adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

TUZİKİN SEVGİLİSİ

MAHİR QABİLOĞLU
29991 | 2014-03-14 07:07
Uşaqlıqdan nəyisə yığmaq həvəsində olmuşam. Yox, qız olmağımı görüb "yığımcıl" mənada başa düşməyin. Kolleksioner olmaq idi arzum. Çünki oxuduğum sinifdə demək olar ki, hamının bir yığmaq qabiliyyəti vardı. Sovet dövrü olmasına baxmayaraq Azadın atası tez-tez xaricə gedərdi. Vəzifəli adam idi. Qayıdanda isə cibindəki xarici qəpik-quruşlar Azada qalardı. O da bunları əmək dərsində hazırladığı taxta lövhə üzərinə pərçim edərdi. Altından da ölkənin adın, tarixin yazardı. Ara-sıra da dərsə gətirib həmyaşıdlarına göstərib qürrələnirdi. Arif isə marka həvəskarıydı. Atasının ona kojik almaq üçün verdiyi 20 qəpiyi də xərcləməyib markaya verərdi. Qalın bir albomu da vardı. Səliqəylə ora yapışdırardı. Dünyagörüşü də geniş idi. Çünki markalar müxtəlif sahələr üzrə buraxıldığına görə ölkələri, heyvanları, maşınları, bitkiləri, tarixi şəxsiyyətləri yaxşı tanıyırdı. Gözü elə hey zərf axtarırdı ki, üstündəki markaları da qoparıb çıxarsın. Amma yaxşı bilirdi ki, "Poçta SSSR" möhürü vurulan zərf markaları çox da qiymətli sayılmır. Əgər qədim deyilsə.
İlham isə siqaret qutuları yığırdı. Atası sexovşik olduğundan müxtəlif xarici siqaretlər çəkirdi. O da boş qutuları atmayıb, toplayardı.
Fəxrinin kolleksiyası isə daha baxımlı idi. Dünya maşın markalarının balaca fiqurları. Gözümüz o qədər "Jiquli", "Moskviç" görmüşdü ki, bu maşınlara baxanda özünü xaricdə hiss edirdin. Qızlarımız isə kolleksiya məsələsində məhdud idilər. Yalnız xarici sabunlar və kukla yığardılar. Bu isə çox evdə vardı. Kimi heyrətləndirəcəkdilər ki?
Mən Firəngiz isə heç nə yığmırdım. Kuklam da yox idi. Üç yaşım olanda atamı öldürmüşdülər. Taksi sürücüsüydü. Xuliqanlar qarət edib, sonra da trosla boğmuşdular. Qalmışdıq ikimiz- anam və mən. Heç bir sənəti, savadı olmayan anam da günortalar zavodun yeməkxanasında boşqab yuyar, axşam isə əlidolu evə gələrdi. Yox, əlindəkilər içi ərzaqla dolu bazar sumkaları deyildi. Ordan-burdan soraqlaşıb imkanlı ailələrdən yığdığı çirkli camaşırları gətirirdi. İri bir dəmir bakımız vardı. Həyətdəki krandan soyuq su doldurub gətirib qoyardı qazın üstünə. Pıqqapıqla qaynayanda "Ayna" yuyucu tozunu ənədərərdi içinə. Sonra da "Persol" ağardıcısı əlavə edərdi. Tor setkalardan ağ mələfə, yorğan-balışüzülərini çıxarıb, bir-bir basardı pıqqapıqla qaynayan suyun içinə. Üstündən də taxta çubuqla basardı. Mənə də deyərdi ki, dayan bakın yanında. Görsən ki, suyu daşır, qazın xodun azalt, ya bacarmasan məni səslə. Özü isə dünən yuyub-kraxmalladığı, artıq quruyan ağları ütü stolunun üstünə yığardı. Bəzən məni çağırıb "ay Firəngiz, sən prostınanın o tərəfindən tut, mən də bu tərəfindən, dartaq deyirdi". Kraxmaldan, yuyulmaqdan formasını itirmiş ağların enini-uzununu əvvəlki vəziyyətinə gətirərdik. Sonra da anam diş fırçasını götürüb ağardıcı toza batıraraq dişlərini yaxşıca fırçalayar, ağzını dəfələrlə yaxalayardı ki, ağzına su alıb ağların üzərinə püskürdəndə təmiz olsun. Beləcə ütüləmək prosesinə hazırlaşardı. Qazın üstünə qoyduğu ütünü gətirər, suyu içib püskürərdi. Dəmir bakda ağlar qaynayanacan ütüləməyini başa çatdırardı. Evin divarlarından su axırdı, göyərirdi. Amma neyləsin ki, məni saxlamalı, böyütməliydi.
Sonra böyük ləyəni gətirib bişiridiyi kraxmalı suya tökər, sinka əlavə edərdi. Suya çəkdiyi ağları bir-bir ora salaraq isladıb, sıxıb, asardı. Beləcə saat on iki olardı. Bir stəkan çay içib yerinə girərdi. Bütün günü ayaqüstə olduğundan rahat yata bilmirdi. Göynərtidən səhərəcən ayaqlarını, əllərini bir-birinə sürtər, zarıyardı. Sübh tezdən isə məni dərsə yola salar, özü isə zavoda yollanardı.
Gündə min dəfə sovet hökumətinə alqış oxuyardı. Deyərdi ki, nə yaxşı qaz pulu qəpik-quruşdur, su isə ümumi həyət olduğuna görə havayı. Yoxsa, ay Firəngiz, mən dul, savadsız, kimsəsiz bir qadın səni necə saxlayacaqdım. Qaz da işıq kimi sayğacla olsaydı, pulun çatdırmaq olardı?
Qohum-tanış isə qapımızı açmırdı. Atam öləndən sonra yaddan çıxarmışdılar bizi.
Mən isə məktəbdə anamın nə işlədiyini yox, sadəcə zavodda fəhlə olduğunu deyirdim. Heç bunun fərqinə də varan yox idi. Formamız eyni, ayaqqablarımız eyni, önlüyümüz qar kimi bəyaz, saçımızda hörük və ağ bant. Bir-birimizdən fərqlənmirdik. Dərslərimi də yaxşı oxuyurdum. Anam zavodda işlədiyi üçün günorta kojiklə bir stəkan çayı havayı verirdilər. Dərsdən sonra vaxtı uzadılmış günorta kurslarına da gedirdim. Günorta yeməyini də orda havayı yeyirdim. Məcbur idim. Axı, anamın işi saat beşdə qurtarırdı.
Düzdür sinif yoldaşlarımın evdən gətirdikləri kolbasa, kotlet buterbrodlarının iyi burnumu tutsa da, birtəhər dözürdüm. Evdə anamın yanında demirdim. Qorxurdum ki, pis olar. Çünki bilirdim ki, yeməyimiz hardan gəlir.
Batmış qabları ona gətirib verəndə içində artıq qalanlardan sellofan kulyoka töküb alt paltarının içində gizlətdiyini bilirdim. Bunu mənə demirdi. Evə gələndə birinci yataq otağına girib soyunar, kulyoku çıxarıb təzədən çantasına basardı. Sonra da setkanı girişdəki mətbəxə gətirib yenidən çıxarıb ortaya düzürdü. Elə bilirdi ki, məni aldadır. "Firəngiz balam, anasının gözəli, həyatı, gör səninçün nə almışam? Çörək, vermişel, alma..." Mən isə başa düşürdüm. Bilirdim ki, almayıb. Zavoddakı fəhlələrin artıq-urtuğudur. Ona görə də heç nə tələb etmirdim. Dərsliklərimizi havayı verirdilər, yalnız qələm-dəftəri anam alardı. Əyin-başım da ki, hamı necə, mən də elə. Hərdənbir anama həmkarların xəttiylə yardım da ayırırdılar. Ev növbəsinə də yazmışdılar. Anamın pulu isə evin kirayəsinə, əyin-başa güclə çatırdı. Evimizdən də camaşır iyi gəliridi, yeməyimizdən də.
Günlərin bir günü işdən qanıqara gəldi. Evə girən kimi kefsiz halda üzüqoylu çarpayıya uzandı. Heç nə danışmadı. Elə bildim ki, yorğundur. Ona görə də ayağını ovuşdurdum, çay gətirdim. Amma kefi açılmadı ki, açılmadı. Beləcə üzüqoylu uzandı. Gətirdiyi çirkli mələfələr, teldə bayraq kimi dalğalanan, ütülənməsini gözləyən ağlar da yadından çıxmışdı.
Birdən məni qucaqlayıb bərk-bərk hönkürməyə başladı. Ürəyin boşaldıb, sakitləşdi. Demə yeməklərdən sellofan kulyoklara dolduranda yeməkxananın müdiri bunu görüb. Pis-pis söyüb:
- Qancığın biri qancıq. Mən də deyirəm ki, bu qabaqdan qalan ətlər hara yoxa çıxır. Zavodun direktoru da o yandan söyür məni ki, bəs itim kökəlməkdənsə arıqlayır. Arıqlayar da... vermişillə, ovsyankayla, kaşayla it kökələr? Deməli, ətləri sən oğurlayırmışsan? Sənə görə mən direktordan söz götürə bilmərəm. Bir də görsəm vay halına. İti qovan kimi qovacağam.
Hə... deməli, mən bugünədək fəhlələrin artıq-urtuğunu yox, zavod direktorunun itinin payını yeyirmişəm. Yazıq it. Anam ürəyini boşaldıb sakitləşdi. Mən də dərslərimi hazırlamağa başladım. Ədəbiyyatdan Seyid Əzim Şirvaninin yaradıcılığını vermişdilər. "Köpəyə ehsan" şerini də əzbərləməliydim.

Dedi: Əhsən bu halə, nami-xuda!
İt demə, ol dəxi bizim birimiz,
Belə ölmüşlərə fəda dirimiz.
Rəhməti-həqqə ol düçar olsun,
Səgi-Əshabi-kəhfə yar olsun.
Oxuyub sidq ilə ona yasin,
Özü də saxladı onun yasın.

Hə, deməli, əvvəllər yemək yeyəndə deyirdim ki, Allah fəhlələrin canın sağ eləsin, indi nə deməliyəm ki, Allah direktorun itinin canına dəyməsin ki, öz qismətini bizimlə yarı bölür? Nəsə şeiri əzbərləyə bilmirdim. Anam da şeirin

İt demə, ol dəxi birimiz,
Belə ölmüşlərə fəda dirimiz.

yerinə çatanda hönkürürdü.
Səhəri gün dərsə getdim. Yaxşı ki, şeiri əzbərləmişdim. Müəllim lövhəyə çağırdı. Şeiri birnəfəsə, xüsusi intonasiyayla dedim. Sonuna - "it demə, ol dəxi birimiz" yerinə - çatanda kövrəldim. Müəllim isə ayağa durub məni öpdü:
- "5", "əla". Uşaqlar gördünüzmü Firəngiz nə gözəl dedi şeiri? Hətta şeiri o qədər dərindən hiss eləmişdi ki, sonunda kövrəldi də. Bu idi Rus imperializmi, bu idi köhnə quruluş. İnsanları it yerinə də qoymurdular. Bu şeirdə mollaların iç üzü də ustalıqla açılıb. Bir diqqət yetirin. Cəmiyyətimizin bu aşağı təbəqəsi itin "mollaya 50 qoyun vəsiyyət edirəm" sözünü eşidəndən sonra, nəinki ölü köpəyə yasin oxuyub, hətta 40 gün yasın da tutub. Yaxşı ki, sovet hökuməti belələrini devirdi, ifşa etdi və bizimçün, sizinçün gözəl bir həyat yaratdı. Siz də gərək bütün bunları qiymətləndirməli, döşünüzdə əksini gəzdirdiyiniz Lenin babanın ideyalarına daim sadiq qalasınız.
"Beş"imi alıb yerimə oturdum. Mən isə Seyid Əzimin köpəyinə yox, zavod direktorunun itinə nifrət edirdim, ölməsini arzulayırdım. Yox ona görə yox ki, mənə 50 qoyun vəsiyyət eləməmişdi. Sadəcə ac qala bilərdim. Qismətimi nəinki ona vermək, bölmək belə istəmirdim.
Dərs qurtardı. Yol boyu sevinirdim. Axı, bu gün dördüncü gün idi. Bütün sovet yeməkxanalarında, kafelərində dördüncü gün "Balıq günü" adlanırdı. Yəni ki, menyuda yalnız balıq yeməkləri olmalıydı. Balığın xırda tıxları, qılçıqları da direktorun itinin boğazında qalar deyə yeməkxananın müdiri anam nəsə götürəndə dinmirdi.
Anam bu dəfə də evə yorğun gəldi. Yenə acıqlı idi. İndi də avtobusda dava eləmişdi. Evə girəndə əlində həmişəki kimi çirkli çamaşır bağlamasıydı. Burnuma qəribə iyrənc qoxu gəldi. Ürəyim bulanmağa başladı. Anam da:
- Bu camaat da qəribədir e... Avtobusa girmişəm hamısı burnunu tutub. Axırda bir kişi xoruzlandı üstümə ki, bu nədir e, səndən iy gəlir. Dedim ki, ay qardaş, məndən yox - sumkamdan gəlir. Çirkli əskilərdir, yuyub əlavə çörəkpulu qazanıram. Yəqin çağanın da əskiləri var içində, ona görə iy götürüb aləmi. Kişi nə desə yaxşıdır? "Deməli, sən zəhmətsiz gəlirlə məşğulsan? Sizin milis uçastkovınıza xəbər vermək lazımdır." Yandırıb tökdü məni. Bunun harası zəhmətsiz gəlirdir axı? Hə... Firəngiz, qızım, sən də artıq böyük qızsan. Özün gözlərinlə görürsən də... İşdən yorğun-arğın çıxıram, gedib camaşırları götürürəm, avtobusla gətirirəm, qaynadıram, yuyuram, kraxmallayıram, ütüləyirəm, sonra da təzədən aparıb yiyəsinə verirəm. Aldığım pulu da yığıb kirayəmizi ödəyirəm. Bu zəhmətlə pul qazanmaq deməkdir, yoxsa "zəhmətsiz gəlir"? Bax, bu da mənim əllərim. Suyla oynamaqdan dərim açılıb. Zavodda da ev növbəm çatsaydı, tüpürərdim bu işə.
Anam əsəbindən partlayırdı. Ağlamırdı, hönkürmürdü. Az qalırdı ki, ürəyi yerindən çıxsın. Bağlamanı açıb ağları çıxarıb yumaq da istəmirdi. Sanki iyrənmişdi. Çirkli əskilərdən yox... həyatdan, mühitdən. Mən isə onu sakitləşdirməyə çalışırdım. Axı, o mənim bircəciyim idi. Anam idi, arxam idi. Çörək ağacım idi. Hər şeyim idi. Mən isə "Mama, dur paltarını dəyiş. Ağları setkadan çıxarım. Yuyaq, - deyərək onu avtobusda baş verənlərdən uzaqlaşdırmaq istəyirdim. Bağlamanı açdım. İçindəkiləri bayıra tökəndə anam da gəlib çıxdı. Qanlı, selikli əskiləri bir-bir ayırıb baka basdıqda:
- Bıy.... yazıq gəlin. Ərini maşın vurub. Bütün günü ona qulluq edir. Açıq yaradır. Həkimlər də deyib ki, dörd ay yataqda qalmalıdır.
Anam yalan danışırdı. Çirkli paltarlarını, döşək ağlarını yudurdan, qəpik-quruş verən bu meşşanlar indi də ayaqlarının arasından çıxanları anama yudurtmaq istəyirdilər. Onun isə başqa əlacı yox idi. Anam baka basdığım əskiləri təzədən çıxarıb boş təknəyə tökdü. Həyətə çıxıb kranının altına qoydu. Suyu açdı. Qanı, seliyi soyuq suda, əlində yuyandan sonra gətirib yenidən dəmir baka atdı. Rütubət, buğ öz yerində, qan iyi də evi götürdü. Deməli, hər aybaşı və ya ayın başı biz bu iyi də udmağa məhkum imişik.

***
Həyatımız beləcə davam edirdi. Günü-günə calayıb irəli - kommunizmə gedirdik. Artıq orta məktəbi bitirmişdim. İnstituta isə daxil ola bilməmişdim. Nə tapşırtdırmağa adamımz, nə rüşvət verməyə pulumuz vardı. Ümidim zavodda fəhlə kimi işə düzəlmək, partiyaya qəbul olunmaq, sonra rabfak, yəni fəhlə fakültəsi yolu ilə ali məktəbə daxil olmaq idi. Bu fakülətənin ixtisarla adı çox qəribə idi. "Rabfak", yəni ki, tərcümədə qullar fakültəsi. Mən isə filoloq olmaq istəyirdim. Ədəbiyyatı çox sevirdim. Çox dedilər ki, şəfqət bacısı ol. Qohum-qonşunun da dadına yetişərsən. Amma razılıq vermədim. Qana, qan iyinə xüsusi bir allergiyam vardı. Mülacəsi, əlacı olmayan, qanlı əskilərdən yaranan bir xəstəlik.
Anama da zavoddan birotaqlı mənzil vermişdilər. İçini də birtəhər düzəldib, ora köçmüşdük. Naşükür deyildik. Kirayə mənzilimizdən qat-qat yaxşıydı. Anam yenə də zavodda işləyirdi. Qabyuyan yox, artıq yeməkpaylayan idi. Evə day artıq-urtuq yox, ərzaq gətirirdi. Fəhlələrin yeməyindən kəsirdi. Məsələn, bir qaba üç çömçə şorba tökməliydisə, sonuncu çömçədə yarısını kəsirdi. Bununla da ərzağa qənaət edirdi. Yeməyi evimizdə bişirirdik. Bizim də qazanımız qaynayırdı. 80-ci illərin axırıydı. Qıtlıq təzə-təzə başlamışdı. Camaatın pulu çox, amma mağazalar boş idi. Anam onların da dadına çatırdı. Artıq qalan ərzağı baha qiymətə sırıyırdı. Əvvəl biz başqalarının artığın yeyirdik, indi isə onlar bizim "artığ"ımıza möhtac idilər. Nə olsun ki, pulları, qızılları çox idi. Bunu ki, yemək olmur.
Qonşularımız imkanlı idilər. Arvadları da forslarından cırılırdı. Fasonçun evdə it də saxlayırdılar. Demə, bu, kubarlıq əlamətiymiş.
İnstituta girə bilməsəm də arzuma çatmaq istəyirdim. Hər dəfə sənəd verəndə iş yerindən arayış tələb olunduğuna görə, anam məni zavoda kuryer düzəltmişdi. Yəni ki, sənəd-sünəd daşıyan. Maaşım az olsa da, işimdən razıydım. Açıq havada çox olurdum. Zavodla nazirliyin arasında qalmışdım. Bir sözlə, poçtalyon idim. Növbəti il də sənədlərimi universitetə verdim. Yazılı imtahandan "dörd" aldım. Ədəbiyyat şifahidə isə ilişdim. Daha doğrusu, Sabirin əzbərdən bildiyim şeirini axıracan deyə bilmədim. Çünki nifrət edirəm o şeirə.
- Qızım, biletdə birinci sualın Sabirin "Fəhlə" şeiridir. Bəxtin gətirib. Bunu kim bilmir ki? De, qızım.
- Fələ, özünü sən də bir insanmı sanırsan?!
Pulsuz kişi, insanlığı asanmı sanırsan?!
Həqiqətən də şeiri əzbər bilirdim. Amma hər bəndin sonunda "Axmaq kişi, insanlığı asanmı sanırsan?" misrası təkrar olunanda anam, həyatımız gəlib dayanırdı göz önümdə. Sonuncu bəndə çatanda duruxub durdum. Artıq son bəndi deməyə gücüm, mənəvi taqətim çatmadı. Müəllim də insafən gözlədi. Davam etmədiyimi görüb əsəbi şəkildə ayağa qalxdı. Yüksək pafos, əl hərəkətləri və intonasiyayla mənə xitabən:

- Asudə dolanmaqda ikən dövlətimizdən,
Azğınlıq edirsiz də hələ nemətimizdən,
Boylə çıxacaqsızmı bizim minnətimizdən?
Ehsanımızın küfrünü şükranmı sanırsan?!
Axmaq kişi, insanlığı asanmı sanırsan?!

Heç bir utanırsan?!
Ya bir usanırsan?!
Əlminnətü-lillah,
Odlara yanırsan?!

Ay qızım, adam da bu cür gözəl şeiri yaddan çıxarar? Bunu balaca məktəbli də əzbər bilir. Sən isə ədəbiyyatçı olmaq istəyirsən. Çıx bayıra. "İki".
İkinci cəhdim də beləcə uğursuzluqla başa çatdı.

(ardı var)

MAHİR QABİLOĞLU

TƏQVİM / ARXİV