Messinin dərdi var, Messi xəstədi

ETİBAR CƏBRAYILOĞLU
85509 | 2014-03-15 09:29
Ölmüşdü elə "Ağ Ev"... Amerika heç vaxt imkan verməz ki, Kreml Krımı Rusiyanın ərazisinə qatsın. Barak Obamanı prezident seçən dövlətin xasiyyəti tünddür, dovşanı araba ilə elə tutur, elə tutur ki, araba dovşandan, dovşan da arabadan razılıq edir.
Sovetin özü yoxdursa "Sovetski" necə qala bilər? Əgər o boyda məhəllədə park salınacaqsa, kimdi köçmək istəməyənlərin nazı ilə oynayan? Nə çoxdu boş-bekar buldozer...
Bütün bu problemlər zamanla yoluna qoyulacaq. İndi dünya daha qlobal məsələ ilə maraqlanır. Elə mən özüm də. Bəs necə, mən bu dünyada yaşamıram məgər? Messinin xəstələnməsini eşidəndən nə gecəm var, nə gündüzüm. Yeni dünya ulduzunun milyonlarla azarkeşinə qoşulub narahatlıq keçirirəm. Düzdü, bu mahir sehrbaz yenə meydana çıxır, ayağı və başı həmişəki kimi yaxşı işləyir. Yaşıl ot üstündə topun da, rəqib futbolçuların da başına oyun açır. Necə deyərlər, açıb, açır, açacaq. O gün "Mançester Siti"yə də qol atdı. Amma səhhətində problem yarandığı aydın görünür. Elə aydın görünür ki, elə bil Bayıl tərəfdə durub bulvardakı "Şeytan çarxı"na baxırsan...
Messi özü də sağlıq durumunda problem olduğunu etiraf edib. Təkcə ehtiyat yox, etiraf da Messinin yaraşığıdı. Deyib ki, məşq edəndə, oyuna çıxanda tez-tez qaytarıram. Argentinalı ulduz səhhətindən danışanda onu da deyib ki, İspaniyadakı həkimlər problemin nədən qaynaqlandığını tapa bilmirlər. Al, bu da sənə İspaniya. Messinin, Neymarın, Pikenin, Xavinin, Alveşin, Fabreqasın, Ronaldonun, Beylin, Modriçin, Ramosun, Benzemanın, Di Mariyanın, David Vilyanın, Suaresin, Koştanın, bizim Arda Turanın top qovduğu qos-qoca İspaniyada meydana bir həkim çıxa bilmir. Yekə-yekə danışmaqla... pardon, oynamaqla deyil e...
Allah yenə bizim məmləkətə bərəkət versin. Messimiz, Ronaldomuz, Beylimiz, Neymarımız olmasa da həkimdən boluq. Bizdə elə özəl klinikalar var ki, adları az qala Messi, Ronaldo kimi məşhurdu. Telekanallarda hansı verilişə baxırsan, həmin klinikaları tərifləyirlər. Təkrar deməyə nə ehtiyac, indi elə zamandı ki, qardaş qardaşı, ata oğulu pulsuz, təmənnasız tərifləmir. Telekanallar da özəl klinikaların ağ xələtinə, pambıq və bintinə aşiq olmayıblar ki? Özəl tibb mərkəzləri əksər verilişlərə sponsorluq edir, pul-para verir. Onsuz da dəb düşüb, bir də görürsən hansısa bir oxuyan qadın çıxır bahalı maşının üstünə və uca səslə deyir ki, bunu mənə sponsorum bağışlayıb.
"Argentinalı möcüzə" - Messi İspaniyada qaytarmağında, oxuyanlarımız bahalı arabaların damında şəkil çəkdirməkdə, özəl klinikalarımız da "Dədə, bizi niyə atdın", "Ana, evə nə vaxt gələcəksən", "Arvadımın əri" proqramlarına sponsorluq etməkdədi.
İspaniyadakı həkimlərdən düz-əməlli bir cavab ala bilməyən Messinin bizim özəl tibb mərkəzlərindən nə xəbəri? O, hardan bilsin, bizim klinikalarda vəziyyət necədi? Topla sehrbazlıq etməkdən başı açılır ki... Argentinalı eşitməsə də biz yaxşı bilirik ki, məsələ nə yerdədi. Özəl tibb mərkəzlərimizdə xəstələr şəraitin yüksək səviyyədə olmasından şoka düşürlər, yalvarırlar ki, həkim, ölüm qabağında. Dərhal da arzularına çatırlar.
İndi istəyirəm ki, ulduz futbolçunu sağaltmaq üçün vasitəçilik edəm, amma Minsk Qrupunun vasitəçiliyinə oxşamasın. Messinin əlindən tutub gətirim Bakıya, bizim özəl klinikalardakı həkimlərimiz onun dərdinə bir çarə tapsınlar. Messinin pulu da var, xarici pasportu da hazırdı. Lakin arada bir problem yaranıb, futbol oynamaqdan, topun anasını ağlatmaqdan vaxt tapa bilmir. Bir-iki tur cəzalansaydı buralara gəlməyə boş vaxtı olardı.
Ay Messisevərlər, vəziyyət belədi - həkim tapmışam, bəs Messiyə qırmızı vərəqə verə bilən hakimi hardan tapım?

Etibar Cəbrayıloğlu

TƏQVİM / ARXİV