İynə boyu yazı

ƏBÜLFƏT MƏDƏTOĞLU
86030 | 2014-03-20 00:46
Yəqin ki, səhifəni açıb yazının başlığını görən kimi ağlınızdan ilk gəlib keçən məni qınamaq olacaq. Və hərəniz də ayrı-ayrılıqda ən yaxşı halda "bunun da işi-gücü nisgil, kədər, göz yaşı, daha nə bilim nələrlə oynamaqdı, bayram günü barı bir ürək açan söz yazımır" - deyəcəksiniz. Mən sizi başa düşürəm. Amma siz də məni başa düşün. Öncə özünüzə, çevrənizə, şəhərinizin küçələrinə diqqət yetirin, qarşılaşdığınız adamların hər yüz nəfərindən azı doxsanının üzündə qayğı görəcəksiniz, baxışlarından narahatlıq, yorğunluq oxuyacaqsınız. Belə olan halda sizi deyə bilmərəm, amma mən özünü Novruz notları üzərində kökləyə bilmirəmg Gərək üzrlü sayasınız...g
Ola bilsin ki, mənim könlümün sarı simləri qırılıb. Heç nə köklənir, nə də köklənməyə gücü çatmır. Yəni kökdən düşmüş piano kimi eyni havanı, eyni ritmi təkrarlaya-təkrarlaya gözünü məhəllədə yandırılmış bayram tonqalına sancıb və bütün bu od-alovun içində o özü də yanır. Sanki yanan ürəyimin tüstü qarışıq odu, alovu göz yaşların çevrilib kirpiklərimdən süzülür, heç kim bu isti göz yaşlarını görmür. İndiki anda mən bu göz yaşlarının kiminsə görməsini arzulamıram da. Ən azından ona görə ki, kimsə o göz yaşlarını görsə, ümumiyyətlə, mənim durumuma bir iynə boyu yaxın düşsə ya havalanar, ya da əlini dizinə çırpıb "bu da son!" - deyib, köks ötürüb çıxıb gedər. Getməyə bilməz. Çünki dayansa, həmin o bir iynə boyu məsafəni qət eləsə, mütləq mənim aurama daxil olacaq, mütləq mənim yaşadıqlarımı köynəyindən keçirəcək. Onda məcbur olub kimsə onun da halına ağlamalı olacaq...
İnsan bəzən düşünmədən atdığı bir addımın, hisslərə qapılıb verdiyi qərarın, özünü unudub ifadə etdiyi sözün ağrı-acısını illərlə yaşayır, illərlə daşıyır və həmin o illərdə anbaan onun ömrünü baltalayır, onun gününü göy əskiyə bükür. Hər addımda, hər məqamda yaşanır bu. Yaşandıqca da o ağrı, o acı təzələnir, qaysaq bağlaya bilmir. Bu mənada yaranın sağalması "südlə gələn sümüklə çıxar" atalar sözünə bir növ paralel ifadə olunur. Yəni, onun sağalması torpaqla təmasda gerçəkləşir. Görünür, ona görə deyiblər ki, torpağın üzü soyuqdu. Ona qovuşandan sonra elə ağrı da soyuyur, dərd də soyuyur. Qalsa, bir niskili qalır. O isə ağrının özü qədər təhlükəli, dözümsüz olmur.
Mən yaşadığım hər bir anın mənzərəsini, hətta haqq-hesabını zərgər dəqiqliyi ilə dəyərləndirmək, götür-qoy etmək xəstəsi olmuşam. Ona görə də yaddaşımda qalaqlananlar mənə nə boyda yük olsa da, bəzən əlimdən də tutur. Və mən də məhz həmin o yaddaşın gücünə, həmin o anların hesabına həm öz kimliyimi unutmuram, həm də o kimliyin sevincini və kədərini yaşayıram. Bax elə indinin özündə də gözümün qarşısındadı hər şey. Və gözümün önündə olanın ağırlığı o qədər böyükdü ki, o ağırlığı özümdən ən azı min dəfə ağır ağrını da yaşadır ürəyimdə. Bu sızıltı deyil, bu göynərti deyil, bu sadəcə, için-için doğranmaq və doğrana-doğrana da guya ki, yaşamaqdı. Ona görə də o yaşananın misralara hopan şarkılarını pıçıldayıram.

Məni
güllələmək,
asmaq,
boğmaq,
batırmaq,
lap
yandırmaq da olar
sifarişçi sən olsan...

Bu
olsa-olsa
sıradan bir
intihar kimi də
yaddaşlarda qalar...

Lakin
qəsdən adam öldürmək,
qətl törətmək,
ya da
ölümə təhrik etmək
qorxusu
və gecələrin
vahiməli yuxusu
ortalıqda dolaşacaq...

Amma inanmıram ki,
bütün bunlara baxmayaraq
əlim nə vaxtsa
ruhumun da
qanına bulaşacaq...

***
Deyirlər ki, həyat sınaq meydanıdı və insanlar da doğulanda son ana qədər sınaqlarla qarşılaşır, sınaqlardan keçir. Təbii ki, bütün sınaqlar və bütün sınaqlardan keçənlər heç də uğurlu olmur, qalib gəlmir. Deməli, həyatın bu fəlsəfəsi də hardasa insanın özünün özünə verdiyi bir təsəllidi. Çünki təsəllisiz yaşamaq bir növü ümidsizliyə qapılmaq və o düşdüyün quyunun içərisində çarəsiz qalıb məhv olmaq deməkdir. Üstəlik, indi qaranlıq quyulara işıq salanlar, bir növü xilaskar məlikməmmədlər yoxdu, onlar nağıllarda qalıblar. Və bizim gerçək həyatımız o nağılların içərisində daha çox qorxunc məqamların görünən tərəfinə çevrilib. Ona görə ki, indi insanlar bir-birinə qarşı təkcə laqeydləşməyiblər, üstəlik, bir-birinin düşməninə çevrilmək yolunu tutublar. Daha çox əzmək, daha çox qopartmaq, daha böyük paylara sahib olmaq və sairə insan ağlının sahibinə, hökmranına çevrilib. Ona görə də hər gün eşitdiyimiz informasiyaların, xəbərlərin içərisində üstünlüyü qorxulu xəbərlər tutur...
İstənilən halda verilən ömür payının yaxşı və yaxud pis olmasına rəğmən biz ya yaşayırıq, ya da özümüzü yaşayırmış kimi göstəririk. Yəni mövcud oluruq. Siyahıyaalınmada yerimiz görünür, özü da say baxımından. Amma bu saya daxil olanların neçə faizini Yaşayan İnsan tutur, onu heç kim müəyyənləşdirə bilmir. Hətta bilənlər də onu deməyə cəsarət etmirlər. Ona görə ki, bu informasiya insanları iki yerə bölüb bir-birilə üz-üzə qoya bilər. Yaşayanla mövcud olan insanın fərqini tarix boyu heç kim dilə gətirib bəyan etməyib.
Günlərin bir-birini əvəz etməsi ayı tamamladığı kimi, durumların dəyişməsi də cəmiyyətdə müəyyən sferaların həm baxışlarının, həm imkanlarının, həm də onların faydalılıq əmsalını ortaya qoyur. Bax, bu mənada mənim bütün istək və düşüncələrim, bütün yaşantılarım sözə, qələmə verilən əzabdan, yüklənən qayğıdan başqa nəyəsə yararlı olduğunu deyə bilmirəm. Axı özünü yazan, öz dərdlərini ifadə edən və bununla da başqalarına ağırlıq gətirən, problem ortaya qoyan insanın arzuolunanlar sırasında yer tutması zənnimcə, nə gerçək istək deyil, nə də yumuşaq ifadə etsəm, heç istənilən də deyil. Yəqin ki, mənim bu qarmaqarışıq fikirlərimin mayasından xəbərdar olanlar nə demək istədiyimi anlayırlar. Axı həyatın, ömrün indiki anında öz-özünün kəndirini kəsmək intihardan başqa ayrı adla qiymətləndirilməz. Təəssüf ki, mənim iç dünyam məhz o intiharı, intihar anlarını yaşamaq zorundadı.

Bir an,
tək bir an
nə baş verdisə,
bilmədim -
inan...

Düşünmək
imkanımı itirdim
və ürəyimi
hislərimə qurban etdim...

Amma mən
ağılla,
ürəklə,
hətta doğrusunu
etiraf etsəm
bütün vücudumla,
ruhumla sevmişdim...

Sonda
lap sonda
bizim son görüşdən
geriyə
bir cənazə gətirdim!
başımız sağ olsun.

***
Bu dünyada heç kim heç nədən sığortalanmayıb. İnsan ən yaxşı halda həyatında nəyisə yaxşıya, ya pisə səmtləşdirə bilər. Ancaq ağıllı adamlar ağıllarına güvənib o pislikdən, o çətinliklərdən müəyyən qədər yan keçir, qorunur və bununla da öz həyatını guya ki, sığortalamış olur. Ancaq bəzən elə bir gözlənilməz durum yaranır ki, bir damla su da ya nəyisə məhv edir, ya da xilas...
Bu mənada könül verdiyin işə, yaşadığın həyata, lap elə ürəyinə sahib olan sevgiyə qarşı son dərəcə diqqətli olmaq, onu dəyərləndirmək gələcək həyatın, özü də sığortasız həyatın yaşanmasında yardımçı ola bilir. Və göstərilən bu yardım ağılla ürəyin və hissin birgə qərarı olanda nisbətən uğurlu, xoş anların sayı həmin o həyatda artmış olur. Yəni özün özünü bütün məqamlar üçün toparlayırsan... özün özünü bütün məqamlardan keçirmək iradəsinə sahib olursan. Bax, bu güc də, özünü öz ovcunda saxlamaq qabiliyyəti də həmin o söylədiyim həyat problemlərinin həllində ümidə, ümid yerinə çevrilir. Sən özünün və güvəndiyinin həyatını bir az rövnəqləndirirsən, bir az maraqlı edirsən və görürsən ki, "yaşamaq gözəldir" deyənlər yanılmayıblar...
Doğrudan da yaşamaq gözəldir. İllah da ki, nə üçün, niyə, necə yaşadığını dərk edəndə. Üstəlik də kimin üçün yaşadığını biləndə o gözəllik birə-beş artır. Amma neyləyək ki, biz bəzən (bunu mən öz timsalımda, öz həyat yolumda aydın bir şəkildə izləmişəm - Ə.M) etdiyimiz bir səhvin, atdığım bir addımın hesabına gözəlliklərdən də uzaq düşürük. Özü də təkcə uzaq düşmürük, həm də ya o gözəlliyə həsrət qalırıq, ya da o gözəllik üçün bitirik, ölürük. Köməyimizə xəyallardan, xatirələrdən başqa heç nə çatmır. Hətta bizim köməyə kimisə çağırmağa haqqımız da qalmır, heç gücümüz də...
Bəli, indi hər kəsin az-çox bayram ovqatı yaşadığı bir məqamda mən hislərə təslim olur, xatirələri, xəyalları vərəqləyir və o vərəqlərin arasında özüm də xatirələrə, xəyallara çevrilirəm. Görünür, odun, alovun öz daxilində özünü yandırması və bu od-alovun özünə qənim kəsilməsi qaçılmaz imiş. Necə deyərlər, sirkənin tündlüyü qabını çatlatdığı kimi, atəşin gurluğu da ürəyi yandırırmış. Bəlkə də indiki məqamda ürəyinin odu iynə ucu boyda olanlara yaxşı mənada həsəd aparıram... paxıllıq etmirəm, yox, sadəcə onları özümdən güclü görüb özümə sanki güzgüdə baxmaq istəyirəm. Lakin nə o güzgü, nə də mənim durumum heç nəyi yerindən tərpətmir. Sınmış şüşə kimi qəlpələr müxtəlif səmtlərdə işartı kimi görünürlər, özü də qaranlıqda...
Sevinirəm ki, bax, bu anda, bu dəqiqədə, lap elə yazını oxuduğunuz zaman kəsiyində mənə vaxt ayırıb nəsə demək, nəsə etmək fikrinə düşmək istəyənlər olacaq. Mən həmin o gözüyaşlı sevincin mənə nə verəcəyini ağlıma gətirmədən sənə bu misraları da ünvanlayıram:

İmkanlı,
imkansız vaxtlarımda...
darıxanda,
sıxılanda,
lap kefin
buludalara qalxanda -
bir sözlə,
özün
öz istədiyin kimi olanda
məni də
yanında təsəvvür et...
Və sonra
heç nə
olmamış kimi,
dodaqaltı,
sağa-sola baxıb
astaca
pıçılda,
pıçılda
salavat çevirib get!..


Son olaraq sizdən də üzr diləyirəm. Çünki özüm də istəmədən bu iynə boyu yazıda sizlərə də müəyyən hisslər yaşatdım. Amma hər halda, biz hər şeydən qorunmaq gücündə olmadığımız kimi, heçnəsiz də, heç kimsiz də yaşamaq gücündən uzaq deyilik. Axı biz bütün hallarda bir salavatla vidalaşırıq bu dünyayla. Odur ki, torpağın başı sağ olsun!

Əbülfət MƏDƏTOĞLU
[email protected]

TƏQVİM / ARXİV