adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

YENi PROYEKTiMiZ: ALTMIŞINCILAR

TOFİQ ABDİN
15094 | 2012-09-15 00:14
"Altmışıncılar" dedikdə adətən yazıçıları nəzərdə tuturlar və bütün vurhəşir də bildiyimiz kimi hər zaman onların başında olur. Bunun nədən olduğunu mən araşdıran deyiləm, amma bunu bilirəm ki, ALTMIŞINCILAR təkcə ədəbiyyatda deyil, sənətin bütün sahələrində özlərini göstərməkdə idi. Və mənə elə gəlir ki, dünyamızın altmışıncı illəri təkcə bizim məmləkətdə deyil, başqa məmləkətlərdə də eyni anlamda intibah illəri kimi yaddaşlara həkk olunub. Məsələn, sevgili Türkiyə cümhuriyyətində ALTMIŞINCILAR adıyla bir dərnək də var. Həmişə könlümdən keçib belə bir təşkilat və ya dərnək bizlərdə də olsun, amma bizlər ayrı, Türkiyə ayrı. Hər zaman adları ortalıqda hallanan yazar və sənət adamları sonrakı nəsil tərəfindən heç də gönül xoşluğu ilə qarışılanmayıb. Açığını deyim ki, hətta onları insafla müdafiə edənlər də qınaq sahibi olur. Mən onların müdafisinə qalxmaq məqamında uzağam. Sadəcə onlardan bəzilərini yenidən xatırlatmaq istərdim. Ən çox o yaradıcıları ki, onlar ədəbiyyatçı deyillər.Yazar-çizər deyillər. Amma bu sırada yazarlar da ola bilər. Daşlaşmış "ALTMIŞINCILAR" sırasına salınmayan ALTMIŞINCILAR da olub. Kimlərdir bunlar?
   
   SOYQIRIM ABİDƏSİNİN MÜƏLLİFİ PROFESSOR, DOKTOR,
   
   Cəfər Qiyasiylə üz-üzə
   
   
   
   "Ağrı dağı ətəklərində yüksələn təmsili qılınclar da, beləcə günəş, yağmur və rüzgar altında sərtləşir. Ermənilər İrəvan yaxınlığındakı Çiçəkli təpəsində tikdikləri və kompozisiyası müsəlman məscidlərindən oğurlanmış sözdə soyqırım abidəsi, anıtı çevrəsində hər il keçirdikləri mərasimə qatıldıqlarında üzlərini Ağrı dağına çevirərək hörmətlə durub dayanırlar. Milli hədəfləri "bir gün Ağrı dağı çevrəsini də ələ keçirmək olan ermənilər indi bu müqəddəs türk dağının qarşısında Türk qılınclarını görəcəklər. Türk əsgəri yaşadıqca Ağrı dağı ermənilər üçün bir göz dağı olaraq qalacaqdır".
   
   
   
   Cəfər Qiyasinin
   
   "İqdır Soyqırım abidəsi"
   
   kitabından
   
   
   
   ***
   
   ...Çiynimdə bir çanta, içində bir diktofon və bir də fotoaparat. Özüm-özümə düşünürəm: əslində bu müsahibəni bir gənc yazar və ya gənc bir jurnalist keçirsəydi və elə məni də narahat eləyən sualları ona versəydi nə gözəl olardı. Mən də sakitcə oturub başqa bir iş görərdim və belə düşünə-düşünə bir az özümü qınayıram. Qaça bilməzsən bu işdən Tofiq Abdin, qaça bilməzsən. Ona görə ki, nə sən verdiyin sualları onlar verə biləcək (təbii onların da suallarını mən verə bilmərəm) nə də... Bax, məsələnin qəliz yeri buradan başlayır. Cəfər Qiyasidən soruşuram. Neçə ildir sənin haqqında lap elə tutaq ki, bizim "artıq bizim" "Qobustan"da yazı yazılmayıb. Vallah xatırlamıram, bəlkə də bir səkkiz, doqquz il olar. Bax, məsələnin qəliz yeri burdan başlayır. Cəfər Qiyasi bu səkkiz ildə təbii çox işlər görüb və ən dəhşəti baş bəlası ermənilərin istəklərinin əleyhinə gedərək və özü də başqa bir ölkədə, başqa bir yerdə (hər halda) son dərəcə müsibət bir abidə yaradıb ki, Cəfər Qiyasi bundan sonra heç bir iş görməsə də Türk dünyasının yaddaşında qalacaq və belə hadisənin də bizim diqqətimizdən yayınması bir o qədər də fərəhverici bir iş deyil.
   
   Nə eləmək olar biz bizik... Və...
   
   -Əzizim Cəfər müəllim (doğrudur bütün müsahibə boyu biz bir-birimizə adımızla müraciət etdik və mən müraciətimdən əvvəl "qurban olum" deməyi də unutmadım) sənin gördüyün bu işin qədri-qiyməti yoxdur, belə deyək şablon olsa da. Və indiki məqamda məni bir şey daha çox maraqlandırır. Artıq abidənin qoyuluşundan da bir çox zaman keçib və bu zaman ərzində də bu soyqırım məsələsi daha çox gündəmə gəlib və Türkiyə kimi bir Dövlətin yaşamına necə deyərlər bir paz kimi keçirilib bir az da kobud desək. Və bizim özümüz də elə bu soyqırımın ağrılarını əsrlərdir çəkirik. Təbii bizim bir me"marımız, bir yaradıcımız buralarda bir fürsət tapa bilmir və gedib Türkiyə kimi bir dövlətdə öz ideyasını həyata keçirməyə başlayır. Və Türkiyə də bildiyin kimi balaca bir yer deyil və oranın da gözəl me"marları var, sənətkarları da az deyil. (Və ürəyimdə fikirləşirəm sənin kimi qeyrətli me"marları yoxdur bəlkə də). Bax, bu abidənin yaranma tarixi necə başladı. Kim sənə təklif elədi bu işi və nə zaman oldu bu?
   
   -Belə deyim ki, bilirsən bizim bu Şamaxı yolunda bir Türk əsgərinin məzarı var (və bir gün tale məni sevdasında yandığım Türkiyəyə aparacaq və orada yaşadığım günlərin birində mən bu məzar haqqında "Tənha məzar" adlı bir yazı yazacağam və həmən yazı vergülünə, nöqtəsinə toxunulmadan milliyyətçi "Ortadoğu" qəzetində çap olunacaq). Mən hələ çox qabaqlar o məzarın üstü üçün bir abidə hazırlamağı düşündüm və proyekt də hazır oldu. Və bildiyin kimi bizim bir çox işlərimiz düyünə düşdüyüdək bu layihəni də həyata keçirmək mümkün olmadı, baxmayaraq ki, hətta Türkiyə Böyükelçiliyindən də dobro almışdıq. Namiq bəy Zeybək də çox bəyənmişdi ideyanı. Bu mən bilən doxsan ikinci il idi. Hələ hadisələr tam yerinə oturmamışdı. Və hələ o zaman rəhmətlik İbrahim Bozyel adlı bir türk aydını ilə yaxın münasibətimiz vardı, hətta evimə gedib gəlmişdi. Və necə oldusa layihəni ona da göstərdim. O daha sonra buralara gələndə baxdı ki, hələ də yerimizdə sayırıq və dedi ki, Cəfər bəy mən bir simpozium fikirləşmişəm. "Tarixi gerçəklər və ermənilər" mövzusunda bir simpozium keçirmək istəyirəm. O ərəfədə ermənilər böyük hazırlıq görürdülər ki, 24 apreldə başa bəla o soyqırım günahlarını bir daha gözə soxsunlar. Soyqırımın yubileyini keçirmək istəyirdilər. Və İbrahim bəy mənə dedi ki, sən gəl bir çıxış elə, bir də bir layihə gətir bizə. Təbii mən də köhnə layihəni qoydum qırağa, kökündən dəyişdirərək yeni bir layihə projesi hazırladım. Və beləcə hardasa 25 metr yüksəkliyi olan bir layihə hazırladım Simpoziuma getdim. Oradakı çıxışım "Türk Kültür terroru" adı altında layihəmlə birlikdə bir jurnalda çap olundu. Ankarada. Türkcə və ingiliscə. Türkiyənin müxtəlif yerlərindən iyirmi beş nəfər sanballı sənətkar vardı. Onların da iştirakı ilə baxıldı və mənim layihəm daha çox səs aldı. Və onu qeyd edim ki, buraya həm də erməni problemi ilə məşğul olan alimlər gəlmişdi. Yəni qısa desək təşəbbüs rəhmətlik İbrahim Bozyeldən gəldi. Bir şeyi qeyd eləyim ki, o Şəmsəddin Uzun bəy var ha, doğrudan da mən elə qeyrətli dövlət adamı az tanıyıram. Sən də çox gözəl yazmışdın o məsələni "Ortadoğu" qəzetində (Cəfər Qiyasi bir az öncə oxuduğunuz, əgər oxudunuzsa, "Şəmsəddin Uzunun üsyanı" adlı yazımı nəzərdə tutur) Uzun bəy dövlətə və millətə bağlı bunu xüsusi olaraq vurğulayıram, dövlətə və millətə bağlı bir insandır, layihə onun da çox xoşuna gəldi. Və inşaatı yaxşı bilən adamlar da də"vət olundu Trabzon tərəfindən. Sonra işə başladıq. İş prosesində tez-tez yanımıza gələn Uzun bəyə əsər o qədər xoş gəldi ki, təzədən o abidənin daha yüksək olmasını istədi və abidənin yüksəkliyini 43 metrə o qaldırdı. Bilirsən belə şeylərin hər qarışı pul və vəsait tələb eləyir. Əvvəlcə iyirmi beş metr nəzərə tutulmuşdu. İndi baxdığımızda Türkiyənin ən yüksək abidəsidir bu vaxta qədər. Çanaqqaladakından bir-iki metr hündürdür.
   
   - Türkiyənin başqa yerlərində bu mövzuda, bu silqətdə və gücdə abidə var idimi, vallah mənim xəbərim yoxdur.
   
   - Vallah ona kimi mən heç nə eşitmədim sənin kimi və görmədim də. Amma Van elində deyəsən bir abidə kimi və muzey kimi bir şey var. Ərzurumda da bir şey var deyəsən.
   
   - Cəfər müəllim, bu Soyqırım abidəsinin məhz İqdırda qoyulması nə üçün idi. Deyək ki, nədən belə bir gözəl əsər İstanbul kimi bir şəhərdə deyil, məhz İqdırda qoyuldu. Deyək ki, İstanbulda olsaydı daha çox adam görə bilərdi. İstanbul daha çox gəlimli-gedimli yerdir. Bunu biz dana bilmərik.
   
   - İqdırın seçilməsi də birbaşa İbrahim Bozyellə Şəmsəddin Uzunun təşəbbüsüdür. İstanbulda o vaxt o mövzunun başa düşüləcəyi və ən əsası qəbul edəcəyinə mən şübhə edirəm. Belə bir abidənin məhz İstanbulda tikilməsinə icazə verilməsi mənə çox şübhəli görünür. İkinci də ən əsası İqdır mənim üçün daha niyə əzizdir? Üstündə haqsız davalar gedən Ağrı dağı da buradadır. Ermənilər bütün dövlət simgelərində onu dünyaya tanıdırlar. Və yenə də o yeri ona görə seçdim ki, Ağrı dağı fonda olsun. Ağrı dağı qabarıq görünsün. Və baxın ermənilər Ağrı dağına baxanda o qılınclar gözlərinə girir. Ona görə də İqdır Ankaradan və İstanbuldan daha önəmlidir. Və hətta İğdırın özündə də bir neçə yer təklif elədilər və ən sonda Vali bəy də mənim ideyamı qəbul elədi və arxasında da durdu. Hətta bir İtalyan alimi gəlmişdi açılışa, mənə yanaşdı, türkcə də bilirdi, dedi: hocam, Ağrı, o Ararat dedi, Ararat fonunda çox möhtəşəm baxılır.
   
   - Səndən başqa bu proyektdə kimlərin önəmli rolu var?
   
   - Bax, Tofiq, o əsərin ən kiçik cizgilərini belə mən özüm eləmişəm. Yəni tikintini belə nəzərdə tuturam, ən xırda şeyləri belə mən özüm öz əllərimlə eləmişəm və burada mənimlə işləyən uşaqlar mənə kömək eləyiblər. İnan çox zaman mən işdən öz hesabıma icazə almışam və aylarla gedib İqdırda qalmışam. Hər cizgini yerində çəkmişəm və kontrol eləmişəm. Və hətta taxtaları belə özüm ölçüb-biçib sahmana salmışam.
   
   - Türkiyə tərəfindən necə, bir müdaxilə... bir kömək...
   
   - Yox, heç bir müdaxilə olmayıb. Və hətta inşaat işlərində bəzən fikirlərimiz düz gəlməyəndə Vali Şəmsəddin Uzun bəy deyirdi: baxın, Hoca nə deyirsə o da olmalıdır. Və hətta bir çox zaman məsləhət aldığım anlar da olub. Abidənin relyefləri barədə Türk alimləri ilə görüşdüm, kiçik şeylər olsa da məsləhətlər alırdım. Hətta ağıllı başlı bir təklif olmasa yenə də dinləyirdim onları. Bəzi şeyləri də mən bizim gözəl rəssamımız Məzahir Avşarla işləmək istəyirdim. İmkan vermədilər...
   
   - Yəni, necə imkan vermədilər...
   
   -Səfirlik bir az nəsə razılıq vermədi. Mən də Ankaradan bir heykəltəraş vardı, onunla işlədim. Nevzat Can adlı bir me"mar idi, doğrudur, tam məni həmin eləməsə də işlədim. Relyefləri o elədi.
   
   - Bax, Cəfər müəllim, bilirsən bu sənət adamlarında qəribə bir qısqanclıq olur. Sən o abidəni işlədiyin müddət, oralarda sənə bir qısqanclığın olduğunu hiss etdinmi?
   
   - Yox, elə bir qısqanclıq olmadı, amma İqdırın bir memarı vardı, Memarlar Odası deyilən bir təşkilatın oraya təyin edildiyi bir adamdır, əvvəllər bir az nəsə kəm baxdı işlərə. Və hətta siftə bu abidəyə qarşı çıxmışdı. Sonra mən özüm onunla üz-üzə söhbət elədim və fikrini tamamilə dəyişdi. İnan ki, özü etiraf elədi qarşı çıxmağını, amma görüşəndə və bəzi şeylər aydınlaşandan sonra təşəbbüsü bəyəndi. Bir Oqtay Əkinci deyə birisinə fotoları göstərdim ki, mən belə bir abidə tikmək istəyirəm. O da bir az burunladı, necə deyərlər və mən maraqlandım ki, kimdir bu adam, dedilər ki, guya Qars azərbaycanlısıdır və bacısının əri Təbrizlidir, bir az da Həsən bəy Zərdabi ilə qohumluğu var dedilər. Gözəl qarmon çalırdı və bizim mahnıları da oxuyurdu.
   
   (Davam edəcək)

TƏQVİM / ARXİV