adalet.az header logo
  • Bakı 19°C

İsmayıl İmanzadə

VAQİF YUSİFLİ
89798 | 2014-03-20 00:41
"Ədəbiyyat Bakıdan kənarda da yaranır. Bu, həmişə olub və indi də bu sözdə nə təəccüb? Ancaq bu Bakıdan kənar ədəbiyyatın didərginliyi bir həzinlikdir. Bu ədəbiyyat Bakıdan didərgin düşməyib, öz yuvasından, isti ocağından qaçqın olan şairin torpaq yanğısı, yurd həsrəti bu ədəbiyyatın didərginlik damğasıdır. "Özünə dam tikib arzularından, Bir şair yaşayır Mingəçevirdə" - bu, Cəbrayıldan qaçqın düşüb. Mingəçevirdə sığınacaq tapmış İsmayıl İmanzadənin şeirindəndir".
Tanınmış şair İsmayıl İmanzadənin şeirləri barədə söhbətə görkəmli dilçi-tənqidçi, bizim çoxumuzun universitet müəllimi olmuş professor Tofiq Hacıyevin sözləri ilə başladım. Tofiq müəllim həmin yazıda ("Uzaqdan gələn səs") İsmayıl İmanzadənin Vətən yanğılı, yurd həsrətli şeirlərindən söz açır, onların poetik məziyyətlərini açıqlayır, öz doğma rayonundan - Cəbrayıldan uzaq düşmüş, amma onu həsrətlə, qubarla yad edən bir qürbətkeşin, Vətəndən Vətənə boylanan nisgilli şairin duyğu və düşüncələri ilə həmrəy olduğunu bildirir.
İsmayıl İmanzadəni səksəninci illərdən tanıyıram. Az-çox keçdiyi həyat yolu barədə də məlumatım var. Bilirəm ki, Cəbrayılın Yuxarı Mərcanlı kəndində anadan olub. Gəncə Dövlət Pedoqoji İnstitutunda təhsil alıb. Sonra iyirmi il (1965-1985) Füzuli və Cəbrayıl rayonlarında müəllimlik eləyib. Yeddi-səkkiz il məsul vəzifələrdə çalışıb (rayon partiya komitəsində və sosial təminat şöbəsində). Sonra isgməcburi köçkün həyatı. Mingəçevirdə məskunlaşıb və elə burada bir ədəbiyyat adamı kimi tanınıb, söz adamlarını öz ətrafına toplayıb və indi o, Azərbaycan Yazıçılar Birliyi Mingəçevir filialının rəhbəridir. "Səni soraqlaram" (1980) ilk şeir kitabından sonra ondan artıq şeir topluları işıq üzü görüb.
Mən də səksəninci illərdən başlayaraq İsmayılın şeirlərini oxuyuram, bu şeirlərdə onun şair fərdiyyətinin, xarakterinin necə formalaşdığının şahidiyəm. Deyə bilərəm ki, İsmayıl İmanzadə artıq öz şairliyinin yetkinlik dövrünü yaşayır. Və bu yetkinliyi biz onun son şeirlər kitablarında da hiss edirik. Bu iyirmi-iyirmi beş ildə yurdumuzun digər qürbətkeş şairləri kimi İsmayıl İmanzadənin də həyatında və yaradıcılığında yeni səhifələr açılıbdır. Onun 90-cı illərə qədər yazdığı şeirlərində sanki bahar yelləri əsirdi. Kəndlə, doğulduğu torpaqla, oranın təbiəti və gözəl insanları ilə bağlı şeirlər yazılmışdı. Amma doxsanıncı illərdən başlayaraq İsmayıl İmanzadənin şeirlərində necə deyərlər, xəzan yelləri əsir, kədərli qışın nəfəsi hiss edilir. Yox, bu ömrün yaşlaşması deyil, insanın - öz yurdundan, yuvasından ayrı düşən bir şairin kədərindən, qüssəsindən yaranan hisslərdir. Yurdundan, doğma ocağından ayrı salınan bir insan - əgər o şairdirsə - nədən söz aça bilər, nədən yazar? Təbii ki, yurd həsrəti, doğma ocağa qovuşmaq istəyi onu gecə-gündüz düşündürər, yandırar-yaxar...g

Dərd rənglərin qarışığı,
Ömrün-günün yaraşığı,
Zirvədəki qar işığı,
Dumanı-çəni yandırır.


Boğdum içimdə həvəsi,
Harda gəzim itən səsi?
Sinəmin ahı-naləsi
Ovcumda dəni yandırır.

Bələndən aşıbdı köçüm,
Dərdi dərddən necə seçim?
Qırov bağlayıbdı içim,
Çölüm özgəni yandırır.

Düzələn deyil kəm-kəsir,
Dəli könlüm hey tələsir.
İçimdən küləklər əsir,
Ruhum bədəni yandırır.

İsmayıl İmanzadənin şeirlərinin əsas qəhrəmanı da, əgər belə demək mümkünsə, adı DƏRD olan bir insandır. Bu insan Dərdin mücəssiməsi olan müasirimiz "Vətən ana, torpaq namus, sevgi əmanət" deyir. Və onun dərdi sızıltıya, iniltiyə, ağlayıb-sıtqamağa aparıb-çıxarmır.
Bu, müqəddəs dərddir...g
İsmayıl İmanzadənin "Qarabağ" şeirində bu dərd bütün mahiyyəti ilə bəlli olur:

Sənin uğrunda görən
Niyə ölə bilmədim?
Haray çəkdin, yanına
Keçib gələ bilmədim.
Göz yaşların bir anda
Döndü selə, bilmədim.
Həyatda varmı görən
Belə nisgil, belə dağ -
Qarabağ, ay Qarabağ.

Niyə Cıdır düzündə
Xarı bülbül soldu, de?
Qırxqızın köhlənləri
Görən harda qaldı, de?
Xəyanət girdabına
Bizi kimlər saldı, de?
Bu məkanda hələ də
İşıq qara, zülmət ağ-
Qarabağ, ay Qarabağ.

İsmayıl İmanzadənin şeirlərində bir ŞAİR obrazı da var və elə bu şair də həmin Dərd obrazı ilə qardaşdı. Əslində, Şair ümumiləşmiş obrazdır, amma eyni zamanda onun öz konkret gizgiləri var:

Qalmayıb heç nəyi dünya varından,
Nə vaxtdır danışıb, dinmir arından.
Özünə dam tikib arzularından,
Bir şair yaşayır Mingəçevirdə.

Kürü Araz bilir, Bozdağı Diri,
Qalıb Cəbrayılda qibləsi, piri,
Sızlaya-sızlaya nə vaxtdan bəri,
Bir şair yaşayır Mingəçevirdə.

İsmayıl İmanzadənin poeziyasında mənə ən xoş gələn bir cəhəti qeyd etmək istəyirəm: o da xalqın müqəddəs bildiyi adət-ənənələrin, inancların tərənnüm olunmasıdır. Burada öncə Jəbrayıl obrazı gəlir. Bu, Vətən torpağının ən gözəl guşələrindən biridir, Dirili Qurbaninin vətənidir, Sabir Əhmədlini, Sərdar Əsədi, Sabir Süleymanovu, Tofiq Hacıyevi, Sovet İttifaqı Qəhrəmanı Cəmil Əhmədovu yetirən bir diyardır, müqəddəslərin uyuduğu, çinarların boy atdığı-göylərə ucaldığı, kəhrizlərin bol olduğu yurddur. "Tamaşa" şeirində şair üzünü yurd yerlərindən perik düşən həmyerlilərinə tutur, ötən günləri, Cəbrayılla bağlı anları, dağları, dərələri, çölləri, kəhrizləri, ağacları və gözəl insanları yada salır. Diri dağı, Qala dağ, Soltanlı, Şahvəli, Çərəkənd, Mərcanlı, Horovlu, Sofulu, "Divlər sarayı", Doşulu, Qalacıq, Dəcəl, Ağtəpə, Kirs, Ziyarat, Mazannənə,Şahvələdli, Xudaverdili, Hüseynallar, Xanağabulaq, Mirzəcanlı, Qovşudlu, Hasanlı, Dərzili, Karxulu, Niyazqullar, Maralyan, Xələfli, Araz çayı, Məzrə... Görün bir şeirdə nə qədər yer adı (kənd, şəhər, çay, dağ və s.) var. Onların hər birini xatırlamaqla şair cavan nəsilə də tanıdır.
İsmayıl İmanzadənin şeirləri dilinin saflığı, səlisliyi ilə diqqəti cəlb edir. Amma bu şeirlərdə obrazlı təfəkkürün ifadəsi olan bədii təsvir vasitələri də kifayət qədərdir. Bu mənada onun "Ana əlləri" şeirini birinci misal gətirmək olar. Tofiq Hacıyev yazır: "Bu ana əllərinin obrazı da ən əvvəl Cəbrayılı canlandırır, sonra bütün Vətən olur, anasının əllərinə baxır, yurdunun torpağı yadına düşür - axı ana öz övladına o torpağın bərəkətini bu əlləriylə qazanıb yedirdib".
Görün bu şeirdə İsmayıl İmanzadə necə orijinal təşbih və metaforalar yaradıb:

Anamın əlləri torpağa bənzər,
Ömrümün dil açan hər izi orda.
Elimin-obamın dolu ürəyi,
Yurdumun gecəsi, gündüzü orda.

O, yolum üstündə günəştək yanar,
Onsuz neçə arzum qalar yarıda.
Bu kövrək əllərdən zəmi boylanar,
Sünbültək dən tutar barmaqları da.

Biz İsmayıl İmanzadənin şeirlərindən söz açanla onun 2011-ci ildə işıq üzü görmüş "Suya söylədiyim yuxu" kitabına müraciət etdik. Həmin kitabda İsmayıl İmanzadənin altmışıncı, yetmişinci, səksəninci, doxsanıncı illərdə yazdığı şeirlərinə də təsadüf etdik. Hiss olundu ki, o, ildən-ilə inkişaf edən, fikir-məna-obraz axtarışına meyl göstərən şairdir.
İsmayıl İmanzadənin bir çox şeirlərində oğraz yaratmağa meyli hiss edirsən. Tutaq ki, "Əllərim" şeirində o, ƏL obrazı ilə həyatının, ömrünün-gününün Əllə bağlı məqamlarını şeirə gətirir. Yəni demək istəyir ki, Əl mənim (şairin) həyatında nəyə qadirdi və nəyə qadir deyil?

Hərdən yumşalır mum kimi,
Yaxamdan tutub qəm kimi.
Cadar-cadardı şum kimi,
Sığala yatmır əllərim.

Gözümdə dumandı, çəndi
Qırıq avardı, yelkəndi.
Daş altında qalan dəndi,
Göyərib artmır əllərim.

Lilləni, yoxdur axarı,
Barmaqlar səddi, axırı.
Qalxsa da məndən yuxarı,
Tanrıya çatmır əllərim.

İsmayıl İmanzadə bir şeirində yazır ki: "Səfərdəyəm, elə hey, Yoxdur gecəm-gündüzüm. Qarışıb yola, izə Qürub çağım, dan üzüm... Ötüb keçən anlarım Sızlayır acı-acı. Ayaqlarım yolçudur, Gözlərim yol ayrıcı".
Bu yolçuluq nə qədər sızıltılar gətirsə də, şairi yormur və ona uğurlar arzulayaq ki, həmişə işığa, gözəlliyə, ümidə, inama doğru yol getsin.

Vaqif YUSİFLİ

TƏQVİM / ARXİV