adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

Bizim günümüz

XURAMAN HÜSEYNZADƏ
39510 | 2014-03-08 01:11
İki özəl bayramımız var. Biri doğum günümüzdür. Amma müəyyən vaxtdan sonra həmin günümüz sevinc gətirməz. Ən bahalı hədiyyələr, ən xoş sözlər belə yaşımızın üstünə gələn yaşın kədərini, hüznünü unutdurmaz. Bir il də gedər ömrümüzdən. Üzümüzə bir qırış da əlavə olunar, gözümüzün dərinliyindəki qüssə bir zərrə də artar. Amma 8 mart...
Bizim günümüzdür...
İldə bir dəfə hamılıqla təbrik edilirik, sevinirik. Ola bilər ki, başqa bir əlamətdar tarix olsun - il dəyişsin, fəsil yenilənsin, ölkənin azadlığı, müstəqilliyi üçün önəmli bir tarix qeyd edilsin. Bu bayramların, əlamətdar günlərin içərisində 8 mart tarixi mütləq seçilir-gül-çiçəyi, hədiyyələri, xoş sözləri ilə. Qadının adı ilə bağlı olan nə varsa, gözəldi. Qadınsız ev xarabadır, deyirlər. Qadının nəfəsi dəyən evin havası bambaşqa olar... "Xarabalığa qadın əli dəysə gülüstana dönər" - köhnə kişilərin sözüdü.
Kişi qadından yetim qalar. Nə ata, nə ana, nə də övlad sevimli qadının yerini verər. O, kimsəyə bənzəməz...
Bizim günümüzdür...
Klara Setkini anmalıyıq öncə. Bu sevinci bizə bəxş edən mübariz qadınları xatırlamalıyıq... Vikipedik məlumatı qısa şəkildə bir daha xatırlatmaq istəyirəm:
Klara Setkin 1910-cu il Kopenhagendə keçirilən beynəlxalq sosialist qadınlar konfransında 8 martın beynəlxalq qadınlar günü kimi qeyd olunması təklifi ilə çıxış edib. Xeyli vaxt sonra - 1857-ci ilin 8 mart günü Nyu-Yorkda tikiş və ayaqqabı fabrikinin qadın işçiləri nümayişə çıxıblar. Onların tələbi 10 saatlıq iş günü, işıqlı və quru iş yeri, kişilərlə eyni əməkhaqqı idi. O dövrdə qadınlar gün ərzində 16 saat işləyir, əvəzində çox az maaş alırdılar. Kişilər qəti çıxışlardan sonra 10 saatlıq iş gününə nail oldular. Amerikanın bir çox müəssisələrində "Həmkarlar İttifaqı" təşkilatı yarandı. 1857-ci il 8 mart tarixindən sonra ilk dəfə olaraq qadın üzvlərdən ibarət yeni "Həmkarlar İttifaqı" təşkilatı yarandı. Həmin gün Nyu-Yorkun bir çox şəhərlərində yüzlərlə qadın nümayişə çıxaraq seçki hüququnu tələb etdilər.
1911-ci il martın 19-da bu bayram Avstriya, Danimarka, Almaniya və İsveçrədə qeyd olundu. O zaman yüz minlərlə insan nümayişlərdə iştirak etmişdi. Rusiyada ilk beynəlxalq qadınlar günü 1913-cü ildə Peterburqda qeyd olundu.
Növbəti il Avropada 8 mart ərəfəsində qadınlar müharibəyə qarşı etiraz marşları ilə çıxış etdi.
1917-ci ildə rusiyalı qadınlar "Çörək və Sülh" şüarı ilə küçələrə çıxdılar. 4 gündən sonra II Nikolay devrildi. Müvəqqəti hökumət qadınların seçmə hüququnu tanıdı. Bu hadisə 8 mart tarixinə təsadüf etdi. Beləliklə, bir çox ölkədə qadınlar günü kimi tarixə düşən bu bayram Azərbaycanda 1917-ci ildən qeyd olunur.
Bizim günümüzdür... İlin yalnız bir günü xanımınıza, evinizdəki, həyatınızdakı xanımlara-ananıza, sevgilinizə, həyat yoldaşınıza, qızınıza sevinc, sevgi yaşadın, əziz kişilər! Onlar üçün bir kəlmə xoş söz, gözəl bir jest, diqqət, qayğı belə dünyalara dəyər. Hədiyyə ala bilməyənlər üzülməsin. Ən gözəl hədiyyə sizin onların həyatında hiss olunmağınızdır. Dünyanı diqqət və xoş sözlər xilas edəcək...g
Bayramımız mübarək!

Xuraman Hüseynzadə
[email protected]

TƏQVİM / ARXİV