ORALARDA KiMLƏR VAR: iHSAN DƏNiZ-2

TOFİQ ABDİN
12695 | 2008-02-27 04:23
80-ci illər nəslinin özünəməxsus dəsti-xətti olan şairlərindən. "Bürdə" dərgisinin qurucularından biri (1991). 1995-99-cu illər arasında "İpək Dili" dərgisinin özəl şeir sayısını (15 sayı) buraxdı və baş redaktoru oldu. On ildən artıq bir müddətdə YENİ ŞAFAK qəzetində həftəlik mədəniyyət yazıları çap etdirdi. 1988-ci ildən bu yana Bursada yaşayır və Araşdırma Kitabxanasında müdir olaraq çalışır.
   
   27 ildir şeirlər yazır. "Sükut edər kimi" misraların ardınca gedir. Şeirdə incə bir yanaşmanın müdafiəçisi oxucudan da eyni yanaşmanı arzu edir. İhsan Dəniz 2002-ci ildə "Hurafi Məlul" adlı kitabıyla Türkiyə Yazarlar Birliyi tərəfindən "İlin Şairi" seçilib. Müxtəlif nəşriyyatlarda çap olunan "Mağara Külləri", "Yalnız sənə söylənən", "Addımlarımın gizli küçəsi", "Pərdələr", "Gecə dil oldu", "Hurafi Məlul", "Bozgün Sipəri" adlı şeir kitablarını bir yerə yığaraq çap etdirib. 2005-ci ildə "Buz və Firə" adıyla "Heca" nəşriyyatında daha bir kitabı işıq üzü gördü. Bizim onunla bu söhbətimiz "Heç vaxt unutma" kitabı çap olunandan sonra baş tutub. (əvvəli ötən çərşənbə sayımızda)
   
   
   
   ...Yazılarınızda dil məsələsi və əyaləti inadla müdafiə etdiyiniz iki qol... Osman Hakanın deyimiylə "dil şairin nəyi olur"?
   
   Dil şairin hər şeyidir. Şairin başqa bir ümid və güman yeri yoxdur. Xüsusilə, çağımızda Türkcənin çox qısırlaşdığı, yabançı dillərin müxtəlif formalarda Türk insanının mahiyyətinə, ontoloji varlığına müdaxilə etdiyi bir dönəmdə, şairin və digər sənətçilərin dil narahatçılığı güman ki, təbiidir. Hətta daha da narahat olmaq lazımdır.
   
   19 ildir mərkəzdən uzaqda - Bursadasınız. Hər halda Bursa nə İstanbul, nə də Ankaradır. Əyalətdə olmaqla bir şair nəsə itirirmi?
   
   Şairin mərkəzdəki dedi-qodu ortamından uzaqda olmağı, əyalətdə yaşamağı hardasa onun xeyrinədir. Yalnız əyalətçilik əyalətə aid bir şey deyil. Əyalətçilik də bir qavrayış məsələsi. Yəni insanlar mərkəzdə olduğu zaman da ola bilsin əyalətçilik dünyasından qurtula bilməzlər. Bu, dünyanı, həyatı, insanı, varlığı qavramaqla bağlı bir şey. Bir az da psixoloji bir şey. Yalnız şeir, günümüzün modern şeiri, mənim üçün böyük şəhərdəki o qarışıqlığı, o xaotik yaşamı hiss etməyi vacib sayan bir şey. Mən bir kənddə yaşamış olsam, şeir yazmam daha çətin olar. Böyük şəhər həyatında sürəkli dəyişən görüntülər, fərqli əlaqələr, yer dəyişdirən, inkişafda olan hərəkətlilik, bunlar günümüzün şeirinə, ən azından mənim şeirimə can verən detallar. Bursanın bir şansı var, İstanbula yaxın olması. Uzun illər İstanbulda qaldım. Mən buna inanıram: bir şairin bəlli təcrübələr, öz şeir dünyasına aid bəlli qazanımlar, zənginliklər əldə edə bilməsi üçün bir İstanbul təcrübəsi yaşaması vacibdir. O təcrübəni, o formasyonu aldıqdan sonra şair Fizanda belə yaşaya bilər. Mərkəz təcrübəsi yaşamaq bir şair üçün önəmlidir, gərəklidir deyə düşünürəm. Əyalətdə bir şairin yeganə şansı kitabdır, oxumaqdır. Orada ən azından hər gün təmasda olacağı, eyni dili paylaşacağı; şeirin, Türk şeirinin poetik məsələlərini mübahisə edəcəyi insanlar azdır. Bəzən şair tək başınadır. Oxumaqdan başqa bir çarəsi yox. Belə bir şey var: bəzən İstanbulda bir kafedə yaşlı bir şairlə oturub söhbət edərkən əldə edəcəyiniz şeylər əyalətdə on kitab oxumağa əvəz ola bilər. Belə bir şansdan söz edirəm.
   
   On ildən artıqdır ki, "Yeni Şafak" qəzetindəki köşə yazılarınıza son verdiniz. Köşə yazarlığını buraxmaq kömək edəcəkmi şeirlərinizə?
   
   Mənim bu an heç bir dərgiylə əlaqəm yoxdur. Bir sürə heç bir dərgiyə heç bir şey verməyəcəm. Başqa bir tərəfdən köşə yazılarıma son verməmin, söylədiyin kimi bir enerji və əks enerji verəcəyini hiss edirəm. İnsan bir sürə sonra yazı yazmaqdan yorulduğunu hiss edir. Bəzən əyalətdə yazı sıxıntısı da çəkə bilirsiniz. Beləliklə, şeirim üçün daha zəngin bir dünyanın məni gözlədiyini hiss edirəm.
   
   Heç bir dərgiyə yazı vermək istəyiniz yox,- dediniz...
   
   Yazı və şeir çap edən bəzi dərgilərin mənə qarşı münasibətindən çıxış edərək deyirəm bunları. Təbii, şeir çap etdirə biləcəyim, yazı yazacağım dərgi qalmadı demək mənim həddim deyil. Bu son dərəcə subyektiv bir baxış, məni maraqlandıran bir fikir. Gənc şairlər dərgilərlə əlaqəni kəsməməli. Başlanğıcda və ya bəlli bir dönəm içərisində insan dərgilərdə çap olunmaq istər. Dərgilər olmadan da şeir dünyasına addım siz deyən bir qədər də çətin bir iş deyil. Fəqət zaman içərisində insan bir şey çap etdirmək və etdirməmək kimi bir ayrımın arasında qalır. Bir dərgidə bir şeir, ya da yazı çap etdirmək bu an üçün mənə heç bir şey vermir.
   
   Həmişə haqqında danışdığınız bir məsələ barədə də fikrinizi bilmək istərdik: şeirin metofizik düşüncəyə açıq olması. Şair həyata, dünyaya, insana saf bir materialist kimi yanaşarsa və ya fenomen mərhələsindən baxarsa əşyanın o biri tərəfindəki, əşyanın ardındakı və bizim üçün yaşamı sürdürən bir cövhərə, bir xüsusi ayrıcalığa yanaşması mümkün olmaz. İnsan həqiqətlə öz həyatı arasında texniki olaraq bir üst dillə bağlılıq yaratmalı və bu üst dili ağlın gücüylə, ağlın hətta ala bilmədiyi bəzi məqamlarla bütünləşdirməyi bacarmalıdır. Bu gün danışıq dilini ədəbi dilin imkanlarıyla birləşdirirək məişət üstü, dünya ötəsi ifadə imkanı tapmaq vacibdir. Şair öz dünyasının və varlığının kökünə aid duyduqlarını, hiss etdiklərini ifadə edə bilmək üçün mütləq bir anlayışdan üstün ifadəyə ehtiyac duyur. Mən yerdən üzülmüş bir metafizik düşüncəylə böyük şeir arasında çox sıxı bir yaxınlıq qururam.
   
   Yaşam üstü bir düşüncə deyildiyində mistikanımı, təsəvvüfümü anlamalıyıq. Son dönəmdə romanda və şeirdə təsəvvüf bir istiqamətverici olub sanki dəb halına gəldi...
   
   Təsəvvüf bilgilərindən faydalanmağı şair və yazar üçün xüsusi bir hal görmürəm. Bu bir mənbə kimidir. O mənbədən bu gün istifadə edərsiniz, ehtiyacınız olmazsa unudarsınız. Başqa bir tərəfdən, şairin, yazarın əxlaqi vəziyyətiylə bağlı bir şey bu. İçinizdə hiss etmədiyiniz, bəlkə duyğu qapılarınızı qapalı tutduğunuz sahənin kağız üstündəki imkanlarından bir mənbə olaraq yararlanarsınızsa, bu, əxlaqi deyil, bütünlüklə riyakar bir davranış. Bunun keçici bir həvəs olduğunu da düşünmək olar. Bu cür yanaşmaların əsərin daxili, gerçəkçi dünyasına maraqlı bir şeylər əlavə edəcəyinə inanmıram. Gerçək olan, o halın yaşanmasıdır; bunu sadəcə təsəvvüf dünyasının terminologiyasından faydalanaraq yazmaq deyil.
   
   
   
   
   
   İHSAN DƏNİZİN ŞEİRLƏRİNDƏN
   
   
   
   PEYVƏND
   
   
   
   Bu kədəri xoş tut, inciyər,
   
   Yoxsa necə çıxar
   
   sabahın vərəmli sırtına?
   
   Toxunma qəlbimə;
   
   Hədər olmuş bir ömür
   
   heç çıxarmı yarına?
   
   
   
   BAXIŞ
   
   
   
   Quşlara baxdım, ömrüm uzandı,
   
   özümə nə pisliyim var?
   
   Həyat
   
   bir baxışa sığmayacaq qədər qısa,
   
   tələsməyə nə var!
   
   
   
   MƏRYƏM
   
   
   
   Yenə də son şansımı istəməzdim
   
   saçlarının uğultulu xəncəri qarşısında
   
   Küçələrin duzunu
   
   qəlbimin şaşkın və sitəmkar
   
   ipinə bağlamazdım
   
   Bəlkə də dilimi bağlamaz,
   
   düşüncələrini yormazdı
   
   çöhrəmdəki üşüməz,
   
   səsimdə tozlanan bütün
   
   şübhə dolu atəşli ehtimal
   
   Şəhərdə sənin adın çəkilsə,
   
   böyüsə
   
   kimsənin bilmədiyi gizli xəbərlərə
   
   məxməri bir gül bəzəyi verməzdim..
   
   Sən yenə də bu soyuq, bu yad,
   
   bu çeynənmiş çarəsizliyi iki dodağının arasından tökmə!
   
   Və günün birində aldanıb da,
   
   keçmişin o məyus yaralarına qucaq açma!
   
   Necə də olsa, illər sonra
   
   hər məsum xatirənin
   
   ruhunu sıyıran içli, kədərli
   
   bir dadı qalacaqdır aynalarda..
   
   Xəncərdəki tufan
   
   işarətini bir az azaltsan,
   
   Təqvimləri rəndələsən,
   
   həyat bir vaxt
   
   hicranla rastlaşar...
   
   Və əllərinə sığınan məchul həqiqəti
   
   mənim itirdiklərim üçün pərdələsən.
   
   Sancılı bağçalarda
   
   İstəklərimiz sərinləməz,
   
   Olsun. Yenə də sən başla, gülüm
   
   səfil sözlərlə hücumu...
   
   Aşağı və yuxarı baxasan
   
   gör, dünyanı işıqlandıran
   
   Ay kimi məsum
   
   bir hicab mələyinin xəyal edilən
   
   sifətindəki təxribatı.
   
   Gözlərim qədər yaxın
   
   bir buludun hecası olmağı
   
   bacara bilmək şansına gec qaldım
   
   bağışla! Bu üzdən
   
   gecə savaşlarıyla
   
   üzüm arasında islanan məsafəni
   
   qəlbinə yaxınlaşdırmaq imkansız . . .
   
   Sən mənə unudulmuş
   
   adaların o masmavi günlərini
   
   vəd et!
   
   Barmaqlarının dalğınlığına
   
   məni inandır..
   
   Sifətim allanır bax:
   
   Məni uşaq kimi sev!
   
   Bəxtsizəm olan bu,
   
   ömrüm qırılacaq...

TƏQVİM / ARXİV