FiNiŞ

TOFİQ ABDİN
27293 | 2008-03-20 15:56
QARA QARAYEV-90
   
   
   
   Əslində 2008 QARA QARAYEV ili olmalıdı
   
   
   
   Qəzetimzin ötən nömrələrində çap olunan böyük bəstəkarımız Qara Qarayev haqqında yazımın bir yerində yazmışdım: "Bu yazının qəribə tarixçəsi də var.Bunu yazı bitəndən sonra anladacam. Mən heç bir musiqi təhsili görməmişəm. Musiqi nəzəriyyəsindən dərs alsam da Qarayev musiqisini "do"dan tutmuş "si"yə kimi təhlil etməyə, onun musiqisinin dəyərlərini aşkarlamağa heç bir imtiyazım yoxdur. Ancaq bütün bunlar Qara Qarayevi bir şəxsiyyət kimi (sevinirəm ki, onunla bir şəhərdə yaşamışam və onu bir neçə dəfə yaxından görmüşəm), dahi bir bəstəkar kimi sevməyə mənə nə mane olur, nə də bu sevmək hüququnu əlimdən alır".
   
   
   
   
   
   
   
   Bir öncəki yazılarımdan daha bir xatırlatma
   
   Nadanlıq qoxuyan sual:
   
   Qara Qarayev kimdi axı?
   
   Sonralar, lap sonralar mən "Qobustan" jurnalında çap etdirdiyim və bir qədər sonra "İşıq" nəşriyyatında çıxan kitabıma daxil etdirə bilmədiyim Qara Qarayev haqqında olan "Bu adı harda eşitsəniz" oçerkinin bir yerində isə yazmışdım: "Nə vaxt ki, biz hörmətli bəstəkarımız Qara Qarayevdən danışırıq, onun hansı epitetinə üstünlük vermək haqqında düşünürük:
   
   SSRİ xalq artisti Qara Qarayev,
   
   yoxsa professor Qara Qarayev!
   
   O Həm də Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvüdür.
   
   Bəlkə Akademik Qara Qarayev?!
   
   Əsas məsələ bunlarda deyil. Bəstəkar Qara Qarayev Azərbaycan xalqının ünvanını dünyada tanıdan, onu şöhrətli edən əsl sənətkardır. O elə bir şəxsiyyətdir ki, adı gələndə susmaq olmur.
   
   Həqiqəti deyim ki, bu son sözləri yazanda hardansa unudulmaz şairimiz Məhəmməd Hadinin bir misrasını xatırladım. Bütöv bir ömrün kədərini ifadə eləyən həmin misra bilmirəm hardan yadıma düşdü:
   
   "YOX MİLLƏTİMİN İMZASI BU İMZALAR İÇİNDƏ".
   
   Sağ olsaydı millətimizin imzasını dünyada tanıdan Qara Qarayev kimi adamlarımızın adı, şübhəsiz, bizim təki onu da sevindirərdi".
   
   Bu sətirləri götürdüyüm oçerk həmən o oçerk idi ki, görkəmli alim, teatrşünas filosof, gözəl ziyalı Cəfər Cəfərov onu radio ilə dinləyəndən sonra müəllifini axtarıb tapmışdı...
   
   1974-cü ildir.Sovetlərin ən dəhşətli çağlarıdır.Bizim üçün ən böyük bir şərəf Rusiyanın geniş dünyasına çıxmaq və özümüzü onlara tanıtmaq kimi bir mübarizə var.Şəxsən mən düşünürəm ki, nədən ermənilərin sovet jurnalistiksında bu qədər imzaları ortaya çıxır? Neyçin bizim yazarlarımız öz içlərindən dışarıya çıxa bilmirlər və bunun da tam anlamını bilmədiyim üçün Sovetlər dünyasında bizim olan bir insanın imzasına rast gələndə və tutduğu şöhrəti eşidəndə içim fərəh hissi ilə dolur.
   
   Və həmin illərdə Qara Qarayev SSRİ Ali Sovetinə deputatlığa namizəd verilir,namizəd olmaq, yüzdə-yüz deputat olmaq demək idi o zamanlar.Onun deputatlığa namizədlik günlərində bəstəkarın təbliğatı ilə məşğuldur bir çox mətbuat. Və iş elə gətirir ki, MELODİYA radio klubunda da böyuk bəstəkar haqqında veriliş hazırlanmalıdır və bu da mənə həvalə olunur.Artıq bu günə qədər ƏDALƏT qəzetində oxuduğunuz Qara Qarayev haqqında yazının çox qısa bir variantı, 1 saatlıq veriliş olaraq MELODİYA radio-klubunda. Təsadüfən həmin verlişə CƏFƏR CƏFƏROV da qulaq asmalı olur.Bu tam bir təsadüfdür məncə. Tam bir təsadüf.
   
   Səhv etmirəmsə, Cəfər Cəfərov artıq İdeoloji katiblikdən uzaqlaşdırılmış və mənim də şanssızlığım orda ki, məhz belə bir vaxtda böyük alim, filosof həmin verilişi dinləmiş. Ona görə belə deyirəm ki,şayət iş başında olsaydı, heç olmasa, bir dərdimə yarardı,- deyə içimdə bir sızıltı var. Amma həqiqətən o çətin günlərdə bizim həyatmızda belə bir adamın olması çox böyük bir şans idi.
   
   Cəfər Cəfərov verilişi dinləyir və ən yaxın adamı olan Anar müəllimə telefon açır və ona mənim ad və familiyamı deyir və soruşur ki, bəs bu adam kimdir?
   
   O zaman mən "QOBUSTAN" toplusunda çalışırdım.Anar müəllim məni yanına çağırır və məndən soruşur: sən Qara Qarayev haqqında radioda bir şey danışmısanmı?
   
   Mən olanları deyirəm və Anar müəllim deyir ki, get Cəfər Cəfərovun evinə, səni gözləyir.
   
   Cəfər Cəfərov o zaman bir zamanlar Teleteatr yerləşən binada yaşayırdı və mən onlara gedirəm.
   
   Sakitcə görüşüb (təbii ki, mən uzatmaq istəmirəm olanları) bir müddət söhbət edirik. Cəfər Cəfərov mənim boy-buxunuma baxıb, sonunda gülə gülə soruşur:
   
   -Hardansan?
   
   Salyandanam,- deyirəm .
   
   Cəfər Cəfərov eynən deyir:
   
   -Paho... Salyandan belə cəsarətli oğlan?
   
   Mən gözləmədən,qəfil:
   
   -Niyə, Salyandan Əli bəy kimi insanlar çıxıb,- deyirəm.
   
   Və etiraf edim ki,mən hələ o zamanlar Əlibəy Hüseynzadəni də yaxşı tanımırdım.Kim olduğunu dəqiq bilmirdim.Amma türkçü bir insan olduğu mənə bəlli idi.
   
   Cəfər Cəfərovla bir xeyli danışırıq, sonra mənə təklif edir: -Sən gəl bizim instituta və mövzu götür. Mənim işlədiyim şöbəni tanıyırsan, oradan sənə mövzu verim, çalış.
   
   Yox,-deyirəm.Sağ olun.
   
   Cəfər müəllim gülür və mənim cavabım demək olar ki, onu çaşdırır.Çünki o zaman belə şeylər hər adama təklif olunmurdu.Bunu bir Allah bilir.
   
   Nədən mən bu təklifi qəbul etmədim? Başımda şairlik sevdası.Mərkəzi Komitədə üzümüzə deyildiyi kimi,stilyaqa,təpədən dırnağa cins geyimdə dolaşan bir gənc və bu sevdayla məndən alim olmaz kimi bir dünyanın içində yaşamağa və yoluma davam edirəm.
   
   Belə bir ortamda düşünmək olar ki, mən bunun nə olduğunu da hələ kəsdirə bilmirəm.Sadəcə yazıdır, yazmışam düşünürəm və hətta bu cəsarətin nə olduğunu da mən bilmirəm. Başa düşmürəm ki,nədən Qara Qarayevdən o cür yazmaq və o cür danışmaq zor bir iş imiş?
   
   Təbii ki, bütün bunlar daha sonralar aydınlaşacaq və mənim Cəfər Cəfərovla, o tarixi şəxsiyyətlə çox mütəvazi görüşüm də sonralar mənim üçün elə əziz olacaq ki,bir çox insan buna inanmaq belə istəməyəcək və bu görüşün daha mənim üçün əziz bir tarix olacağı da mənə xoş gələcək.
   
   
   
   ***
   
   Necə ki, keçdiyimiz günlərdə böyük şairimiz Səməd Vurğunun xanımı Xavər ananın 90 illik yubileyinə aldığım dəvət kimi.Böyük şairin qızı Aybəniz xanım evimizə telefon açıb,məni anası Xavər xanımın Muzeylər muzeyində keçiriləcək 90 illik anım mərasiminə dəvət edəcək və dəvətin bir yerində deyəcək. Eynən: Anam həmişə deyərdi ki, mən Vaqifi (oğlunu) Anara və Tofiq balaya çox etibar edirəm.
   
   Təbii ki, mənə olan etibarın çox qəribə bir tarixi var.Çox xoş bir tarixi var mənim üçün.Necə ki,çox böyük bir nəsildən olan, çox xanım-xatın bir insan - Aybəniz xanım məni anasının 90 illiyinə dəvət elədi və mən o xatirələrlə dolu saatlarda çıxışlar dinlədim və düşündüm: demək, söz demək haqqı hələ mənə gəlib çatmayıb.O məclisdə danışanlara sözüm yox, onlar bu ailəyə çox yaxın adamalrdı və mənə elə gəlirdi ki, Xavər xanım haqqında mənim danışacaqlarım daha maraqlı ola bilərdi o auditoriya üçün.Amma nə eləmək olar, düşünürlər ki, hələ zamanımız var. Amma qorxmurlar ki,bizim zamanımız az qalıb.

TƏQVİM / ARXİV