adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7

İnsan, yoxsa iblis?..

BABƏK YUSİFOĞLU
66385 | 2014-03-17 23:42
Müqəddəs kəlamlarda buyurulur ki, dünyadakı hər şey İnsan üçün yaradılmışdır. Çünki İnsan Yer üzünün əşrəfi sayılır. Və bu, Allahın lütfüdür. Lakin o da deyilir ki, yaradılmışların ən mükəmməllərindən hesab olunan İnsan ona bəxş edilənlərin qiymətini bilmədiyi üçün əbədi cəzasını almışdır.
Çox maraqlıdır, düşünmək bacarığı, yaxşıyla pisi seçmək imkanları, fəaliyyət muxtariyyatı verilən İnsan ona bəlli edilən qadağanı saymadığı üçün Tanrı tərəfindən cəzalandırıldı, lakin bununla belə əməllərindən və günahlarından nəticə çıxara bilmədi. Cəzasını çəkməkdəykən belə daha ağır, bəd əməllərindən usanmadı. Yer üzünə göndəriləndən bəri müxtəlif cür günahlar işləyərək təmizlənməyə çalışmadı. Özü də nə yazıq ki, ona verilən ağıl ilə nəyin günah, nəyin savab olduğunu dərk edə-edə...
Bundan da qəribəsi odur ki, məhz yaradılmışların ən mükəmməllərindən sayılan İnsan min illərdi İlahi düzəni, İlahi dəngəni pozmaq üçün şüurlu şəkildə əlindən gələni etməyə çalışır... Əlbəttə, qəlbən inananları, günahdan qorxanları bura şamil etmək olmaz.
Hətta elələri də var ki, günah-savab bir tərəfə qalsın, onlar öz bədheybət, qorxunc... əməlləriylə İblisin özünü dəhşətə gətirə bilir, hətta yırtıcı heyvanları da üstələyirlər. Görünüşcə bu insan tiplərində olanlara əslində ad tapmaq belə mümkün deyil. Jan-Bedel Bokassalara... Təsəvvür edə bilərsinizmi, günahkar, cinayətkar, qatil... sözləri belə Bokassaya tərifdi. Tanıyırsınızmı onu?..

QARA DƏRİLİ YETİM

İlk dövrlər onun haqqında bəzi xəbərlər yayılanda insanlar deyilənlərə inanmaq istəməmişdi. Əslində kimsəni qınamaq da olmazdı. Çünki elə şeylər danışılırdı ki, normal insan ağlı bunları reallıq kimi qəbul edə bilməzdi. Jan-Bedel axı dünyanın ağıllı adamlarıyla da, siyasi xadimləriylə də, dövlət başçılarıyla da görüşür, söhbətlər aparırdı. Ara-sıra eşidilən həmin məlumatlar doğru olsaydı belə şəxslər həmin adamla görüşə razılıq verməzdilər. Əslində insanların əksəriyyəti oxşar məntiqlə düşündükləri üçün Jan-Bedelin "işi" rahat gedirdi. Çünki insanların bu varlıqdan qorxub çəkinməsi onun qarşısına çıxa biləcək bəzi əngəlləri aradan qaldırırdı...
İnsanlıq adına qorxunc ləkə olan bu varlıqdan ətraflı məlumatlanmaq və onu daha yaxşı tanıtmaq üçün gəlin əvvəldən başlayaq. Çünki bu da bir gerçəkdi...
Mərkəzi Afrika Respublikanın (NAR) Konqo-Zair sərhədi yaxınlığında məskunlaşan 300 minlik m.baka qəbiləsinin nüfuzlu Mindoqono Mqbundulu ailəsində 1921-ci ildə dünyaya göz açan Jan-Bedel minlərlə afrikalı uşaq kimi çox çətin dövr yaşadı. Hətta belə demək mümkünsə, həmin vaxtlar başqalarından daha məşəqqətli günlər keçirdi. Çünki atasının Mərkəzi Afrika Respublikasının müstəmləkəçi əsgərləri tərəfindən öldürülməsi və bundan sonra anasının da özünü öldürməsi onu 6 yaşından valideynlərsiz qoydu.
Babası din xadimi olması üçün Jan-Bedeli katolik kilsəsinin məktəblərindən birinə göndərdi. İlk günlər ona maraqlı görünən məktəb çox çəkmədi ki, Janın zəhləsini tökməyə başladı. O, özü də xarakterinə görə digər həmyaşıdlarından fərqlənirdi. Belə ki, Jan daha qəddar, daha tərbiyəsiz hərəkətlərə meyl göstərirdi. Bu cür davranışlarına görə o, 18 yaşınadək heç bir sənətə yiyələnə bilmədi.Və bunun üçün də fransızların ölkədəki qoşunları sırasına yazıldı.Və ilk vaxtlardanca burada da başqalrından fərqli hərəkətləri - aşırı qəddarlığı və enerjisi ilə diqqəti cəlb etdi. Onun öz xalqından, hətta qəbilədaşlarından olan insanları belə həvəslə öldürə bilməsi işğalçıların özünü belə təəccüb içərisində buraxırdı.

ORDUYA...

Elə bu cür "qabiliyyətlərini" dəyərləndirən fransızlar onu mükafatlandıraraq Jan-Bedelə 19 yaşındaykən kapral, 20 yaşında isə böyük serjant, rütbəsi verdilər. Lakin bunlarla kifayətlənməyən bu afrikalı özü üçün daha uzaq məqsədləri hədəfləmiş və bundan ötrü nələrin vacib olduğunu öyrənmişdi: fransızlar onun köpək kimi sədaqətinə inanmalıydılar.
O, 1944-cü ildə Fransanın cənubunda formalaşan antihitler koalisiyası qüvvələri sırasına qoşuldu. Daha sonra Reyn döyüşlərində iştirak etdi. MAR-da əllərində amansız bir zopa kimi işlədə biləcəkləri Jan-Bedel kimilərə əslində fransızların çox ehtiyacı vardı. Çünk belələri daha qəddar, yerli şəraitə daha dözümlü olur, daha ucuz qiymətə başa gəlirdi. Bundan başqa, onların yerlilərin psixologiyasını da yaxşı bilməsi əlavə problemlərin çıxmasını əngəlləyirdi.
Addım-addım istəklərinə doğru irəliləyən Jan-Bedel müharibədən sonra bir müddət Fransadaca yaşamağa qərar verdi. Burada hiss edirdi ki, müstəmləkəçilərə yalnız qulluq, sədaqət, yaltaqlıq göstərməklə yüksək ranqlara çatmaq mümkün olmayacaq. Düzdü, bu illər ərzində müəyyən dairələrdə özünə münasib "dostlar" qazanmışdı, amma onlar da bir yerə qədər. Bu səbəbdən də Jan-Bedel bir müddət sonra Fransanın Seneqaldakı zabitlər məktəbinə daxil oldu və 1949-cu ildə oranı bitirdi. İndi Jan artıq zabit idi və özünü daha "parlaq" şəkildə ağalarının gözünə soxa bilərdi. O, bunu bacardı da...

AMANSIZLIĞIN BAŞLANĞICI VƏ MÜKAFATLAR

İpə-sapa yatmayan vyetnamlıları cəzalandırmaq üçün sıralarında qaradərili insanlardan ibarət bir polku hindi-çinə göndərdilər. Bu Jan-Bedel Bokassa üçün əla bir imkan idi. Və o bu şansı lazımınca dəyərləndirdi. Qısa müddət ərzində Bokassa bədbəxt vyetnamlılar üçün vətənlərində bir cəhənnəm yaratdı. Fransızların özləri belə onun əməllərindən heyrətə gəlirdilər. Rəhm və aman bilməyən bu qaradərili əsgər yerliləri tərəddüdsüz qırır, diri-diri torpağa gömür, kəndləri yandırıdı. Xüsusilə "sözə baxmayanlar"ın cəlladına çevrilmişdi. Araşdırmaçıların yazdığına görə, bir hadisə hər kəsi, hətta ən amansız müstəmləkiçələri belə şok içərisində buraxmışdi...
Əməliyyatların birində Vyetnam cəngəlliklərində azan Jan-Bedel və bir qrup əsgərdən bir müddət xəbər-ətər çıxmır. Hətta bəziləri bu qaradərili bədheybətin aradan çıxdığını da düşünürlər. Lakin sonradan aydın olur ki, yolu itirənlər bu zaman içərisində təbiətin əsiri olublar. Və həmin vaxt Jan-Bedel əsir aldığı insanları öldürüb onların əti ilə qidalanıb. Sonradan bu həqiqətləri etiraf edən Bokassa özü də bildirib ki, insan ürəyini, ciyərini ilk dəfə məhz burada yeyib. Özünün dediyi kimi o, belə hesab edirmiş ki, adamları yeməklə onların qəhrəmanlığına da sahiblənirmiş.
Amma belə vəhşiliklərin hamısını təkcə bu afrikalının adına yazmaq olmaz. Bu bir faktdı: onun dəstəkçiləri, əmr verənləri özlərini Avropanın "böyük", "xeyirxah" milləti sayan fransızlar idi. Əmrlər və dəstəklər bir yana dursun, məhz onlar Vyetnamda göstərdiyi belə qəhrəmanlıqlarına, əsgəri xidmətlərinə görə Jan-Bedeli Fəxri legion ordeni və Lotaringiya xaçıyla mükafatlandırdılar.

MAR-a QAYIDIŞ

1961-ci ildə isə Bokassa artıq kapitan rütbəsiylə Brazzvildə hərbi xidmətini davam etdirməkdəydi. Müstəmləkəçilərə məhz belələri - əmr edildikdə kimsəyə, hətta öz xalqına, lap doğmalarına belə rəhm etmədən öldürməyi bacaran Jan-Bedel kimi əsgərlər lazım deyildimi?.. Əlbəttə. Fransızlar onun "bacarığına" və "qəhrəmanlığına" inanırdılar...
Bir il sonra Bokassa mayor rütbəsi də aldı, sonra isə fransız ordusundan tərxis olundu. İndi onu təxirəsalınmaz işlər gözləyirdi. Jan-Bedelin ölkəsində hakimiyyət dəyişmiş, yaxın qohumu Devid Dako prezident olmuşdu. Bundan da gözəl şans yarana bilərdimi?!.
O, vaxt itirmədən zabit kimi MAR ordu sıralarına daxil oldu. Bundan sonra, nələrin, hansı dəhşətlərin yaşanacağından bixəbər olan Devid Dako fransız silahlı qüvvələri sırasında adi əsgərdən mayor səviyyəsinədək yüksəlməyi bacaran qohumunun ona gərəkli olacağına, həm də hakimiyyətinə bir təhlükə yaratmayacağına inandığı üçün Bokassanı daha da irəli çəkdi. Belə ki, 1963-cü ildə onu baş qərargah rəisi təyin edərək polkovnik rütbəsi verdi. Əslində bəzi yaxınları Bokassanın çox ambisiyalı, bir qədər də psixoloji problemləri olduğu haqda prezidenti xəbərdar etmişdilər. Lakin Devid Dakonun primitiv məntiqinə görə, Bokassa klounluqdan başqa bir şeyi bacarmayan birisi idi.
Vaxtıyla edilən xəbərdarlıqlara rəğmən o belə demişdi: "Polkovnikin ən çox istədiyi şey medallar alıb onların kolleksiyasını yaratmaqdı. Silahlı çevriliş etmək üçün o çox axmaqdı..." Lakin prezident unutmuşdu ki, situasiyaya böyük xarici maraqlar müdaxilə edəndə belələri daha böyük təhlükəyə çevrilirlər.

HAKİMİYYƏTƏ...

Fransızların əsgəri kazarmalarındaykən belə bir rütbəyə, belə bir vəzifəyə çatacağını ağlına da gətirməyən Jan-Bedel gələcəkdə daha da irəliyə açıla biləcək yolun o qədər də mürəkkəb və çətin olmayacağının fərqinə vardı. Və bundan sonra onun mütəmadi olaraq Fransaya səyahətləri və orada ağaları ilə görüşləri başladı. Əlbəttə, mərkəzi Afrikanın uranını, almaz və qızıl yataqlarını, digər zəngin sərvətlərini kim əldən vermək istərdi ki? O da ola fransızlar. Özü də əmrlərində içi qəddar, qeyri-insani ambisiyalarla dolu olan və köpək kimi sədaqətə malik birisi varkən...

(Ardı qəzetin 2 aprel sayında)

BABƏK YUSİFOĞLU
[email protected]
babekyusifoglu.blogspot.com

TƏQVİM / ARXİV