adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

Həmin evdə bir oğlan yaşayıb...

SAMİRƏ ƏŞRƏF
43293 | 2014-03-15 10:01
İnsanın daxili dünyasını bir ömür boyu bəsləyən acılı-şirinli xatirələr vardır ki, onlarsız həyat çox mənasız olar. Ətrafımızda olan hər şey bizə nələrisə, kimlərisə xatırladır. Musiqilər, kitablar, filmlər, qoxular, mənzərələr və nəhayət adamlar...
Əslində bütün xatirələrin bir ucu gedib elə adamlara çıxır. Xoş günləri də, acı günləri də bir-birilərinə bəxş edən insanların özləridilər.
Ad günlər və bayramlar insanların həyatına rəng qatmaqdan ötrü düşünülmüş çox yaxşı hiyləgərlikdi. İlk bayramı kim düşünüb tapıbsa, o çox müdrik və çox bilən adam olub. Bir anlıq təsəvvür edin ki, insan həyatı üçün heç bir bayram və ad günü yoxdu. Ağlasığmazdı.
Bayramlar həm də bizə ona görə maraqlı və doğmadı ki, ömrümüzün bir parçası olan uşaqlıq illərimiz həmin bayramlarla birgə əriyib yox olubdur.
Mənim uşaqlığım on üç yaşımdan sonra bitib. O gündən o, xəbəri eşidəndən sonra mən sanki birdən-birə neçə yaş böyüdüm, hətta qocaldım.
Məkan Göyçay rayonu, vaxt günorta saatları. Radiodan diktorun qəmgin və tərəddüdlü səsi eşidilir. Bu gün Cəbrayıl rayonu erməni işğalçıları tərəfindən işğal olunmuşdur.
O vaxtı hamının üzünə təşrif buyuran kədərdən hiss etmişdim ki, bu işğal sözü bizim belimizə uzun illər ağır yük olacaq. Elə də oldu.
Sonralar mən daha nə o günlərin Novruz tonqallarını, nə yamyaşıl səmənilərini, nə də xoşbəxt günlərini bir də heç yerdə görə bilmədim. Bir neçə dəfə saxtakarlıq etmək istədim, özüm üçün o ab-havanı yaratmaq istədim alınmadı. Çünki, nə o ev, nə o insanlar, nə də məni qucağına alıb özüm boyda tonqalın üstündən atlandıran atam vardı. Sanki, heç olmayıbmış kimi. Hər şey hissə-hissə dağılıb məhv oldu.
Uşaqlıq illərindən fərqli olaraq indiki bayramlar məndə qüssədən başqa heç bir hiss yaratmır. Yox, demirəm, biz uşaq vaxtı yağ içində böyrək kimi bəslənmişik. Əksinə, biz sovet dörünün uşaqları idik. Bizə hər naz neməti dadmaq elə asanlıqla nəsib olmazdı. Bəzən almaq istədiyimiz maraqlı bir oyuncağın qoyulduğu vitrinin qarşısında saatlarla durub ona baxardıq. Sonra bir gün də gəlib yenə həmin bizim olmayan oyuncağa tamaşa etmək istəyəndə, onun artıq orda olmadığını, satıldığını görərdik.
Amma bütün bunlara baxmayaraq, uşaqlığımızın əlamətdar günləri bizim xatirimizdə ən xoşbəxt günlər kimi qalıb. Bunun üçün də Şaxtababanı, Qarqızı, Kosanı, Keçəli çox sevirik. Uşaqlarımızı bəhanə edib özümüz də həmin qəhrəmanlar olan verilişlərə, filmlərə oturub baxırıq. Çünki, yaddaşımız və xatirələrimiz bunları bizdən tələb edir. Yaddaşın tələbi isə çox qəti və kəskin olur bəzən...
Rayonundakı sonuncu Novruz bayramını xatırlayıram. Qonum-qonşunun qızları pambıq və çubuqdan düzəltdikləri gəlinciklərlə oynamağa məşğul ikən mən qardaşımın dostlarının erməni kəndindən sürüb gətirdikləri ikitəkərli velosipedin başına hərlənirdim. Mənim ucbatımdan qardaşım bir yerə gedəndə velosipedin təkərlərini kilidləyib açarı gizlədirdi.
Bir xeyli axtarandan sonar açarı tapıb velosipedi həyətdən oğurlamışdım. Lakin nəticə çox ağır olmuşdu. Beşcə dəqiqə sonra velosiped qarışıq küçədəki kəhrizin içinə yuvarlanmışdım.
Sonralar atam həmin velosipedi qardaşımın gözləri qarşısında sındırdı. Qardaşım yaxşı bilirdi ki, velosipedin sınmağında mənim ondan yıxılmağım bir bəhanədir. Əsas məsələ başqa idi.
Həmin velosiped ev-eşiyini qoyub bir gecədə qaçmış erməni kəndindən gətirilmişdi. Atam qardaşıma bərk-bərk tapşırmışdı ki, nəbadə məhlə uşaqlarına qoşulub bizimkilər tərəfindən bir gecədə alınmış xaraba erməni kəndlərinə gedə və ya ordan nəsə gətirə. Qardaşım getməmişdi. Amma bir dostundan ordan gətirilən velosipedi pulla satın almışdı. Atam velosipedi həyətin ayağıdakı it komasının yanında saxlamağa güclə razılaşmışdı.
Qardaşım isə yeniyetmə qəlbi ilə hər şeyə razılaşmışdı. Təki, onun da yaşıdları kimi sürməyə velosipedi olsun. Atam hər gün dərsdən gələndə, it komasının yanındakı ikitəkərli uşaqlıq sevincimizə erməniyə baxan kimi baxırdı.
Nəticəsi də onun gözlədiyi kimi olmuşdu. Ən əziz bayram günündə bir erməni uşağının velosipedi onun qızını al-qana qərq etmişdi. Onun belə düşündüyünü mən çox dəqiq bilirdim.
İndi bu bayram ərəfəsində həmin xatirənin ağırlığını sizlərlə bölüşərkən fikirləşirəm ki, görəsən bu qədər acıları yaşamağa, yaşatmağa dəyərdimi?! Bəlkə indi atamın nifrət etdiyi o erməni uşağı da yoxdur həyatda, bəlkə elə bir uşaq heç olmayıb. Kimsə sonsuz imiş, həmin velosipedi təsəlli üçün alıb qapısının ağzına qoyubmuş ki, düşmən tərəf gələndə elə bilsin ki, həmin evdə bir oğlan yaşayıb.

Samirə Mirəşrəf

TƏQVİM / ARXİV