BİRDƏN KİTAB OXUYARSIZ?!

FAİQ QİSMƏTOĞLU
74064 | 2014-03-29 08:35
Bəzilərimiz kitab görəndə sanki elə bil qutuda ilanla üzləşirik. İlandan necə qorxuruqsa, kitabdan da elə uzaq düşürük. Bu gün kimdən soruşsan deyəcək: "Kitab oxumaq yaxşı şeydi". Amma indi gəlin görək bizim millətin kitab oxumaqdan xoşu niyə gəlmir?
Bayaq dediyimiz kimi, bəzilərimiz kitab görəndə sanki ilan-qurbağa ilə rastlaşırıq. Ancaq onu başa düşmürük ki, bu kitab elə bir şeydir ki, onu açsan-oxusan çox sirlərə vaqif ola bilərsən. Biz isə çox nadir halda kitabı açırıq, oxuyuruq və nəsə öyrənirik. Belə fikirləşəndə bir çox xalqlarla müqayisədə bizim millət o qədər də kitab oxuyan deyil.
Bizim millət dünyada yarış keçirilsə, yeyib-içmək üzrə birinci yeri tutar. Məsələn, bizim kənddə Sərxoş adlı bir oğlan vardı, bir oturumda toyda 40 kələm dolması yeyərdi, 6-7 araq içərdi. Tay-tuşları da onun yeyib-içməyinə çox maraqla və həvəslə baxardılar. Sanki Sərxoş nəsə yaxşı bir şey eləyir. O Sərxoş bir dəfə də olsun kitab oxumamışdı və məktəbi də can dərdi, can harayı bitirmişdi. Axırda da yeyib-içməyin qurbanı oldu. Toyların birində 50-60 dolma yeyib, sonra isə mərcləşib 10-15 araq içir. Bax, bununla da ömrünə son qoyur!..
Sözümün canı qohumum olan Sərxoşdan danışmaq deyil. Sözümün canı odur ki, vallah, biz kitabdan həmişə uzaq qaçmışıq. Qaça-qaça hara çatmışıq, hara gəlmişik özümüz də bilmirik. Odur ey, fransızlar, ruslar və yaponlar deyilənə görə, dünyada ən çox kitab oxuyan millətlərdir. Kişilər kitab oxuyublar, elm qazanıblar, axırda da dünyada on inkişaf etmiş ölkədən biri olublar.
Biz də inkişaf edirik, yüksəlirik. Ancaq kitab oxusaq birinci öz içimizdə, mənəviyyatımızda və həyatımızda inqilab edərik. Kitab oxuyan adam çox şeydən hali olur. Elmdən, inkişafdan xəbər tutur və onların qəlbində həmişə bir Allah sevgisi olur. Kitab oxuyan adam heç vaxt baş kəsib qan tökməz və kiminsə halal haqqını əlindən alıb yeməz. Bilmirəm, bəlkə kitab oxuyanlar arasında da zalım insanlar var, amma mən inanmıram ki, onlar kitab oxumayanlar qədər zalım, zülmkar və qəddar olsunlar...
Kitab oxuyan adamın ürəyi uşaq ürəyi kimi olur. Yəni bu adamlar heç vaxt qəddarlıq edib kiminsə başına olmazın müsibətlər açmazlar. Çünki onların içində o kitabdan gələn nur, işıq və qeyri-adi duyğular var. Mən ona da inanmıram ki, kitab oxuyan adam hansısa yetimin çörəyini əlindən alsın, başına qapaz vursun və incitsin. Təbii ki, insanın qəlbində bayaq dediyimiz kimi, Allah sevgisi və Allah xofu olanda o, istər-istəməz dünyanı daha dərindən dərk eləyir və hər şeyi incəliyinə qədər anlayır...
... Bir adam tanıyırdım. Hər imkanı vardı: üçmərtəbəli villası, bir neçə də xarici maşını. Bir sözlə, var-dövlət başından aşırdı. Bir dəfə məni evlərinə qonaq dəvət elədi. Evdə bahalı mebellərdən tutmuş qiymətli əşyalara qədər nə desən vardı. İstər-istəməz həmin adama öz iradlarımı söylədim:
-Hər şey çox gözəldir, bircə kitablarınız çatışmır!
Kişi diqqətlə məni başdan-ayağa süzdü, sonra da dedi:
- Rəhmətliyin oğlu, mən kitab oxusaydım bu qədər var-dövləti necə qazanardım?! Kitab oxusaydım, gərək onda halala haram qatmayaydım. Gördüyün bu ev-eşiyi də, bu var-dövləti də, maşınları da heç də halal yolla qazanmamışam. Bu sözü hər adama demirəm ha, sənə deyirəm. Elə bilirsən kitab oxuyanlar ağ günə çıxıblar? Otuz ildir səni tanıyıram, canını da mətbuat yolunda qoymusan, çoxlu da kitab oxumusan, amma bir eşşək araban da yoxdur. Sözlərim xətrinə dəyməsin, soruşdun, mən də dedim. Amma sənin iradlarınla razılaşıram. Sifariş verəcəm, bütün bahalı kitabları mənə gətirsinlər.
Bir aydan sonra yenidən həmin dostumla görüşdüm. Məni kitab rəfinə tərəf apardı. Nə az-nə çox, iki minə qədər bahalı kitablar almışdı. Dedi ki, bu kitabların hamısına 30 min manat pul vermişəm, amma özüm birini də oxuyan deyiləm. Qoy nəvələrim böyüyəndə oxusunlar...
Qəribədir, bəzi adamlar kitab oxumağı və öyrənməyi özlərinin mənliyinə sığışdırmırlar. Çünki birdən kitab oxuyarlar, ürəkləri yumşalar, yetimə-yesirə əl tutarlar, kasıblardan pul almazlar. Ən azından bu cür adamların kitab oxumaması və çox şeydən hali olmaması son anda elə onların özlərinə ağır zərbə vurur. Düzdür, onlar bu ağır zərbəni tez bir məqamda hiss eləmirlər. O vaxt bu zərbəni hiss edirlər ki, var-dövlət əlindən çıxır və özləri də müflis vəziyyətə düşür. Yəni puluna, varına-dövlətinə görə kimlərsə onların aftafasını götürürdülərsə, yaltaqlanırdılarsa bu imkan olmayanda həmin adamlar ona yaxın durmurlar. Çünki həmin adamların ancaq maddi imkanları və var-dövlətləri olub, mənəviyyatları isə həmişə boş bir kaha kimi görünüb...
Cahil, savadsız və nadan insanlar bəzən kitab oxumamağın qurbanına çevrilirlər. Xüsusən də ağır cinayət törədib adam öldürən, kimlərisə qarət adən, oğurluqla məşğul olan insanlar bu cahilliklərinin qurbanı olurlar. Yəni bir balaca savadı, biliyi olan şəxs heç vaxt gedib qohumunun evindən oğurluq eləməz və sonra da o yaxalanmaz.
Bu günlərdə eşitdim ki, qohumunun evindən 70 min manat pul və qızıl-zinyət əşyaları aparan insan yaxalanıb. Yaxalanarkən bildirib ki, Allah şeytana lənət eləsin, məni yoldan o çıxardı. Şeytanın heç bir günahı yoxdur, əgər həmin adamın bir balaca savadı, elmi və biliyi olsaydı, inanın, o bu cinayəti törətməzdi. Bəzən isə insan bir saniyəlik səbirsizliyinin və nadanlığının ömürlük əsirinə çevrilir. Deyir ki, filankəs məni söydü, mən də onu vurub öldürdüm. İndi baxın, bir anlıq səbirsizlik və dözümsüzlük insanı hara apardı? Dəmir barmaqlıqlar arasında qalmaq və əzab çəkmək həmin insanın qisməti oldu.
Bəziləri bəlkə də bizi qənayacaq, amma vallah, qınamaq asandır, əsas məsələ odur ki, deyilənlərdən nəticə çıxarasan və kitabdan, oxumaqdan, öyrənməkdən qaçmayasan. Boş-boşuna avara, sərgərdan veyillənməkdənsə, bir kitab oxumaq nəyə desən dəyər.
Amma biz bu mənəviyyatı və dəyəri zamanında qiymətləndirə bilmirik. Kitab oxuyan adam, vallah, heç vaxt qəddar ola bilməz, ev yıxa bilməz, kiməsə şər, böhtan atıb əyri yol tutmaz. İnsanın başına nə gəlirsə cahillikdən, nadanlıqdan və savadsızlıqdan gəlir. Deyirəm, bəlkə bir kitab oxuyaq?!

Faiq QİSMƏTOĞLU
[email protected]

TƏQVİM / ARXİV