TƏMSİL USTASI

VAQİF YUSİFLİ
92976 | 2014-03-29 08:16
1. Adi, amma əsl sənətkar tərcümeyi-halı

Hikmət Ziya oğlu Əfəndiyev 1930-cu ildə Şəki şəhərində müəllim ailəsində anadan olub. O, Azərbaycanın maarifpərvər ziyalısı, şair və dramaturq Rəşid bəy Əfəndiyevin (1863-1942) nəslindəndir. Rəşid bəy Əfəndiyev Qori Müəllimlər Seminariyasını bitirmiş, A.Şaiq, S.S.Axundov, S.M.Qənizadə, H.Mahmudbəyov kimi maarifpərvərlərlə bir cəbhədə müəllimlik etmiş, "Uşaq bağçası", "Bəsirətül-ətfal" dərsliklərini tərtib etmişdir. O, həm də bədii ədəbiyyat sahəsində fəaliyyət göstərmişdir, - Puşkindən tərcümələr etmiş, Firdovsinin "Şahnamə" əsərindən "Rüstəm və Söhrab" dastanını dilimizə çevirmişdir. Onun "Qan ocağı", "Qonşu qonşu olsa, kor qız ərə gedər", "Saqqalın kəraməti", "Pul dəlisi", "Qızıl gül", "Bir saç telinin qiyməti" komediyaları vardır.
Atası Ziya riyaziyyat müəllimi idi. Ağdaşda, Zaqatala Pedoqoji Texnikumunda, Ağdam Pedoqoji İnstitutunda dərs demişdi. Hikmət Ziya da atası tez-tez iş yerini dəyişdiyi üçün müxtəlif məktəblərdə oxumuşdu. Ağdamda 1 nömrəli orta məktəbdə oxuyarkən (1944-1947) "Fəxr edirəm" adlı ilk şeirini yazmışdı.
1947-ci ildə Hikmət Ziya ADU-nun filologiya fakültəsinin jurnalistika şöbəsinə daxil olur. 1952-ci ildə universiteti bitirir və ömrünün son günlərinə qədər uşaq mətbuatında çalışır. 18 il (1952-1969) "Azərbaycan pioneri" qəzetində ədəbiyyat və incəsənət şöbəsinin müdiri, 15 il (1969-1984) "Göyərçin" jurnalında poeziya şöbəsinin müdiri... Və 1984-cü ildən ömrünün sonuna kimi həmin jurnalda məsul katib.
İlk mətbu şeiri 1952-ci ildə "Azərbaycan pioneri" qəzetində dərc edilir. Şeirin adı "Qoqola" idi. Həmin il Qoqolun vəfatının 100 illiyiydi. Özünün etiraf etdiyinə görə şeir yazmaq Hikmət Ziyaya qandan, nəsillikcən keçib. Babası Abdulla Əfəndiyev də şeir yazırmış. Abdulla Əfəndiyevin qardaşıydı Rəşid bəy Əfəndiyev. Ona "Mirzə əmi" deyirmiş. Uşaq ikən bir dəfə Hikmət onlara gələndə M.P.Vaqifin "Durnalar" şeirini əzbər deyir. Rəşid bəy Hikmətin başını sığallayıb deyir: "Əzbərdən şeir deməyin yaxşıdır, istərdim ki, böyüyəndə yaxşı şeir də yazasan".
Və bu arzu sonralar həqiqətə çevrildi.

2. Hikmət Ziyanın
şair səciyyəsi

Hikmət Ziya çoxcəhətli yaradıcılığa malik idi. O, bir şair kimi öz xalqının, vətəninin, elinin-obasının tərənnümçüsü olmuşdur. Poeziyada həqiqi istedadların heç biri digərinə bənzəmir, bu mənada Hikmət Ziya da özünəməxsus bir şairdir.
Hikmət Ziya dedikdə gözəl sevgi şeirlərinin və bu sevgi şeirlərinin özü qədər zərif olan mahnıların müəllifi göz önünə gəlir.
Hikmət Ziya dedikdə, Azərbaycan torpağını hərarətlə vəsf və tərənnüm edən, onun təbiətini özünəməxsus poetik boyalarla canlandıran bir şairi düşünürük.
Hikmət Ziya dedikdə, Sabir ədəbi məktəbinin davamçısı olan, yaşadığı dövrdə cəmiyyətdə, ictimai həyatda, mənəviyyat aləmində gözə dəyən nöqsanları, eyibləri tənqid edən satirik şairi yad etmiş oluruq.
Hikmət Ziya dedikdə, Azərbaycan uşaq ədəbiyyatı, xüsusilə, uşaq poeziyası sahəsində az-çox qələm çalmış bir şair yada düşür.
Hikmət Ziya dedikdə, Azərbaycan ədəbiyyatında təmsili bir janr kimi yüksəldən, bu sahədə yaranan ənənələri davam etdirən, yeni bir məcraya yönəldən əvəzsiz bir sənətkar haqqında söz açmış oluruq.
Və nəhayət, Hikmət Ziya dedikdə, gözəl bir insan və şəxsiyyət haqqında düşünmüş oluruq.
İlk növbədə ŞAİRDİR. Onun şeirlərini təkcə sağlığında yox, bu gün də oxuyanda öz səmimiliyi və təbiiliyi ilə diqqəti cəlb edir. Yəni Hikmət Ziya hər bir şeirində öz hisslərinin, duyğularının reallığından çıxış edirdi, daha doğrusu, öz ürəyinə, mənəvi dünyasına xəyanət etmirdi. Hikmət Ziyanın bir şair kimi gücü, qüdrəti həm də onun poeziya dilindəki sadəlik, duruluq və təmizlikdi. Gəlin, onun orijinal bayatılarına üz tutaq:

Kim Vətəndən gen düşər,
Güzarına çən düşər.
Süd gölündə üzsə də,
Saçına tez dən düşər.

Dağlar alçala bilməz,
Vaxtsız qocala bilməz.
Dağa paxıllıq edən,
Təpə ucala bilməz.

Yarımı ovçu sandım,
Ov oldum, yaralandım.
Dörd gün üzün görmədim,
Dörd yerə paralandım.


3. Təmsil ustası

Hikmət Ziya ömrünün 35 ilini təmsilə həsr etmişdir.
Bu janrın - formanın dünya ədəbiyyatında çox görkəmli ustaları var. Eramızdan əvvəl yaşamış qədim yunan təmsilçisi Ezop, daha sonralar fransız Lafonten, rus şairi Krılov, Azərbaycan ədəbiyyatında Zakir, Seyid Əzim Şirvani.
Hikmət Ziyanı özünün dediyinə görə təmsil yazmağa ruhlandıran Mirzə Ələkbər Sabir satiraları olubdur. Bəs hansı amillər onu təmsil yazmağa gətirib çıxarıb? Hikmət Ziyanın bir təmsilinə diqqət yetirək:
Mənə deyənlər var: "Doymadın cana?
Təmsilinə daha nöqtə qoysana.
Əl çək Koramaldan, Kərtənkələdən,
Tülküdən, Çaqqaldan, Qurddan, Dələdən.
-Xeyr, əl çəkmərəm! - söyləyirəm mən, -
Tülkü əl çəkməsə tülkülüyündən,
Çaqqal Şirə quyruq bulamağından.
Özündən gücsüzü Qurd boğmağından,
Ulaq kütlüyündən, fərsizliyindən,
Yaxud Buqələmun yüzüzlüyündən,
Əyripəncə Ayı qanmazlığından,
Koramal liberal tarazlığından.
Küt Balta kəsərdən danışmağından,
Çömçə hər bir işə qarışmağından..
Xülasə, qısa,
Əşyalar, heyvanlar olmasa adam,
Təmsilimə əsla nöqtə qoymaram.

Bu təmsil. Əslində, Hikmət Ziyanın ədəbi məramını doğru-düzgün əks etdirirdi. "Əşyalar, heyvanlar olmasa adam" deyən Hikmət Ziya əslində, təsvir etdiyi əşyalar və heyvanlar aləmində yaşadığı həyatın və gerçəkliyin mənzərəsini canlandırırdı. "Adam olmağı" o, əşya və heyvanlardan yox, elə adamların özündən arzulayırdı. Hikmət Ziyanın elə bu təmsillərə görə başı çox bəlalar çəkmişdi. Təsvir etdiyi təmsil qəhrəmanlarına oxşayan çinovniklər onu çox incitmişdilər. Akademik Bəkir Nəbiyev yazırdı ki, bu cür mədəniyyət məmurlarından biri təmsildə rast gəldiyi "yuxarı tüpürürəm bığdı, aşağı tüpürürəm saqqal" məsəlinin altından bir xətt çəkmiş, onun mahiyyətini anlamadığı üçün "yuxarıya tüpürmək kimi" uydurma bir ittihamla şairin üstünə düşmüşdü.
Doğrudur, 3000-dən artıq təmsil müəllifi olan Hikmət Ziya bunların çoxunu sovet dövründə yazmışdı. Lakin bu təmsillərin hər biri öz məna və məzmununa görə bütün dövrlərə aid ola bilər - dovşan sifətində qorxaqlıq. Ceyran sifətində gözəllik, qurd simasında yırtıcılıq, ayıda yekəpərlik, eşşəkdə qanmazlıq, tülküdə hiyləgərlik həmişə olmuşdur. Onda da, indi də Hikmət Ziyanın Azərbaycan təmsilinə gətirdiyi ən böyük yenilik bu janrda maksimum yığcamlığa, lakonikliyə riayət etmək oldu. Yəni o, qısa təmsil janrını yaratdı. Və Hikmət Ziyadan sonra bütün təmsil yazanlar bu yolu tutdular. Gəlin, Hikmət Ziyanın ən qısa təmsillərinin bir neçəsini nümunə gətirək:

Buqələmunun
üzü çox idi.
Buna görə də
üzü yox idi.

Filə heykəl qoydular,
Ayı düşündü: - Mən də,
Öz əsl qiymətimi
Alacağam öləndə...

Küt Balta arsız-arsız
Dedi: - Nə buyursanız,
Eləyim canla-başla,
Odun yarmaqdan başqa!

O, elə qurumuşdu,
O qədər rəsmi idi.
Evdə arvadına da
- Çay təşkil et! - deyirdi.
Cücü cücüyə
Lağ eləyirdi.
Cücü cücüyə
Cücü deyirdi.

Pişik bığına baxıb,
Danışdı kişilikdən.
Siçana xoruzlanıb,
Qorxdu, qaçdı küçükdən.

Fil haqqında Milçəyin fikri bu idi ancaq
O boyda xortumu var, qan soran deyil axmaq.

Bir romanı sıxdılar,
çıxartdılar suyunu.
Gördülər selə düşən
hekayə olduğunu.

H.Ziyanın təmsillərində həyatın, cəmiyyətin daxilində nəzərə çarpan nöqsanların, qüsurların böyük bir mənzərəsi əks olunmuşdur. Və bunlara adi təmsil kimi yanaşmaq doğru olmazdı. Təmsil-ittihamnamə, təmsil-bəraət, təmsil-ironiya, təmsil-hökm, təmsil-xəbərdarlıq...
H.Ziya qısa təmsil formasının forma və mövzu dairəsinin daha da maraqlı görünməsi üçün silsilə təmsillər də qələmə alırdı: "Sözlər, hərflər, rəqəmlər və işarələr haqqında", "Zərb-məsəl təmsillər", "Başdan eləmək üçün xasiyyətnamələr", "Qarğış təmsillər", "Yeni ilin telefon söhbətlərindən" və s.
Hikmət Ziya dördlüklərinin birində insan ömrü barədə yazmışdı:

Heç zaman "həyatdan doymuşam" demə,
Qibtə et ömrünün hər bir çağına.
Ətri xoşsa bircə çiçəyin sənə,
Dəyər bunun üçün yaşamağına.

Hikmət Ziya-poeziyamızda öz səsi və sözü olan bir şair ona Tanrının verdiyi bir ömür müddətində həmişə nikbin yaşadı, öz şərəfli ömrü ilə, şair adı ilə ürəklərdə yaşadı... Və onun ömrü hələ bitməyib-mənəvi ömrü, sənətkar ömrü.

Vaqif YUSİFLİ

TƏQVİM / ARXİV