adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

AYSEL ƏLİZADƏ
39735 | 2014-03-08 00:46





















Hara itir hisslər, hara yox olur?
Şikayətlər gözlərimdən başlayır.
Buzlaqların diyarıdır yatağım.
Min arzuyla gözlədiyim adamı
Qulağımın unutduğu söz kimi
Yadırğayıb unutmağın ağrısı,
Bir də keçmiş sevgilərin yanğısı.
Şikayəti gözlərimdən başladı...
Gözlərimdən qorxub geri çəkildi.
Küskün kimi getdi o da gedərkən.
Darıxmadım,
Elə bil ki, min ildi
Gecə-gündüz bu günü gözləyirəm.
Ruhuma heç yapışmadı o gecə
Elə o da unutmağı başardı...
Getmək anlamaqdan rahat yaşandı.
Bu ürək deyil ki, küncdən asılı,
Elə bu cür qorxuların koması.
Bizlik deyil, gözlərimiz ayrıldı.
Bir andaca sağollaşdı ikisi.
Gözlərinə ağır gələn görüşü
Bədəninə yük eləmək çətindi
Bir çətirim var elə bil hardasa
Tapıb onu tutum yeni yağışa.
Bitməsini gözləyərəm payızın
Üşümərik, nə soyuqlar görmüşük.
Öyrəşmişik belə soyuq savaşa.
İnan mənə, soyuqları izləmək
daha gözəl görünəcək həmişə.
Bu dünyada gözlərimlə evlənən
Bircə adam görməmişəm hələ mən.
Saçımızı arzuladı hamısı,
sığal çəkdi xəyalında çoxusu,
səsimizi canlandırdı yuxusu,
gözümüzü doğma bilən olmadı...
Sevişdikcə dəyişməyən dünyada
mən yanında ölüm kimi uzandım.
Bu çoxdankı intihardı, əzizim,
Kim istər ki, çoxdan ölmüş qadını.

***
Bütün qatları keçib
lap dərinə baxanım,
Səni özlədiyimdən də
çox özlədim bu aralar
İtdi yollardan bütün yollar
Bütün olanlar bitdi
Yarısı bütün olanla getdi
yarısı paralandı
Paralar 7 qapıya paylandı
Qapılarda qaldı yarımarzular
Axtara-axtara tapmadıq, tapmadıq
yalan deyirdi bu eldə atalar
Qəribə oldu sabahlar
yorğun, halsız, yuxusuz
yatıb qalxan adamlar
Hamısı mən oldum
Sən oldu...
saflığıyla vuranım
uzaqda ağlağanım
Ayı yarıb aparan
Yarımcan qoyan yarım,
səni necə susdum
bir su bilir
bir işıq.
Bu qarışıq başda yaşayan
aşiq bilir
beyin bilir
bədənimi geyinən əyin bilir
Səni necə susdum.
Aylar, aylar öncə
çırpınıb yerə düşdüm
Qalxdım ki... yoxsan, gedəcəksən.
Sən qucaqladığın adamlar...
qucduğun adamlar
İndi mən
onların heç biri deyiləm
O uca dağlıq ki var
Orda hər küləkdə döyülən
orda aşan daşam,
istəyirəm düşəm, düşəm
qalxım ki... gələcəksən.
Nənəmə

Ömrün ölüm qabağıydı,
hər gün dünyayçün darıxardın
qorxardın tez ölməkdən
ya da ölməməkdən qorxardın.
Dindarların içində kafir,
kafirlərin içində dindardın.
Dünyanı qoyub
getmək istəməzdin heç.
Bir gün göy üzündə quş kimi
qanad açıb uçacağına inanardın.
Doymazdın üfüqə baxmaqdan.
Yerlə göyün birləşdiyi yerçün
burnunun ucu göynərdi.
Hər dəfə yığışıb gedərdin
...yenə qayıdardın...
Heç yerin ağrımazdı
birdən sol yanın sızlardı...
heç kəsdən inciməzdin,
birdən hamıya acığın tutardı.
Heç dua etməzdin Allaha,
söhbətin tutmazdı onunla
axırda dalaşardız.
Hər görüşdə qucaqlaşıb,
ağlaşardız.
Sən əlini onun çiyninə qoyub
deyərdin:
- Daha Allah olma.
O da rahatlanardı...
Yan-yana oturub birgə izlərdiz üfüqü
hərə öz Tanrısını düşünərdi...
İkiniz də Günəşə tərəf baxardız
yığışıb gedərdiz
göylə yer qovşağına
hər dəfə sən tək qayıdardın...
Göyə qaldırardı saçlarını Bakı küləyi
saçların küləyə öyrəncəliydi.
göyə dikələn saçlarını
yerə daramağı sevməzdin.
daraqlayardın barmaqlarını
təbiəti pusardın
göyü , üfüqü, Günəşi pusardın.
Ay çıxanda ürəyin sıxılardı
durub çarpayına sığınardın.
Pəncərədən təsadüfən
uçub gələn sərçə kimi
gecələr otaqda çırpınardın
havanı içinə çəkib
"azadlıq" deyərdin...
beləcə hava
içinə dolub özgürləşərdi.
İnsanları qucağına doldurardın
bir adamı iki dəfə sevməzdin
birdəfəlik sevərdin.
heç kimi tərk etməzdin
tərk ediləni
özünə götürərdin.


İzelimin şeiri

Sən doğulandan kəpənəyə döndüm
Havada yeriməyi öyrəndim
daha yuxunu yox,
səninlə
yuxusuz gecələrimi sevdim.
Ölənədək keşiyini çəkərəm
sən də yaşamağı öyrən.
Hər qığıltından xoşbəxtəm,
nə qədər asanmış xoşbəxtlik,
necə yaxınmış...
Yavrum,
gözlər əslində necə təmizmiş...
ömrü boyu kimsədə görməsən,
üzülmə.
Sən təmizliyini itirmə.
Qoru gözlərini, lütfən, itirmə.
Səni görəndən
qorxuram başqa gözlərdən,
başqa üzlərdən.
Elə şirinsən
dada gəlir
gözümdən düşən dünya da.
Bundan sonra da
nə olacaqsa
sənin üçün olacaq.
Gözlərinçün yaşamağa dəyər!
Sənə qədər
hər şeyə keçmiş olsun.
Balaca yazıçım mənim,
bundan sonra
Sən yazırsan məni...

Aysel ƏLİZADƏ
  • Aprel:
  • 5

TƏQVİM / ARXİV