adalet.az header logo
  • Bakı 11°C

YENi PROYEKTiMiZ: GERiYƏ BAXANDA

TOFİQ ABDİN
19415 | 2012-07-21 08:32
Hər nə qədər unudulmaz dramaturqumuz İlyas Əfəndiyev desə də ki, GERİYƏ BAXMA, QOCA insan istər-istəməz geriyə baxmalı olur və özəlliklə yazar tayfasının, şəxsən mənim özüm zaman-zaman geriyə baxmağa məcburam. Geridə bir o qədər şirin günlər olmasa da, bir çox təsəlliverici şeylər yaşanmışdır. Bu məqamları və olanları yada salmaq həm də ibrətamiz bir ovqatın yaranmasına səbəb olur. İstər şəxsi yazarlıq həyatımızda, istərsə də bizdən öncə yaradan sənətkarların yazılarında elə anlar var ki, bu günümüzün içindən çıxan məqamların ta özüdür. Bu proyektimizdə öz yazılarımızla birlikdə zaman-zaman klassiklərin əsərlərindən istifadə edəcəyim yazılarda son dərəcə öyrədici məqamların olduğunu görəcəksiniz.
   
   Bir neçə il öncə ünvanıma deyilən iki fikir məni uzun müddət məşğul etdi: bunlardan birig ƏN ƏDALƏTLİSİ unudulmaz yazar dostum Elçin Səlcuqdən gəlmişdi və buna deyirlər onluqdan vurmaq. Belə oldu ki, hardansa eşitmişdim ki, bəs Elçin Sumqayıtda xəstəxanada yatır və mən də ona telefon açdım. Danışdıq. Danışmağa çətinlik çəkirdi, bunu hiss edirdim. Xəstəlik sıxmışdı onu görünür və təbii ki, tez çıxmasını arzuladım. Üstündən bir az keçəndən sonra həqiqətən o xəstəxanadan çıxdı. Hansı vəziyyətdə çıxdı, bunu da bilmirəm. Arada-bərədə yaxşı xəbərlər yox idi və həmin günlərin birində gecə cib telefonum çaldı. Elçin idi. Çox gec saatlardı. Əslində mənim yatdığım saatlar idi. Elçin olduğu üçün açdım və özü də məncə içkili idi. Bu məni çox narahat etdi və mən bir qədər danışandan sonra Elçinə yalvararaq: "Qurban olum, Elçin nə olar içmə də", - dedim. Telefonun o biri ucundan həmən cavab gəldi, amma bir az gecikmə ilə: "SƏN NƏ YAMAN MƏZMUNSUZ ADAMSAN, ABİ"- dedi Elçin Səlcuk.
   
   Həmin gün səhərisi onun böyük türk müğənnisi Cem Qaraca haqqında bir yazısı çıxdı "Ədalət" qezetində və həmin yazıda mənə istinadlar etmişdi və çox şirin sözlər yazmışdı. Bu onun savadlı, insaflı diqqətli yazar mədəniyyətdən gələn bir əxlaq idi.
   
   "SƏN NƏ YAMAN MƏZMUNSUZ ADAMSAN, ABİ" sözləri mənim bütün həyatımın anlamını üzü çıxaran bir ifadə idi. Mənə görə.
   
   Kimsə bununla barışmaya da bilər. Ona eşq olsun. Həqiqətən mənim indi yaşadığım həyatın ən dəqiq qiyməti bu idi. Sərrast deyilmiş bir ifadə idi.
   
   Əslində bu Elçin Səlcuqla mənim aramda olan şirin "sataşmalardan" ilkini deyildi və indi geriyə çevrilib baxanda çox böyük bir ağrıyla xatırladığım bir neçə unudulmaz insanlardan və qələm sahiblərindən (Elçin Səlcuq və Pərviz Elsevər) yaddaşımın alt qatından boy verib məni kədərləndirir.
   
   ***
   
   ELÇİN SƏLCUQ NƏDƏN MƏNİ XOŞLAMADI
   
   BİLMƏDİM...
   
   
   
   Ah, bu gözəlim metro... İllərlə birisini axtararsan heç rastına çıxmaz, amma təsadüfən bir də görərsən günün birində rast gəldi sənə, peyda olmadı ha, rast gəldi sənə və bu rast gəlmənin də iki tərəfdən birinə sərf eləmədiyi məqamlar var ki, o zaman sərf olunmayan və ya xoşlanmayan adamdan uzaqlaşmaq istəyəndə bir çox çətinliklərlə üzləşirsən...
   
   Bu çətinliyi atlamanın bir yolu da əlindəki qəzetə əsir düşməkdər.
   
   Və bu metroda baş verənlər bəzən adamın heç özündən də asılı deyil.
   
   Mən bu barədə bir zaman bir yazımda da yazmışdım və mənə elə gəlir ki, mən bu işdə bir az da bəzi şeyləri şişirdirəm və ya bir az dəymədüşərlik eləyirəm.
   
   Amma, vallah, belə deyil, mən də insanam və heç kəsin ürəyinə toxunmaq istmədiyim kimi, istəmirəm də ki, kimsə mənim ürəyimə toxunsun və buna görə də məni bir çox zaman qınayırlar da, yəni mən niyə bu qədər qorxağam. Qorxağam qorxaq olmağına, amma amansız zamanda bu qorxaqlıq ölümümə də səbəb olar, bunu yalnız mən bilirəm, ona görə ki, içimdəki KİMSƏSİZLİK hələ gəncliyimdən məni qovurub yandırmaqdadır və bir zaman mən "SEVMƏK İSTƏYİRƏM ATAMI" adlı şerimi yazanda da, məni qınadılar... ancaq anlamadılar ki, mən bu Bakıda kimsəsiz biriydim və hər zaman məğlub olmağa amadə idim.
   
   Və bir neçə gün qabaq bu başdan-ayağa sənət adamı və yazıçı olan, yəni geyimindən tutmuş tanış olduğum andan düşüncəsinə də hörmət etdiyim Elçin Səlcuqu təsadüfən başımın üstündə görməzdən bir neçə gün qabaq mən belə bir şey yazmışdım bir yazımda: "O gün işə gedəndə metroda bir basa-bas idi, vallah, mən də bu basa-basda heç minmərəm. Mindim, adamlar qapının ağzında tıxanıb qalıb bir-birini itələyir və mən də görürəm ki, ortalıq boş, dedim, keçim irəli, bir üzü tüklü birisinə toxundum və şappadan qayıdıb dedi: "adə, öküz kimi keçmə"...
   
   Baxdım, baxdım və axı nə cavab verəcəkdim, cavab versəydim, o da mənə cavab verəcəkdi və iş gedib çıxacaqdı polisə və o adam da bilmir ki, bu ölkənin polisi də hər birimizdən bir öküzün pulunu alıb deyəcəkdi, gedin...
   
   Axı mən necə başa salaydım o bakılı balasını ki, qədeş mən öküz deyiləm, mən Tofiq Abdinəm... amma başqalarının xətrinə dəyməsəydim deyərdim: öküz öküzlər arasında olar...
   
   Baxın, bu hadisədə mənim bir az çəkingənliyim rol oynadı, amma mənim yerimə məsələn, dostum Maarif Soltan olsaydı çökərdi onun yaxasına və birisini də ilişdirədi onun ənginə...
   
   Vallah Maarif Soltan lap düz eləyərdi, əlinə qurban...
   
   Belə bir hadisənin üstündən, indi metroda basabas olanda minmək istəmirəm, minəndə də üzü tüklü adamlardan uzaq dururam, lap bu saqqallı adam doğma qardaşım da olsa belə uzaq dururam, inanın bu üzü tüklü adamın o üzü tüklü adamdan fərqi olsa da... mən belə eləyirəm və bu da yenə deyirəm mübarizsizliyimdən və bir də əsgərlikdə olmamağımdan irəli gəlir...
   
   ...Və bir neçə gün qabaq qəzetçi Elçin Səlcuq olub mən olan vaqonda və yer boşalan kimi mən oturdum və bir yer də boş qaldı və Elçin bu boş yerdə oturmaq istəmədi və bu yeri mənim qarşımda duran bir rus qadına təklif elədi, düz elədi, mədəni elədi, qadın oturdu və Elçin başımın üsütündən bir çimdik aralı əlinədki "Yeni Müsvat" qəzetini üzünə tutdu... Yəqin ki, oxumağa başladı....
   
   Doğrusu, bu bir az da olsa mənə toxundu. Mən onu Türkiyədən gələndən sonra bir-iki dəfə görmüşdüm və əslində indiki məqamda onu qeyri-adi geyimnə görə öncə tanımadım (bizlərinin etik baxımı meyarında) çox sadə geyinmişdi və lap çox sadə geyinmişdi...
   
   Sonra yaddaşımı qurcaladım və tanıdım...
   
   Tanıdım və ikidə-bir ona baxmağa başladım və o da gözaltı mənə baxırıdı, baxmırdı bilmirəm, amma qəzetlə üzünü demək olar ki, qapamışdı. Və mən soruşdum: "Hara belə?" "Baksovetə", - dedi.
   
   Və yenə də davam etdi oxumağa...
   
   Bir neçə stansiya sonra tərslikdən mənim hər iki tərəfimdəki qadınlar düşdülər və Elçinin durduğu yerdən bir az o yanda bir yer də boşaldı, Elçin qarşısındakı boş yeri buraxıb, yəni mənim sağ-solumdakı yerləri buraxıb, mənim yanımdakı boş yerdən də o yana oturan qadının yanındakı boş yerdə oturdu.
   
   Qadın qaldı yanındakı boş yerlə birgə Elçin Səlcuqla mənim aramda.
   
   Mən düşünməyə başladım: nədən belə oldu?
   
   Hə, dostlar nədən belə oldu.
   
   Mənim üçün bunun cavabını tapmaq çox çətindi, çətindi ona görə ki, vallah Elçin Səlcuqla mənim aramda heç bir ixtilaf olmayıb və mən onu bir qəzetçi kimi az tanıyıram və İstanbulda olanda onun "Fanatik" qəzetində də bir neçə yazım çıxıb Adil Qaçayoğlu aracılığıyla, amma gələndən sonra da, sağ olsun bir-iki yazımı verdi, sonra əlaqəmiz kəsildi və mən Yazıçılar Birliyində işə girdim, "Qobustan" dərgisində... Odur... budur... heç görüşmədik.
   
   ...Baxıram, sağ tərəfim boş, sol tərəfim boş və mənim bir həmkarım məndən qaçır, demək olar ki, gedib məndən o tərəfdə boş yerin o tərəfində oturan qadının o tərəfində oturur...
   
   Qatar gedir və mən düşünürəm: düşəndə onun tərəfə baxım... baxmayım və qatar "Sahil" duracağına çatır və mən içimdəki hisslərimi bir tərəfə atıb düşəndə Elçin tərəfə baxıb-baxmamaq haqqında özümlə savaşıram və Elçin Səlcuq tərəfə yarım dönürəm və görürəm ki, o da nəhayət qəzetdən gözlərini çəkdi və mənə əlvida demək üçün başını qaldırdı...
   
   Baxın... Bu çox adicə bir təsadüfdür, amma bütün zərurətlər təsadüfdən doğduğu üçün bu incə məqam məni incitdi...
   
   Mənim elə bir iddiam da yox ki, Elçin Səlcuq oturub mənimlə dərdləşməliydi, amma nədən belə oldu? Hə nədən belə oldu?
   
   Nədən Elçin Səlcuq məndən belə incikdi?
   
   Dostlar, nədən?

TƏQVİM / ARXİV