VƏTƏNDƏN UZAQLARDA KiMLƏR VAR:ƏZiZƏ MUSTAFA-ZADEH?(2)

TOFİQ ABDİN
2974 | 2006-10-14 09:32
Mən az iş görmədim bu Vətən üçün
   
   Gərək unutmasın bu Vətən məni
   
   Boris Pasternak
   
   
   
   Qısa bir ön söz
   
   
   
   Sevimli yazar dostum Azər Abdulla görkəmli bəstəkar Cavanşir Quliyevlə bir sorğu keçirir, 525-ci qəzet həmin sorğunu çap edir.O sorğuda belə bir yer var:
   
   
   
   A.A. - Getməyinlə bağlı, ümumiyyətlə təkcə sən yox, ziyalıların məmləkətimizdən dışa - xaricə axınına necə baxırsan? Sən getdin, getməyinlə, xalqımız, yaxud sənin özün nəsə qazandımı, itirdimi? Ziyalıların hamısı sənin kimi küsüb getsəydi, bu məmləkətin halı-vəziyyəti necə olardı?
   
   
   
   C.Q. - Azərbaycana heç nə olmayacaqdı. Çünki Azərbaycan ziyalılar ölkəsi deyil. 1990-cı ildən başlayaraq istər ziyalılar, istər iş adamları kütləvi surətdə bu ölkəni tərk etməyə başladılar. Mən nə birincisiyəm, nə də axırıncısı. Məndən qat-qat ağıllı və gərəkli adamlar buradan çıxıb gedib. Ancaq bu məsələ Azərbaycan cəmiyyətinin vecinə də deyil. Respublikanın yarısı parçalanıb dağılsa da Azərbaycan cəmiyyətinin ondan da xəbəri olmayacaq. Mən inanıram dünyada hansısa bir hadisə, zəlzələ, tufan, faciə bu torpaqda gəzişən səkkiz milyonluq cəmiyyəti tərpədə, ayılda. Mən burda özümü fiziki, mənəvi baxımdan və hər mənada artıq hiss elədim, işdən qovuldum...
   
   
   
   ***
   
   ?Təbii Əzizə haqqında bir başqa məmləkətdə və özü də bizə doğma olsa da, hələ bizim haqqımızda bir o qədər də tam fikirləri olmayan bir məmləkətdə bu qədər heyranlıqla yazılmanı və danışılmanı heç kəs qısqanclıqla qarşılamamalıdır və mən bunu ona görə deyirəm ki, bəlkə də mən cazmen və ya musiqiçi deyiləm. Yox. Həqiqətən Əzizənin qəhrəmanlığı bir də odur ki, azəri türklərinə qarşı olan bir streotipi də qıra bilmişdir və özü də vurğulayıram ki, bunu haqq eləmədiyimiz bir məqamda. Mən indicə sizə Türkiyədə yaşayarkən oranın çox tanınmış və hətda Azərbayacanda da çox tanınan bir yazarının - Xıncal Ulucun bir kiçik yazısını eynən və o zaman mənim bu yazara cavabımı də oxuculara təqdim edəcəyəm. Xıncal Uluc o qədər populyar bir qəzetçidir ki, onun başı həmişə dərddə olur və inan ki, mən bu yazını hazırladığım günlərdə, yəni 6 may 2002 ci il tarixində paralel olaraq internet səhifələrinə baxdığım saatlarda, gördüm ki bəs, yazıblar: Xıncal Uluca yeni bir saldırı. İki nəfər Xıncal Uluc oturan restorana girmiş və dostlarıyla yemək yeyən Xıncalı döyüb qaçmışlar?( Mən Türkiyədə olarkən güllə ilə ayağından vurmuşdular).
   
   
   
   Yəni, mən bunu bir fakt olaraq ona görə yazıram ki, Xıncal Uluc sıradan bir qəzetçi deyil və məhz sıradan biri olmadığı üçün də onun Əzizə haqqında öz köşəsində yazdığı yazını eynən verirəm və sonra öz cavabımı verəcəm:
   
   
   
   ?Sabah? qəzeti. 26 may 1996-cı il. Məqalənin adı: ?BU NECƏ BİR ƏZİZƏ!.. Sevimli dostum Melih Ayracman israrla dəvət etməsəydi, mənim fəxri mədəniyyət köməkçim ƏHMƏT ORS bu qədər israrla illa get, mütləq get deməsəydi, vallah, heç də niyətim yoxdu Azize MUSTAFA Zadehin ( yazılış olduğu kimi verilir) konsertinə getməyə.
   
   
   
   AZƏRBAYCANDAN DA CAZMI ÇIXAR (ayrıntı bizimdir) dedim, lap ürəkdən?
   
   
   
   Deyinə deyinə getdim? Müthiş bir şey çıxdı bu Əzizə? Fövqəladə bir şey. Geyimi iddialı. Pianonun dillərində dolaşan barmaqları iddialı.Mahnıları improvizə eləməsi iddialı. Heç bitməsini istəmədiyim bir konsert idi bu? Keşkə bu ölkənin ( yani Türkiyənin t.a.) bütün pop musiqiçiləri və cazçıları o gecə orada olaydı və?görsələrdi, bir ölkənin milli mahnıları caza necə uyarlanır, necə çalınır, necə oxunur. Qız gözəl? Əynindəki geyim də onun bütün gözəlliklərini gizləmir zatən. Pianonu qeyr-adi çalır. Bir-birindən gözəl şarkılar oxuyur. Heç bitməsini istəmədiyim bir gecə oldu, ZORLA GETDİYİM KONSERT.
   
   
   
   ?.Aziza Zadeh (yazılış müəllifindir, qəsdən düzəliş etmirik) Mustafanın kaset və SD-si satışda var. Mən artıq dinləməkdən doymuram. Siz də alın, dinləyin və də bu qız bu ölkəyə bir daha gələrsə nəbadə konsertini buraxasınız??
   
   
   
   Təbii ilk baxışda Xıncal Ulucun bu yazısı dəyərli bir yazı, amma məni heyrətləndirən bu dünyanı dolaşan və Avropaya bu qədər heyran olan bir yazarın bu ifadəsi idi: ?AZƏRBAYCANDAN DA CAZMI ÇIXAR??
   
   
   
   Və məhz bu ifadələrə görə mən ona kiçik bir cavab yazdım.
   
   
   
   Cavab: ?Ortadoğu? qəzeti. 6 MAY 1997. ?Uluc bəy, bu həqiqəti çox yaxşı bilməniz lazımdır. Azərilər siz başa düşdüyünüz qədər də geri qalmış bir millət deyil. Əzizə Mustafazadənin konsertini bəyənməyə də bilərsiniz. Amma bu konsertin ifaçısına münasibətiniz və eyni zamanda Azəri xalqına münasibətiniz çox incidicidir. Və buna görə də tərəddüdlə getdiyiniz və heyran olduğunuz Əzizə xanımın konserti haqqındakı yazınız bəzi yanlışlıqlarla yazılsa da məni mutlu etdi. Siz mutlu olduğunuz üçün məni mutlu etdi. Təkrar edirəm: böyük bir şübhə ilə baxdığınız Azəri Türkləri sizin bildiyiniz qədər də geri qalmış deyilir. Heç deyilsə bu yaxınlarda Azərbaycanda olan və Sizin qəzetin köşə yazarı arkadaşınız Səlahəddin Dumanın Azəri musiqisi haqqında qeydlərini oxuyayadınız. Və güman ki, o zaman belə düşünməzdiniz: AZƏRBAYCANDAN DA CAZMI ÇIXAR? ( ayrıntı bizimdir).
   
   
   
   Belə bir vəziyyətdə nə demək olar? Getdiniz. Dinlədiniz. Mutlu oldunuz. Mən sizin bu mutluluğunuzu bir şeylə müqayisə edə bilərəm və bəlkə də bundan da xəbəriniz yoxdur.Çox sevdiyiniz Nazim Hikmətin David Oystraxa bir məktubu var, şerlə yazılmış bir məktub. Münəvvərə yazdığı bir məktub. Sizin yazınız mənə o şeri xatırlatdı.
   
   
   
   Amma bunu sizə xüsusi olaraq söyləyim: şayət siz onun Atasını dinləsəydiniz, o zaman necə düşünərdiniz və halınız necə olardı.
   
   
   
   Əfəndim Uluc bəy! Bu necə qəzetçilikdir, Allahı sevərsiniz? Bu qızcığazın soyadı MUSTAFAZADƏDİR! Amma nədən bütün qəzetlər, siz də daxil, bu qızın soyadını ZADEH kimi bir sonluqla yazırsınız? Türk insanlarının soyadlarında ZADƏ deyə bir sonluq var, ZADEH deyə bir şey yox və ən təəccüblüsü budur ki, böyük heyranlıq duyduğunuz bu konserti çalan Əzizə xanımın adını da yanlış yazırsınız: ƏZİZƏ ZADEH MUSTAFA? Mən bu yanlışlıqlarda bir qəsdin və yuxarıda yazdığınız kinayəli sözlərin təsiri olduğunu düşünməkdən çox uzağam, güman da etmirəm, amma siz sıradan bir qəzetçi deyilsiniz və buna diqqət etməniz gərəkdir.Tevfik Abidin Muharremoğlu.
   
   
   
   Bizim oxucuların diqqətinə: güman ki, Əzizənin pasprotunda ingiliscə MUSTAFA ZADEH kimi bir yazı var və Türk qəzetçiləri də bunu tutuquşu kimi alıb eləcə də yazırlar və mən buna daha çox təəccüb edirəm ki, Əzizə xanım özü nədən bunu görmürdü və görürdüsə bundan nə ləzzət alırdı ki, susurdu.
   
   
   
   Təbii, mənim bu qeydlərimi oxuyanlar, dediyim kimi burada bir qəsdin olduğunu düşünməsinlər və mən bunu daha qabarıq göstərməyi də düşünürəm ki, bu günkü Əzizə Mustafazadə bizim hər birimizdən daha çox-çox iş görür və şablon olsa da deyim ki, əsil mənada bir sənət ELÇİSİ ( Yəni Səfiri) kimi bir missiyanı yerinə yetirir və bu missiya həqiqətən diqqət çəkəndir. Diqqət çəkəndir ona gərə ki, qulağımızın dibində bizdən birisi olan və bizə hər zaman aşina baxan insanların bu tutumunu gördükdə Əzizənin xidmətinin çox-çox əvəzsiz olduğunun şahidi oluruq və Əzizə yalnız özü haqqında deyil, bütün Azərbaycan haqqında bir missiyanın dəyişdiyini sübut edir.
   
   
   
   Sitat: Aktuel dərgisi 1 may 1996-cı il. ?Caz festivalı üçün Türkiyəyə gələcəyi xəbəri yayılanda bu qızın adı Aktuel dərgisindən başqa heç bir mətbuatın diqqətini çəkmədi. Mətbuat kimi, dinləyicilərin də fikri zikri ulduzalarda idi və bir çox uluduzlar da bu konsertə çağırılmışdılar. Və festivalın sahibləri Əzizənin konsertinə tamaşaçı yığa bilməyəcəklərini düşünərək, onun konsertini 5 min nəfərlik Açıq Hava teatrosunda 500 nəfərlik bir salona keçirdilər. Kiçik bir salona. Konsert axşamı Əzizə bu kiçik salonda bir möcüzə yaratdı. Aralarında mətbuat işçiləri, musiqi tənqidçiləri və araşadırıcıları olan dinləyici kütləsi deyəsən bir az çaşmışdılar. Pioanoçunun dəfələrlə alqışlanaraq (BİS) çaldığı konsert uzun müddətsiz-söhbətə səbəb oldu. Və danışıldı. Tənqidçilər yeni bir ulduzun kəşf edilməsinin ardınca gedərək öz köşələrində təriflər yağdırmağa başladılar. Əzizə rüzgarı o günlərdə satışa çıxan Danse Of Fire albomunun da satışlarına təsir elədi. Kasetin satışı o günə qədər Türkiyədə heç bir zaman belə heyrətli bir rəqəmə çıxmamışdı.? Əzizə bu səfər Türkiyəyə bir FENOMEN kimi dönmüşdü?.
   
   
   
   Bu sözlərə əlavə eləyəcək bir şey qalmır. Amma yazımıza davam etmək haqqını verən şeylər çoxdur hələ.
   
   
   
   burada
   
   
   
   Orta bir haşiyə.
   
   
   
   
   
   
   
   Əzizə: ?Xeyirxah, xoşbəxt bir insanam. Özümlə və ətrafımla o saat dil tapan birisiyəm. Ətrafımdakı bütün insanları xoşbəxt görmək üçün çalıram. Anamı, kaset yazan firmaları, konsertlərimi təşkil edənləri mutlu görmək istəyirəm? Özümü Alahın XOŞBƏXT QULU hesab eləyirəm?.
   
   
   
   
   
   
   
   Bütün bunlarla birgə Əzizə haqqında Türk mətbuatında (hələlik) yazılan bəzi deyimlərə nəzər salaq:
   
   
   
   ?Azəri cazçı ZADEH əllərilə pianinonu, bədəniylə konsertə gələn dinləyiciləri yandırıb yaxır??
   
   
   
   ?Əzizə nə qədər yorğun, nə qədər əzgin olsa da səhnədə bir od parçasıydı. Amma günlük yaşamda bir heyrətamiz Pambıq Prnses kimi davarnmağı və yaşamağı üstün tutur. Akvaruma atılan mələk balığı kimi bir görümü var onun. Çox sakit danışan və sanki pıçıltılı səsiylə və nazlı ədasıyla başdan-ayağa bir nağıl qəhrəmanıydı. Və Əzizə Mutafa Zadehə o kiçik salonu verənlər səhv elədiklərini başa düşdülər və o gecəyə qədər heç bir qəzətin diqqətini çəkməyən Əzizə bir gecənin içində elə bir hadisəyə çevrildi ki, konsert verdiyi yerin administratoru başını götürüb qaçmaq istəmiş və demiş: ?Shisk Soreaya? heç bu qədər həvəs göstərən olmadı. Telefonlarım susmaq bilmir, qardaş, elə hamı Əzizəni istəyir?.
   
   
   
   Sevməli, istəməli bir qız demək və üstəlik də tərcüməsiz danışır bir neçə dildə və Türkiyədə tərcüməsiz başa düşülən Azərbaycan dilində və üstəlik də bir az da zarafatı, lətifəni sevən birisi.
   
   
   
   
   
   
   
   

TƏQVİM / ARXİV