adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

YENi PROYEKTiMiZ: GERiYƏ BAXANDA

TOFİQ ABDİN
19490 | 2012-07-28 08:56
Hər nə qədər unudulmaz dramaturqumuz İlyas Əfəndiyev desə də ki, GERİYƏ BAXMA, QOCA insan istər-istəməz geriyə baxmalı olur və özəlliklə yazar tayfasının, şəxsən mənim özüm zaman-zaman geriyə baxmağa məcburam. Geridə bir o qədər şirin günlər olmasa da, bir çox təsəlliverici şeylər yaşanmışdır. Bu məqamları və olanları yada salmaq həm də ibrətamiz bir ovqatın yaranmasına səbəb olur. İstər şəxsi yazarlıq həyatımızda, istərsə də bizdən öncə yaradan sənətkarların yazılarında elə anlar var ki, bu günümüzün içindən çıxan məqamların ta özüdür. Bu proyektimizdə öz yazılarımızla birlikdə zaman-zaman klassiklərin əsərlərindən istifadə edəcəyim yazılarda son dərəcə öyrədici məqamların olduğunu görəcəksiniz.
   
   ÜÇ BOYUTLU
   
   XATIRLAMA
   
   
   
   Lap ittiham aktına bənzəyir. Çırpılır üzümə - Keçmişlə bu qədər əlləşmə. Elə bil kriminal dünyadan qopub cani kimliyimi unutmalıymışam kimi bir hiss yaşayıram. Hamı çox ağıllıdı. Akla ikna olub aşkı üzənlər, sanma bizdən daha mutlu gəzərlər. Çeşidli ittiham aktlarını dinləyə-dinləyə yenə bu cinayət aləmindən öz dünyama keçirəm (nə olsun ki, cani kimliyim var, qəlbim də var axı) və heç edam hökmünün də bu qədər sarsıda bilməyəcəyi mənzərələr canlanır xatirimdə. Və uzun illərdi hər gecə davam edir.
   
   
   
   İradə Tuncay "Üç boyutlu gecə" elegiyasından
   
   
   
   PƏRVİZİN
   
   YADİGARI...
   
   
   
   Bir bilsəniz nə qədər dözüm lazımdı,nə qədər iradə lazımdı mənim kimi zəif bir adamın hər həftə qarşısına çıxan "HƏR ŞƏNBƏ BU YERDƏ TOFİQ ABDİN" deyiminin ağrısına dözmək. İnanın mən bunu ürəkdən deyirəm və baxın görün neçə illərdir ki, mən ƏDALƏT qəzetinin altıncı günlər sayısında eyni rubrikada yazılar yazıram və bu səhifədə başda gedən deyim də mənə aid olmadığını məncə özümdən başqa heç bir oxucu bilmir və hardan bilsin axı. İndi geriyə baxanda bir simpotik insan gözlərimin içinə baxır.Mən hər dəfə bu baxışın ağırlığını hiss edirəm və bu sonu heç dünyada əlimdən başqa bir şey gəlmədiyindən onun mənə yadigar olaraq qoyub getdiyi "HƏR ŞƏNBƏ BU YERDƏ TOFİQ ABDİN" rubrikasını göz bəbəyim kimi qoruyub o səhifəni bəzən bəlkə də ona layiq olmayan yazılarla doldurmaqla ömrümün müəyyən axarını yaşamış oluram. Bu ADAM, BU YAZAR əvvələr PƏRVİZ ƏLİYEV, daha sonralar PƏRVİZ ELSƏVƏR imzasıyla yazılar yazan gözəl qələm sahibi bir ziyalı idi. Təkcə özümə aydındı geriyə baxanda onun işıqlı simasını görüb yenidən yaşamağın zülmü.Çətindi.Zordu.O zaman biz onu itirəndə bilirdim ki, onun gedişi haqqında yazılar yazacaqlar və yazdılar da.Firudin adlı bir dostu da yazdı,Ceyhun Musaoğlu da yazdı,Kənan Hacı da yazdı...Hələ də yazacaqlar. Hələ AQİL ABBAS onun haqqında bir kitab da çap etdirəcək (O zaman belə demişdi). Sırada çox şeylər var, dost və tanış var.Həqiqətən isti-isti yazılan bu yazıların kədəri və acısı insanın içini vəhşicəsinə didib tökdü.Və ümumiyyətlə bu cür yazılar nədənsə çox ağrılı olur.
   
   Hətta məzarının başında çıxışlar oldu.
   
   Unudulmayacaq Aqil Abbasın bir QARDAŞ kimi və bəlkə də BİR ATA kimi ağrıları...
   
   Mənim üçün heç unudulmaycaq bir məqam da var : çox az tanıdığım Mayis bəyin ÜZ-GÖZÜNDƏN TÖKÜLƏN DƏRDİN BÖYÜKLÜYÜ VƏ HƏTTA ONUN GİZLİN-GİZLİN AĞLAMAĞI...Sinəsinə Pərvizin rəsmini sıxması.
   
   Pərviz Millət Vəkili deyildi.Nazir deyildi.Heç nazir oğlu da deyildi.Pərviz çox böyük vəzifə sahibi də deyildi. Mən Mayisin etibarına heyran qaldım.Duraydı ayağa bir görəydi Mayisi...Bir görəydi...
   
   Və o haray-həşirdə Yazıçı Anarın bir ifadəsi yadıma düşür.Təxminən belədir : dünən sənin telefonun öldü.Təkcə insanlar ölmür...
   
   Bir telefon nömrəsi vardı mənim üçün,indiki halında :4398026. Yaddaşım çox zəif olsa da, unutmadığım bir nömrə.Kor olasan yaddaşım! Unut bu nömrəni, ya da xahiş et Aqil Abbasdan, gülməli olsa da, dəyişsin o nömrəni.O nömrədən az telefon açmadı mənim evimə Pərviz. Gecənin kor saatlarında da oldu bu. Həyat yoldaşım da alışmışdı səsinə: Pərviz müəllim, səni soruşdu,- deyirdi mənə, evə gec gələndə.
   
   Mən o zaman "yasa gedirəm deyəndə", qeyri-ixtiyari "Kimin yasına?- deyə soruşdu həyat yoldaşım. Pərvizin,- dedim.O bizə telefon açan adamınmı?- dedi.Hə,- dedim əsəbi.
   
   ...Belə-belə işlər...
   
   
   
   ***
   
   ZƏKİ MÜREN DƏ
   
   YADA DÜŞÜR...
   
   
   
   ...Böyük Türk müğənisi,Türk musiqisində bütöv dövr yaradan, unudulmaz Zəki Müren rəhmətə gedənədə mən Türkiyədə idim və o televiziyada çıxış eləyə-eləyə bütün Türkiyənin gözləri önündə yavaş-yavaş, ölümlə can çəkişə-çəkişə canını tapşıracaq və mən də bunu anbaan öz gözlərimlə görəcəyəm və "Ortadoğu" qəzetindən mənə bir yaxın dost deyəcək: Zəki bəy sizlərin də çox sevdiyi bir şarkıçı, bəlkə bu ölüm haqqında sən də bir şeylər yazasan və mən "MƏMLƏKƏTİMDƏ YAS" adlı bir yazı yazacağam. O yazının bir yerində aşağıdakı sətirlər olacaq:
   
    "07.03.1996 tarixində "Bu köşədə" ( Yəni "Aradabir" köşəsində ) "Bu Tutqunun adı yox" adlı bir yazı yazmışdım.O yazıdan bu sətirləri bir daha oxucuların diqqətinə çatdırmaqda bir yarar görürəm : "Baxınız, 1976 sənəsində bu sətirləri yazan insanın düyünündə Azərbaycan Dövlət radiosunun tanınmış diktoru Qara Tağızadə çox da peşəkar olmayan bir səslə oxuduğu "Arım, balım, pətəyim" mahnısı toyda iştirak eləyən insanların gözlərini yaşartdı..Və hətta ağlayanlar belə oldu. Türk dünyasının böyük şərqçisi,Türk musiqisinin Paşası Zəki Mürenin bu mahnısı və o zamanlar zorla əlimizə keçən türk mahınları bizim həyatımızın və yaşayışımızın bir parçası olaraq minnətsiz sevilməkdəydi. Zəki Mürenin yalnız ARIM BALIM PƏTƏYİM mahnısı deyil, onun bir saatlıq kaseti və daha başqa mahnıları AzəriTürklərinin həyatında önlənməz bir abihava və iç azadlığı yaratmaqdaydı. Zəki Mürenin oxuduğu
   
   
   
   zalımın zülmü varsa
   
   qəribin Allahı var
   
   
   
   misraları rus üçün qərib bir millət olan Azəri Türklərinin içinin səsi kimi səslənməkdəydi.
   
   Zəki Mürenin amansız ölümünü televizyonda izlərkən ürəyimin ilk dəfə solda olduğunu hiss etdim.Ürəyim sançdı".
   
   "...Hardan gəlib çıxdı bu ölüm
   
   Bu qoca kaftar
   
   Görmürmü əlimdə nə qədər işim var"
   
   Bunu da, bəlkə, heç vaxt ürəyindən giley etməyən böyük şair Əli Kərim yazmış.
   
   ...Bir neçə gün qabaq hardan və necə oldusa, bilmirəm bu sol tərəfdən sinəmdə kiçik bir şeylərin qımıldanmasını duydum və həqiqətən də bunun nə olduğunu bilmədiyim üçün və üstəlik də həddən ziyadə qorxaq olduğum üçün bunun bir neçə səbəbdən baş verə biləcəyini güman elədiyimdən bir neçə dosta dedim, hərəsi də təbii ki, ən yüngül olanını dedilər: əşi, boş ver getsin, yəqin ki, bir az soyuqlamısan...
   
   Və bu sətirləri yazdığım zaman həqiqətən bir az yüngüllük, bir az dəyişklik hiss elədiyimdən ağrıların da dostlarım dediyi kimi bir soyuqdəymə kimi bir şey olduğunu düşünüb yenə də Dan Üzü qalxan kimi üzümü göylərə tutdum: EY BÖYÜK YARADANIM, MƏNƏ BİR AZ DA İMKAN VER, UŞAQLARIMI BİR YERƏ ÇIXARIM.
   
   Və birdən yenə də ağlıma gələcək: Aman Allahım, Sənin nə qədər qüdrətin var ki, Dualar dəyişdikcə,Sənin də imkanların dəyişir və biz hər duamızda Səndən bir şeylər gözləyirik.
   
   Duaların olunmasının bir elə qeyri-adiliyi yoxdur. Məni heyrətləndirən: mənim kimi bir kosmopolitin Allaha sığınması və ondan çətin anlarda kömək istəməsiydi.
   
   Və mən yenə də bir zamanlar İstanbulda yazdığım bir şeirin aşağıdakı sətirlərini xatırlayacağam :
   
   
   
   hər kəs Haqqa özünə görə gedir
   
   oğru
   
   öz halına ağlayır
   
   oğurluq eləyir
   
   Allahım, məni bağışla deyir
   
   güclü gücünə arxayın olub
   
   gücsüzü əzir Allah adından
   
   kipriklərim dolu yağmurlar kimi
   
   göz yaşlarım damla-damla axır
   
   bütün bu haqsızlığı
   
   yaşayanlar üçün
   
   Allah yardımını əsirgəmir
   
   onun adıyla
   
   nə iş olursa-olsun
   
   başlayanlar üçün
   
   budur Allahın böyüklüyü
   
   ayırmaz yaxşını pisliyi
   
   yağmurlarıyla yaşadır
   
   yamyaşıl çəmənliyi
   
   pislik qoxuyan çöplüyü...
   
   
   
   ***
   
   acıbadəm, iyun 1997
   
   
   
   VƏ DAHA KİMLƏR XATIRLANIR...
   
   
   
   Və məhz bu temanın, bu mövzunun içində olduğum üçün bir qara basma kimi bir şey keçəcək ağlımdan. Elə bu sətirləri yaza-yaza kompüterin qarşısından qalxıb gəzişəcəyəm və birdən yenə də düşünəcəyəm: Allahım bu YAZARLARDA, bu SƏNƏT ADAMLARINDA, bu ÜRƏK AĞRILARI hardan və nədən?
   
   Qıraqdan baxanda bütün insanlar onları bir az bəxtəvər və bir az özlərindən xöşbəxt gördükləri halda bu ürək ağrısı hardan və Nədən bu Yazar və Sənətlə uğraşan Allah xilqətlərində:
   
   Cəfər Cabbarlı deyilənə görə ürəkdən çökmüş...
   
   Ürək Nazim Hikməti qapı ağzında haxlamadımı?
   
   Ürək Zəki Müreni səhnədə "Manolyam, mənə sarıl" deməyə məcbur eləyib, bir gənc qızdan ümid dolu gözlərlə kömək istəməyə məcbur elədəmi?
   
   Ürək Vaqif Mustafazadəni səhnədə çökdürmədimi?
   
   Ürək gözəl şair Akif Səmədi küçə ortasında almadımı əlimizdən?
   
   Ürək Ağamalı Sadiq Əfəndinin bizlərə vəfasızlığına bais olmadımı?
   
   Və bu dəfə də PƏRVİZ ELSEVƏR ƏLİYEV...
   
   Redaksiyanın pilləri üstündə çökmüş və bizlərə əlvida demişdi...
   
   İllər öncəsi...

TƏQVİM / ARXİV