adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
19 Mart 2014 17:47
38343
SAĞLAMLIQ
A- A+

Donor çatışmazlığına son - Tibbdə yenilik

Azərbaycanda donor çatışmazlığı problemini aradan qaldırmaq üçün qan qrupu uyğun olmayan donorlardan da orqan transplantasiyası əməliyyatları aparılacaq. 

Adalet.az xəbər verir ki, bunu Trend-ə Səhiyyə Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanasının Cərrahiyyə və orqan transplantasiyası şöbəsinin müdiri, Respublika Diaqnostika Mərkəzinin həkimi, tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazımi deyib.

Onun sözlərinə görə, bunun sayəsində donorların sayının artmasına və daha çox xəstənin şəfa tapmasına nail ola biləcəklər.

Alim qeyd edib ki, hazırda dünyanın çox nadir mərkəzlərində qan qrupu uyğun olmayan xəstələr üzərində transplantasiya əməliyyatları aparılır. Dünyanın bir çox mərkəzlərində, əsasən, qan qrupu uyğun olan xəstələr bu əməliyyatlara cəlb edilirlər: "Biz tibbin yeni sahəsinin Azərbaycana gətirilməsini - qan qrupu uyğun olmayan xəstələr üzərində də əməliyyatların aparılmasını istəyirik. Yəqin ki, iyul ayından Azərbaycanda bu əməliyyatlara başlayacağıq".

Azərbaycanda meyitdən orqan transplantasiyası əməliyyatlarının hələ də həyata keçirilməməsinə təəssüflənən M.Kazımi bildirib ki, bu səbəb ölkədə donor çatışmazlığı probleminin yaranmasına gətirib çıxarır.

Həkim qeyd edib ki, orqan köçürülməsi əməliyyatları iki cür - canlı donorlardan və meyit orqanlarından götürülən orqanlardan istifadə etməklə aparılır: "Qanunvericilikdə meyit orqanınından orqan köçürülməsi nəzərdə tutulur. Ancaq təəssüf ki, bu icra edilmir. Çünki yeni addımlar atılmalıdır ki, meyit orqanlarından istifadə edilsin. Hələ ki, bu mexanizm olmadığı üçün yalnız canlı donordan istifadə edilir. Canlıdan transplantasiya olmaq şansı isə yalnız və yalnız qaraciyər və böyrək xəstələrindədir. Transplantasiyaya ehtiyacı olan qalan xəstələrin meyit orqanlarına ehtiyacı var".

Onun sözlərinə görə, bu gün Mərkəzi Neftçilər Xəstəxanasında 128 xəstəyə böyrək köçürülüb, 59 xəstəyə qaraciyər köçürülməsi əməliyyatı müvəffəqiyyətlə başa çatdırılıb. Artıq Respublika Diaqnostika Mərkəzində də böyrəkköçürmə əməliyyatlarının aparılmasına start verilib. Həmin mərkəzdə 12 xəstəyə uğurla böyrək köçürülüb. Yaxın gələcəkdə bu mərkəzdə qaraciyər köçürülməsinin, ümumi cərrahiyyənin nadir olan mürəkkəb əməliyyatlarının aparılması planlaşdırılır.

M.Kazımi deyib ki, statistik məlumatlara əsasən, Azərbaycanda böyrək çatışmazlığından əziyyət çəkən 2000-dən çox xəstə dövlət hesabına hemodializ edilir və onların hamısının böyrək köçürülməsinə ehtiyacı var: "Bunlardan əlavə, özəl müəssisələrdə də dializ olunan xəstələr var. Bunları toplasaq, hardasa 3000-ə yaxın xəstənin böyrək köçürülməsinə ehtiyacı var. Bu, rəsmi deyil, təxmini rəqəmlərdir. Bir o qədər də xəstənin qaraciyər köçürülməsinə ehtiyacı var. Hazırda onlar əməliyyat olunmaq üçün gözləyirlər".