adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

Bico

MAHİR QABİLOĞLU
51359 | 2014-03-20 00:37
Mən Azərbaycanlıyam. Adım da Beciddir. Gürcüstan SSR-də, Qardabanidə doğulmuşam. Kənddə hamı məni Bico deyə çağırırdı. Orta məktəbi doğma kəndimizdə bitirdikdən sonra, ali təhsil almaq üçün Bakıya gəldim. Politexnik institutuna daxil oldum. Qırmızı diplomla oranı bitirdim. Sonra əsgəri xidmətə yollandım. Raket qoşunlarında xidmət edərək Vətənə borcumu verdim. Day kəndimizə yox, Bakıya qayıtdım. Dəmiryolunda işə düzəldim. Şəhərə daimi qeydiyyatım yox idi. Amma gənc mütəxəssis olduğumdan və işlədiyim sahəni yaxşı bildiyimə görə məni təmir zavoduna işə götürdülər.
Yataqxanada yer verib, müvəqqəti qeydiyyata da aldılar. Beləcə əmək fəaliyyətimə başladım. Bir-iki il özümü göstərəndən sonra Həmkarlar İttifaqına ərizə verib ev növbəsinə yazıldım. Komsomolçu kimi ictimai işlərdə fəallıq göstərirdim. Hamıdan fərqlənirdim. Maaşım yaxşı idi. Kənddə yaşayan atama-anama maddi köməklik də edirdim. Ehtiyacları olmasa belə. Oğulluq borcu sayırdım bunu.
Hər şey yaxşı idi. Bircə dərdim vardı. Evsizlik. Ailə qurmaq istəyirdim. Sexlərin birindən gözaltı da eləmişdim. Qapıda 1975-ci il, növbədə isə yüzüncü idim. Hər dəfə birinə ev verəndə sevinirdim. Həmkarların sədrinin yanına gedib növbə sıramı xəbər alırdım. O da "narahat olma, Bico, sənin də növbən çatacaq. Sən burda beş-altı ildir ki, işləyirsən. On beş-iyirmi il işləyənləri qoyub sənə ev verə bilmərik axı?" - deyə ürək-dirək verirdi.
Bir gün gecə qızların yataqxanasından qışqırıq səsi gəldi. Hamımız tökülüşdük ki, görən nə olub. 2-ci sexdən Elza idi bağıran. Qızlar ha sakitləşdirmək istəyirdi alınmırdı. Sonra məlum oldu ki, sevişdiyi oğlan onu atıb gedib. Yazıq da hamilədir. Sonra qonşumuz, bir il bundan qabaq ailə quran Laura ərindən ayrıldı. Bir uşağıyla tək qaldı. Aliment də ala bilmədi. Demə rəsmi nikaha girməyiblərmiş. Mühasib işləyən Asya isə nə ərə getdi, nə də kiminləsə gəzməyin gördük. Amma doğdu. Demə, buna ər yox, uşaq doğmaq üçün kişi lazımmış. Hamısı da uşaqların şəhadətnaməsindəki "atasının adı" bölümündə öz atalarının adlarını yazdırdılar.
Növbə isə yavaş-yavaş gedirdi. Artıq yetmişinci idim. Günlərin bir günü dözməyib həmkarların sədrinə zarafatyana ultimatum da verdim.
- Mən nə vaxt ev alası. Nə vaxt evlənəsi. Belə getsə oğlan qarıyacağam.
- Bico, day denən evlənmək istəyirəm də. Yoxsa "növbəm nə vaxt çatacaq? Oğlan qarıyacağam". Gözaltın var?
- Hə. Üçüncü sexdən Xoşqədəm.
- Lap əla. Deməli, ikinizi də keçirirəm ailəvi yataqxanaya. Bir dənə də komsomol toyu edirik. Ev növbən də çatanda köçərsən ora. Danışdıq?
Beləliklə, zavodun kollektivi bizə komsomol toyu elədilər. Atamla-anamı da kənddən çağırdım. Yaxşı ev çaxırı, sulquni pendir gətirmişdilər. İstədilər gəlini aparsınlar kəndə. Bir-iki günlüyə kəndə gedib elin gözünə yüngülvari şadyanalıq da keçirtdik. Amma qalmadıq. Yenidən Bakıya qayıtdıq. Həyatda bir pillə irəliləyib fəhlə yataqxanasından ailəvi yataqxanaya köçdük. Amma adamın öz evi tamam başqa şeydi. Kəndimizdə iki mərtəbəli mülkümüz, böyük həyətyanı sahəmiz, təsərrüfatımız, bir sözlə hər cür şəraitimiz vardı. Amma ixtisasıma uyğun iş yox idi. Mən də havayı yerə oxumamışdım ha... İşləməliydim. Öz gücümə ev-eşik sahibi olmalıydım.
Beləcə illər keçirdi. İşçilər ev aldıqca yataqxana bir tərəfdən boşalır, yeni işçilərin hesabına isə dolurdu. Zavodda işə düzələnlər arasında Əfqanıstan müharibəsi veteranlarından da vardı.
Yoldaşım da hamilə idi. Yataqxana ərsiz arvadlar, biclər çox idi. O da kənd qızı olduğundan ikimiz də belə şeylərə pis baxırdıq. Amma neyləyək ki, bura yataqxana idi. Nə vaxtsa ev alacaq, oradan şəxsi mənzilimizə köçəcəkdik. Növbəm isə yaxınlaşırdı. Bir oğlum olmuşdu. Artıq yataqxana otağı da bizə darısqal gəlirdi.
Nəhayət 1985-ci ildə növbədə üçüncü oldum. Qulağım elə səsdə idi ki, indi çağırıb evin orderlərini təqdim edəcəklər. Günlərin bir günü sexdə işləyən dostlarım gəldi ki, bəs zavoda üç mənzil ayırıblar. Hövllü həmkarların otağına qaçdım. Sədr üzümə baxıb heç qımıldanmadı da. Gözlədiyim kimi "gözün aydın. Muştuluğumu ver. Mənzilin orderi hazırdır" demədi də.
- Hə. Bico, sənsən. Gəl otur.
- Eşitdim zavoda üç mənzil ayırıblar. Deməli, növbəm çatıb. Hə?
- Çatmağına çatmalıydı. Amma özün bilirsən də Əfqanıstan veteranlarının xüsusi imtiyazları var axı. Ona görə ayrılan mənzillərin üçünü də onlara vermişik. Birinin orden-medalları var, o bir-ikisi isə kantuziyalıdır- əlildir. Sən yenə üçüncü olaraq qalırsan. Narahat olma, gələn dəfə hökmən alarsan.
Suyum süzülə-süzülə otaqdan çıxdım. Dodağımın altında deyinə-deyinə yataqxanaya gəldim.
- Ay Bico, nə olub? Niyə hirslisən?
- Ay başına dönüm. İki il raketnı voyskada nümunəvi xidmət etdim. Heç bunu qiymətləndirən yoxdur. Əfqanıstanda gedib minaya düşüb kontujenni olanların işə girməkləri heç bir il deyil. O saat ev verdilər. Nədi, nədi, imtiyazları var. Mən isə ali təhsilli, qırmızı diplomlu, ailəvi, bir uşaqlı, 15 ildir ki, zavodda işləyən nümunəvi işçi qaldım kənarda. Heç belə insafsızlıq olar?
- Eybi yoxdur, Bico. Növbədən ki, çıxarmayıblar. Üçüncüyük də. Gələn dəfə alarıq.
Artıq 1986-cı il idi. Yenidənqurma başlanmışdı. Günlərin bir günü həmkarların sədri yanına çağırıb dedi:
- Bico, zavoda bir dənə mənzil ayırıblar. Növbədə səndən əvvəl olanlarla söhbət elədim, sən də bil. Bu ikinci sexdən Elzanı tanıyırsan da. İstədiyi də o vaxt qoyub qaçdı ye onu. Az qalmışdı ki, özünü beşinci mərtəbədən atıb öldürə. Bir uşaqla qaldı yazıq. Bu ev növbəsində otuz səkkizincidir. Amma sovet qanunlarına görə tənha analara mənzil birinci növbədə verilməlidir. Biz də belə qərar verdik ki, Elza...
- Bəs bu vaxta qədər niyə təmin etmirdiniz ki, mənzillə? Onda bu qanunlar yox idi ki?
- Var idi. Sədəcə Elza bilmirdi. İndi hardansa öyrənib, gündə gəlib gözümüzü çıxardır ki, bəs Kremlə şikayət yazacağam ki, məni bu vaxtacan mənzillə təmin eləməmisiniz. Mənim xətrimə bu dəfə keç. Gələn dəfə hökmən alarsan.
İşə düşdük də. Kimsə gedib keyfin görəcək, uşaq qazanacaq, bicə görə ev alacaq... ara yerdə də biz - tərbiyəli, qanacaqlı sovet ailəsi evsiz-eşiksiz qalmalıyıq.
Üstündən bir il də keçdi. Həmkarların sədri yenə yanına çağırdı.
- Ay Bico. Yenə səni çağırdım ki, biləsən. Lauranı tanıyırsan da, ərindən boşanmışdı. Bir uşaqla da tək qalmışdı. Eşidəndə ki, Elza ev aldı... o da başladı demaqoqluğa. Moskvaya -Movzoleyə bir məktub da göndərib. Leninin qəbrindən də cavab gəlib ki, bəs evlə təmin olunsun. Məndən incimə. Ağzım nədir əməl etməyib. Partiyadan çıxararlar. Yanında yalançı çıxıram. Bir mənzil ayırıblar, o da Laurayla oğluna çatacaq.
Qanım lap qaraldı. Mən atalı-analı yetimin qabağında biclər meydan sulayırdı. Artıq çıxış yolu axtarırdım ki, nə edim. Bəlkə mən də yazım. Xidmətlərimi qeyd edim. Amma yox, məndən qabaq hələ ikisi də var. Biri əmək veteranıdır, o biri isə xadimədir. Düz 25 ildir ki, zavodda çalışırlar. Mənim vicdanım buna yol verməz. 15 il dözmüşəm bir az da dözərəm.
Artıq bayırda 1988-ci il idi. Yenidənqurmanın qaynar çağlarıydı. Yavaş-yavaş erməni sədaları gəlirdi qulağımıza. Amma sakitçilik hökm sürürdü. Fəhlə babaydıq. Başımızı aşağı salıb işimizi görürdük. Kasıbçılığımızı edirdik. Günlərin bir günü Həmkarların sədri yenə yanına çağırdı.
- Ay Bico, mən 30 ildir burda işləyirəm. Bunları yaxşı tanımamışam. İndi də Asya düşüb ortalığa. Moskvaya bir dənə məktub yazıb ki, "bəs Azərbaycanda milli ayrı-seçkilik var. Mat-odinoçkayam ev vermirlər. Nədir-nədir adım Asyadır, deyirlər ki, ermənisən. Atam da Azərbaycanlıdır, anam da. Nə olsun ki, anamın nənəsi erməni olub. Buna görə adamı gözünçıxıdıya salarlar?" Ay Bico, yalan deyənin atab-atasına lənət, əgər mən bu günəcən bilmişəmsə bunun ulu nənəsi ermənidir. İndi yuxarıdan əmr gəlib ki, "mənzillə təmin olunsun!" Mənim də məsələmi raykomun partiya iclasına çıxardılar ki, bəs milli ayrı-seçkilik salmısan. Bir dənə yağlı töhmət yapışdırdılar. Bico, gərək bu dəfə də bağışlayasan.
Artıq bütün ümidlərim üzülmüşdü. Hesablamışdım. Zavodda 35 nəfər tənha ana, bir o qədər də bic var. Hamısı üzə çıxsa, mən hələ otuz il də gözləməli olacağam. Bəlkə başqa yol axtarım. Gedim kəndə. Atamla anamı yola gətirib boşatdırım. Sonra da ZAQS-dan dəlil-sübut gətirim ki, bəs mən də bicəm. Atam çoxdan bizi atıb. Heç üzünü də görməmişəm. Yox. Deyəsən giclədim axı... Yol boyu fikirləşirdim. Ağlıma müxtəlif fikirlər gəlirdi. Barmaqlarımı dəzgahın altında qoyub özümü əlil etmək istəyirdim. Bəs sonra. Tutaq ki, ev aldım. Bəs barmaqsız çörək pulunu neçə çıxaracağam. Beləcə fikirləşə-fikirləşə axır ki, bir çıxış yolu tapdım. Yataqxanaya qayıdıb arvadla danışdım. Dedim ki, başqa yolumuz yoxdur. Gəl boşanaq. Sən mat odinoçka ol, mən də otes-oğraş. Mənzili alandan sonra təzədən evlənərik.
Amma hər şey təbii olmalıydı. Bilsəydilər işdən qovulmaq öz yerində, hətta həbs edə bilərdilər. Başladıq yalandan dava, qışqır-bağır salmağa. Guya ki, vuruşuruq. Bir-iki dəfə hay-həşirimizə sahə milis müvəkkilini də hayladılar. Gəldi. Söhbət apardı. Başımıza ağıl qoydu. Ailə münaqişəsini aktlaşdırdı da. Nəhayət ki, məqam yetişdi. Ərizə verib boşandıq. Arvadım uşaqla ailəvi yataqxanada qaldı. Mən isə yenidən fəhlə yataqxanasına qayıtdım. Amma bir yerdə işlədiyimizdən tez-tez görüşürdük. Arvadı başa salırdım ki, yaz. Yaz ki, uşaqla tənha qalmışam. Ərim - əyyaş - bizi atıb gedib. Qanuna görə növbədənkənar mənzillə təmin olunmalıyam. Kremlə yaz, Leninin qəbrinə yaz, Raisa Maksimovna Qorbaçovaya yaz. Qadındır - səni yaxşı başa düşər. Arvadım da dediklərimi edirdi. Qulağım da səsdə idi ki, profkom çağıracaq, bu dəfə "keçmiş", bir uşaqla tənha qalan arvadımın məni qabaqlayacağını deyəcək.
Bu yandan başqa bir zibilə düşmüşdüm. Laura, Elza, Asya göz verib işıq vermirdilər mənə. İşə gələndə biri yemək gətirirdi, o biri kekslə çay verirdi. Asya isə hər görüşəndə məni qucaqlayıb o üzümdən bu üzümdən öpürdü. Lap türklər kimi. Deyirdi ki, nə görmüsən yataqxanada, subay adamsan. Köç bizə. Mənə də kak-raz kişi lazımdır. Mən də gülürdüm, mehribanlıq göstəriridim ki, yalandan boşanmağımdan duyuq düşməsinlər. Amma heç vaxt cızığı keçmirdim. Amma nə olsun ki... Xoşqədəmin gözlərindən oxuyurdum ki, qısqanır. Amma heç birinə dinə bilmirdi. Biz "subay" idik.
Mənzildən də xəbər yox idi. Bayırda 1989-cu il idi. Bakıda mitinqlər gedirdi. Zavod həftə səkkiz mən doqquz tətil edirdi. Aylarla maaş ala bilmirdik. Arvadım da hamının yanında artistlik edərək bilərəkdən məni söyür, ürəyində isə xiffət çəkirdi. Kənardakıların tənəli baxışlarından güclə özümü saxlayırdım. Az qalırdı ki, gedim barışım. Amma mənzil almaq arzum qabağımı kəsirdi. Sövdələşmədən uşağın xəbəri olmadığına görə, anasının tərəfini saxlayırdı, mənə nifrətlə baxırdı. Amma ki, çarəmiz nə idi... dözürdük. Bina tikintisi də dayanmışdı. Tikintisi başa çatan, çatmayan evləri isə qaçqınlar tuturdular. Hələ bir-iki dəfə yataqxanaya gəlib bizi də çıxartmaq istəmişdilər. Beləcə illər keçirdi. Evdən isə xəbər-ətər yox idi.

***

Müstəqilliyə qədəm qoymuşduq. Köhnə sovet qanunları artıq işləmirdi. Rəsmiyyətdə barışmasaq da, artıq bir yerdə yaşayırdıq. Balaca mənzil də kirayələmişdik. Qocalırdıq. Artıq pensiyaya çıxmışdıq. Amma adım hələ də ev növbəsində gedirdi. Əvvəlki kimi üçüncüydüm. Oğlumuz da artıq institutu bitirmişdi. Əsgərliyin çəkib qayıtmışdı. İşsiz idi. Günlərin bir günü qərara aldım ki, uşağı da götürüb zavoda gedim. Bəlkə bir iş tapam orda. Necə olsa otuz il külüng çalmışam. İnzibati binaya girdim. Köhnələrdən heç kim yox idi. Qəbul otağına girdim. Müdirlə görüşmək istəyimi katibəyə dedim. O da həmən çatdırdı. Direktor bizi hörmətlə qarşıladı. Otağa girəndə çaşdım. Necə də köhnə direktorumuza oxşayırdı. Elə bil fırt eləyib burnundan düşmüşdü.
- Ay oğul, otuz il burda işləmişəm. Heç nə dəyişməyib. Necə var elə də qalıb. Bircə sexlərin qapısındakı yazılar dəyişib. Latınca yazılıb.
- Dayı, day demə. Biabır olmuşuq. Xarici qonaq-zad gələndə xəcalətimdən deşik axtarıram girməyə. "1-ci sex", "2-ci sex", "3-cü sex". "sex" sözünü ingiliscə "seks" oxuya-oxuya gedirlər. Üstəlik qaqqanaq çəkib gülürlər də...
Gəlməyimin səbəbini söylədim. O saat selektorun düyməsini basdı:
- Bico, gəl bura, səninlə işim var.
"Bico" sözü eşitcək Gürcüstanlı qanım qaynadı. Deməli, kadrların rəisi eloğludur. Elə bil ki, gözümə işıq gəldi. Otağa qoltuğunda bloknot bir nəfər daxil oldu. Müdirlə görüşərək "salam, bico" dedi. Day dözə bilmədim:
- Cənab direktor, nə xoş təsadüf. Mənə də Bico deyirlər.
- Siz də bizim kimi bic doğulmusunuz?
- Allah eləməsin. Bu nə sözdür? Bico dediniz, elə bildim ki, eloğluyuq. Mən Gürcüstanda doğulub, boya-başa çatmışam. Adım Becid olmasına baxmayaraq, kənddə hamı məni gürcücə əzizləyirdi. - Bico. Yəni ki, oğlan.
- Yox, dayı. Biz Bakılıyıq. Üç yoldaşıq. Üçümüzün də anası bir vaxtlar bu zavodda işləyib. Atalarımız analarımızı biz doğulmamışdan atıb gedib. Ona görə də bir-birimizə zarafatca BİC-O deyirik. Yəni ki, bic. Özümüzdən başqa da kimsəyə bu sözün mənasını deməmişik. Siz Bico deyəndə məhrəm gəldiniz bizə. Elə bildik ki, bizim kimi siz də "bic"siniz. Tanımamış olmazsınız mən mühasib Asyanın oğluyam, kadrlar şöbəsinin müdiri olan bu oğlan isə Laura xalanın oğludur. Elza xalanın oğlu isə baş mühasibdir. Uşaqlığımız bir yerdə keçib. Üç bic bir-birimizə arxa olmuşuq. İndi də zavodu birgə idarə edirik. Allah rəhmət eləsin, köhnə direktora. O məsləhət gördü məni bu vəzifəyə. Anamın xətrini də çox istəyirdi. Öz balası kimi qayğı göstərirdi mənə.
Dodaqlarımı dişlədim. Deməli, Asya direktorla gəzirmiş. Əhsən sənə, Asya. Bir anlıq bic direktora paxıllığım tutdu. Mənim kimi atalı-analıdansa, onun kimi bic olmağı üstün tutmağa başladım. Özüm beləcə heç nəyə nail olmamışdım. Dedim ki, heç olmasa oğlum bədbəxt olmasın. Ona görə də "val"ı dəyişdim.
- Ay oğul, Akif də sizin BİC-O qardaşınız. Anadangəlmə olmasa da, balacalıqdan o da bic böyüyüb. İstəyirsinizsə boşanma haqqında kağızı da gətirib göstərər sizə. Rəsmi olaraq indi də bicdir. Siz onu daha yaxşı başa düşərsiniz. Sizə əmanət. Mən getdim.
- Narahat olmayın, bicdirsə problem yoxdur. Oğlunuza yüksək maaşlı, yaxşı bir iş verərik. Ev növbəsinə də götürərik. Özü də birinci. Bu zavodda üç BİC-O vardı, o da olar dördüncüsü. Ay dayı, nə qədər bic tanıyırsan göndər gəlsin. Əvvəl sovet hökuməti biclərə arxa dururdu, indi isə biz bir-birimizə dayaq olmalıyıq.
Zavoddan çıxdım. Narın yağış yağırdı. Orğun-orğun evə doğru addımlamağa başladım. Ürəyimdə bir rahatlıq tapmışdım. Arxayın idim. Çünki oğlum bic qardaşlarının yanıdaydı. Mən atalı-analı Biconun bu həyatda nə evi, nə də hörməti vardı. Ev növbəsində necə üçüncüydümsə, həyatda da üçüncü olaraq artıq idim. Ruslar yaxşı deyib e... "tretiy lişniy".

MAHİR QABİLOĞLU

TƏQVİM / ARXİV