adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

TUZİKİN SEVGİLİSİ

MAHİR QABİLOĞLU
32935 | 2014-03-15 09:24
***
1990-cı ilin qanlı yanvarından sonra bütün Azərbaycan tətil elan elədi. O günəcən pis-yaxşı - zavod fəaliyyət göstərirdi. İndi isə tamam dayanmışdıq. Şəhidlərin 40-ı çıxandan sonra isə zavod fəaliyyətini bərpa edə bilmədi. Hazır məhsul anbarlarda yığılıb qalmışdı. Hərdən bir zavoda gedirdim. İş yoldaşlarımla görüşürdüm. Onlar da "Firəngiz bala, sənlik bir iş yoxdur. Get evə, anana bax. Keçən ildən maaşlarımız da gecikir. Olanda zəng edib deyərik".
Anamın isə ayaqları ağrıyırdı. Gecələr zoqqultusundan yata bilmirdi. Qara günümüz üçün ayırdığımız pulla dolanırdıq. Adım rəsmi olaraq ştat cədvəlində getsə də, işə çıxmırdım. Zavod qismən işləsə də, yeməkxananı tamamilə bağlamışdılar. Anamı da ixtisara salmışdılar. Günlərin bir günü zəng elədilər ki, bəs bizə kuryer də lazım deyil. Anam təzyiq, ürək xəstəliyi də tapmışdı. Fəhlələrin boğazından kəsərək yığdığı pular isə dava-dərmana xərclənə-xərclənə gedirdi.
Günlərin bir günü anamın beyninə qan sızdı. İki gündən sonra isə rəhmətə getdi. Qohum-qonşunun köməyilə basdırdıq. Mən 20 yaşlı qız tək qaldım. Atam öləndə anamın heç olmasa mən qızı vardı. Mənim isə heç kimim yox idi.

***
Bayırda 1992-ci il idi. İş axtarırdım, tapmırdım. Hara gedirdim deyirdilər ki, bizdə ixtisarlar gedir, səni hara götürək? Beləcə günlər keçirdi. Pulum da qurtarırdı. Qapı-qapı düşüb iş axtarmağa başladım.
- Ay qız, nə istəyirsən?
- İş axtarıram.
- Nə bacarırsan?
- Paltar yumağı.
- Paltar yumağı? Paltaryuyan maşınımıza nə gəlib ki? Atırsan içinə, bir saata yuyur da, qurudur da verir sənə.
- Bilirsinizmi, mənə iş çox lazımdır. Pul lazımdır. Lap qanlı əskilərinizi də yuyaram. Təki iş olsun.
- Nə qanlı əski? Sən hansı dövrdə yaşayırsan. Xüsusi, hazır, odnorazovı qiqiyenik paketlərə nə gəlib ki... Xaricdən gətizdiririk.
Bu cavablardan mənən ölürdüm. Fikirləşirdim yaxşı ki, o vaxt paltaryuyan, gigiyenik paketlər yox idi. Yoxsa, anam məni necə böyüdərdi? Amma ümidimi üzmürdüm. Qapıları döyə-döyə gedirdim:
- Ay qız, nə istəyirsən?
- İş axtarıram.
- Nə bacarırsan?
- Ev yığışdırmağı.
- Tozsoranımıza nə gəlib. Özüm eləyirəm də... Day sənə niyə pul verim ki...
Ümid sonda ölür. Nəhayət ki, bir imkanlı adamın evində iş tapdım. Bəxtim deyəsən onda gətirmişdi ki, qapını evin xanımı yox, kişisi açmışdı.
- Ay qız, nə istəyirsən?
- İş axtarıram.
- Nə bacarırsan?
- Hər şey.
- Hər şey?
- Bəli. Hər şey.
- Onda gəl içəri.
Evə girən kimi balaca bir it hürə-hürə gəlib yapışdı ətəyimdən. Ayağımla itələyəndə zingildədi. Səsə kişinin arvadı gəldi.
- Aaz, iti niyə vurusan? Ayaqlarını qıraram a. Bu itdir e... adam deyil. Ay kişi, bu kimdir?
- İş axtarır.
- Bunun kimi kobud adam üçün bizim evdə iş yoxdur.
- Yaxşı da, həyatım. Gəl Tuziki ona tapşıraq, baxsın. Vaxtlı-vaxtında gəzməyə çıxarsın. Həkimə aparsın, yeməyin versin, çimdirsin. Cütləşməyə aparsın. İyi götürüb evi. Almayanda öldürürdünüz məni. Alandan sonra isə nə sən baxırsan, nə də uşaqlar. Bu itdir e... Bizim kimi canlıdır, başa düşürsən?
- Yox! Olmaz! Görmürsən ki, vəhşinin biridir. Az qalmışdı ki, öldürsün mənim Tuzzikimi, quzzikimi, muzzikimi.
Deməli, məni işə Tuzikə baxmaq üçün götürürlərmiş. Nə biləydim bunu. Bilsəydim təpik vurardım ona. Ona yox e, çörək ağacıma. Tez dizi üstə çömbəlib, Tuziki qucağıma aldım, sinəmə sıxıb qucaqladım. "Ay mənim Tuzzikim, muzzikim, quzzikim, lastoçka moya, kostıçka moya" deyə-deyə başladım əzizləməyə. İtin də deyəsən məndən xoşu gəldi. Başladı üzümü yalamağa. Bu səhnə arvadın da ürəyinə rəhm saldı.
- Yaxşı, qoy işləsin. Amma cütləşdirməyə özüm aparacağam. Bunu qıza etibar etmək olmaz.
Beləliklə, məni işə qəbul elədilər. Yaxşı da maaş kəsdilər. Hər gün səhər gəlirdim. İti havaya çıxarırdım. İki saat gəzəndən sonra qayıdırdıq. İtin ayaqlarını yuyub qurulayırdım. Tükünü darıyırdım. Mətbəxə keçib kənd beçəsini ütürdüm. Qazana atıb qaynadırdım. Üstünə kartof, düyü, kök əlavə edirdim. Soğandağını kərə yağında qızardırdım. Sahibəm dəfələrlə tapşırmışdı ki, Tuzikin yeməyini nəbadə semiçka yağında bişirəsən a... moment qarnı gedər. Bizim it kərə yağına öyrəşib.
Əslində yağımız kərə yox, nehrə yağıydı. Çünki yağ tapılmadığından xozeyin rayondan xüsusi olaraq camışın nehrə yağın gətizdirmişdi. Qudurasan Tuzik, camaat günəbaxan yağı tapmır, bu isə nehrə yağına öyrəşib. Yeməyi bişirəndən sonra əti sümüyündən ayırırdım, suyundan da bir qaba çəkib içinə Dağlı çörəyi doğrayırdım. Çəngəllə əzib horra halına salırdım. Dadına baxıb duzunu, istiotunu əlavə edirdim. Tuzikimin qabağına qoyurdum. Sahibə də Tuzikin yeməsinə diqqətlə tamaşa edirdi. Sonda "yaxşı yedi, halal olsun. Dadlı bişirmisən. İndi özün də bir boşqab çək, ye. Sonra da çıxın gəzməyə" deyirdi.
Mən də Tuzikdən artıq qalan kənd beçəsinin boyun, qabırğa, qanad hissələrini boşqaba çəkib ləzzətlə yeyirdim. Uşaqlığım yadıma düşürdü. O vaxt zavod direktorunun itinin artıq-urtuğuna qalmışdım, indi isə Tuzikə möhtac idim. Amma o vaxtkının ləzzətini vermirdi. Anamın əlindən yediyim artıqlar mənə xoş idi, Tuzikin əlindən çörək yeməyimsə ağır gəlirdi. Amma neyləyim? Mənə çörək o verirdi. Tuzikin günorta yeməyi isə kolbasa idi. Doktorski, lyubitelski, Servelat, Moloçnıy, sosiska. Tuziklə bir yerdə bu nemətlərdən o qədər dadırdım ki, məktəbdə sinif yoldaşlarımın gətirdikləri buterbrodlara baxan ac, həsəd dolu gözlərim də doymağa başlamışdı.
Hər gün gəzməyə çıxırdıq. Açıq havada gəzməkdən yanaqlarım da çöhrələnmişdi. Hərdən Tuziklə bulvara da gedirdik. Kaçelidə fırlanırdıq, dondurma yeyirdik, şəkil çəkdirirdik, gəmi gəzintisinə çıxırdıq. Mütəmadi həkimə aparırdım onu. Analizlərini verirdim. Nəcisində qurd tapılmayanda həkim sahibəmə zəng edib məndən razılıq da edirdi. Deyirdi ki, halal olsun, Fira Tuzikə yaxşı baxır. Tuziklə bir-birimizə elə bağlanmışdıq ki, gecə evə gedəndə zingildəyirdi, özünü ayağıma sürtürdü. Buraxmırdı məni. İş o yerə çatmışdı ki, sahibəm də məni Tuzikə qısqanmağa başlamışdı. Bir-iki dəfə rəfiqəsinin itiylə cütləşdirməyə aparmışdı Tuziki. Amma heç nə alınmamışdı. Tuzik özünü mənim ayaqlarıma sürtüb-sürtüb yatırdı, bununla da rahatlıq tapırdı. Mən də dinmirdim. Nə olsun e... balaca itdir də. Nə olsun ki, erkəkdir. Kişi deyil ki... Dili-ağzı da yoxdur ki, sabah mən ərə gedəndə gəlib şantaj eləsin. Yaxud da nişanlıma desin ki, mən sənin gələcək arvadının ayağını hələ o vaxt... Yaxud da, "ay filankəs, sən mənim artığıma qalmışdın?" desin.
Nəsə... günlərim, illərim beləcə keçirdi. Özümə xarici vətəndaşlıq pasportu almaq istəyirdim. Amma alınmırdı. Çünki gecədən pasport verilən idarənin qabağına getməliydin. Əlinə nömrə yazdırıb növbəyə dayanmalıydın. Gündüz saat ikiyəcən gözləməliydin. Sonra xoşbəxtlik nəsib olsa içəri keçib sənədlərini verməliydin. Bir aydan sonra isə yenidən pasport almaq üçün bu cəhənnəm əzabından bir də keçməliydim. Mənim isə buna vaxtım yox idi. İşim-gücüm vardı. Mən Tuzikə baxırdım. Hətta onun məşuqəsi də sayıla bilərdim. Yaxşı ki, heç kim bilmirdi. Yoxsa biabır olardım. Yarım saat geciksəydim evdə aləmi qatırdı bir-birinə. Səsinə qonşular tökülüşüb gəlirdi. Mən gələn kimi sakitləşərdi, ləhləyərdi, ağzının suyu axardı. Özünü, üzünü ayaqlarıma sürtüb sakitləşərdi.
Günlərin bir günü evin sahibi dedi ki, "bəs məni teatra direktor qoyublar. Gəl səni qarderoba düzəldim, işlə. Həm rəsmi işin olsun, həm də axşamlar neyləyirsən ki, get otur orda. Əlavə maaşdır da cibini deşmir ki... Özü də bu iş bütün teatrlarda ən vacib sahə sayılır. Çünki teatr qarderobdan başlayır".
Düzünü desəm, sevindim. Onsuz da evə gedəndən sonra darıxırdım. Təklikdən divarlar üstümə gəlirdi. Mətbəxdə kranı açırdım ki, suyun şırıltısı həmdəmim olsun. Gün boyu Tuzikə baxmaqdan nəinki yorulmurdum, əksinə dincəlirdim, həzz alırdım. Ona görə də razılaşdım. Beləcə 22 yaşında teatrın qapılarından içəri girdim. Zala daxil ola bilməsəm də, başlanğıc üçün yaxşıydı. Qarderob çox məsuliyyətli yer idi. Mən ömrümdə bu qədər bahalı qadın şubası, dublyonka görməmişdim. Biri itsəydi, ya səhv versəydim dərimə saman təpərdilər. Amma məəttəl qalırdım ki, necə olur camaatın yüz minlik malını adama etibar edirlər, amma cəmi üç şirvan maaş ödəyirlər.
Qış vaxtı idi. Sahibim mənə əvvəlcədən bir aylıq maaşımı verib dedi:
- Fira, get bir ay dincəl. Biz sabah Dubaya, ordan da Misirə gedirik. Dincəlməyə. Nəsə dənizdə çimməyim gəlir.
- Bəs Tuzik? - deyə həyəcanla soruşdum.
- Tuziki də aparırıq. Bax pasportu da var, sağlamlıq kağızı da. Hələ familiyası da. Mənim familiyamı götürüb - Tuzik Məmmədov.
Bir anlıq özümü təhqirolunmuş kimi hiss etdim. Mən - adı, familiyası, atasının adı, milliyyəti olan Azərbaycanlı - vətəndaşlıq pasportu ala bilmirəm, Tuzik bəs necə aldı? Yaxşı, görəsən pasportda atasının adı, milliyyəti nə yazılmışdı? Heyf ki, utandım alıb baxmağa.
- Yaxşı yol sizə. İstəyirsinizsə, Tuzik mənimlə də qala bilər.
- Bizimlə getsə yaxşıdır, istəyirəm o da qışın bu günündə günəş vannası qəbul etsin, dənizdə çimsin.
Bir anlıq Tuzikə paxıllıq etdim. İnsan olmağımdan xəcalət çəkdim. Bilirsinizmi, necə də onun yerində olmaq istərdim? Təyyarəyə minərdim, dənizdə çimərdim, xarici ölkələri gəzərdim. İt həyatı necə də gözəlmiş, ilahi.
Tuziklə sağollaşıb evdən çıxdım. Düz dayanacağacan səsi kəsilmədi. Sanki "Fira, Fira, məni tək qoyub hara gedirsən?" deyirdi. Evə gəldim. Qanım qara idi. Tuzikçünmü darıxırdım. Yox, deyəsən buna bədii ədəbiyyatda xiffət deyirlər. İtə çox bağlanmışdım.
Səhəri gün tezdən telefonum zəng çaldı. Sahibəmgilin qonşusu idi. Xahiş elədi ki, nə qədər qonşular yoxdur, onun itini gəzməyə çıxarım. Razılaşdım. Onsuz da boş idim. Beləcə, hər səhər gedib qonşunun Reksini gəzməyə çıxarırdım. Tuzikə çatmasa da, Reks də özünü yaxşı aparırdı. Ona baxmağa görə pulu da çox verirdilər. Amma Tuzikin mehribanlığına çatmazdı. Beləcə bir ay keçdi. Səhər Reksi gəzintiyə çıxaranda qapıda maşın dayandı. Sahib və Sahibəm avtomobildən düşdü. Tuzik məni görüb sahibəmin qucağından özünü yerə atdı. Mənə tərəf bir-iki addım irəliləyib dayandı. Gözlərini Reksə zillədi. Bir dəfə hürdü. Reks də iki dəfə hürməklə cavab verdi. Tuzik də geri qayıdıb yenidən Sahibənin qucağına hoppandı. Mənim çağırışlarıma əhəmiyyət də vermədi.
Səhəri gün köhnə iş yerimə gəldim. Qapını döydüm. Həmişə birinci Tuzikin səsin eşidirdim, amma. Sahibəm qapını açdı və acıqlı surətdə:
- Çıx get. Day sən bizə lazım deyilsən. Tuzik yoxdur. Apardıq basdırdıq. Ay qancıq, sənə demişdim axı, bu itdir, insan deyil. Pulunu da əvvəlcədən vermişdik ki, ac qalmayasan. Nə olmuşdu ki, gərək Reksi gəzdirəydin? Biz insanlar xəyanətə bir təhər dözürük, amma itlər bizim kimi deyil. Çox sədaqətlidirlər. Lazım olsa çörəklərini də yarı bölürlər, son tikələrini də. Get.
Gözlərimdə yaş gilələndi. Tuzikin basdırıldığı yerə gəldim. Onunla çəkdirdiyim şəkli məzarının üstünə qoydum. Üstünə də bu sözləri yazdım:
İt demə, ol dəxi birimiz,
Belə Tuziklərə qurban minimiz.
O gündən on il keçib. İndi də bir vaxtlar Tuzikin sayəsində işə düzəldiyim teatrda - qarderobda işləyirəm. Ərə də getməmişəm. İstəyənim olub. Amma "hə" deməmişəm. Tuzikin mənə olan məhəbbəti, vəfası yadımdan çıxmır. Hər axşam teatr nümayişindən sonra qarderobda qırılıb yerə düşən düymələri bir qaba yığıram. Hər düymənin hansı gün, hansı tamaşadan sonra yığdığımı əzbər bilirdim. Çoxaldıqca yadda saxlamağım da çətinləşdi. Bir taxta lövhə düzəltdim. İynəylə hər birini taxtaya taxdım. Altından tarixini, tamaşanın adını yazdım, bu gün də yazıram. Fikirləşirəm ki, ola bilsin yiyələri itən düymələrinin dalıyca nə vaxtsa qayıdacaqlar. Amma hələ ki, gələn yoxdur. Düymələrim isə artmaqda davam edir.
Uşaqlıqda kolleksiya yığan həmyaşıdlarıma həsədlə baxırdım. O vaxt xarici pulları yığan Azad artıq bankirdir, adına dollar Azad deyirlər. Balaca maşınların kolleksiyaçısı Fəxrinin böyük maşın firması var, hamı onu Xammer Fəxri çağırır. Siqaret qutuları toplayan İlham tütün fabrikinin sahibidir. Mən isə düymə kolleksioneriyəm. Adıma da Düyməcik Firəngiz deyirlər. Axır ki, uşaqlıq arzuma çatmışdım. Əlbəttə ki, Tuzikimin köməkliyi ilə.

MAHİR QABİLOĞLU

TƏQVİM / ARXİV