adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

YEDDİNCİ QAPI

ƏLÖVSƏT BƏŞİRLİ
37135 | 2014-03-15 09:27
(əvvəli ötən şənbə sayımızda)

***
Parlaq zəka ilə qüdrətli xarakteri özündə birləşdirən şəxsiyyətlər ən uca zirvələri fəth edir, fövqəlbəşərə çevrilirlər. Onlar hər yerdə, hər zaman güclü olduqları kimi, həm də qalibdirlər.
Hüseynağa Qəniyev dünyaca məşhur belə tarixi şəxsiyyətlər sırasında Şah İsmayıl Xətainin adını xüsusi olaraq vurğulayır. Və görkəmli ingilis filosofu Frensis Bekonun Şah İsmayıl Xətai haqqında böyük hörmət və ehtiramla fikir söylədiyini, onun adını dünyanın ən nəhəng fatehləri, zəka və xarakter sahibləri, dövlət baniləri, qüdrətli ruha, yaraşıqlı və cazibədar görkəmə malik insanlarla bir sırada çəkdiyini böyük qürur hissi ilə qələmə alır.
Bekon "Gözəllik haqqında" əsərində yazmışdır: "Avqust Sezar, Tit Vespasian, IV Eduard, Alkiviad Afinski, İsmayıl Şah yüksək və qüdrətli ruha malik olmaqla yanaşı, zəmanələrinin ən yaraşıqlı və cazibədar adamları olmuşlar".
"Şan-şöhrət haqqında" əsərində isə o, dövlət banisi kimi Şah İsmayılı hakimiyyətin ali pilləsində dünyanın ən azman kişiləri ilə yanaşı görərək yazmışdır: "Birinci yerdə dövlət banilərini - Romul, Kuruş, Sezar, Osman, Şah İsmayılı yerləşdirərdim".

***
Kainatı əhatə edən zaman daxilində hər şey axır, hər şey dəyişir, keçmişdə qalır, unudulur.
Zaman yalnız dühaların möhtəşəm əməlləri, sənətləri, kəşfləri və ideyaları qarşısında diz çökür, onları keçmişin qaranlıqlarında saxlamaqda, özü ilə bərabər gələcəyə getməsini əngəllməkdə acizdir.
Bu fikri yeni dövr alman ədəbiyyatının banisi, mütəfəkkir şair İohann Volfqanq Höte dahi Azərbaycan şairi Nizami Gəncəvinin timsalında dolğun və sərrast ifadə edərək demişdir: "Nizami Gəncəvi bütün zamanların və xalqların ulu şairidir".
Dahi fizik İsaak Nyuton özünəməxsus obrazlı dillə söyləmişdir: "Dünyada elə bir ağırlıq tanımıram ki, Nizami Gəncəviyə bərabər olsun".
Ömrü boyu doğma şəhəri Gəncədən kənara çıxmadığı halda ulu Nizami dünya elminə yiyələnmiş, dini fanatizmin tüğyan etdiyi dövrdə antik yunan elmi adı ilə dünyəvi elmlərə üstünlük vermişdir. Mütəfəkkir sənətkar "İsgəndərnamə" əsərində intibahın labüdlüyünün elmi-nəzəri konsepsiyasını bəşəriyyətə avropalılardan iki əsr əvvəl təqdim etmişdir.
Dahi Azərbaycan şairinə həsr etdiyi essedə Hüseynağa Qəniyev haqlı olaraq belə fikrə gəlir ki, "Nizami konkret halda Gəncəvi adlansa da, əslində ümumi zaman və məkan baxımından Dünyəvidir".
***
Təsadüf elə gətirdi ki, müxbir Hüseynağa müəllimdən müsahibə alarkən onların yanında oldum. Suallar da, cavablar da mənim üçün çox maraqlı idi. Əlbəttə, tək mənim üçün yox.
Sual: Azərbaycanın dövlət müstəqilliyinin bərpası millətimizin tarixində misilsiz fakt olsa da, bunun rəsmiləşdirilməsində birbaşa iştirakı olmuş sizin üçün onun dəyəri yəqin ki, xüsusidir.
Cavab: Mənim üçün çox əlamətdardır ki, Azərbaycanın üçrəngli bayrağının, Cümhuriyyət dövründə qəbul edilmiş dövlət gerbinin yenidən təsdiqlənməsində iştirakım olub.
Mənim fikrimcə Müstəqillik Azadlığa aparan yoldur. Və bu yol Azərbaycan xalqının milli azadlıq mübarizəsinin ilk bayraqdarı, müstəqil Azərbaycan dövlətinin ilk lideri və şəhidi Babəkin 20 illik mücadiləsindən başlanır. Böyük tarixi şəxsiyyətlərimiz bu yolda Qılınc və Qələm çalıblar. Adı dünyanın ən nəhəng fatehləri sırasında çəkilən Şah İsmayıl Xətai, ulu Nizami, Mirzə Fətəli Axundzadə dühasıg Vaxtilə Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabi Mirzə Fətəliyə ürək yanğısı ilə yazmışdı: "Bizim xalqımız kasıb torpaq kimidir, biz öz külümüzlə bu torpağı yaxşılaşdırmaq üçün yanmalıyıq".
Düşünürəm ki, biz xalqın milli-ictimai şüurunu oyatmış, onu nadanlığın, fanatizmin zülmətindən xilas etmiş dühalarımızın iz qoyduqları Azadlıq yolunun yolçuları olmalıyıq.
Sual: Azadlığın nisbi olması fikirləriylə razısınızmı?
Cavab: Azadlığın əzələsi olmayanda insanı köləliyə, məsuliyyəti olmayanda hərc-mərcliyə, əxlaqı olmayanda vəhşiliyə aparıb çıxarır. Hər şeyin əndazəsi olmalıdır. İnsanın əxlaqı var, əxlaq olmayan yerdə insan yoxdur. Əxlaq xalqın xoşbəxtliyinə xidmət etməlidir, etmirsə, hakim dairələr müəyyən prinsiplərdən öz məqsədləri üçün yararlanırsa, o əxlaqın xalqa dəxli yoxdur.
Sual: Azadlığın hüdudlarını kim müəyyənləşdirir ki?
Cavab: Əslində azadlığın çərçivəsi yoxdur, sadəcə ictimai mühit, şərait, ümumi səviyyə insanın azadlığının hüdudlarını müəyyənləşdirir. İnsanın intellektual səviyyəsi, dünyagörüşü nə qədər yüksəkdirsə, onun azadlıq tələbatı çox olur. İntellekti olmayanı isə yalnız iqtisadi amillər düşündürür.
Sual: Gənclərə nə məsləhət verə bilərsiniz?
Cavab: Kant yazırdı ki, "Haqq sözünü deməyə gücün çatsın". Mənim isə gənclərə məsləhətim belə olardı ki, haqq sözü demək azdır, sözünü əməli işdə həyata keçirmək lazımdır. Onda dediklərimiz əmələ gələr.
Bir də oxumaq, mütaliə etmək vacibdir. Bədii əsərlərlə yanaşı, eyni zamanda ensiklopedik bilik verən, dünyagörüşü artıran kitabları oxumağı məsləhət görürəm. Şəxsən mənim üçün dünya tarixi və fəlsəfə daha böyük önəm kəsb edir.
Mən bu gün də maarifçiliyə böyük ehtiyac duyuram. Yalnız bu yolla milli maraqları, milli ideyaları bəşəri ideyalara qovuşdurmaq mümkündür. Yalnız bu yolla həqiqəti tapmaq, idraka aydınlıq, dəqiqlik, genişlik və dərinlik vermək mümkündür. Bunun sayəsində insan mistikadan, yalandan azad olub, özünə, millətinə və reallığa qovuşa bilər. Azərbaycan xalqının birliyinin, azadlığının yolunu məhz bunda, milli və bəşəri ideyaların qovşağında görürəm.

***
"Elə adamlar axtarın ki, onlarla söhbət etmək dəyərli, maraqlı kitab oxumağa bərabər olsun. Elə kitablar axtarın ki, onların mütaliəsi filosoflarla söhbət qədər dəyərli olsun".
Ulu Mövlanənin bu hikmətli sözlərini oxuyanda uzun illər yaxından tanıyıb özümə dost, qardaş bildiyim Hüseynağanı düşünürəm. Həqiqətən də onunla ürək söhbəti etmək mənim üçün dəyərli kitab oxumaq kimidir. Müəllifi olduğu kitablarının mütaliəsi isə müdrik insanlarla söhbət qədər maraqlıdır. Xüsusən hələlik axırıncı, sayca yeddinci kitabı: "Zəka və xarakter". Kitabın redaktoru, fəlsəfə doktoru Elçin Mirzəbəyli elə ilk səhifədə oxucuya müraciət edir: "Buyurun, İnsanlıq fəlsəfəsinə - gələcəyə, işığa, müdrikliyə açlıan Yeddinci qapı Sizi gözləyir".
Oxucu maraq dolu həvəslə o rəmzi "qapını açır", kitabı vərəqlədikcə yeni eradan əvvəlki antik dövrdən bu günümüzə qədər məşhur filosoflarla, mütəfəkkirlərlə sanki üz-üzə qalır. Elmin işığında, alim zəkasının, filosof təfəkkürünün ziyasında xeyirlə şərin, xeyirxahlıqla bədxahlığın, həqiqətlə yalanın, nəfslə gözütoxluğun, ədalətlə ədalətsizliyin, haqqla nahaqqın, təbiiliklə süniliyin, əxlaqla mənəviyyatsızlığın, nəhayət demokratiya ilə diktaturanın zaman-zaman mücadiləsini görür.
Müəllif yazır ki, hakimiyyət tarix boyu hökmdarları iki yol ayrıcında dayandırıb: birinci yol - onları həyatda mənəvi yüksəlişə, rahatlığa, təhlükəsizliyə, şöhrətə, xalqı firavanlığa, vəfat etdikdə şan-şərəfə; ikinci yol isə sağlığında daimi qorxuya, bədxahlığa, təhlükəyə və mənfurluğa, xalqı səfalətə, öləndən sonra isə rüsvayçılığa və şərəfsizliyə aparmışdır.
Demokrat birinci, müstəbid ikinci yolu seçir.
Qanun olan yerdə istibdad və müstəbid, istibdad və müstəbid olan yerdə isə qanun yoxdur. "Qanunun hakimiyyəti olmayan yerdə dövlət quruluşu da yoxdur" (Aristotel).
Aristotelin fikrincə müstəbid xadqa inanmır, onu fiziki, mənəvi cəhətdən sıxışdırıb taqətdən salır. Allahsız olduğu halda, özünü Allah adamı kimi göstərmək üçün xüsusi tədbirlər düşünüb həyata keçirir, mükafatları şəxsən özü, cəzaları isə hakimlərin əli ilə verir. Aristotel "Siyasət" əsərində yazır ki, gənc müstəbid Frasibul məsləhət almaq üçün təcrübəli müstəbid Periandrın yanına qasid göndərir. Periandr elçinin gətirdiyi məktubu oxuyandan sonra bir kəlmə danışmadan taxıl zəmisinə gəlir. Ümumi səviyyədən azca yuxarı qalxmış bütün sünbüllərin başını kəsdirir, onların hamısını ümumi əkinin boyu ilə bərabərləşdirir. Qasid heç bir şey anlamadan geri qayıdır və gördüklərini Frasibula danışır. O, başa düşür ki, Periandr bununla demək istəyir: hakimiyyəti möhkəmləndirmək, cəmiyyətdə mütləq hakim - müstəbid olmaq üçün ölkədə güclü, nüfuzlu, ləyaqətli, kütlədən yüksəkdə durub gözə görünən adamların hamısının başını həddini aşmış sünbüllərin başı kimi kəsib atmaq lazımdır. Tarlada sünbüllər yox, taxıl zəmisi göründüyü kimi, cəmiyyətdə də, insanlar, şəxsiyyətlər yox, yalnız kütlə qalmalıdır.
Beləliklə, təkamülün təməl prinsipi pozulur, güclülər məhv edilir, zəiflərə yaşamaq hüququ verilir.
Aristotel "Siyasət" əsərini bu sözlərlə bitirir: "Əndazəni gözlə, mümkün olan işdən yapış, abır-həyanı əldən vermə".
Haqsızlığın və qanunsuzluğun da bir ölçüsü, əndazəsi olmalıdır. Əndazə itib-batanda faciə baş verir.
Qanun olmayan yerdə hökmdar Neron müstəbidə, əxlaq filosofu Seneka mal-dövlət hərisinə, antik dünyanın görkəmli filosofu Epikür isə dilənçiyə çevrilir.
Qədim dövrün qanun yaradıcısı və demokratı Solon müstəbid Pisistrat Afinada hakimiyyəti ələ keçirəndən sonra vətənini tərk edib qürbətdə yaşayır. Dünyanın bir çox hökmdarları bu böyük insanı saraylarına, yüksək vəzifələrə dəvət edirlər. Pisistrat da onu vətəninə yaşamağa dəvət edir. İstibdadın hamı üçün faciəli nəticələrini irəlicədən görən müdrik alim Solon məktublarının birində yazır: "Mənim üçün vətən o ölkədir, yaşamaq üçün əziz o yerdir ki, orada qanunlar və onların icrası hamı üçün bərabərdir, hamı üçün ədalətlidlir. Qanun və ədalət olmayan yerdə vətən də yoxdur".
Müəllif "Zəka və xarakter" kitabının ən təsirli, ibrətamiz fəslinin sonunda yazır: "Mən bunları dilə gətirməzdim, əgər hakimiyyətə gəlmək arzusu ürəyində qalıb, tarixə düşə bilməyən müstəbid təbiətli insanların bu gün də ətrafımızda dolaşdığını hiss etməsəydim".

***
Müdriklər deyiblər: "Hər şey həddini aşanda özünə qarşı çevrilir". Kim olmasından asılı olmayaraq, hər adamın qabiliyyətinə uyğun yerdə oturması həm onun özü, həm cəmiyyət, həm də dövlət üçün daha faydalıdır.
Görkəmli fateh Çingiz xandan soruşurlar: dünyanı necə fəth etmisiniz? Cavab verir ki, qüdrətli dövlətin güclü ordusu ilə. Soruşurlar: qüdrətli dövləti və güclü ordunu necə yaratdınız? Cavab verir: möhkəm intizamla. Möhkəm intizama necə nail oldunuz? Cavab verir: ədalətin köməyilə. Bəs ədaləti necə əldə etdiniz? Cavab verir: kimliyindən - doğma və yad adam olmasından asılı olmayaraq, hər kəsi qabiliyyətinə uyğun yerdə oturtmaqla.
Müdriklər deyiblər: "Ədalət xeyirxahlıq və müdriklik, ədalətsizlik isə bədxahlıq və nadanlıqdır.
Həqiqət fikir azadlığının, ədalət isə həqiqətin övladıdır. Ədalət insanın ləyaqəti, ədalətsizlik qüsurudur. Ədalət sağlamlığın, ədalətsizlik xəstəliyin xassəsidir. Sağlamlığın kamilliyi qüvvəyə, xəstəliyin kamilliyi isə ölümə çevrilir. Ona görə də son nəticədə ədalət təbiətinə görə hər yerdə, hər zaman ədalətsizlikdən güclüdür".
Ədalət gücdə deyil, güc ədalətdədir.
"Zəka və xarakter" kitabının son fəslində müəllif haşiyə çıxaraq yazır: "Xalqımızın şifahi söz sənəti abidələrində çox müdrik bir ifadəni xatırlamaq yerinə düşərdi: "Desəm öldürərlər, deməsəm ölləm".
Xalq qəhrəmanlarını darda qoymur, deməyin də, deməməyin də yolunu böyük müdrikliklə tapır. Həm demir, həm deyir, nə ölür, nə öldürülür. Məqsədinə isə nail olur. Bu, xalq müdrikliyinin möhtəşəm xəzinəsinin sirrlərindən biridir. O, bu yolla heç bir cəsur insanın deyə bilmədiklərini deyir".
Tarix həqiqətdir, reallıqdır, gerçəklikdir. Onun inkişafının zəruri qanunları və tendensiyaları var. Zərurət isə zamanın hökmüdür. O, hər yerdə, hər zaman güclüdür, qalibdir. Həqiqətin atası ZAMAN isə saxtakarlığı qəbul etmir. Hamının paxırını, səhvini vaxtında üzə çıxarır.

Çalxalandıqca, bulandıqca zaman nehrə kimi,
Yağı yağ üstə çıxar, ayranı ayranlıq olar.

(M.Ə.Sabir)

Müasir alman fəlsəfəsinin görkəmli siması Fridrix Nitşedən müəllifin gətirdiyi sitat çox ibrətamizdir: "İnsan o zaman danışmalıdır ki, susmağa haqqı yoxdur".
Yazıçı-publisist Hüseynağa Qəniyevin esselərində müəllifdən maksimum azadlıq tələb edən bu janra nə qədər dərindən bağlı olduğu açıq-aşkar görünür. O, istedadlı qələm sahibi kimi tarixi-fəlsəfi esselərində dünənimizdən bu günümüzə "körpü" salır, cahanşümul dühaların zəkasının işığında Sözünü deyir, keçmiş olaylardan ibrət götürməklə oxucuya həyatın dolaylarında inam, iradə, dəyanət təlqin edir.

Əlövsət BƏŞİRLİ

TƏQVİM / ARXİV