adalet.az header logo
  • Bakı 20°C

TALE OYUNUMU, YOXSA İNTİHAR?..

MƏZAHİR ƏHMƏDZADƏ
61891 | 2014-03-08 01:13
Yazar hüququmdur, tam açıqlamayacağam. Ancaq bir onu deyəcəyəm ki, kabus kimi yaşanan yaxın günlərdə məqaləmin adını dəyişib "Ağ bir yalan imiş bu..." yazmışdım, Əli Kərimin misrasını gətirmişdim sərlövhəyə. Elə o gündən də Əli Kərimi düşünürəm. Yeniyetmə yaşlarımda bir dəfə yaxından gördüyüm, bir il sonra isə dəfnində iştirak etdiyim talesiz, amma böyük şairi. Ölümündən sonra uzun müddət dillərdən düşməyən, hamının heyranına çevrilən o nakam şairi. Görün özü necə də duyurmuş gələcək taleyini:

... Sən mənim qədrimi biləsən deyə,
bu cavan yaşımda ölümmü indi?..

Yox, mən Əli Kərimin poeziyası, yaradıcılığı haqqında heç nə yazmayacağam. Çox yazıblar və mənim də dörd-beş məqaləm olub Əli Kərim haqqında. Kimlərsə, nə vaxtsa yazacaqlar, yazmayacaqlar, bəlkə də unudacaqlar, ya bəlkə yenidən adına, yaradıcılığına layiq şəkildə xatırlayacaqlar - bu başqa məsələdir. Hər halda 70-ci illərin aşıb-daşan o sevdalı günləri bir daha geri dönməyəcək.
Doğrudan çox qəribədir. Elə insanlar var ki, qocalığından, cavanlığından, adiliyindən və ya faciəviliyindən asılı olmayaraq, ölüm tarixi, ölüm məqamı heç vaxt yaddan çıxmır. Qeyri-adi istedada, xarakterə, hələ çoxları üçün sirr kimi qalan müstəsna cəfakeşliyə, müqayisəedilməz mədəniyyətə malik Əli Kərim adlı sevimli şairimizin də taleyi belə olub. Nədən ki, mən özüm də indi bu yazını qələmə alarkən onun doğum gününün yaxınlaşdığını qəfil xatırlasam da, fəqət tamam başqa əhval-ruhiyyədə, mistik bir təmasda həmin o qəribə anlara dönürəm. 45 il bundan öncə yeniyetmə bir ədəbiyyat həvəslisinin Göyçayda şahidi olduğu, iştirak etdiyi dəfn mərasimi hələ də onu titrədib kövrəldirsə, bütün məqamlarına qədər dünənki hadisə kimi yaddaşında canlanırsa, bütün bunlara inanmaq lazımdır.
1969-cu ilin iyul ayının ilk səhəri açılarkən Əli Kərimin ölüm xəbəri əvvəl bütün Bakıya, Göyçaya, sonra Azərbaycana yayıldı. Bu o vaxtlar idi ki, xalqın Rəsul Rza, Məmməd Araz, Bəxtiyar Vahabzadə, Əlağa Kürçaylı, Xəlil Rza kimi şairlərə gerçək rəğbəti, məhəbbəti vardı, onların şeirləri dillərdən düşmürdü. Əli Kərim də həmin sevilənlərdən idi.
... İyul ayı. Bəs yayın ortasında hava birdən-birə nədən belə soyuyub bozarmışdı? Göyüzü niyə bu qədər qaşqabaqlı idi? Adamların yaxasına nəyə görə Əli Kərimin məhz tutqun fotolarını sancırdılar? Mən belə mərasimi canlı olaraq ilk dəfə idi görürdüm. Hər yerdə olduğu kimi, Göyçayda da yas düşürdü, adi və tanınmış adamların dəfn mərasimləri olurdu. İştirakçıların azlığı-çoxluğu da bir elə diqqət çəkmirdi. İndi isə minlərlə göyçaylının Bakıdan və respublikanın digər şəhər və rayonlarından gələnlərlə birlikdə küçələri sakit bir vahiməyə salan bu izdihamı məni çaşdırmışdı, heyrətləndirmişdi. Əllərində əklillər olan məktəbli-gənclər tərəfdə dayanmışdım. Kimsə şeir oxuyurdu:

... Tabutuma oğlanlarımı
yaxın qoymayın!
Təbəssümlərini qoyarlar ora.
Qoymayın onları
həyətdən bir adam çağıra.
Oyuncaqlarını,
oyunlarını gətirib
qoyarlar tabutuma -
birdən-birə qocalarlar...

Kimsə şeir oxuyurdu... Dil deyib ağlayan, vay-şivən qoparan yox idi. Ancaq qoca-cavan hamının gözlərindən sakit-sakit yaşlar axırdı. Kimsənin səsi çıxmırdı. Sanki bütün izdiham bir kədər dənizində batıb da səssizcə boğulurdu.
...Şəhər civarında qarşı dağlara söykənən yamacda bir qəbir qazılırdı.
Özü vəsiyyət edibmiş...
Yol boyu "Bayatı-kürd" naləsi...
Musiqi hərdən bir anlıq ara verəndə dünyadan yalnız addım səsləri eşidilirdi, Əli Kərimi son mənzilə aparan insan selinin sanki yavaşıdılmış axın səsi... Sanki zaman özü də tərsinə dönmək, geriyə qayıtmaq istəyirdi...
...Dəfn mərasimində də çıxışlar oldu, şeirlər oxundu. Bir nəfərin qalın, eyni zamanda boğulmuş səsi məni bu vaxtsız ölümün kədərindən betər qorxutdu. Əli Kərimin ardıyca məzarçının əlindən tutub qışqırırdı: "Məni də basdırın, diri-diri basdırın!"
Bu adam, sonralar tanıdığım şair Tofiq Bayram idi.
İllər ötüb keçdi. Düzəngah bir yamacda yüzlərlə ağac, gül kolları əkildi. Gec də olsa məzarın üstü götürüldü. Göyçaylılar, işıqlı gənclər, qəlbində Əli Kərim sevgisi yaşadan poeziyasevərlər bu məzarı tez-tez yad etdilər, doğmalarının məzarı kimi gəlib baş çəkdilər, rəğbət və məhəbbətlərini bildirdilər. Sonralar mən özüm o qədər dost-tanışı Göyçayda qarşılayıb Əli Kərimin məzarını ziyarətə aparmışam ki... İldə bir neçə dəfə xalq şairi Rəsul Rza da Göyçaya gəlib özünün bağ evində qalırdı. Bir də görürdün xəbər göndərirdi ki, Məzahir yığcam bir tədbir hazırlasın. Şair parka gəlib Əli Kərimin məzarı önündə çox təsirli çıxışlar edirdi, onunla dostluğundan, qardaşlığından danışırdı. Biz də Əli Kərimin şeirlərini oxuyurduq.
Heç vaxt bu məzarın üzərindən gül-çiçək dəstələri əskik olmadı. Burada cəmi 38 il yaşamış qos-qoca bir şair uyuyurdu...
Sonralar bura daha böyük bir parka çevrildi. Əli Kərim parkına. Sonralar bu parkın girəcəyində Əli Kərimin adına layiq böyük abidə ucaldıldı. Abidəni o vaxtlar çoxlarının tanımadığı göyçaylı bir ziyalı sifariş verib hazırlatmışdı. Olduqca sadə və təvazökar münasibətlə. Açılış tədbirində də heç özünü göstərmək, təşəkkür ummaq istəmirdi, əməlini adi bir insanlıq borcu bilirdi. Bu gözəl, xeyirxah insanı indi respublikada yaxşı tanıyırlar. "Şöhrət" ordenli Milli Məclis üzvü Elxan Süleymanov Göyçay şəhərində və rayonun bir neçə kəndində də bənzər xeyirxah işləri beləcə səmimiyyətlə həyata keçirib. Bilirsiniz ki, Elxan Süleymanov Şamaxı rayonundan deputat seçilib.
...Sonralar 20 Yanvar, Qarabağ savaşının göyçaylı şəhidlərinin də məzarları bu parkın ucqarlarında sıralandı. İnsanlar hər dəfə şəhidləri yad etməyə gələndə sanki o tunc heykəl də pyedestaldan qopub ziyarətçilərə qoşulmaq, onlar kimi əllərində gül-çiçək dəstələri vətən oğullarının məzarlığına can atır. Ancaq... can hanı? Əlidən qalan o yanğılardı, o misralardı:

... Nə biz olmuşuq, nə o,
Ağ bir yalan imiş bu...

Məzahir ƏHMƏDOĞLU

TƏQVİM / ARXİV