-billah başa düşməyə çalışıram, hər dəfə də görürəm ki, günah məndə deyil.
Az qala Everestlə bir olan Con Benjamin Toşak klubun baş məşqçisi gətirildi, azarkeşlərə Toşak boyda dağ çəkdirib getdi. Okean boyda Dənizli gətirildi, o da belə. Cənublu fanatlar hələ ki, Dənizlidən Viləşçay qədər də xeyir görməyiblər. Türkiyədə ad-san qazanan Mustafa hoca biz tərəflərdə əl-qolunu sallayıb gəzir. Üstəlik buna görə dəstə-dəstə para da alır. Dənizli ilə dənizlər fəth etmək istəyən "Xəzər Lənkəran" meydançada gün keçirməklə məşğuldu. Klubun formasını geyinənlər stadiona futbol oynamağa deyil, sanki domino vurmağa çıxırlar. Son qarşılaşmalarda bu komandanın futbol oynadığını görməmişəm. Azarkeşlərin bu yanaşmada mənimlə həmfikir olduqlarına tam əminəm. "Xəzər Lənkəran" öz meydanında-Mübariz Mənsimovun inşa etdirdiyi "Fırtınalar meydanı"nda xalları ehsan paylayırmış kimi sağa-sola xərcləyir. Rəqiblərin xalları artdıqca "Fırtınalar meydanı"nda tamaşaçıların sayı azalır. Hamı da klub rəhbərliyindən gileylənir. Bu yanaşmada fanatlarla həmfikirəm. Bildiyim qədəri ilə elə bütün dünyada belədi, stadionda baxımlı futbol görməyən azarkeşlərin gözü tribunda klubun başbilənlərini axtarır.
"Xəzər Lənkəran"ın kursunu müəyyən edənlər azarkeşlərin tənqidi ilə razılaşmayıb bir gəmi arqument gətirə bilərlər. Deyə bilərlər ki, bizdən daha nə istəyirsiz, çörəyi çörəkçiyə vermişik. Düz də deyirlər, indi komandanı oyunlara nə Biçər, nə də Bakes çıxarır. Bir müddət əvvəl futbolçulara göstərişi Toşak verirdisə, indi bu işi Dənizli görür. İlk baxışda hər şey əladı- çörək çörəkçiyə, pul Dənizliyə verilib. Pulu kisə ilə Dənizliyə verənlər Mustafa hocanın işlərinə qarışmır, start heyət yazılan hazır siyahını baş məşqçiyə göndərmir, ona "filankəsi oyundan al, bəhmənkəsi meydana burax" mesajı yollamır. İlin-günün bu zamanında klub para sıxıntısı keçirmir, futbolçular "qa" deyəndə meyvə şirəsi alırlar, "qu" deyəndə təzə mal əti. Amma...
Lakin "Xəzər Lənkəran" bunca miskin duruma düşübsə, mübarizə əzmi dənizlərdə düşüb itibsə hər tərəfdən baxanda klub rəhbərliyi günahkar görünür. Tutaq ki, biz azarkeşlərin keçirdiyi stress, qazandığı əsəb xəstəliyi klub rəhbərliyinin heç umurunda deyil. Bəs paralar? Dənizliyə verilən, xərclənən paralar onları heçmi maraqlandırmır?
Niyə baş məşqçidən bunun hesabatı sorulmur? Bu qədər geniş heyəti olan komandada meydançaya çıxmağa 11 oyunçu tapmaq olmur. Futbolçuların yarıdan çoxu iynə vurur. Pardon, başqa şey başa düşməyin, oyunçular zədədən əziyyət çəkdiklərindən müalicə olunurlar. Axı klubun sahibi futbolçuların başına görə olmada da, ayaqlarına görə kisə-kisə pul xərcləyir. Mustafa hocadan bunun səbəbini niyə soruşan yoxdu? Dənizli ki dənizlərin o tayında, uzaqlarda deyil...
Klub rəhbərliyi Dənizlidən nə qədər tez hesab sorsa o qədər yaxşıdı. Mənim fikrimcə, bu işi azarkeşlərə buraxmaq daha böyük problemlər yarada bilər. Bu gün hər oyundan öncə tribunalarda "Mustafa!", "Mustafa!" çağıran fanatlar nə vaxtsa "İstefa!", "İstefa!" hayqıra bilərlər. Xalqımız onsuz da hər sözə qafiyə tapmağı çox sevir və bunun üçün bəhanə axtarır. Bunu klubun sahibləri yəqin ki, bilməmiş deyillər...

Etibar Cəbrayıloğlu

TƏQVİM / ARXİV