adalet.az header logo
  • Bakı 18°C

SEVİNC YUNUSLU

MƏMMƏD DƏMİRÇİOĞLU
39576 | 2014-03-29 08:24
İncə dərəsində qonaq qaldığım bağlı-bağatlı evin pəncərəsindən bir də boylandım göy üzünə. Bülbül hələ də oxuyurdu. Dan üzü yavaş-yavaş qızarır, yuxusunda Allahı görən quşlar oxuya-oxuya yuxudan oyanırdılar. Mən də o bülbulə qoşulub yatmamışdım səhərəcən. Yatsaydım mən də Allahı yuxuda görərdim bəlkə. Hökmən Allaha yalvarardım ki, Sevincin durnası ilk baharla geri dönsün. Dualarımı eşitmişdi Tanrım.
Deyəsən pəncərəsini döyürdü durna səsi. Açdı pəncərəsini. Yellənə-yellənə içəri düşən durna lələyini götürdı. Ürəyi çırpındı. Lələk dil acdı:

Bu gün sonuncu gündü,
Səhərə səfərim var.
Üzü sənə yol gedən,
Səfərə səhərim var.

Bu gün səfər günüdü,
Bu gün - addamac günü.
Tənha qoyub gedirəm,
Bu ac-yalavac günü.

Bu gün sonuncu gündü,
Səhərə çıxa bilsəm,
Ölməkdən asan nə var,
Səfərə çıxa bilsəm.

Bu səfərdən saxlamaz,
Nə söz, nə də saz məni.
Sevib unutmaq üçün,
Yaddaşına yaz məni.

Bu durnasından gələn naməydimi? Dodağı səyridi:

Bu gün sonuncu gündü,
Səhərə səfərim var,
Yoluma yol yoldaşı,
Yol boyda qəhərim var.

Yolum da əzablıdı,
Səhərdən ayaqdayam.
Sənə uzaqdı könlüm,
Atılmış varaqdayam.

Yığdım xatirələri,
Kiçik bir çamadana,
Səni qorusun deyə,
Əl açdım yaradana.

Bu gün sonuncu gündür,
Günəş tək çıxa bilsəm,
Səhərə ümidim var,
Gecəni yıxa bilsəm.

Yavaş-yavaş səhər açılırdı İncə dərəsində. Bu səfəri gözləyəcək, bu səhəri gözlədiyi kimi. Səhərin mehi əsdi. Durna lələyini yerindən oynadib hara apardı külək? Sevincin sevinci hara uçdu görəsən?

Göz yaşını silib göyün,
Duman apard, apardı.
Ümid dolu namələri,
Güman apardı, apardı.

Külək yaladı ocağı,
Çatıb qaladı ocağı.
Çapıb taladı ocağı,
Uman apardı, apardı.

Yayın qarı qışınnan sərt,
Yum gözünü, üzünü öpt.
Bir gecəyə birləşib, qörd
Yalan apardı, apardı.

Göy üzünə qalxan lələk onun gözlədiyi durnaya dönüb oxumağa başladı:

Göy üzü bulud-bulud,
Di gəl ki, yağmır umud.
Unut, gəl məni unut,
Unut, unudum səni.
Üzünü köçüb gedən durnasına, birdə qan içindən doğulan günəşə tutub pıçıldadı:

Unut, sonuncu namə
Yazıldı, könlüm, daha.
Bu gecə yuxum belə
Yozuldu, könlüm, daha.

Başıma döndü kədər,
Nə var ki, bundan betər?
Gözümə xatirələr
Düzüldü, könlüm, daha.
Yağma, yağma bulut, get,
Ağlar gözü qurut, get.
Bu sevdanı unut, get,
Üzüldü könlüm daha.

Bu bir sevda nağılıydı. Gecəni səhərə qədər oxuyan bir bülbülün sevda nağılı. Uçub getdi Sevincin durna qanadlı dərd adlı sevgilisi. Dərdi unudacaqmı Sevinc? Bilmirəm. Amma unutmaq istəyir deyəsən:

Hönkürüb dənizlərə,
Axıb, unutdun səni.
Gözündəki gözlərə,
Baxıb, unutdum səni...
Baş götür, baş götür qaç,
Unut, çiçəklən, gül aç.
Kədərin başına tac -
Taxıb, unutdum səni.

Alışdı köz içimdə,
Qaldı bir söz içimdə.
Özümü öz içimdə,
Yaxıb, unutdum səni.

Hörmətli oxucular, sizlərə təqdim etdiyim bu orijinal, maraqlı şeir nümunələri İncə dərəsindən pərvazlanan istedadlı, gənc şairə Sevinc Yunuslunun şeirləri idi. Mən bu mənzərəni akvarellə işləməyə çalışdım. Rəssamlar yaxşı bilirlər ki, akvarellə işlənilən əsər qısa bir zaman kəsiyində, bir nəfəsə işlənir. Mən də bu yazını İncə Dərəsində bir bülbülün eşqinə küklənib, səhər açılıncaya qədər işləyib qurtardım. Sevinc xanım məni özünə ustad hesab edir. Belə qəbul edə bilərəm. Atası İsrail müəllim Gəncəyə gəlib, qızının şeirləriylə tanış olmağımı, fikrimi söyləməyimi xahiş etdi. Səmimi olaraq deyim ki, Sevincin səsini, nəfəsini duydum, İçimdə bir sevinc də boy atdı ki, İnncə dərəsindən başlanan bu poeziya yolunun yeni yolçuları pərvazlanır. Sevincin mənə gətirdiyi şeirlə əslində şeirin şəkilləri idi. Gördüm ki, ruhu, eşqi və nəfəsi var bu gənc xanımın. Bir neçə xırdaca məsləhətdən sonra o artıq şeirin şəkilini yox, özünü yarada bildi. Özününkünü yarada bildi. Mənim Sevinc Yunuslunun (İncənin Aslanbəyli kəndində Unusduöyü adında böyük və sayılıb seçilən bir səcərənin yetirməsi olduğuna görə "Yunuslu"nu özünə təxəllüs kimi yaraşdırıb) yaradısılığına çox böyük ümidlərim var. Təki bu yolda büdrəməsin, ruhunu, səsini, sözünü qoruya bilsin. Bu yazdığım mənzərə isə eyni zamanda Sevinc xanımın nəğmələriylə poeziya sevərlərin arasında bir körpü ola bildisə, nə mutlu mənə.

Məmməd Dəmirçioğlunun təqdimatında

TƏQVİM / ARXİV