adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7

İşıq

XURAMAN HÜSEYNZADƏ
30721 | 2014-03-15 09:59
Adətən belə mənzərələri uşaq vaxtı görmüşdüm. Yəni çoxdan. Elə bilirdim, indi oyuncaq bol və ucuz olduğundan uşaqlar daha küçədə, mağazada analarının əlindən tutub ağlamırlar...
Uşaq vaxtı bulvarı, parkları çox sevirdik. Attraksionlar su qiymətinə olduğundan pulu heç gözümüzə görünmürdü. Gedirdik, doyunca əylənirdik. Bunun əksinə, oyuncaqlar qıt idi. İndi əksinədi: oyuncaqlar bol, attraksionlar baha...
Bu yaxınlarda şəhərin mərkəzində bir uşaq anasının əlindən tutub ağlayırdı. Ana isə xəcalət çəkir, uşağı inandırmaq istəyirdi ki, o oyuncaqdan daha yaxşısını alacaq, bircə ağlamasın. Bu sözləri eşidən uşaq ümidinin öldüyünü hiss edib daha bərkdən ağlayırdı.
Tanıdığım gənc bir ananı uşaqlarını ev dustağına çevirdiyi üçün məzəmmət etdim. Eşitdiklərimə inanmadım.
Uşaqlar, uşaq həyatı yaşamırmışlar. İkisi də qızdır. Bütün gün kəsdirirlər nənənin böyrünü. Nənə gəlini məzəmmət edir, ər arvadla mübahisə edir, qayınata oğulla dalaşır, baldız gəlini təhqir edir... Sonra heç nə olmamış kimi həyatlarına davam edirlər. Kimsə dərk etmir ki, bu mühitdə uşaqların psixologiyası zədələnir. Dörd və beş yaşlarında olan qızcığazların öz yaşlarına uyğun olmayan danışıq tərzi var. Nənə necə danışırsa, o sayaq danışırlar. Evdəki aqressiya uşaqların xarakterinə, simasına yansıyıb.
Ana deyir ki, onlar da reklamlarda gördükləri şokoladları, peçenyeləri dadmaq, uşaq əyləncə mərkəzlərinə getmək istəyirlər. İstəklərinin isə adətən bir cavabı olur: "atan işləsin, pul qazansın, alacaq". Bu mərhələni hələ dərk etməyən balacaların ümidi onlarla bərabər böyüyür. Qeyri-ixtiyari özləri də bunu təkrar edir: "Ata işləsin, pul qazansın, alacaq". Bivec ata isə anlamır ki, onların içində ümidlə bərabər aqressiya, əsəb də böyüyür...
Etiraf edim ki, istəklərini ailələrinin iqtisadi göstəricilərinə uyğun tənzimləyən indiki uşaqlara baxanda öz uşaqlıq çağımdan utanıram. Məsələn, ola bilməzdi ki, nəsə ürəyimdən keçsin və onu mənə almasınlar. İndi fikirləşirəm ki, bəlkə də anam böyük bir gəlinciyi mənə almaq üçün özünün, yaxud ailəmizin hansısa istəyindən vaz keçib. O gəlinciyin pulunun əvəzinə bəlkə də nə qədər qənd, çay və s. almaq olarmış... Mən izə bunu heç düşünməmişəm də...

***

Balaca Tunara nağıl danışıram:
- ... Cırtdan dostları ilə işıqgələn tərəfə gedir.
Sözümü yarıda kəsir:
- Eee. Bir də işıqgələn tərəfə getməsinlər. Bəsdi. Divə deyəcəm, söndürsün o işığı. Pul yazır...

Xuraman Hüseynzadə
[email protected]

TƏQVİM / ARXİV