adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7

HACILEYLƏK

MAHİR QABİLOĞLU
30280 | 2014-03-29 08:26
Pedaqoji institutu bitirən kimi təyinatımı sərhədyanı rayonlardan birinə verdilər. Gözəl təbiəti olan, Araz çayının yaxınlığındakı Hacıleylək adlı kənddə ədəbiyyat müəllimi işləməyə başladım. İyirmi iki yaşım vardı. Sovet qanunlarına görə istəsəm də istəməsəm də burda üç il müəllimlik etməliydim. Kənd camaatı çox mehriban idi. Güldəstə adlı bir qadının ikimərtəbəli evinin birinci qatında otaq kirayələmişdim. Girişi-çıxışı ayrı idi. Balaca mətbəxi vardı. Otaqda dəmir çarpayı, qapısı sınıq paltar dolabı, bir stol, bir stul vardı. Divara kitab-dəftər rəfi vurulmuşdu. Ayaqyolu həyətin o başında idi. Yanında da dayan-doldurum əlüzyuyanı. Bütün həyətlərdə olduğu kimi burda da böyük təndir vardı. Güldəstə xala çörək yapanda xaş-xaşın ətri aləmi götürürdü.
Çimməyə isə qonşunun hamamına gedirdim. Başqaları 50 qəpik versələr də, məndən pul götürmürdülər. Bu kənddə müəllimə hörmət böyük idi. Küçədə yanlarından keçəndə yaşından asılı olmayaraq ayağa qalxar, hörmətlə salamlaşıb, hal-əhval tutardılar. Evin yiyəsi Güldəstə xala da öz oğlu kimi baxırdı mənə. Əri türmədə ölmüşdü. Dul qalmışdı. Evdə dərzilik eləməklə başın saxlayırdı. Qızılgül adında qəşəng bir qızı vardı. Orta məktəbi təzə bitirmişdi. Otağımız üst-üstə idi. Gecə saat birəcən televizora baxırdı. Ən çox sevdiyi də hind filmləriydi.
Hər şənbə-bazar kəndə kino-maşını gələrdi. Əsasən hind və yapon filmləri olurdu. Oğlanlar üçün karateistlər, qızlar üçünsə sevgi-məhəbbət qəhrəmanları. Elə ki, hind filminin afişası asılırdı kəndin cavanları axşamdam yolun o tərəf bu tərəfində sıraya düzülürdülər. Ki... qızlar ən gözəl paltarlarını geyinib analarının müşayiətilə kino göstərilən yerə gələndə tamaşa etsinlər. Bəziləri burda gözaltı da edirdilər. Başqa ölkələrin filmləri gələndə ata-analar qızlarını kinoya buraxmazdılar. Çünki bu filmlərdə açıq-saçıq səhnələr ola bilərdi. Yəni ki, öpüşmək səhnələri. Hind filmlərində isə belə şeylər yox idi. Ancaq saf məhəbbət tərənnüm olunurdu. Dodaq dodağa yapışmaq istəyəndə kadr kəsilirdi. Kinoya gələndə qız-gəlinin əlində iki dənə cib dəsmalı olardı. Qəhrəmanının sevgi romanına dözməyib için-için ağlayardılar. Dəsmallardan birini ilk seriyada, ikincisini isə son seriyada göz yaşlarıyla isladırdılar.
Evə qayıdandan sonra isə iki-üç gün kinonun təsirindən çıxa bilmirdilər. Ürək sözlərini xatirə dəftərlərinə həkk edər, orda "kimi sevirsiniz?" sualına "varımdır, amma demirəm", "onun bundan xəbəri varmı?" sualına isə "yox" sözlərini yazardılar. Sonra da ürək, ortasında ox şəkli çəkərdilər. Yaşlı müəllimlərdən də hansı biri bu xatirə dəfətərini kimin əlində tutsa, valideynini direktorun yanına çağırardı. Yazdıqlarını, çəkdikləri ürək şəkillərini atasına göstərərdi. Bütün kəndə yayılardı ki, bəs filankəsin qızı tərbiyəsizdir - ürək, ortasında da ox şəkli çəkib. Deməli, istədiyi var. Qoca qarılar bir az da irəli gedib "köpəyin qızı qızıb da... tez ərə vermək lazımdır" deyərdilər.
Əgər qızlardan kimsə bulağın qabağından keçəndə oğlanlardan biri ona tərəf ovcunda su atardısa bu hadisə sayılırdı. O saat kəndə xəbər yayılırdı ki, bəs filankəsin oğlu filankəsin qızını "po-indiyski" sevir. Kəndimiz belə kənd idi. Abır-həya, tərbiyə hər şeydən üstün idi.
Mən isə kinoya getmirdim. Dərsimi deyib geri qayıdar, boş vaxtlarımda isə kitab oxuyardım. Günlərimi sayırdım ki, üç ilim nə vaxt başa çatacaq. Güldəstə xala da mənə doğma övladı kimi baxırdı. Yeməyimi bişirir, paltarımı yuyurdu. Qızılgül isə televizora baxmaqdan başqa bir şey bilmirdi. Günortalar da kənd kitabxanasında kitabxanaçı işləyərdi. Adı işdə gedirdi desəm düz çıxar.
Kəndimiz sərhədyanı bölgədə yerləşirdi. Ev də düz zastavanın qapı qonşuluğundaydı. Bəzən səhərəcən yata bilmirdim. "Trevoqa, trevoqa" sədaları, həyəcan siqnalları, itlərin ulaşması, yük avtomobillərinin uğultusu aləmi başına götürürdü. İlk günlər qorxu içində yuxudan oyanardım. Müharibə filmlərini xatırladırdı mənə bu səslər. Həyətə çıxıb, hasardan bu mənzərəni seyr edərdim. Sonra isə öyrəşdim. "Srabotka" olmayanda özümü narahat hiss edirdim. Məşədi İbad demişkən, "bir növ adətkərdə olmuşdum". Əsgərlərlə dostluq da edirdim. Rus dilini yaxşı bildiyimdən ünsiyyət qura bilmişdim. Siqaretləri olmayanda hərdən qapımı da döyürdülər.
Kəndin ortasında köhnə elektrik dirəyi vardı. Yeni xətt çəkilsə də bunu sökə bilmirdilər. Başında hacıleylək ailəsi yuva qurmuşdu. Maşın yolunun düz ortasında olduğundan dairə rolunu oynayırdı. Lap Bakıdakı Sabunçu kruqu kimi. Onların zəhmetkeşliyinə, balaları üçün yuvalarına yem daşımasına baxanda xüsusi zövq alırdım. Amma anlamırdım ki, bu quşların adını niyə "hacı" qoyublar. Bir-iki dəfə kəndin mollasından da soruşmuşdum. "Yəqin o müqəddəs ziyarətgahdan uçub gəlib buralara. Ona görə" cavabı mənim üçün çox bəsit görünmüşdü. Kəndin adının niyə Hacıleylək olmasını isə heç kim bilmirdi.
Mən əsasən yuxarı siniflərə dərs deyirdim. Bir qızın da gözünün içinə baxmırdım. Yalnız "Gülüstan" kolxozunun sədrinin qızı, rus dili müəllimi Fatmayla sıx ünsiyyət qurmuşdum. Daha doğrusu, o mənimlə danışmağa, hansısa mövzunun müzakirəsini aparmağa həvəs göstərirdi. Mən də etiraz etmirdim. Digər kənd qızlarından çox fərqlənirdi.
Moskvada təhsil almışdı. Geyimi də müasir stildəydi. Düzdür daş-kəsəkli, palçıqlı yollarla məktəbə gələndə qaloş geyinərdi. Amma məktəbə girən kimi ayaqqabılarını dəyişər, özünə xüsusi sığal verərdi. Subay idi. Eşitdiyimə görə kənddən istəyəni çox idi. Amma heç birinə razılıq verməmişdi. Yuxarıdan aşağı baxırdı kənd uşaqlarına. Deyirdi ki, "siz kim, mən kim. Anqırın, tayınızı tapın. Mən ali təhsilli, siz isə heç texnikum da bitirməmisiniz". Amma məni görən kimi yanımı kəsdirərdi. Tənəffüslərdə yaxınlaşıb söhbət edərdi. Ancaq rusca danışardı. Məni də məcbur edirdi ki, onunla rusca danışım. Beş il əziyyət çəkib öyrəndiyi rus dilini unutmaqdan qorxurdu. Kənd camaatı da ona bir təhər baxırdı. Küçədə forsla gəzər, heç kimə qarışmaz, hal-əhval da tutmazdı. Anası rəhmətə getdiyinə görə atasını tək qoymamaq üçün kəndə qayıtmışdı. Evin tək uşağıydı. Lakin yenidən şəhərə qayıtmaq arzusundaydı. Kənd camaatının ondan xoşu gəlmirdi. Adını Rus Fatma çağırırdılar. Amma kolxoz sədrinin qorxusundan ağızlarını açıb bir söz deyə bilmirdilər ona.
Mən isə "Dəli Kür"dəki Rus Əhmədin həyatını yaşasam da, nə pencərəmi tıqqıldadır, nə də gül qoyub qaçırdılar. Kolxoz sədrimiz də yaxşı adam idi. Məni ədəbiyyat müəllimi olduğum üçün "şair" deyə çağırırdı. Hərdən evinə dəvət edirdi. Fatma da yaxşı süfrə açardı. Kolxoz sədri ermənilərin çəkdiyi tut arağından qoyurdu ortaya. İçkiyə meylim olmasa da hörmət əlaməti olaraq özümü içməyə məcbur edirdim. Sonra da səhərəcən burnumdan, qulaqlarımdan parovoz kimi "tüstü" çıxardı. Qarnım, ayaqlarım od tutub yanardı. Bütün gecəni soyuq su içərdim ki, bəlkə yanğım sönə. Amma beynim dincələrdi. Bütün dünyanı unudardım. Güldəstə xalaya klassiklərimizdən sevgi şeirləri də oxuyardım.

Səba, məndən söylə o gül:::üzarə,
Bülbül gülüstanə gəlsin, gəlməsin?
Bu hicran düşkünü, illər xəstəsi
Qapına dərmanə gəlsin, gəlməsin?

Mən qurbanı olum ənbər tellərin,
Qönçə dodaqların, püstə dillərin,
O lalə rüxsarın, mişkin xalların
Oduna pərvanə gəlsin, gəlməsin?

Gözüm çox həsrətdir xumar gözünə,
Günəş camalına, şəkər sözünə,
Utanıram, necə deyim üzünə,
Dərdin xəstə canə gəlsin, gəlməsin?

Dolaşdır boynuma şümşad qolunu,
Qucaqlayıb qucum incə belini,
Lə:::li-ləbin əmim, sorum dilini,
Istər ölü canə gəlsin, gəlməsin?

Nəbati istəməz sənsiz dünyanı,
Izzəti, hörməti, şövkəti, şanı,
Bir zada qalmayıb daha gümanı,
Bu baş o meydanə gəlsin, gəlməsin?

Güldəstə xala da Əbülqasim Nəbatinin bu qoşmasını xüsusilə sevərdi. Məni içkili görən kimi gəlib otururdu yanımda. Yalvarırdı ki, Niyazi, sən Allah o "gəlsin, gəlməsin"i oxu mənimçün. Mən də böyük şövq və əl-qol hərəkətləriylə, hətta qarşısında diz çökərək deyirdim qoşmanı. Sanki eşq elan edirəm kimi. Güldəstə xalaya da ləzzət edirdi. Çox da yaşlı deyildi - 45 yaşı vardı. Amma əri öləndən sonra qara geyinmişdi. Altmış yaşında arvada oxşayırdı. Kolxoz sədri də hər dəfə araqdan vurub dəm olandan sonra sataşırdı mənə.
- Şair, Güldəstə arvadla aran necədir e? Hərdən "şeir-zad oxuyursan ona"?
- Hə.
- Hansı şeiri? Bir de görüm.
Mən də mülayim avazla qoşmanı söyləyərdim.
- Bərəkallah. Üzünə baxsan deməzsən ki, belə fərasətlisən. Deməli, artıq Güldəstə arvadı o söz? Hə?
- Yox, siz nə danışırsınız? Mən mədəni, intelligent adamam. Kimsəyə pis gözlə baxmaram. O mənə anam kimi baxır. Yeməyimi bişirir, paltarımı yuyur. Siz nə danışırsınız?
- Yaxşı... zarafat elədim də. Amma anekdotu eşitməmiş olmazsan.
- Hansı?
- "İntelligent əhvalatı"nı deyirəm də...
- Yox eşitməmişəm. Siz Allah, tərbiyəsiz şeydirsə danışmayın.
- Yox, elə sənin yaşına uyğundur. Günlərin bir günü bir intelligent dağ kəndinə piyada gedərkən qaranlıq düşür. Yolüstü başqa kənddə gecələməli olur. Bir qapını döyür. Qara paltar geyinmiş qadın səsə çıxır.
- Kimsən?
- Allah qonağı.
- Allaha da qurban olum, qonağına da. Nə istəyirsən?
- Filan kəndə gedirəm. Şər qarışdı. Gecələməyə yer istəyirəm.
- Ay qardaş, mənim iki otağım var. Özüm də tənha dul qadınam. Üç aydır ki, ərim ölüb. Bağışla. Səni evə buraxa bilmərəm.
Oğlan da nə desə yaxşıdır? Sənin kimi cavab verir ki, bəs "ay bacı, mən mədəni, intelligent adamam. Bu nə sözdür? Ayıb deyilmi?" Qadın bu sözləri eşidib, qonağı buraxır evə. Səhər oğlan oyanır. Həyətə çıxır. Görür ki, bu dul qadın toyuq-cücəyə dən atır. Həyətdə də beş xoruz, altı toyuq var. Soruşur ki, "ay bacı, beş dənə xoruz niyə saxlayırsan? Birin saxlasan bəs etməz?" O da nə cavab versə yaxşıdır? "Ay qardaş, xoruz olmağına fikir vermə, dördü sənin kimi intelligentdir".
Kolxoz sədri bu sözləri deyib qəşş eləyirdi. Mən isə utandığımdan pörtürdüm. Amma dəxli yox idi. Güldəstə xalaya başqa gözlə baxa bilmirdim. Sadəcə şeir oxuyurdum. Özü də ancaq Nəbatidən. Özü də ancaq kefli olandan olana.

Səba, məndən söylə o gülüzarə,
Bülbül gülüstanə gəlsin, gəlməsin?
Bu hicran düşkünü, illər xəstəsi
Qapına dərmanə gəlsin, gəlməsin?

Qızılgül isə mən şeir oxuyan kimi ikinci mərtəbədəki pencərəsini örtürdü. Örtmürdü ye... çırpırdı. Az qalırdı ki, şüşəsi sınıb başımıza tökülsün. Güldəstə xala da "ay bala, fikir vermə, uşaqdır. O nə bilir e bülbül nədir, gülüstan nə?" deyib gülümsəyir, sonra da dərindən ah çəkirdi.

(Ardı var)

MAHİR QABİLOĞLU

TƏQVİM / ARXİV