adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7

TƏSADÜF, YOXSA!..

SEYFƏDDİN ALTAYLI
52288 | 2014-03-29 08:25
Hardasa dörd aydır ki, sizlərlə görüşə gələ bilmirdim. Səbəbi isə ürəyimin xəbərsiz-ətərsiz məni o dünyaya aparmaq istəməsindən və onun bu gizli müəyyənləşməsindən sonra sonra yaranan hadisələrdi.
Əziz dostum Fazil Sadıqov prostatından əziyyət çəkirdi. Bir neçə dəfə Ankaraya gəlmişdi və GATA-da (Gülhanə Askəri Tıp Akademisi) müalicə olunurdu. GATA:::da 17 ildir təhsil alan üroloq Dr. Anar İsmayılov, müəllimi İbrahim Bəylə əl-ələ verib Fazil bəyi o əziyyətdən xilas etməyə çalışırdı (şükür ki, Fazil bəy indi yaxşıdır).
Yenə GATA-da təhsil alan və ürəyi dayandırmadan operasiya eliyəcək qədər püxtələşmiş, görkəmli bir cərrah olmuş dr. Anar Əmrah ilə dostum Rəşid Hüseynovun ürəyinin müalicəsi vasitəsilə tanış olmuşdum. İki Anarı da, yenə GATA-nın kardioloji bölməsində işləyən kardioloq dr. Səməd Səmədlini, dr. Hikmət Saxratov və digər bacarıqlı, işgüzar, ləyaqətli həkimləri, həkim namizedlərini necə deyərlər zərrabinlə seçib Türkiyəyə təhsilə yollayan istəkli və hörmətli generalımız Heydər Piriyevdi. Sözün burasında Heydər bəyə, iki vətənli və iki xalqlı, ömrünü Türkiyə ilə Azərbaycan arasındakı əzəli və əbədi qardaşlıqda köprüyə çevirən bir şəxs olaraq səmimi qəlbdən təşəkkürlərimi bildirirəm.
Sözü öz vəziyyətimə gətirmək istəyirəm. Dostum Fazil bəy də, dr. Anar bəy də təkidlə mənim başdan ayağa yoxlanmağımı məsləhət bildilər. Düzünü deyim neçə dəfə buruq verdim, çünki özümdə fiziki olaraq hər hansı bir problem hiss etmirdim. Elə oldu ki, Bakıya bir konqres vasitəsilə getməli oldum, gədib qayıtdım və bir gün Anar bəy zəng çalaraq, "ağabəy vətəndaşlıq nömrəni mənə söylə" dedi. Artıq buruq verəcək, qaçacaq yerim qalmamışdı, çarəsiz vətəndaşlıq nömrəmi Anar bəyə yazdırdım. İki gün sonra zəng çaldı və "səni birinci gün GATA-da səhər ertədən gözləyirik" dedi. Mən də boynumu büküb, "yaxşı qardaşım, gələcəyəm" dedim. Birinci gün səhər ertədən xəstəxanaya getdim və daxili xəstəliklər bölməsində başdan ayağa yoxlandım, qan analizləri verdim, hamısı təmiz çıxdı. Anar bəy, "sənə bir də Səməd abi baxsın, ürəyində də problemin olub-olmadığından da arxayın olaq" dedi. Zəng edib onunla danışdı, ikinci gün səhər-səhər dr. Səməd bəyin yanında olmalıydım. Ertəsi gün getdim, Səməd bəy ekoqram, kardioqramma və uzi (ultrason) ilə yoxladıqdan sonra, "müəllim bir də qaçış testinə gedək, tam arxayın olaq, indiyə kimi narahatedici heç nə çıxmadı" dedi və o aparatın olduğu məkana getdik. Altı dəqiqə yeritdilər, sonra qaçış prosesi başladı, iki dəqiqə qaçandan sonra Səməd bəy aparatı dayandırdı, "bir az dincəl, mən görəcəyimi gördüm", dedi. Mən isə heç nə hiss etmirdim, sadəcə olaraq sürətli yerimədən sonra qaçışın yaratdığı tövşümək problem kimi özünü göstərirdi. Səməd bəy, "müəllim bir yerində, qolunda, kürəyində ağrı, yanğı-filan yoxdur ki?" deyə sual verdi, mən də heç nə hiss etmədiyimi söylədim. Bir müddət dincələndən sonra durub oradan çıxdıq və Səməd həkim "sabah gəl sənə anjiyo edəcəyik, diyəsən ürək damarlarında problem var", dedi. Səhərisi gün ertədən Səməd bəyin yanında idim, anjiyo elədi və üç ana damarın %95, %90, %70 səviyyəsində bağlı olduğunu, onlara stend qoymağın da mümkün olmadığını və problemin ancaq cərrahi yolla həll edilə biləcəyini söylədi. əvvəlki illərdə dostum, qardaşım Rəşid Hüseynovun ürəyində bağlanan damarların açılması ilə bağlı müalicə vasitəsilə tanıdığım baş kardioloq rrof. dr. Atilla İyisoy da Səməd həkim məni anjiyo edərkən onu izləyirdi. Səməd həkimin götürdüyü kadrları cərrahlar yoxladıqdan sonra Atilla bəy gəlib, "Seyfəddin bəy damarların çok kötü yərlərdən kapalı, onları ancak aməliyat ilə açmak mümkün, stənd konacak yerdə kapalı dəğillər nə yazık, əməliyattan başka çarəmiz yok", dedi.
Səhər evdən çıxanda yoldaşım Fatma xanımı nə qədər təkid edib yalvarsa da heç cürə razılıq verməyib, "anjiyo olub təzliklə gələcəyəm, sən xəstəxanaya gəlmə" deyib Ankamall ticarət mərkəzinə buraxıb gəlmişdim. Fazil bəydən xahiş etdim ki, telefonumla Fatmaya zəng çalsın və xəstəxanaya gəlməsini söyləsin. Yoldaşım gəldikdə Səməd həkimə dedim ki, vəziyyəti sənin deməyin məsləhətdir. Səməd həkim vəziyyəti ona danışdı və məni təcili operasiya etməyin ən yaxşı variant olacağını söylədi, sonra da xəstəxanadan çıxmağa imkan vermədilər. Dr. Anar İsmayılov bəy də gəlib vəziyyəti öyrəndikdən sonra Bakıya zəng çalıb dostumuz dr. Anar Əmrah bəyə məsələni çatdırıb. Anar Əmrah bəy də məni operasiya edəcək ekibdəki cərrahlardan birinə zəng çalaraq, "elə bilin ki, operasiya etdiyiniz insan mənəm, Seyfəddin bəy bizim üçün dəyərli bir insandır, ona ən yüksək səviyyədə diqqət göstərin" deyib. İnsanın bu cür sevənləri və arxası olandan sonra işləri çətinə düşərmi? Düşmədi və ən yaxşı variantda operasiya keçirdim, üç ay da istirahət verdilər, evdə həkimlərin məsləhətinə uyub dincəldim, verdikləri dərmanları qəbul etdim. Tanrıya şükür sağaldım və əziz oxucularımla təkrarən görüşmək imkanı tapdım. İndi buna təsadüf deyək, yoxsa Tanrının hökmü!? Tanrı bütün xəstələrə şəfa versin və onların da bütün arzularını çin ələsin.
Operasiya keçirəndən sonrakı prosesdə məni yoxlamağa gələn və müalicəmi davam etdirən həkimlərdən birinin cərrah dr. Hikmət Saxratov olduğunu öyrəndim. Hikmət bəy də mənim operasiyamda iştirak edibmiş, hətta ayağımdakı ehtiyat damarı o çıxarıbmış.
Hikmət həkim Türk dünyasının görkəmli siyasi və alim şəxsiyyəti Hüseynzadə Əli Bəyin yurdundandır. Hüseynzadə Əli Bəy, Əhməd Bəy Ağaoğlu, Mirza Bala, Yusif Akçora, Zəki Vəlidi Toğan, Abdullah Battal Taymas və digərləri Birinci Dünya Müharibəsindən sonra Türkiyəyə gəlib burada siyasi, əlmi və mədəni sahədə Türkiyəyə əvəzsiz bəhrələr qazandırıblar. İndi növbə Türkiyənindir. Türkiyə də GATA başda olmaqla digər ali təhsil qurumlarında Türk dünyasından gələn tələbələri ən gözəl kadrlar şəklində hazırlayaraq qardaş ölkələrə yollayır və öz borcunu ödəyir. Türkiyəyə gəlib təhsil alan və öz yurdlarına qayıdan yeni kadrlarımız gələcəkdəki Türk dünyasının özülünü qoyacaqlar, ulu babalarımızın, Əmir Teymur-İldırım Bayəzid, Yavuz-Şah İsmayıl Xətayinin etdikləri səhvlərin fəsadlarını bir dəfəlik silib süpürəcəklər. Mən buna səmimi qəlbdən inanıram və gələcəyin Türk dünyasını daha aydın fikirli, daha firavan, daha xoşbəxt və daha güclü, basılmaz görürəm.
Dünən müqəddəs bayramımız idi, hamının bayramını səmimi qəlbdən təbrik edirəm. Ancaq illərdir bizim evdə bayram ürək ağrısıyla keçir, çünki torpaqlarımızın 20 faizi murdar çəkmələr altında nalə çəkir. Bir milyondan artıq bacı-qardaşımız qaçqın-köçkün vəziyyətində yaşayır. Bizi bizdən savayı fikirləşən bircə Tanrıdır, öz hayımıza ancaq özümüz çata bilirik, bilərik. Bunu yaxşıca dərk edib gələcəyimizi ona görə tənzimləməliyik. Yaddan imdad umanlar, yadın qulu-köləsinə çevrilər. Yeni nəsillərimizə bu faktı yaxşı başa salmalı və onları bu əqidə ilə kökləməliyik, qalan şey boşdur.
Vallah, billah, Şuşasız, Kəlbəcərsiz, Ağdamsız, Füzulisiz, Zəngilansız, Cəbrayılsız, Ancabədisiz gələn bayramlar mənə ancaq ağrı verir.

Seyfəddin Altaylı, Ankara
altaylı[email protected]

TƏQVİM / ARXİV